Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkə sahibkarları regionların sosial-iqtisadi inkişafı prosesində fəal iştirak edirlər

Ölkə sahibkarları regionların sosial-iqtisadi inkişafı prosesində fəal iştirak edirlər

18.04.2017 [09:17]

Güzəştli kreditlər vasitəsilə iş adamları bölgələrdə yeni təsərrüfatlar yaradırlar
Məlum olduğu kimi, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və hüquqi-normativ bazanın möhkəmləndirilməsi investorlarda paralel şəkildə regionlara da marağı artırıb. Nəticədə, son illərdə bölgələrin maliyyə təminatı həm dövlət vəsaitləri, həm də müxtəlif qurumların investisiyaları hesabına əhəmiyyətli dərəcədə möhkəmlənib. Regionların maliyyə və investisiya təminatının möhkəmləndirilməsi baxımından 2016-cı il də istisna olmayıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, son bir ildə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı 67 Sərəncamla ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və bəzi mühüm layihələrin icrasına 261 milyon manat vəsait ayrılıb.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, son bir ildə 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Hazırda da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bölgələrdə sahibkarlara güzəştli kreditlər verilir. Belə ki, aprelin 13-də Neftçala Sənaye Zonasında keçirilən işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən pambıq əkini və emalı müəssisəsinin yaradılmasına, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. Aran iqtisadi rayonundan 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 milyon manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli qaydada maliyyələşdirilən müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.
Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Neftçalada fəaliyyət göstərən sənaye zonasında dövlətin güzəştli kreditləri hesabına balıq yemi istehsalı müəssisəsi maliyyələşdirilib. Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur. Forum çərçivəsində Neftçala Sənaye Zonasında ildə 25 min ton balıq yemi istehsal etmək gücündə olan müəssisədə avadanlıqların quraşdırılması işlərinə baxış keçirilib.
Qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara da 10,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən iri fermer təsərrüfatı, heyvandarlıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Şabran rayonunun Gəndov kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub. Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq, istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələri təqdim edilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbirdə bildirib ki, indiyədək Şabran rayonundan olan 145 sahibkara 37 milyon manata yaxın güzəştli kredit verilib. Ümumilikdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 333 investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılan vəsait 184,7 milyon manat təşkil edir. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkə ərazisində aqroparklar yaradıldığını qeyd edən Ş.Abdullayev məlumat verib ki, artıq Xaçmaz rayonunda “Yalama Aqropark”da ilk mərhələ üzrə işlər başa çatdırılıb. “Şəmkir Aqropark”da isə birinci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi və Şabran rayonlarında da aqroparkların yaradılması istiqamətində işlər aparılır. Şabran rayonunda 1738 hektar ərazidə yaradılmasına başlanılan aqropark layihəsinin ümumi dəyəri 14 milyon manat təşkil edir və layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, ölkə ərazisində aqroparkların yaradılmasına 52 milyon manat güzəştli kredit ayrılıb.
Forum çərçivəsində Şabranda güzəştli kredit ayrılan tutumu 10 min ton olan logistik mərkəzə baxış keçirilib. Bu cür logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü və saxlanmasında mühüm rol oynayır.
İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair Cəlilabad rayonunda keçirdiyi işgüzar forumda isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, çayçılıq, üzümçülük sahələrinin inkişafına yönəldiləcək və 30-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Yüzə yaxın sahibkarın iştirak etdiyi forumda Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 90-a yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 20,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 118,6 milyon manat güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində həmçinin Cəlilabad rayonunda güzəştli kredit ayrılan iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər respublika ərazisində müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 44 min hektaradək ərazidə 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda 120 sentnerədək, soyada isə 35 sentnerədək təşkil edir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30