Ölkəmizin müxtəlif bölgələrində yeni suvarma layihələri uğurla həyata keçirilir
30.06.2017 [09:35]
2017-ci ildə yeni torpaqları dövriyyəyə cəlb etmək, burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib
Yeni şəraitdə Azərbaycanın regionlarında aqrar sektorda istehsal və ixrac imkanlarının artırılmasını şərtləndirən amillər sırasında dövriyyəyə yeni suvarılan torpaqların cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölkəmizdə əkinəyararlı torpaqlar məhduddur. Bu baxımdan Prezident İlham Əliyevin torpaqlardan səmərəli istifadə edilməsi, həmçinin dövriyyəyə yeni torpaq sahələrinin cəlb olunması, bölgələrdə torpaqların şoranlaşmasının qarşısının alınması üçün meliorativ tədbirlərin daha da gücləndirilməsi məsələlərini gündəmə gətirməsi böyük aktuallıq daşıyır.
Qeyd edək ki, ölkənin regionlarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, dövriyyəyə yeni suvarılan torpaqların cəlb edilməsinə praktiki müstəvidə güclü dəstək tədbirləri həyata keçirilir. Bunun da nəticəsində ayrı-ayrı bölgələrdə istifadədə olan torpaqların meliorativ vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin verdiyi məlumata əsasən, son 10 ildə suvarılan torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb. “Buna suvarmanın düzgün tətbiqi, müəyyən aqrotexniki, meliorativ tədbirlər nəticəsində nail olunub. Şoran torpaqlar heç də məhsul verməyən torpaq demək deyil. Sadəcə, bu torpaqlarda məhsuldarlıq az olur. Ona görə də gərək torpaq sahibləri meliorativ tədbirlərə düzgün əməl etsinlər ki, belə torpaqlarda şoranlaşma yuyulub getsin”, - deyə Ə.Əhmədzadə bildirib.
Xatırladaq ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının 92 faizi suvarılan torpaqlarda yetişdirilir. Hazırda ölkə ərazisində 1 milyon 386 min hektar torpaq sahəsində suvarma işləri həyata keçirilir.
2017-ci ilin sonunadək daha 150 min hektar sahəyə su verilməsi nəzərdə tutulub
Son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə, digər meliorativ tədbirlərə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.
Son illərdə respublikamızda Şəmkirçay, Taxtakörpü, Tovuzçay kimi su anbarlarının inşası da ölkənin regionlarında əkinəyararlı torpaqların dövriyyəyə cəlb olunmasında mühüm rol oynayıb. Kifayət qədər böyük investisiya tutumuna malik olan bu layihələrin qısa müddətdə uğurla reallaşdırılması bütövlükdə Azərbaycan dövlətinin gücünü təsdiqləyir.
Regionlarda su layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən məmnunluq ifadə edərək deyib: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır”.
Yeni şəraitdə aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bölgələrdə meliorativ tədbirlərin miqyasını daha da genişləndirmək nəzərdə tutulub. O cümlədən 2017-ci ilin sonunadək respublika ərazisində daha 150 min hektar əraziyə su verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində yeni torpaqları dövriyyəyə cəlb etmək, burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Mütəxəssislər yeni suvarma layihəsi ilə bağlı nikbin proqnozlar ifadə edirlər. Bildirilir ki, yeni suvarma layihələrinin reallaşdırılması regionlarda iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artıracaq və inkişafa güclü təkan verəcək.
Hazırda respublikanın ayrı-ayrı bölgələrində yeni suvarma layihələri böyük uğurla reallaşdırılır. Bir qədər bundan əvvəl “Azərsu” ASC tərəfindən Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb. “Azərsu” ASC-dən verilən məlumatda bildirilir ki, yeni su layihəsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması barədə verdiyi tapşırıqlar əsasında reallaşdırılıb.
Yeni suvarma infrastrukturunun istismara verilməsi mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə rəhbərliyinin aqrar sektora böyük diqqət və qayğısından danışaraq bildirib ki, bu layihə rayonda əkin sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədi ilə reallaşdırılan ilk suvarma layihəsidir. Yeni layihənin icrası nəticəsində minlərlə hektar torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriləcək.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bəhs olunan layihənin özəllikləri barədə məlumat verib. O bildirib ki, dövlət başçısının konfransda verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə cari ilin fevral ayında Zərdab rayonunda ilk suvarma layihəsinin icrasına başlanılıb: “Əkin sahələrinə suyun Kür çayından verilməsi layihələndirilmişdir. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 mm olan 15 km uzunluğunda kəmər inşa edilib. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün 4 mvt-luq transformator və paylayıcı qurğu tikilib, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 6 km elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb. Layihənin qısa müddətdə yekunlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə məntəqədə paralel aparılıb və iyun ayının əvvəlində bütün işlər yekunlaşıb”.
