Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında qış turizminə böyük maraq var

Azərbaycanın regionlarında qış turizminə böyük maraq var

06.01.2018 [10:40]

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzini 16 mindən çox turist ziyarət edib
Yeni şəraitdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun gəlirli sahələrindən biri kimi turizmin inkişafına da böyük diqqət göstərilir. Bu məqsədlə respublikamızda qanunvericilik bazası təkmilləşdirilərək “ASAN viza” sisteminin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxt Bakıda və bölgələrdə yaradılan müasir infrastruktur, maraqlı marşrutların müəyyənləşdirilməsi, yeni yüksək səviyyəli turizm obyektlərinin istifadəyə verilməsi bütövlükdə respublikamızın turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Bunu 2017-ci ildə respublikamızın müxtəlif bölgələrinə gələn turistlərin sayının artması da təsdiqləyir. Verilən statistik məlumatlardan bəlli olur ki, ölkənin bölgələrində turizmin müxtəlif növləri uğurla inkişaf edir. Respublikamıza Rusiya Federasiyasından, Gürcüstandan, İrandan, qardaş Türkiyədən gələn turistlər üstünlük təşkil edirlər. Son illərdə respublikamıza ərəb ölkələrindən təşrif gətirən turistlərin sayında da artım müşahidə edilməkdədir.
Bayram günlərində Qəbələnin turizm obyektlərində böyük qələbəlik yaşanıb
Respublikamızın dilbər guşələrindən olan Qəbələ rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi böyük coşqu ilə qeyd edilib. Müxtəlif məkanlarda təşkil olunan bayram tədbirlərinə rayon sakinləri ilə yanaşı, yerli və xarici turistlər də böyük maraq göstəriblər.
Bəhs olunan bayramlarla əlaqədar Qəbələnin bütün hotelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. İnsanlar Qəbələnin müasir hotellərində və kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə yerləşərək dincəlib, həm də müxtəlif yerlərdə təşkil olunan bayram şənliklərinə qatılıblar. Bundan başqa, bayram günlərində yerli və xarici turistlər Bakıdan dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə keçirilən konsertlərə tamaşa ediblər. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” hotellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
“Qafqaz Karvansaray” hotelinin direktoru Süleyman Məmmədov bildirib ki, bayramlarla əlaqədar hotelin bütün otaqları dolub. Əsasən Bakıdan və digər bölgələrdən gələn yerli qonaqlar üstünlük təşkil ediblər. Bundan əlavə, Yeni ili Qəbələdə qarşılamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da çox olub.
S.Məmmədovun bildirdiyinə görə, hoteldə xidmətlərə və otaqlara görə qiymətlər fərqlidir. Beşulduzlu hoteldə müştərilərə bir gün üçün təqdim olunan ən ucuz iki nəfərlik otağın qiyməti 150 manatdır. Dekabrın 31-də axşam saatlarında bayramsayağı bəzədilmiş hoteldə Bakıdan dəvət olunmuş gənc və tanınmış müğənnilərin iştirakı ilə konsert olub. Sonra hotelin qonaqları üçün xüsusi əyləncəli şou-proqram təşkil edilib, milli rəqslər nümayiş olunub, sehrbazların təqdim etdiyi nömrələr hamının marağına səbəb olub. Qonaqlara milli və Avropa mətbəxindən olan yeməklər təqdim edilib. Şaxta baba və Qar qız qonaqları təbrik etdikdən sonra atəşfəşanlıq olub. Qonaqların əylənməsi üçün gecə saatlarında hoteldə diskoteka da təşkil edilib. Sonda hotel rəhbərliyi tərəfindən qonaqlara hədiyyələr təqdim edilib.
Qəbələyə gələn turistlərin ən çox üz tutduğu yerlərdən biri də “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzidir. Hər gün 1000-dən çox qonağı qəbul edən bu turizm obyektinə bayram günlərində gələnlərin sayı iki dəfə artıb. Mərkəzin məsul işçisi Sadiq Həmidov bildirib ki, bayramla əlaqədar parkın ərazisindəki həmişəyaşıl ağaclar, gül kolları, xidmət obyektləri, attraksionlar xüsusi dekorasiya ilə bayramsayağı bəzədilib, Şaxta baba və Qar qız, klounlar, nağıl qəhrəmanları qonaqlara xidmət göstəriblər. “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində “Gilan Holdinq”in istehsal müəssisələrinin məhsullarından ibarət sərgilər və satış yarmarkaları açılıb. Bundan başqa, qədim Qəbələ şəhərinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maraqlı eksponatların oxşarları yerli sənətkarlar tərəfindən hazırlanaraq satışı təşkil edilir. Bayramla əlaqədar “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində süni buz meydançası turistlərin ixtiyarına verilib. İlk dəfə olaraq mərkəzin ərazisindəki böyük süni hovuzda balıqların yetişdirilməsinə başlanılıb. Ərazidə eyni vaxtda 250 qonağa balıq yeməkləri təqdim etmək üçün müasir səviyyədə qurulan “Caspian Balıq Evi” fəaliyyətə başlayıb. Orada yetişdirilən qiymətli balıqlardan hazırlanan yemək və salatlar qonaqlara təqdim edilir.
