Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi layihələri uğurla icra edilir

Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi layihələri uğurla icra edilir

20.07.2017 [09:19]

Qarşıya növbəti 3-4 il ərzində ölkədə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub
İndiki dövrdə güclü infrastruktur olmadan ölkələrin inkişafını təsəvvür etmək də mümkün deyil. Bu baxımdan Azərbaycandakı vəziyyət nikbinlik üçün ciddi əsaslar yaradır. Müasir dövlət quruculuğu strategiyasına uyğun olaraq bütün ölkə boyu reallaşdırılan enerji, qazlaşdırma, su və digər layihələr sayəsində qısa müddətdə şəhər və kəndlərimizin siması tamam dəyişib, respublikamız yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib. Azərbaycanda dünya standartları səviyyəsində sosial-iqtisadi infrastruktur şəbəkəsinin qurulmasının ən səciyyəvi cəhəti ondan ibarətdir ki, dövlət bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə lazımi qədər sərmayələr yönəldir. Dövlət vəsaitləri hesabına yaradılan infrastruktur isə sonradan bütün ölkə boyu sosial-iqtisadi inkişafa, o cümlədən də yerlərdə iqtisadi aktivliyin artmasına, daxili istehsalın sürətlə genişlənməsinə güclü təsir göstərir.
Bütün ölkə boyu müasir yol infrastrukturunun qurulması Azərbaycanın mühüm nailiyyətidir
Azərbaycanın son 13 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir infrastruktur quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsində aydın şəkildə görmək mümkündür. Belə ki, respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək özünün tranzit imkanlarını genişləndirmək üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ölkə ərazisindən keçən hissəsinin yüksək dünya standartları səviyyəsində qurulması üçün bütün zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan beynəlxalq miqyaslı İpək Yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.
Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsinin tikintisi də sürətlə davam etdirilir.
İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib.
Ümumiyyətlə, son 13 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmiryolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Bəhs olunan Dövlət Proqramının icrası çərçivəsində 2015-ci ildə respublikamızda 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Dövlət Proqramının icrasının üçüncü ilində isə respublikanın regionlarında 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub.
Kənd yollarının yenidən qurulması daha da intensivləşib
Son illərdə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi siyasəti çərçivəsində həmçinin kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulmasına böyük diqqət göstərilir. Yuxarıda bəhs olunan konfransda vurğulandığı kimi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də investisiya tutumu geniş olan yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr davam etdirilir. Prezident İlham Əliyev tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Dövlət başçısının çağırışına uyğun olaraq ölkə miqyasında cari ilin əvvəlindən yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması daha da intensivləşib.
Hazırda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu yenidən qurulur. “Azəravtoyol” ASC-dən verilən məlumatda bildirilir ki, tikinti layihəsinə uyğun olaraq yolun ümumi eni 2 hərəkət zolaqlı olmaqla 12 metr təşkil edir. Bura 7 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər daxildir. Uzunluğu 29,5 kilometr olan avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində sözügedən yolun 18 kilometrlik hissəsində torpaq işləri yekunlaşdırılıb və asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla və 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11,5 kilometrlik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işləri çərçivəsində yolun 18-ci kilometrində Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa, suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.
Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Uzunluğu 25 kilometr olan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Ümumilikdə yola 2 qat olmaqla 10 santimetr qalınlığında 150 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənib.
Respublikamızda reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Binəqədi-Novxanı-Corat yolunun tikintisi də artıq yekunlaşmaq üzrədir. Hazırda yol boyu son tamamlanma işləri görülür.
Əvvəllər bəhs olunan avtomobil yolunun eni 7-9 metr arasında dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib.
14 kilometr uzunluğunda olan avtomobil yolunun 8 kilometrlik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri isə artıq son mərhələdədir. Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır. Ümumilikdə layihə çərçivəsində 150 min kvadratmetrdən çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Sakinlər yolların üzərində piyada keçidlərinin tikilməsindən razılıq edirlər
Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, yenidən qurulan yolların üzərində piyada keçidləri də inşa olunur ki, bu da sakinlərdə böyük razılıq doğurur. “Azəravtoyol” ASC-dən bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü kilometrlik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə 7 yerüstü piyada keçidi inşa edilir. Qobustan rayonunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir.
Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Zığ-Hövsan avtomobil yolunun üzərində 3 yerüstü piyada keçidi inşa edilir. Yeni piyada keçidləri sözügeən yolun 1.8, 2.7 və 4.4-cü kilometrliyində tikilir. Hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq və ərazidə lazımi yol nişanları qoyulacaq. Keçidlərin tikintisi ilə həm piyadaların avtomobil yollarını təhlükəsiz keçmələri, həm də avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin ediləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30