Padarçöl ərazisinə 27 km uzunluğunda magistral kəmər çəkiləcək
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərsu” ASC tərəfindən icra olunan ikinci suvarma layihəsi Hacıqabul və Şamaxı rayonlarında həyata keçirilir. Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə həyata keçiriləcəkdir. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda magistral kəmər çəkiləcək. İndiyədək kəmərin 9 km-lik hissəsi inşa edilib.
Neftçalada uzunluğu 25 kilometr olan magistral kanalın tikintisi davam etdirilir. Kanal istifadəyə verildikdən sonra illərlə su çatışmazlığından əziyyət çəkən rayonun Xol zonasının 7 yaşayış məntəqəsinin 15 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Magistral kanalın nasos stansiyası ilə birlikdə tikintisinə 2006-cı ildə başlanılıb. 9,5 kilometr kanalın çəkilməsi işləri artıq başa çatıb. Bu ilin iyul ayının 15-dək isə daha 4 kilometr hissədə tikintinin başa çatdırılması nəzərdə tutulub. Artıq kanalın bu hissəsinin 2 kilometrində işlər başa çatıb. Digər 2 kilometrlik hissədə isə işlər sürətlə aparılır. Eni 12, dərinliyi isə 3 metr olan magistral kanaldan saniyədə 15 kubmetr su ötürüləcək ki, bununla da kəndlərin əhalisi istənilən vaxt əkin sahələrini normal suvara biləcəklər.
Əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Sabirabadda yeni nasos stansiyası işə salınıb
Cari mövsümdə Sabirabadda əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə yeni nasos stansiyası tikilərək istifadəyə verilib. Yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayonun rəhbər işçiləri, Milli Məclisin deputatları və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmiləri iştirak ediblər.
Rayonun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan nasos stansiyası Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə inşa olunub. 3 kilometrlik iki boru xəttinin və uzunluğu 8 kilometr olan beton suvarma kanalının işə düşməsi ilə rayonun 11 min 498 hektar əkin sahəsi su ilə təmin olunacaq.
İki mərhələdən ibarət olan tikinti işlərinin birinci mərhələsi artıq başa çatıb. Suvarma kanalının ümumi uzunluğu 24 kilometr olacaq. Yeni stansiyanın su ötürmə qabiliyyəti saniyədə 10 kubmetrdir. Tikinti işləri zamanı uzunluğu 2880 paqonmetr olan 4 boru xətti inşa edilib, torpaqbərkitmə və betonlanma işləri aparılıb. Tikinti işlərində yerli istehsal olan boru xətlərindən istifadə edilib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin həyata keçirdiyi tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika və 100-dən çox işçi qüvvəsi cəlb edilib.
136 yaşayış məntəqəsində yeni subartezian quyuları qazılacaq
Azərbaycanın regionlarında əhalinin və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasında son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən qazılan subartezian quyuları da mühüm rol oynayır. İndiyədək respublika ərazisində 957 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Ölkə boyu subartezian quyularının qazılması bundan sonra da davam etdiriləcək. Xəbər verildiyi kimi, cari il iyunun 5-də isə Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon manat vəsait ayrılıb.
Son vaxtlar bütün respublikada olduğu kimi, Şəmkir rayonunda da əhalinin və əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün artezian və subartezian quyularının qazılması geniş vüsət alıb. Hazırda Şəmkir rayonunda 774 artezian və subartezian quyusu fəaliyyət göstərir. 2016-2017-ci illərdə rayonda 15 subartezian quyusu qazılıb. Bu günlərdə isə rayonun Yeni Həyat kəndində yeni subartezian quyusu istifadəyə verilib. Subartezian quyusu vasitəsilə 30 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub. Prespektivdə isə rayonun ayrı-ayrı yaşayış məntəqələrində yeni quyuların qazılması nəzərdə tutulur.
Dağlıq ərazidə yerləşən Qax rayonunda da əhalinin və əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. İndiyədək rayonun yaşayış məntəqələrində 39 subartezian və artezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Rayonda daha bir subartezian quyusu Qum kəndində qazılıb. Yeni subartezian quyusu bir qədər bundan əvvəl kənd sakinlərinin istifadəsinə verilib. Yeni quyu Qum kəndinin gənclik massivində yaşayan yüzə yaxın ailənin içməli və suvarma suyuna olan tələbatının ödənilməsini təmin edəcək. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən isə rayonun ərazisində yeni subartezian quyuları qazılacaq.
“Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Rafiq Aslanov Qax rayonunun su təminatının yaxşılaşdırılması məqsədilə başqa tədbirlərin də həyata keçirildiyini bildirib. Qax rayonu ərazisindən axan dağ çaylarının hamısının sel gətirici çaylar olduğunu vurğulayan cəmiyyətin sədr müavini yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq üçün son on il ərzində rayon ərazisində 17 kilometr uzunluğunda beton bəndlərin inşa edildiyini diqqətə çatdırıb. “Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sellərin yaratdığı fəsadlar minimuma endirilib, sel-suların maneəsiz axıdılması təmin edilib, yaşayış məntəqələri və əkin sahələri seldən etibarlı mühafizə olunub”, - deyə Rafiq Aslanov vurğulayıb.