Həmçinin “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi də bayram günlərində ən çox qonaq qəbul edən turizm obyektlərindən olub. Qonaqlar kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər. Həmçinin turistlər 2 min metr yüksəklikdə fəaliyyət göstərən hotel və restoran xidmətlərindən bəhrələniblər. Güllə atıcılığına marağı olan turistlər Stend və Ox Atıcılığı Kompleksinə gedərək orada tapança, tüfəngdən müxtəlif məsafələrə atəş açıb, oxla hədəfi vurmaqla əyləniblər.
Bakı şəhər sakini olan turist Elnur Hacıyev AZƏRTAC-a müsahibəsində istirahət etmək üçün indiki vaxtda xarici ölkələrə getməyə ehtiyac olmadığını, Qəbələdə ucuz qiymətə dincəlmək və əylənmək üçün hər cür şərait yaradıldığını bildirib. “Mən ildə bir neçə dəfə ailə üzvlərimlə birgə dincəlmək üçün Qəbələyə gəlirəm. Buranın havası çox təmiz, təbiəti gözəl, insanları qonaqpərvərdir. Qəbələdə olarkən rayonun qədim tarixi məkanlarına səfər etmişəm, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanat və xizək xidmətlərindən istifadə etmişəm, Nohur gölündə qayıqla gəzintiyə çıxmışam. Qəbələyə məxsus daşarası kababı və təndirdə bişirilən quzu əti ən çox sevdiyim yeməklərdəndir”.
Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir gün üçün ötən il 40 manat, bu il isə 20-30 manat ödəməklə kirayə götürülən kənd evlərində 4 nəfərlik bir ailə rahat şəkildə qalıb istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.
Rusiya vətəndaşı Sergey Maqomedov müsahibəsində Qəbələdə dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib.
İranlı turist Ali Fətollahzade təəssüratlarını bölüşərək deyib: “Qəbələnin təbiəti çox gözəldir, burada istirahət üçün hər cür şərait yaradılıb. “Qafqaz Karvansaray” hotelində və başqa istirahət mərkəzlərindəki infrastruktur, qonaqlara göstərilən xidmətin səviyyəsi ürəyimcədir. Meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacam”.
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Ahli Muhammed ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəldiyini, Şəki və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər, təbiətin çox gözəl olduğunu bildirib. “Biz Dubaydan bura turizm şirkəti ilə 8 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
Qeyd edək ki, bayram tətili günlərində Qəbələyə 4 mindən çox turist gəlib. Məlumat üçün bildirək ki, hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Bütövlükdə 2017-ci il ərzində Qəbələyə 242 min 125 turist gəlib. Bunun 101 min 650-si yerli, 140 min 160 nəfəri isə əcnəbi turistlərdir.
“Şahdağ” Turizm Mərkəzinə gələn qonaqlar bayram günlərində unudulmaz anlar yaşayıblar
Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli ab-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.
Bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə Şahdağ ideal məkan olduğundan buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.
Turizm Mərkəzindən bildirilib ki, hər il olduğu kimi, bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar yaradıb. Bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16 mindən çox turist ziyarət edib. Onların 40 faizdən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.
Bayram günlərində turistlərin istirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva bildirib ki, “Şahdağ” Turizm Mərkəzində keçirilən builki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti turistlərin zövqünü oxşayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxunu yerli turistlər təşkil edib.
Gülnar Mustafayeva bildirib ki, hər il mərkəzdə xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılır. Cari mövsümdə də mərkəz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır. Eləcə də qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına da yaxın günlərdə start veriləcək. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərilir. Məhz buna görə də paraplan uçuşlarının qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.
Mərkəzin ərazisində 3 beşulduzlu (“Şahdağ Hotel və Spa”, “Pik Palace”, “Park Chalet”) və 1 dördulduzlu (“Zirvə”) hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-yə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, spa xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır.
