Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yazlıq əkin işlərinə başlanılıb

Regionlarda yazlıq əkin işlərinə başlanılıb

11.03.2017 [10:39]

Müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə aqrar sahənin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib
Ölkəmizdə həyata keçirilən siyasət öz növbəsində qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təkan verməkdədir. Bu mənada aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzindədir. Belə ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini, həmçinin regionlarda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür. Vurğulamaq lazımdır ki, 2016-cı il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı baxımından uğurlu il oldu.
Ümumiyyətlə isə, son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb, aqroparklar salınıb. Bu ilin yanvarında keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirildiyi kimi, son illər görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb.
Bu baxımdan 2016-cı il aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında da dönüş ili olub. Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Məhz bunun nəticəsində kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Aqrar sektorun inkişafından söz düşmüşkən onu da qeyd edək ki, bölgələrimizdə artıq bu il üçün yazlıq əkin işlərinə başlanılıb. Məsələn, İsmayıllı rayonunda yazlıq kartof əkininə start verilib və qısa müddətdə 100 hektardan çox sahədə əkin aparılıb. Qeyd etmək lazımdır ki, cari mövsümdə 900 hektar sahədə əkin aparılması gözlənilir. Hər yerdə şum vaxtında və keyfiyyətli çıxarılıb, sahələrə üzvi və mineral gübrələr verilib.
Yeri gəlmişkən, İsmayıllıda 2016-cı ildə 2015-ci ildəkindən 3 min ton çox olmaqla, 10 min tona yaxın məhsul istehsal edilib. Son illər fermer təsərrüfatlarında əkin və becərmə işlərinə elmi əsaslarla yanaşılır. Belə ki, 2016-cı ildə 165 hektar sahədə Almaniya və Hollandiyadan gətirilən yüksək reproduksiyalı toxumdan istifadə edilməklə sənaye üsulu ilə əkin aparılıb, sahələr müasir texnologiya ilə becərilib. Nəticədə hər hektardan 500-700 sentner yüksəkkeyfiyyətli məhsul əldə olunub. Bu il isə sənaye texnologiyası ilə 300 hektarda kartof əkini nəzərdə tutulub.
Zaqatala rayonunda da təsərrüfatlarda yaz-tarla işlərinə başlanılıb. Bu il rayonda 15 min hektardan çox sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Məhsul istehsalçıları bu günədək 685 hektar sahəyə yonca səpib, 644 hektar sahədə kartof, 820 hektar sahədə tərəvəz əkiblər və bu iş mütəşəkkil davam etdirilir. Apreldə isə qarğıdalı, tütün və paxlalıların əkininə başlanılacaq. Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Göyçay rayonunda isə əkinçilik, xüsusən də faraş tərəvəzçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır. Hazırda rayon fermerləri erkən yaz tarla işləri ilə məşğuldurlar. Qeyd edilməlidir ki, qış fəslində havanın yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub, bol məhsulun götürülməsinə zəmin yaradıb. Hazırda Göyçayın 30-dan artıq kəndində sakinlər fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Rayonun əsasən Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində istixanalarda faraş tərəvəzçilik geniş yayılıb. Həmin kəndlərdə həyətyanı sahələrdə istixanalar çoxluq təşkil edir.
Ümumiyyətlə, Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz məhsulları təşkil edir. Ötən il 250 hektar sahədə faraş tərəvəz əkini aparılıb. Kəndlilər bu sahədən yaxşı gəlir əldə etdikləri üçün cari ildə əkin sahələrini artırmaqda maraqlıdırlar. Bu il rayonda 270 hektar sahədə istixana şəraitində pomidor və xiyar bitkilərinin əkilməsi nəzərdə tutulur.
Oğuz rayonunun təsərrüfatlarında payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Hazırda taxıl sahələrinə yemləmə - azot gübrəsi verilir. “Aqrolizinq” ASC-nin regional nümayəndəliyinin Oğuz rayon bölməsi və “Aqrokimya” MMC tərəfindən ilkin mərhələdə rayona 500 tondan çox azot gübrəsi gətirilib və güzəştli şərtlərlə məhsul istehsalçılarına satılıb. İndiyədək 4 min hektar taxıl sahəsinə yemləmə gübrəsi verilib və hazırda bu iş davam etdirilir.
Qeyd edək ki, gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Rayonun taxıl sahələrində, eyni zamanda, fitosanitar tədbirlər də həyata keçirilir. İndiyədək 200 hektara yaxın sahədə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Ötən ilin payızında Oğuz rayonunda 2017-ci ilin məhsulu üçün 17 min 157 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 12 min 747 hektarını buğda, 4 min 410 hektarını arpa sahələri təşkil edir.