Cəbhə bölgəsində də subartezian quyularının qazılması geniş vüsət alıb
Subartezian quyularının qazılması həmçinin cəbhə bölgəsində də geniş vüsət alıb. Bir qədər bundan əvvəl Tərtər rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına qazılmış 15 ədəd subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonun İlxıçılar kəndində keçirilən tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və rayon icra hakimiyyətinin nümayəndələri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov tədbirdə çıxış edərək, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan danışıblar. Bildirib ki, son iki ildə Tərtər rayonunda 31 subartezian quyusu qazılaraq istifadəyə verilib. Sarıcalı kəndində qazılan 2 ədəd, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azad Qaraqoyunlu, İlxıçılar, Qapanlı, Qaraağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 yeni subartezian quyusu isə bütövlükdə 700 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək.
Ağdam rayonunda son 5 ildə 122 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Dövlət başçısının “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən, rayonun 15 yaşayış məntəqəsində 30 subartezian quyusunun qazılmasına başlanılıb. Həmçinin pambıqçılığın inkişafı üçün bu il əlavə olaraq 4 subartezian quyusunun qazılması da nəzərdə tutulub.
Bu barədə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə məlumat verilib. Bildirilib ki, Ağdam mexaniki suvarma idarəsi rayonda 35 min 400 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Rayon ərazisində əkin sahələrinin suvarılması 836 subartezian quyusu, 4 nasos stansiyası, 192 hidrotexniki qurğu, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalları vasitəsilə həyata keçirilir.
Naxçıvanda 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi həyata keçirilir
Naxçıvan Muxtar Respublikasında mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi böyük aktuallıq daşıyır. Son illərdə muxtar respublikada torpaq sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün bir sıra tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ötən ay su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, ümumilikdə, muxtar respublika ərazisində 17 kilometr magistral kanal, 46 kilometr ara arxları və 2 kilometr kollektor lildən təmizlənib, 14 kilometr yeni suvarma boru xətti çəkilib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay və Arpaçay selovunda 2 kilometrdən çox istiqamətləndirici bənd tikilib.
Bəhs olunan qapalı suvarma şəbəkəsi muxtar respublikada fəaliyyət göstərən “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətin toxumçuluq təsərrüfatının əkin sahələrini əhatə edəcək. Layihəyə uyğun olaraq, ərazidə 4 min 380 metr dəmir borularla ana xətt və 41 min 680 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi çəkilir. Xətlərin üzərində 95 sutənzimləyici siyirtmə, 480 hidrant və 93 suburaxıcı quraşdırılacaq. Tikintidə ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə edilir.
Qeyd edək ki, son 3 ildə muxtar respublikada 3 min 100 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Məhz buna görə də suvarma sularından səmərəli və qənaətlə istifadə olunur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətin toxumçuluq təsərrüfatı üçün 2 min hektar torpaq sahəsi ayrılıb, meliorativ tədbirlər görülərək əkinəyararlı hala salınıb.
İndiyədək Taxtakörpü anbarından 1 milyard 86 milyon kubmetr su istifadə edilib
Son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib.
Bu barədə Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə təşkil olunan mərasimdə məlumat verilib. Tədbirdə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digərləri iştirak ediblər.
Xatırladaq ki, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimi 2007-ci il noyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Mərhələli şəkildə görülən işlər 7 il ərzində uğurla başa çatdırılıb və 2013-cü il sentyabrın 28-də Prezident İlham Əliyevin və ölkənin Birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olub. Ölkə başçısı Taxtakörpü su anbarını respublikanın su təhlükəsizliyinə xidmət edən infrastruktur layihəsi kimi yüksək qiymətləndirib. Eyni zamanda, Taxtakörpü su anbarında duruldulmuş, saniyədə 40 kubmetr suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi üçün ümumi uzunluğu 107,33 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalı istifadəyə verilib.
Taxtakörpü su anbarının tikintisinin və digər işlərin başa çatdırılması ilə eyni zamanda Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin içməli su təchizatının iki dəfəyə qədər artırılmasına, 150 min hektar suvarılan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, 31 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinə və regionun ekoloji vəziyyətinin sağlamlaşdırılmasına imkan yaranıb.
Ümumilikdə, 2014-2016-cı illərdə Taxtakörpü su anbarı zonasında yerləşən Xızı və Siyəzən rayonlarında 13 min 918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılıb ki, onun da 10 min 801 hektarı yeni suvarılan torpaqlardır. 2017-ci ildə isə Xızı, Siyəzən və Şabran rayonlarında 20 min 718 hektar, o cümlədən 10 min 969 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək və 9 min 749 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi bu ərazilərdə iri təsərrüfatların və aqroparkların yaradılmasına geniş imkanlar açır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

