Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bölgələrdə müasir otel infrastrukturu inkişaf edir

Bölgələrdə müasir otel infrastrukturu inkişaf edir

13.06.2017 [09:48]

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına müvafiq olaraq həyata keçirilən işlər nəticəsində ölkəmizin bütün bölgələrində turizmin inkişafı sahəsində uğurlar qazanılıb
Son illər öz inkişafına görə nəinki yerləşdiyi regionda, həm də dünyada fərqlənən Azərbaycanda bütün sahələrdə irəliləyişlər əldə edilib. Təbii ki, bu uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan və bütün sahələri əhatə edən işlər dayanır. Onu da vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına müvafiq olaraq həyata keçirilən işlər nəticəsində ölkəmizin bütün bölgələrində turizmin inkişafı sahəsində də uğurlar qazanılıb. Daha dəqiq desək, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Yeri gəlmişkən, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı niqtində bu məqama toxunan dövlət başçısı bildirib ki, keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artıb: “Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir”.
Dövlət başçısı sözügedən nitqində ənənəvi turizm bölgələrinin bərpa edildiyini də bildirib: “Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir”.
Ölkəmizdə turizmin inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlardan danışarkən dövlət başçısının göstərişi ilə “ASAN viza” sisteminin yaradılmasını xüsusilə qeyd etmək yerinə düşər.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, ölkəmizdə turizmin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Elə bu ilin arxada qalan ayları ərzində ayrı-ayrı regionlarda əldə edilən nəticələr də belə deməyə əsas verir. Məsələn, verilən məlumata əsasən, istirahət etmək üçün Qəbələyə gələn əcnəbi turistlərin sayı ildən-ilə artır. Belə ki, 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xaricilərdir. Bu il rayona 150 mindən çox turistin gələcəyi gözlənilir.
Rayonda 20-yə yaxın müasir beşulduzlu otelin, istirahət və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsi xarici turistlərin diqqətini daha çox cəlb edir. Ümumiyyətlə, hazırda rayonda 100-ə yaxın irili-xırdalı turizm istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Eyni zamanda, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir. Məhz bunun, həmçinin dövlətin turizm sektorunun inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğının nəticəsidir ki, bu il yanvarın 1-dən mayın 15-dək Qəbələyə 62 min 450 nəfər turist gəlib ki, bunun 32 min 350 nəfəri əcnəbi, 30 min 100 nəfəri yerli turistlərdir. Xarici turistlər əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, ötən 5 ayda Qəbələyə 25 mindən çox ərəb turist gəlib. Xarici turistlər rayondakı otellərdə dincəlir, “Qəbələnd” istirahət və əyləncə mərkəzində, “Tufandağ” Yay-Qış Turizm İstirahət, Stend və Ox Atıcılığı komplekslərində əylənir, kanatla dağ gəzintisinə çıxırlar. Meşələrdə atla gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə ov etmək barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşir. Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb.
Eyni zamanda, 12-22 may tarixlərində keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Azərbaycana gələn minlərlə xarici tamaşaçı və idmançı yarışlardan sonra ölkəmizin turizm məkanlarına səfər ediblər ki, bu sırada Qəbələ xüsusilə fərqlənib.
Ölkəmizin şimal bölgəsinə daxil olan Zaqatala da turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından biridir. Əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilən, “qızılgüllər diyarı” kimi tanınan Zaqatala həmişə yerli və xarici turistlərin diqqətini özünə cəlb edib. Rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, yamyaşıl meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb. Bütün bunların nəticəsidir ki, rayona gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur.
Verilən məlumata görə, hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı artaraq 377-yə çatıb. “Qrata”, “Zaqatala”, “İş”, “Turqut” otellərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan onlarla fərdi qonaq evi var. Bu kənd evləri yerli turistlərlə yanaşı, xarici qonaqların da diqqətini cəlb edir. Sadə kənd evlərində yerləşən turistlər bu yerlərin adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Rayonda 2009-cu ildən fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi Zaqatalanın zəngin turizm potensialının təbliğində yaxından iştirak edir. Mərkəzin direktoru Tərlan Əhmədov KİV-ə müsahibəsində bildirib ki, son illər Zaqatalada kənd yaşıl turizm növü geniş yayılmaqdadır. Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, 1830-cu ildə tikilmiş “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz” qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün böyük maraq kəsb edir. Qəbizdərə kəndinin gursulu dağ çayları, şəlalələri burada çay-sal ekstrim idman növünü inkişaf etdirməyə imkan verir və adrenalin sevənlər üçün əvəzedilməz əyləncə qaynağıdır. Car kəndi də turistlər üçün əsl istirahət məkanına çevrilib.
Tərlan Əhmədov əlavə edib ki, son illər rayona gələn xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Əcnəbi turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edirlər. Xarici turistlərin böyük əksəriyyəti ailəvi və yaxud 4-5 nəfərlik qruplar şəklində gələnlərdir və onlar daha çox ekoturizmə maraq göstərirlər.