Balakən rayonunun təsərrüfatlarında da yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə təsərrüfatlarda 800 hektardan çox sahədə yazlıqların əkini aparılıb və bu iş mütəşəkkil qaydada davam etdirilir. Məhsul istehsalçıları indiyədək 349 hektarda kartof, 262 hektarda tərəvəz, 28 hektarda lobya əkib, 169 hektar sahəyə yonca səpiblər. Vurğulayaq ki, ötən il rayonda 15 min 586 hektar sahədə yazlıq bitkilər əkilib.
Bu il Balakən rayonunda tərəvəz əkini sahələrinin 2 min hektardan çox olacağı proqnozlaşdırılır. Məhsul istehsalçıları faraş tərəvəz əkininə, əsasən də faraş xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda istixanalarda yetişdirilmiş tərəvəz şitillərinin sahələrə köçürülməsi işlərinə başlanılıb. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.
Qeyd edək ki, tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Ötən il balakənli fermerlər 2 min 46 hektar tərəvəz sahəsindən 23 min 752 ton məhsul götürüblər. Tərəvəz istehsalı əvvəlki illə müqayisədə 1 min 132 ton artıb.
Samux rayonunda isə bu il 1500 hektar sahədə şəkər çuğunduru yetişdiriləcək. Qeyd edilib ki, gəlirli sahə olduğundan bu il Samuxda ilk dəfə olaraq 300-ə yaxın fermer şəkər çuğunduru əkməyə başlayıb. Dövlət xətti ilə Azərbaycan Şəkər İstehsalat Birliyi ilə bağlanan müqavilə məhsulun istehsalından tədarükünədək olan mərhələni fermerlərin xeyrinə həll etməyə imkan verib. Bağlanan müqavilə əsasında fermerlər bütün şum işləri, toxum, şumaltı gübrə, toxumun səpini və çıxışı zamanı lazım olan zəruri pestisidlərlə, eləcə də məhsul yığımı vaxtı zəruri texnika ilə təmin ediləcəklər.
Artıq yazın ilk günlərindən sahələrdə şəkər çuğundurunun səpininə başlanılıb. Səpindən 15 gün əvvəl isə şum suvarması və alaq otlarına qarşı mübarizə tədbirləri görülüb. Ötənilkindən fərqli olaraq bu il sahələrə Danimarka və Belçikadan gətirilən daha keyfiyyətli toxum səpilib. Bunun nəticəsində hər hektardan 60-70 ton məhsul götürmək mümkündür. Martın sonunda səpin işləri yekunlaşacaq, sentyabrdan isə fermerlər məhsul yığımına başlayacaqlar.
Xaçmaz rayonunda isə mart ayının ilk günlərindən taxıl sahələrinin gübrələnməsinə başlanılıb. Fermerlər hazırda taxıl sahələrinə azot gübrəsi verirlər. Bu aqrotexniki qulluğun aparılmasında məqsəd məhsuldarlığı artırmaqdır. Bir hektar taxıl sahəsinə orta hesabla 150-200 kiloqram azot gübrəsi səpilir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boyatma dövründə verilməlidir. Qeyd edək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinə fermerlərə güzəştli şərtlərlə satış üçün 5 min 317 ton gübrə gətirilib. Fermerlərə 70 faiz güzəştlə azot, nitroammofoska, ammofos karbamid və kalsium-sulfat kimi mineral gübrələr təklif edilir.
Bununla yanaşı, Xaçmaz rayonunda yeni salınan meşə zolaqlarında ənənəvi ağaclarla yanaşı, meyvə ağacları da əkilir. Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən yeni meşə zolaqlarının salınması üçün 80 hektar torpaq sahəsi ayrılıb. Artıq meşə fonduna aid 40 hektar ərazidə meyvə tinglərinin əkilməsinə başlanılıb. Xaçmaz meşəbəyiliyinin ərazisinə düşən 6 hektar sahədə fındıq tinglərinin əkilməsi yekunlaşdırılıb. Bununla yanaşı, yeni salınacaq yaşıllıq zolaqlarında qoz, şabalıd, ərik, nar və başqa meyvə tingləri də əkiləcək. Yeni salınan meşə zolaqları rayonun Hacıisaoba, Əhmədoba, Müzəffəroba kəndləri yaxınlığındakı ərazilərdir.
Bu il Bərdə rayonunda da 140 hektar sahədə meyvə bağları salınacaq. Meyvə bağlarının 60 hektarının yazda, 80 hektarının isə payızda salınması nəzərdə tutulub. Artıq rayonun Kürqırağı ərazilərindəki Oğlan baba meşəbəyliyində 20 min ədəd nar, 10 min ədəd ərik tinginin əkilməsi üçün hazırlıq işlərinə başlanılıb. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 30 sot sahədə Qafqaz xurması və ərik toxumu səpilib. Kökləndirmək üçün 300 min ədəd nar qələmi hazırlanıb.
Mart ayının əvvəlindən Tovuz rayonunda da kartof əkininə başlanılıb. Rayonun təsərrüfat rəhbərləri əsasən Göyrüşyarpaq” sortunun əkildiyini bildiriblər. Bu sort hər hektardan 30-40 ton məhsul götürməyə imkan verir.
Hazırda rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində kartof əkini davam edir. Qeyd edək ki, ötən il tovuzlu fermerlər 8197 hektar sahədən 178 min 635 ton məhsul götürüblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30