Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın rayonlarında yetişdirilən məhsulların ixrac coğrafiyası genişlənir

Azərbaycanın rayonlarında yetişdirilən məhsulların ixrac coğrafiyası genişlənir

17.04.2019 [09:43]

Cari ilin sonunadək respublikamızdan 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə milli şirkətlərin vahid ölkə stendi ilə təmsil olunması nəzərdə tutulub

 

(əvvəli ötən sayımızda)

 

2019-cu ilin ilk iki ayında Azexport.az-a 145,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub
Azexport.az vasitəsilə ixrac əməliyyatlarının həcmi getdikcə artır. 2019-cu ilin ilk iki ayında Azexport.az-a 145,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Təkcə fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 16,3 milyon dollar və ya 43,4 faiz çoxdur.
Bu ilin yanvar-fevral aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13 faiz), Rusiya (12,4 faiz), ABŞ (7 faiz), Hindistan (7 faiz) və Gürcüstan (5,9 faiz) qərarlaşıb. Ümumilikdə isə 2017-ci ilin yanvarından bu il fevralın 28-dək (26 ay ərzində) Azexport.az portalına dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 134,7 milyon dollar təşkil edib.
Sahibkarlar “Bir Pəncərə” mərkəzinin xidmətlərindən geniş istifadə edirlər
Azexport.az portalı məhsul istehsalçılarının xarici bazarlara çıxış imkanlarını artırmaq üçün innovativ həllərin tətbiqinə geniş meydan verir. Bu baxımdan “Asan İmza” innovativ mobil elektron imza xidmətinin Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılan portala inteqrasiya edilməsinin önəmini xüsusi vurğulamaq lazımdır. Belə ki, “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər. “Asan İmza” xidmətinin Azexport.az portalı ilə inteqrasiyası innovativ bir həldir və bu imkan verir ki, sahibkar qısa müddətdə internet resursuna giriş imkanı qazansın, öz məhsulunu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda təqdim etsin.
Məhsul istehsalçıları həmçinin “Bir Pəncərə” mərkəzinin xidmətlərindən geniş istifadə edirlər. Bəhs olunan “İxrac İcmalı”nda göstərilir ki, cari ilin martında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 6,8 milyon dollar olub. Bu ilin yanvar-mart aylarında “Bir Pəncərə” mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.
Azərbaycanın kənd təsərrüfatı məhsulları beynəlxalq sərgilərdə uğurla təmsil olunur
Azərbaycanın istehlak bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, respublikamızda geni dəyişdirilmiş məhsullar yetişdirilmir. Azərbaycanın yüksəkkeyfiyyətli təbii kənd təsərrüfatı məhsulları, eləcə də emal sənayemizdə buraxılan mallar Rusiyanın və digər ölkələrin istehlak bazarlarında yaxşı tanınır və onlara tələbat kifayət qədər böyükdür. Biz həmin bazarlara yeni məhsullarımızı çıxartmalı və rəqabət imkanlarımızı daha da genişləndirməliyik.
Son illərdə Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Hazırda məhsullarımız, eyni zamanda, Körfəz və Asiya ölkələrinə çıxardılır. Kifayət qədər böyük olan bu coğrafiyada Azərbaycanın yüksəkkeyfiyyətli kənd təsərrüfatı, eləcə də emal sənayesi məhsullarına böyük tələbat var. Bundan başqa, Prezident İlham Əliyev qarşıya Avropa İttifaqı ölkələrinə də müxtəlif növ məhsulların ixracının genişləndirilməsinə nail olmaqla bağlı mühüm vəzifə qoyub.
Son vaxtlarda Azərbaycanın regionlarında yetişdirilən yüksəkkeyfiyyətli məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil olunur. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, respublikamızda yetişdirilən meyvə və tərəvəz məhsulları Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb. Azərbaycanın “Mars FK” şirkəti İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə ediblər. “Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.
Ölkəmizin regionlarında aqrar sektorda yetişdirilən məhsullar cari ildə həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2019” beynəlxalq qida sərgisində nümayiş olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edib.
