Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yazlıq əkin işləri uğurla davam etdirilir

Regionlarda yazlıq əkin işləri uğurla davam etdirilir

10.04.2019 [09:13]

Bir sıra bölgələrdə yeni innovativ üsullardan istifadə etməklə məhsuldarlığın artırılması yönündə addımlar atılır
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Xüsusilə, bu proqramların uğurlu icrası regionlarda kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, son 15 ildə ölkəmizdə kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu, olduqca yüksək bir rəqəmdir və dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu rəqəm ildən-ilə daha da yüksələcək.
Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafına göstərilən diqqət nəticəsində bölgələrimizdə bu sahəyə diqqət də artıb. Eləcə də aqrar sahə ilə məşğul olan fermerlər dövlətin hərtərəfli yardımları ilə təmin edilirlər. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır. Eləcə də fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib.
Göründüyü kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün zəruri şərait mövcuddur və bu inkişafın davamlı xarakter alması üçün bütün addımlar atılır. Bu ilin yanvar ayında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda nitq söyləyən ölkə Prezidenti İlham Əliyev də bildirmişdi ki, kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur: “İqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni əgər investisiya təşviqi mexanizmini biz işə salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır”.
Sözügedən konfransdakı çıxışında ölkə başçısı kənd təsərrüfatında islahatları dərinləşdirməyin vacibliyini də önə çəkib. Belə ki, dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir: “Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”.
Yeri gəlmişkən, artıq regionlarda kənd təsərrüfatı sahələrində mövsümi işlərin qızğın vaxtıdır. Bölgələrimizdə yazlıq səpin, əkin işləri aparılır, gələcək planlar dəqiqləşdirilir. Məsələn, İsmayıllı rayonunda yazlıq kartof əkini sürətlə davam etdirilir və artıq 500 hektara yaxın sahədə əkin aparılıb. Qeyd edilməlidir ki, kartof ən çox cənub dağətəyi ərazilərdə, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Qalagah, Talıstan və bir sıra digər ərazi vahidlərində əkilib. Əkilən sahələrin 150 hektarı müasir becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə həyata keçirilib.
Qeyd edək ki, kartofçuluq rayonda təsərrüfatın ənənəvi sahələrindəndir. Ötən il 885 hektarda kartof yetişdirən və hər hektardan 117,7 sentner olmaqla, 10415 ton məhsul götürən torpaq mülkiyyətçiləri cari mövsümdə əkin sahələrini azı 900 hektara çatdırmaq əzmindədirlər.
Ümumiyyətlə, İsmayıllı rayonunun təbii-iqlim şəraiti, məhsuldar torpağı kartofçuluq üçün çox əlverişlidir. Təsadüfi deyil ki, rayonda ənənəvi sahə hesab edilən kartofçuluğa, onun inkişafına maraq ildən-ilə artır. Hər il 800-900 hektarda kartof əkilir. Adambaşına illik kartof istehlakının 75 kiloqram olduğu nəzərə alınsa, hazırda rayonun kartofa olan tələbatı 6500 tondur. Son beş ildə istehsal intensiv olaraq artır və ötən il 10415 tona çatıb. Halbuki, 2014-cü ildə istehsal 6576 ton olub. Artım heç də əkin sahəsinin genişləndirilməsi hesabına deyil. Belə ki, 2018-ci ildə kartof əkilən sahənin inişilkinə nisbətən 32 hektar az olmasına baxmayaraq, istehsal 72 ton çox olub.
Vurğulanmalıdır ki, İsmayıllıda son beş ildə müasir becərmə aqrotexnikasını özündə birləşdirən sənaye üsulu ilə kartof əkini həyata keçirilir. Bu, yüksək məhsuldarlığa, nəticədə istehsalda artıma səbəb olur. Sənaye üsulu ilə əkilən kartof sahələrində məhsuldarlıq hər hektardan orta hesabla 300-400 sentner təşkil edir. Bu, əl ilə əkindən 3-4 dəfə çoxdur.