2017-ci ildə İsmayıllıya təşrif gətirən turistlərin sayı 105 minə çatıb
İsmayıllı Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl flora və faunası, tarix və mədəniyyət abidələri ilə hamı üçün olduqca maraqlıdır. Təsadüfi deyildir ki, bu yerləri görmək istəyənlərin sayı ildən-ilə artır. Yenicə yola saldığımız 2017-ci ildə rayona 104 min 760 turist gəlib ki, onların da 14 min 225-i xarici turistlərdir. Bu da 2016-cı ildəkindən 3005 nəfər çoxdur. Ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı İsmayıllıda da bu sahədə mövcud potensialdan səmərəli istifadə üçün geniş imkanlar açıb.
İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanovun məlumatına əsasən, artıq rayonda 7 istiqamət - İsmayıllı şəhəri, Basqal və Lahıc qəsəbələri, Qalacıq şəlaləsi, Cavanşir qalası, İvanovka istiqaməti və Qaranohur gölü üzrə marşrutlar fəaliyyət göstərir. S.Süleymanovun bildirdiyinə görə, rayonun təbiəti, tarixi və mədəniyyət abidələri ilə yanaşı, xarici turistləri həm də milli mətbəximiz çox maraqlandırır.
Turistlər üçün yaradılan şəraitdən danışan S.Süleymanov bildirib ki, hazırda rayonda 1559 yataq yeri olan 32 istirahət mərkəzi və bir “Günəş” uşaq əyləncə parkı fəaliyyət göstərir. 238 yerlik daha 4 istirahət mərkəzi isə inşa olunur.
“İsmayıllıya gələn xarici turistlər arasında Rusiya, Yaponiya, Belorus, Latviya, Fransa və Almaniyadan olanlar üstünlük təşkil edir. Rayonda Yeni ili qarşılayanlar arasında xarici ölkələrdən gələn turistlərin də sayı çox olub. Son vaxtlarda İsmayıllıya ərəb ölkələrindən təşrif gətirən turistlərin sayı getdikcə artır”, - deyə mərkəzin direktoru vurğulayıb.
Qış fəslində də Şəkiyə gələn turistlərin sayı çox olur
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, digər tarixi-memarlıq abidələri yerli və xarici turistlər üçün cəlbedici məkanlar hesab olunur.
İlin bütün fəsillərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.
Qoruğun direktoru Təranə Abdullayevanın məlumatına görə, 2017-ci ildə Şəkiyə gələn 150 minədək turistin təxminən yarısı qoruğun ərazisində olub. Ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən hesab olunan Şəki xanlarının sarayı, həmçinin V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyası, “Sənətkarlar evi” hər zaman turistlərin diqqətini özünə cəlb edir.
Yeni ilin ilk günlərində Şəkiyə gələn xarici turistlərin içərisində Rusiyadan, həmçinin MDB ölkələrindən gələnlər üstünlük təşkil edib. Rusiyanın Bryansk vilayətindən olan Sergey Şemelinin ilk dəfədir Yeni ili dostları və ailələri ilə birlikdə Azərbaycanda qarşılayıb.
Rusiyalı turistlərdən biri KİV-ə açıqlamasında “Çox gözəl ölkəniz var. Dostlarımızdan birinin valideyni hərbçi olduğu, Bakıda xidmət etdiyi üçün o, bu şəhərdə anadan olub. Məhz dostumuzun təklifi ilə Yeni ili Azərbaycanda qarşılamağı qərara aldıq. Əvvəlcə Bakının görməli yerlərini gəzdik, İçərişəhərdə olduq. Yeni il gecəsi doyunca əyləndik. Paytaxt sakinləri çox mehriban, gülərüz, qonaqpərvərdirlər. Ən əsası, ölkənizdə özümüzü tam təhlükəsiz hiss edirik”, - deyib.
Regionlarla tanışlığa Şəkidən başladıqlarını diqqətə çatdıran rusiyalı qonaq Xan sarayının onlarda çox böyük təəssürat yaratdığını vurğulayıb. “Əcdadlarımızın da dediyi kimi, keçmişinə, tarixinə bələd olmayan xalqın gələcəyi yoxdur. Bu abidə xalqınızın çox qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu bir daha sübut edir. Belə sənət əsərlərini qorumaq olduqca vacibdir”, - deyə qonaq söyləyib.
Turizm sektoru Naftalanda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır
Son illərdə beynəlxalq turizm mərkəzi kimi yerli və xarici turistlər arasında böyük şöhrət qazanan Naftalanda yaşayan əhalinin hər 10 nəfərindən biri bu şəhərdə fəaliyyət göstərən istirahət-əyləncə, müalicə və turizm mərkəzlərində çalışır.