Sərgi çərçivəsində Azərbaycanda istehsal olunan məhsulların ixracına dair razılıqlar əldə olunub. Belə ki, “Babək Sirab” şirkəti Səudiyyə Ərəbistanı, “Gədəbəy Mineral Suları” şirkəti isə Oman, BƏƏ və Hindistandan olan şirkətlərlə qazsız suların ixracına dair ilkin razılığa gəliblər. “Eco Dry” şirkətinin Oman və BƏƏ şirkətləri ilə meyvə qurularının ixracına dair apardığı danışıqlar da razılıqla nəticələnib.
Azərbaycan məhsulları “Prodexpo 2019”da medala layiq görülüb
Azərbaycan məhsulları cari ildə həmçinin Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgisində nümayiş olunub. Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
Məhsullarımız sərgi təşkilatçıları və xarici şirkətlər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, sərgi zamanı təşkil olunmuş “Prodexpo International Wine Competition and Guide” müsabiqəsində Göygöl Şərab Zavodunun istehsalı olan şərablar - “Karabakh Chardonnay” qızıl, “Karabakh saperavi” gümüş, “Karabakh rose” bürünc medala, “İlin məhsulu 2019” beynəlxalq müsabiqəsində isə “Ləzzət qida sənaye” MMC-nin “Lay-Lay” qənnadı məhsulu qızıl medala layiq görülüb.
Sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. “Cəlilabad Şərab-2” şirkəti ilə iki Rusiya şirkəti arasında isə 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın “Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, “Cuve” şirkəti fındığın, “Aznar” şirkəti nar şirəsinin, “D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, “Tac” şirkəti sərinləşdirici içkilərin, “Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.
Çexiyalı iş adamları Azərbaycanın bölgələrində yetişdirilən qida məhsullarına böyük maraq göstərirlər
Dövlət Aqrar Ticarət Şirkətində ölkəmizdə səfərdə olan Çexiya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Çexiya kənd təsərrüfatı nazirinin müavini Pavel Veselinin rəhbərlik etdiyi nümayəndə heyəti, Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, eləcə də qida istehsalı ilə məşğul olan yerli şirkətlərin təmsilçiləri iştirak ediblər. Qonaqlar əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzi ilə tanış olublar. Satış mərkəzi ilə tanışlıq zamanı qonaqlara Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti, “Kənddən Şəhərə” layihəsinin məqsədi, satış mərkəzinin iş prinsipi barədə ətraflı məlumat verilib.
Daha sonra Çexiya iş adamları yerli qida istehsalçılarının məhsullarından ibarət sərgi ilə tanış olublar. Sərgi iştirakçısı olan 18 yerli istehsal şirkətinin nümayəndələri öz məhsulları barədə qonaqlara məlumat verib, məhsulların dequstasiyası həyata keçirilib.
Çexiya kənd təsərrüfatı nazirinin müavini Pavel Veseli Azərbaycan qida istehsalçıları ilə təşkil olunan bu görüşün mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan kənd təsərrüfatı sahəsində çoxillik təcrübəyə malik bir ölkədir. Ölkələrimiz arasında bütün sahələr üzrə ikitərəfli münasibətlər var və bu əlaqələr gündən-günə inkişaf edir. Bizim Azərbaycana səfərimizin və keçirilən görüşün əsas məqsədi ölkələrimiz arasında mövcud olan əməkdaşlığı daha da inkişaf etdirmək üçün danışıqlar aparmaq, Azərbaycanda istehsal olunan məhsulların Çexiyaya ixracı üçün mümkün əlaqələri qurmaqdır”.
Dequstasiya zamanı məhsulları bəyəndiklərini qeyd edən çexiyalı iş adamları ölkəmizdəki qida istehsalçıları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova belə görüşlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb: “Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin, eləcə də yerli qida istehsalçısı olan şirkətlərin məhsullarının satışına dəstək göstərməkdən ibarətdir. Bu zaman biz yerli istehsal olan qida məhsullarının ixracını da təşkil etməyə çalışırıq. Görüşün məqsədi də yerli qida istehsalçısı olan şirkətlərlə Çexiyadan gəlmiş iş adamlarının birbaşa ünsiyyətini təşkil etmək, çexiyalı qonaqlara yerli məhsulların tanıtımını həyata keçirməkdir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 817 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30