Ötən illər ərzində turizmin inkişafı istiqamətində həyata keçirilən işlər Şəkiyə də öz müsbət təsirini göstərib və bu istiqamətdə addımların atılması davam edir. Belə ki, Şəkinin turizm mərkəzinə gedən 7,2 kilometrlik yol yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq ASC tərəfindən müvafiq işlər uğurla icra olunur. Bu cür layihələrdən biri də tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və buraya yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yoludur. Üçüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,2 kilometrdir. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metr təşkil edir.
Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 santimetr qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.
Bundan başqa, təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 metr olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Heç şübhəsiz, ölkəmizi xarici turistlər üçün cəlbedici edən məqamlardan biri də yay turizmidr. Yay turizmindən söhbət açarkən isə təbii ki, ilk diqqət mərkəzinə gələn yerlərdən biri çimərlikləri ilə də məşhur Nabran olur. Və ölkəmizin böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası budəfəki yay mövsümündə də qonaqları qarşılamağa hazırlaşır. 80-dən çox turizm obyektinin fəaliyyət göstərdiyi Nabranda çimərlik mövsümü iyunun ikinci ongünlüyündən start götürür.
Məlumatlara əsasən, bu mövsüm Nabran istirahət zonasında iki yeni nümunəvi çimərlik fəaliyyətə başlayacaq. Bunlardan biri dövlət, digəri isə özəl istirahət müəssisələri kimi fəaliyyət göstərəcək. Beynəlxalq standartlara cavab verəcək çimərliklərin yerinin müəyyənləşdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət öncə yerli icra orqanlarının təmsilçiləri ilə birlikdə Nabranda olub. Bu il payız-qış mövsümündə ölkəyə gələn turistlərin sayındakı artımın yay mövsümündə də müşahidə olunacağı gözlənilir. Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında qarşıdakı yay mövsümündə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çox turistin gələcəyinin proqnozlaşdırıldığını bildirib.
Ümumiyyətlə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Nabran istirahət zonasında son hazırlıq işləri görülür. İstirahət mərkəzlərinin sahibləri obyektlərində şəraitin yaxşılaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə çalışdığı bir vaxtda, əlaqədar qurumlar da dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib. Bu çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.
Yeri gəlmişkən, Nabran çimərliklərinə xarici turistlərlə yanaşı yerli turistlər də gəlir. Və bəzi turistlər buradakı müasir tələblərə cavab verən istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi şəxslərə məxsus evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Günü 30-40 manata təklif olunan belə evlər əsasən, Nabran və Müqtədir kəndlərində yerləşir. Evlərin kirayə qiymətləri turistin evdə qalma müddətindən asılı olaraq dəyişir. Otellərdə isə qiymət nisbətən baha olsa da, turistlərə təqdim olunan xidmətlərin çeşidi və keyfiyyəti də yüksəkdir.
Nabranda ev kirayələmək istəyən qonaqlar Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin xidmətlərindən yararlana bilərlər. Mərkəzdə Xaçmazda fəaliyyət göstərən turizm obyektləri ilə yanaşı, evini kirayə verən şəxslər barədə də məlumatlar toplanılıb. Xaçmazın rayon mərkəzində hazırda dörd otel fəaliyyət göstərir. Bu otellərdə iki nəfərlik nömrələrdə bir gün qalmaq üçün təxminən 30-40 manat ödəmək lazımdır. Nabran turizm zonası istiqamətində yerləşən istirahət mərkəzlərində isə qiymətlər bir qədər yüksəkdir. Turizm obyektlərindəki kotteclərin bir günlük qiyməti 50 manatdan başlayır. Qiymətlər kotteclərin komfortundan və təqdim olunan əlavə xidmətlərdən asılı olaraq dəyişir.
Verilən məlumatlara əsasən, Xaçmaz Turizm İnformasiya Mərkəzi yerli icra orqanları ilə birlikdə tədbirlər planı hazırlayıb. Buna misal olaraq qeyd edək ki, iyulun 15-də Xaçmaz şəhərində II Beynəlxalq dolma festivalı təşkil olunacaq. Şəhərin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 300 növdə dolma sərgilənəcək. Ötən il olduğu kimi, bu il də festivalın ziyarətçilərinin çox olacağı gözlənilir. Belə ki, beynəlxalq tədbirə Azərbaycanın 50 rayonundan və 10 xarici ölkədən 500-dən çox iştirakçı qatılacaq. Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir. Bununla yanaşı, festivala qatılan qonaqlar Xaçmazın və ümumilikdə şimal bölgəsinin turizm imkanları barədə məlumatlandırılacaqlar. Təşkilatçılar əmindirlər ki, II Beynəlxalq dolma festivalı turistlərin bu zonaya marağını daha da artıracaq.