Əkin prosesi müasir texnikalarla aparıldığı üçün toxumlar bərabər dərinlikdə basdırılır, toxumun üzərinə lazım olduğu qədər torpaq tökülür. Bu da onun yaxşı cücərməsinə imkan verir. Bu üsulla gün ərzində hektarlarla sahədə əkin aparmaq mümkündür.
Bölgədə müasir texnologiya ilə əkilən sahələr ildən-ilə genişləndirilib. İlk dəfə bu üsulla 2015-ci ildə 100 hektar sahədə əkin aparılıb. 2018-ci ildə sahələr 200 hektara çatdırılıb. Bu il isə “İsmayıllı tərəvəz” və “Aqro-master” MMC tərəfindən 219 hektarda kartof əkini nəzərdə tutulub və hələlik 200 hektarda əkin sənaye üsulu ilə aparılıb.
Kartof əkinində, çıxarılmasında və suvarılmasında istifadə olunan texnika və aqreqatlar isə Almaniyadan gətirilib. Toxum seçimindən başqa bütün proseslər mexanikləşdirilib. Suvarma aqreqatı da Almaniyaya məxsusdur. Əkin yerləri hər il dəyişdirildiyi üçün bu aqrotexniki tədbir yağış yağdırma üsulu ilə aparılır.
Yüksək məhsul üçün məhsuldar sortlardan istifadə də vacib şərt sayılır. Bu baxımdan, toxuma artan tələbat nəzərə alınaraq “İsmayıllı tərəvəz” MMC-nin nəzdində kartof toxumçuluğu təsərrüfatı yaradılıb.
Saatlıda da yazlıq bitkilərin əkini davam edir. Məhsul istehsalçıları əkinləri vaxtında başa çatdırmaq üçün yaradılan şəraitdən maksimum səmərə ilə istifadə edirlər. Rayonda cari ilin məhsulu üçün 33 min 52 hektar sahədə qış şumu aparılıb. Artıq fermerlər şumlanmış sahələrdə qısa müddətdə 2003,5 hektarda yazlıq bitkilər əkiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 205 hektar çoxdur. Əkin aparılmış sahələrin 1051 hektarını yonca, 4 hektarını günəbaxan, 222 hektarını tərəvəz, 306 hektarını kartof, 407 hektarını bostan, 9,5 hektarını şəkər çuğunduru, 4 hektarını isə paxlalı bitkilər təşkil edir. Bu mövsüm həmçinin rayonda 15 min hektardan çox sahədə pambıq əkilməsi də nəzərdə tutulub. Artıq bu qədər sahədə pambıq əkilməsi üçün emal müəssisələri ilə məhsul istehsalçıları arasında müqavilə bağlanılıb və hazırda rayonda pambıq əkini ilə əlaqədar bütün hazırlıq işləri başa çatdırılıb. Yaxın günlərdə səpin kampaniyasına start veriləcək.
Qeyd edək ki, saatlılı əkinçilər ötən il ümumilikdə 21 min 622 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkinçilər cari il bu rəqəmi 26 min hektara çatdırmağı qarşıya məqsəd qoyublar.
Bu il Oğuz rayonunun təsərrüfatlarında 2 min hektar sahədə yazlıq bitkilərin əkini planlaşdırılır. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər qısa müddətdə 761 hektar sahəyə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 130 hektar çoxdur. Məhsul istehsalçıları indiyədək 189 hektarda kartof, 148 hektarda tərəvəz, 53 hektarda paxlalılar əkib, 53 hektara vələmir, 90 hektara çoxillik və 281 hektara birillik yonca toxumu səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə də hazırlıq işləri görülür. İstixanalarda yetişdirilən tütün şitilləri mayın əvvəllərində sahələrə köçürüləcək.
Neftçalada da cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir. Məhsul istehsalçıları ilin ötən 3 ayında 2070,4 hektarda əkin aparıblar. Bu, ötən illə müqayisədə 1308,9 hektar və ya 2,7 dəfə çoxdur. Əkin aparılmış sahələrin 1863 hektarnı yonca, 112,7 hektarını kartof, 57,2 hektarını tərəvəz, 34,5 hektarını bostan, 3 hektarını isə qarğıdalı bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 5 min hektarda pambıq əkilməsi üçün şum aparılaraq arata qoyulub.
Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Şamaxıda da yazlıq bitkilərin əkini davam edir. İndiyədək Şamaxıda 2477 hektarda yazlıq bitkilər əkilib. Əkilən sahələr ötən ilin müvafiq dövründəkindən iki dəfədən çoxdur. Yazlıq əkinlərin 2328 hektarı dənli-paxlalılardır. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1925 hektar artıqdır.
Bölgədə 97 hektarda yonca, 37 hektarda kartof, 15 hektarda tərəvəz də əkilib. Fermerlər, eləcə də fiziki şəxslər yazlıq əkinləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30