/ / Regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzindədir
Regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzindədir
24.06.2017 [09:03]
Cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımıza üz tutan turistlərin sayında ciddi artım müşahidə olunmaqdadır
Müasir dövrdə dünyada iqtisadi, siyasi sferada baş verən xoşagəlməz hadisələr hətta bir sıra güclü iqtisadiyyata malik ölkələrdə də ciddi böhran meyillərinin, kataklizmlərin meydana gəlməsini şərtləndirib. Azərbaycan dövləti beynəlxalq aləmdə müşahidə olunan bu mənfi tendensiyalar fonunda inkişaf dinamikasının qorunub saxlanılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi hazırda həyata keçirilən iqtisadi siyasətin prioritetləri sırasındadır. Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Ölkəmizdə turizmin inkişafı ilə bağlı atılan addımları da bu mənada xüsusi qeyd etmək olar. Turizmin inkişafına dair qəbul olunan Dövlət proqramları, “Şahdağ” və “Tufandağ” kimi regionun ən nəhəng Qış-Yay turizm komplekslərinin yaradılması Azərbaycanı ildən-ilə turizm ölkəsinə çevirməkdədir. “Hilton”, “JW Mariott”, “Kempinski”, “Excelsior”, “Four Seasons”, “Sheraton”, “Jumeirah”, “Fairmont” kimi dünyada məşhur olan hotel brendlərinin fəaliyyətə başlaması, paytaxtımızın Avropanın məşhur musiqi yarışması olan “Eurovision”, tarixdə ilk dəfə olaraq keçirilən Avropa Oyunları, eləcə də “Formula-1” yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın turizm ölkəsi kimi şöhrətini dünyaya yaymaqdadır.
Regional idarələrin təşkili daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir
Hazırda Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər sırasında maarifləndirmə işlərinin genişləndirilməsi də xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə xüsusən regionlarda aidiyyəti dövlət qurumlarının, turizm mütəxəssislərinin iştirakı ilə görüş və konfranslar təşkil olunur, turizm sektorunda çalışan şirkət nümayəndələrinin, sahibkarların peşəkarlığının artırılmasına yönəlmiş tədbirlər həyata keçirilir. Növbəti belə tədbir isə ölkəmizdə turizmin inkişafına töhfə verən qədim Gəncə şəhərində keçirilib. İyunun 22-də nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb.
Nazirlikdən bildirilib ki, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin yay turizm mövsümü ərzində fəaliyyət istiqamətləri dəyərləndirilib.
Nazir müşavirəni açaraq əvvəlcə Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş şəxsləri təbrik edib.
Sonra Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha sürətlənib. Bu islahatlar həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradıb.
Nazir ölkəmizdə turizm sahəsində həyata keçirilən işlərdən də danışıb. Qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində addımlar davam etdirilir. Yerlərdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada müntəzəm konsertlər, sərgilər təşkil olunmalıdır.
Bildirilib ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliğində aktiv iştirak edirlər. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha çox cəlb olunmalıdır.
Nazir regionlarda kitabxana işinin günün müasir tələbləri səviyyəsində qurulması ilə bağlı işlərdən də bəhs edib. Qeyd edib ki, bu il ötən illərə nisbətən kitabxana kollektoru vasitəsilə kitab alınmasına iki dəfə daha çox vəsait ayrılıb.
Müşavirədə həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Regional idarələrin işinin təşkilində islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.
Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi barədə fikirlərini bildiriblər. Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səslənib, fikir mübadiləsi aparılıb.
Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verilib.
Bu məqsədlə digər bir tədbir isə Qalaaltıdakı “Qalaaltı” müalicəvi istirahət kompleksində baş tutub. Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminarda Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev, Azərbaycan Tibb Universitetinin tələbələri iştirak ediblər.
Seminarda Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə məlumat verilib, eyni zamanda, xarici ölkələrdə bu termal mənbənin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası çərçivəsində təbliği məsələsi müzakirə edilib. Azərbaycanın təbii sərvəti olan bu suyun dövlət və özəl sektorun nümayəndələrinin birgə fəaliyyəti ilə tanıdılması, buraya çoxsaylı turistlərin cəlb edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Göstərilən diqqət və qayğının nəticəsində turizm sahəsində nəzərəçarpacaq irəliləyişlərə nail olunub
Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi bölgələrdən biri Naftalan şəhəridir. Hələ sovet dövründə bu şəhərin turizm bölgəsi kimi şöhrəti sərhədlərimizdən çox-çox kənara yayılmışdı. Son illərdə beynəlxalq miqyasda aparılan tanıtım və təbliğat işləri nəticəsində bu gün şəhərə üz tutanların sayı daha da artmaqdadır. Cari ilin beş ayında isə Naftalan şəhərinin kurort-sanatoriya və istirahət mərkəzləri 8 min turist qəbul edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1808 nəfər çoxdur. Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, xarici turistlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 3 min 600 nəfər təşkil edib.
Xarici turistlər içərisində Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən gələn qonaqlar üstünlük təşkil edib.
Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev deyib ki, həm balneoloji neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib. Həmçinin son illərdə bir neçə xarici dövlətdə bu şəhərin turizm imkanlarının təbliği istiqamətində sərgilər təşkil edilib, xarici informasiya agentliklərində videosüjetlər, reportajlar hazırlanıb. Qəhvəyi çeşmədən hazırlanan yağlar, tibbi məlhəmlər və bir çox kosmetik vasitələr Naftalanın şöhrətinin artmasına səbəb olub. Ona görə də qarşıdan gələn bayram günlərində çox sayda turistin gələcəyi gözlənilir. Artıq bir neçə hoteldə turistlər nömrələrini əvvəlcədən sifariş veriblər.
Qax rayonu da turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən, zəngin yeraltı və yerüstü su sərvətlərinə, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik rayonlardandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları burada turizmin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və etnik mədəniyyətə malik olan bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.
Dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər respublikamızın digər bölgələri ilə yanaşı, Qax rayonunda da bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olunub. Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Rayona gələn qonaqların sayı da nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayı xeyli artıb.
Şəki regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova AZƏRTAC-a müsahibəsində turizm obyektlərinin yay turizm mövsümünə hazırlığının vəziyyəti barədə məlumat verib. Qurumun təmsilçisinin bildirdiyinə görə, hazırda Qax rayonunda 12 turizm obyekti, həmçinin xeyli sayda ictimai-iaşə obyekti fəaliyyət göstərir. Bu müəssisələrdə yerlərin sayı artırılaraq 1034-ə çatdırılıb. Turizm obyektlərində qiymətlər hotelin dərəcəsinə, xidmət növlərinin keyfiyyətinə görə tənzimlənir. Ümumiyyətlə, hotel və istirahət mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 25 manatdan başlayır. Daimi müştərilərə müəyyən güzəştlər tətbiq olunur.
Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 24 min 100 nəfər turist gəlib. 2016-cı ildə isə turistlərin sayı artaraq 29 min 509 nəfər olub. Cari ilin ötən dövrü ərzində rayonu 5 mindən çox turist ziyarət edib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