Eyni zamanda, Nabran istirahət zonasına yerli və xarici turistləri cəlb etmək üçün yeni turizm marşrutları da müəyyənləşdirilib. Tərtib olunan yeni turizm marşrutları Nabran istirahət zonası ilə yanaşı, bütün Xaçmaz ərazisini, eləcə də qonşu rayonları əhatə edir. Bu marşrutlar üzrə səyahətə çıxan turistlər əsrarəngiz təbiət mənzərələri ilə yanaşı, tarixi abidələr və digər maraqlı məkanlarla da tanış olmaq imkanı qazanacaq. Mərkəz tərəfindən turistlərə balıqçılıq turları da təklif olunur. Xaçmaza gələn qonaqlara, eyni zamanda, Quba, Qusar, Şabran və Xızı rayonlarına da səyahət imkanı yaradılır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da turizmin inkişafı sahəsində bir sıra uğurlar qazanılıb. Azərbaycanda turizmin inkişafına dair 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla icra edilir. Masallı rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən 33 turizm obyekti və istirahət mərkəzinin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin sertifikatını alıb.
Bu günlərdə isə Masallı rayonundakı “Viləş” otelində yay turizm mövsümünün açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə turizm sərgisində yerli mətbəx, sənətkarların əl işləri, xalq tətbiqi sənəti və rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının nümunələri ilə tanış olublar.
Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova turizm mövsümünün başlanması münasibətilə mərasim iştirakçılarını təbrik ediblər. Çıxışlarda bildirilib ki, son illər Masallı rayonuna gələn turistlərin sayı artmaqda davam edir. Ötən il rayona 24 min 730 turist gəlib. Onlardan 1650 nəfəri xarici turist olub. Bu ilin birinci rübündə isə Masallıya gələn 1650 turistin 600 nəfərini xarici ölkələrdən gələn turistlər təşkil edib. Turizm obyektlərində və istirahət mərkəzlərində dincələnlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsində rayonda fəaliyyət göstərən Turizm Kolleci əhəmiyyətli rol oynayır.
Yerli sahibkarlardan “Viləş” otelin direktoru Anar Ağayev, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləri” istirahət mərkəzinin əməkdaşı Orxan Əliyev və başqaları iş adamlarına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ölkəmizin cənub bölgəsində yerləşən Lənkəran da yay turizm mövsümünə tam hazırdır. Ümumiyyətlə, geniş turizm imkanlarına malik olan Lənkəran rayonunun əsrarəngiz təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri, folkloru rayona gələn turistlər üçün çox maraqlıdır. Ölkəmizə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri də Lənkərandır. Turistləri bura cəlb edən vacib amillər isə Lənkəranın dəniz, dağ və meşə ilə əhatə olunmasıdır. Son illər rayona gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, bu ilin beş ayında Lənkərana 5000-dən çox turist gəlib. Onların 700 nəfəri xarici turistlərdir. Rayonda turizmlə bağlı kompleks işlər həyata keçirilir. Yay fəslində Lənkəranda 3 yeni çimərliyin yaradılması nəzərdə tutulub. Turistlərin ildən-ilə artan statistikası onu deməyə əsas verir ki, Lənkəran turizm üçün perspektivli məkandır.
Turizm sektorunun inkişafı istiqamətində Astara rayonunda da müvafiq işlər görülüb və görülməkdədir. Astarada turizmin inkişafı məqsədilə həyata keçirilən infrastruktur layihələri rayona turist axınına səbəb olub. Ötən il rayona gələn turistlərin sayı 5000 nəfərdən çox olub. Bu, 2012-ci illə müqayisədə 10 dəfə çoxdur. Bir müddət öncə isə Astara rayonunun Şahağac kəndi ərazisində, Xəzər dənizinin sahilində inşa edilmiş “Ceyhun” turizm və istirahət mərkəzinin açılışı olub.
Məlumat üçün bildirək ki, bir hektar ərazidə salınmış mərkəzdəki ikimərtəbəli oteldə, kotteclərdə turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisində, həmçinin uşaqlar üçün əyləncə mərkəzi, konsert səhnəsi inşa edilib. Burada 20 nəfər daimi işlə təmin olunub. Çimərlik turizminin inkişafı ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Astara rayonunda Xəzər dənizi sahili boyunca üç ərazidə - şəhərdə, Şahağac və Qamoşovka kəndlərində yeni çimərlik zonaları yaradılıb. Yeni salınmış çimərlik zonalarından biri məhz “Ceyhun” turizm və istirahət mərkəzinin ərazisində yerləşir.
İstirahət mərkəzinin açılış mərasimində çıxış edənlər ölkəmizdə turizmin inkişafına və əhalinin mənalı istirahətinin təşkilinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda onu da bildirək ki, Azərbaycan daha bir beynəlxalq idman tədbiri ərəfəsindədir. Belə ki, Bakıda Formula-1 Azərbaycan Qran-Prisi keçiriləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərə açıqlamasında bildirdiyi kimi, Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi müddətdə ölkəmizin böyük mehmanxana şəbəkələrinin demək olar ki, 95 faizi dolacaq. Nazir deyib ki, qonaqların sayının çox olacağı gözlənilir. Qonaqların, xüsusilə körfəz ölkələrindən gələnlərin yalnız Bakıda deyil, regionlarda da maraqlı istirahətinin təşkili istiqamətində iş gedir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30