Naftalan şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, hazırda iqtisadiyyatının əsasını turizm xidmətlərinin təşkil etdiyi Naftalan şəhərində fəaliyyət göstərən “Naftalan Hotel Qashaltı”da 200, “Garabag hotel”də 200, “Chinar Hotel and Spa Naftalan”da 182, “Sehrli Naftalan”da 80, “Sanatoriya Kurort Birliyi”ndə 51, “Kəpəz Sanatoriyası”nda 38, “Müalicə və sağlamlıq Mərkəzi”ndə 35, “Möcüzəli Naftalan”da 34, “Şəfa vannaları”nda 19, “Gözəl Naftalan”da isə 13 nəfər olmaqla, ümumilikdə 852 nəfər bu sektorda çalışır.
Qeyd edilib ki, hazırda təmir-tikinti və yenidənqurma işləri davam etdirilən avtovağzal-hotel kompleksi və “Naftalan Inn hotel and SPA” mərkəzi istifadəyə verildikdən sonra bu şəhərdə fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində daimi işlə təmin olunan vətəndaşların sayı 1000 nəfərə çatacaq.
Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 80 mindən çox turist ziyarət edib
Ölkəmizə gələn turistlər odlar yurdu Azərbaycanın tarixi yerlərinə də böyük maraq göstərirlər. Əcnəbi turistlərin maraq göstərdikləri belə məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur.
Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 80 min 126 turist ziyarət edib. Qoruğun əməkdaşı Rəhman Abdullayev bildirib ki, ziyarət edənlərin 39 min 561-i xarici ölkə vətəndaşıdır.
Onun sözlərinə görə, qoruğu ziyarət edənlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil ediblər.
Regionlarda sağlamlıq və ekoturizmin böyük potensialı var
Son illər ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan Azərbaycan Turizm Şurası da müxtəlif dövlət orqanlarının fəaliyyətini əlaqələndirir. Şura öz işini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. Hazırda turizm sənayesində qarşıya çıxan problemlərin həll olunması üçün şurada müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Turizm Şurasının VI iclasında sağlamlıq turizmi üzrə işçi qrupu yaradılıb, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alınıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ölkəmizə daha çox xarici turistin cəlb olunması üçün marketinq siyasətinin düzgün qurulması, prioritet bazarların araşdırılması, təbliğat və tanıtım layihələrinə xüsusi önəm verilməsi qarşıda duran əsas vəzifələrdəndir. Daha uzaq ölkələrdən Azərbaycana turistlərin cəlb olunmasında mədəni, tarixi və təbii zənginliklərlə yanaşı, unikal sağlamlıq turizmi potensialı da öz sözünü deyə bilər.
Ölkə ərazisində Naftalan nefti, Duzdağ, Qalaaltı və digər unikal sağlamlıq turizmi məkanlarının böyük potensialı var. Xüsusilə Naftalan nefti ilə müalicə sovet dövründə geniş yayılaraq böyük şöhrət qazanmışdı. Heç təsadüfi deyil ki, indi də Naftalan nefti vasitəsilə müalicəyə ən çox Rusiya, Qazaxıstan, Ukrayna və digər MDB ölkələrinin vətəndaşları xüsusi maraq göstərirlər.
Bu baxımdan ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə bu sahə üzrə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
Beynəlxalq səviyyədə tanınan həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. MDB ölkələrində yaxşı tanınan Azərbaycanın sağlamlıq turizmi imkanları beynəlxalq sertifikatların əldə olunmasından sonra digər ölkələrin vətəndaşlarının da inamını qazanmış olacaq.
Azərbaycan əsrarəngiz təbiətə, qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə, özünəməxsus adət-ənənələrə və zəngin mətbəx mədəniyyətinə, əsrlərdən soraq verən tarixi abidələrə malikdir. Eyni zamanda, ölkəmiz özünün palçıq vulkanları ilə də dünyada məşhurdur. Yəni Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır. Turizm baxımından da önəmli olan qoruq və milli parklarımız ov heyvanları, qiymətli balıq və quş növləri ilə cəlbedicidir. Belə ərazilərin müəyyən hissəsi ekoturizm məqsədilə səmərəli istifadə edilə bilər. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici məkan kimi tanıtmağa imkan verir.
Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub.
Ekoturizm üzrə işçi qrupu milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi, milli parkların xəritələrinin hazırlanması və digər məsələlərin həllini nəzarətdə saxlayacaq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30