Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb

Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb

04.05.2017 [09:41]

Regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir
Son illər ərzində dünya bazarlarında neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrin qarşısında ciddi maneələr yaradıb. Neft gəlirlərinin azalması ilə paralel şəkildə ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik zəifləyib, istehsal aşağı düşüb, sosial proqramların maliyyə təminatında problemlər ortaya çıxıb, hətta iş yerləri ixtisara salınıb, pensiyaların, müavinətlərin, əmək haqlarının ödənilməsində ciddi çətinliklər yaranıb. Azərbaycanın da zəngin karbohidrogen ehtiyatlarına malik bir dövlət kimi dünyada baş verən bu proseslərdən müəyyən qədər zərər çəkməsi başadüşüləndir. Bununla belə, Azərbaycan iqtisadi inkişaf dinamikasının qorunub saxlanılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi hazırda həyata keçirilən iqtisadi siyasətin prioritetləri sırasındadır. Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Bu islahatlar biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə inklüzivliyinin daha geniş miqyasda təmin edilməsi, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, daxili bazarın qorunması, investisiyaların təşviq edilməsi, ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin yaradılması və bu kimi digər vacib istiqamətləri əhatə edir. Ölkəmizdə turizmin inkişafı ilə bağlı atılan addımları da bu mənada xüsusi qeyd etmək olar.
Məlum olduğu kimi, turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Məlumat üçün bildirək ki, turizm mövsümünün ilboyu davam etməsi ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla hesablanan əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmin yaradır. Odur ki, özünün iqtisadi inkişafına görə nəinki Cənubi Qafqazda, eləcə də MDB və Şərqi Avropa ölkələri arasında lider ölkə olan Azərbaycanda da turizm sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Turizmin inkişafına dair qəbul olunan Dövlət proqramları, “Şahdağ” və “Tufandağ” kimi regionun ən nəhəng Qış-Yay turizm komplekslərinin yaradılması Azərbaycanı ildən-ilə turizm ölkəsinə çevirməkdədir. “Hilton”, “JW Mariott”, “Kempinski”, “Excelsior”, “Four Seasons”, “Sheraton”, “Jumeirah”, “Fairmont” kimi dünyada məşhur olan hotel brendlərinin fəaliyyətə başlaması, paytaxtımızın Avropanın məşhur musiqi yarışması olan “Eurovision”, tarixdə ilk dəfə olaraq keçirilən Avropa Oyunları, eləcə də “Formula-1” yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın turizm ölkəsi kimi şöhrətini dünyaya yaymaqdadır. Konkret iqtisadi rəqəmlər də bu reallığı bir daha ortaya qoyur ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artmaqdadır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Onun sözlərinə görə, “Strateji yol xəritəsi”nə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib. Bu da hazırda öz nəticəsini verir: “Belə ki, əgər ölkəyə turist gəlişi 25 faiz artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub. Bu artım 30 faizdən çoxdur. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur, bu da ölkəmizə diqqəti artırır”.
Xatırladaq ki, ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib. Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 faiz və yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 faiz artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 faizi göstəricisinə çatacaq.
Turizm və səyahət sektorunun ÜDM-ə tam təsiri isə daha böyük rəqəmlərlə ifadə olunur. WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə bu sektorun Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar) çatıb və yaxud ÜDM-in 14,6 faizi qədər olub. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 faiz və yaxud 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 faiz artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6 faizi qədər olacaq.
Turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq probleminin həllinə də müsbət təsir göstərir. WTTC-nin məlumatına əsasən, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 faizi qədərdir. Təşkilatın proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 faiz, 2027-ci ildə isə daha 3,5 faiz, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 faizi qədər olacaq.
Diqqət çəkən məqamlardan biri Azərbaycanın zəngin turizm potensialının paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşməsidir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın regionlarında “Şahdağ”, “Naftalan”, “Duzdağ” kimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib. Son illərdə ölkəmizdə turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyini ön plana çəkib.
Təbii ki, turizmin inkişafını şətrləndirən amillərdən biri bu sektorda xidmət səviyyəsinin yüksək olmasıdır. Ona görə də turizm sahəsində çalışanların peşəkarlıq səviyyəsinin artırılmasına ciddi ehtiyac yaranır. Regional İnkişaf İctimai Birliyinin regionlarda təşkil etdiyi təlim kurslarının bu mənada əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, RİİB-in təşkilatçılığı ilə aprelin 20-dən 25-dək “Şəki-Zaqatala regionunda tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim kursu təşkil olunub. Respublikanın əsas turizm bölgələrindən olan Şəki-Zaqatalanı əhatə edən budəfəki təlimi Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri aparıb. Kursda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında turizm və mədəniyyət sahəsində çalışan 18 nəfərdən ibarət qrup iştirak edib.
Dünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyası (WFTGA), eləcə də Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında təşkil olunan təlimlərdə iştirakçılara nəzəri və praktik biliklər, turizm qanunvericiliyi, bədən dili və digər istiqamətlər öyrədilib. Həmçinin regionun turizm marşrutları üzrə turların texniki tərəfləri, bələdçi texnikası, müxtəlif turların iştirakçıları, o cümlədən turistlərlə kommunikasiyanın düzgün qurulması mövzularında mühazirə və diskussiyalar təşkil edilib. Gələcək bələdçilər Şəki-Zaqatala regionunda turizmin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.
Təlim çərçivəsində Balakən və Qax rayonlarının tarixi və mədəniyyət abidələrinə, o cümlədən Qum Bazilikası, Kürmük və Yeddi Kilsə məbədlərinə, qədim məscidlərə tematik turlar da təşkil olunub. Layihə iştirakçıları bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiyadan keçirilib. Kursu bitirənlərə sertifikatlar, təlimdə fərqlənən və attestasiyadan keçən 9 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.
Xatırladaq ki, RİİB 2016-cı ildə İsmayıllı və Quba-Xaçmaz regionlarında da analoji kurslar təşkil edib. Təlim kurslarının digər turizm bölgələrində də keçirilməsi nəzərdə tutulur.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30