Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir

Azərbaycanın regionlarında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir

29.11.2019 [09:20]

“Azəriqaz” İB-dən verilən məlumata əsasən, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində ölkə üzrə çoxlu sayda yeni layihələr icra olunub
Son illərdə ölkəmizdə təbii qaza olan daxili tələbatın tam ödənilməsi, o cümlədən respublikanın yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpası, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Eyni zamanda regionların qazlaşdırılması, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir. Xatırladaq ki, respublika üzrə qazlaşdırma səviyyəsi bu il yanvarın 1-nə 95,7 faizə çatdırılıb və Azərbaycan qazlaşdırma işlərinin görülməsi səviyyəsinə görə nadir ölkələrdəndir. Buna baxmayaraq, gündəlikdə duran prioritet məsələ məhz qaz verilməyən yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Bu proses cari ildə də davam etdirilir.
Onu da vurğulamaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də Prezident İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən yüksək səviyyədə olduğunu vurğulayıb: “İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”.
Yeri gəlmişkən, qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. 2019-cu ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir. Regionlarda əhali istehlakçılarının təbii qaza olan tələbatının tam ödənilməsi, mənzillərdə istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.
Digər tərəfdən, qaz verilməyən bir çox yaşayış məntəqəsinin qazla təminatı ilə yanaşı, son illər regionlarda yaşayış məntəqələrinin genişlənən hissələrindəki yeni massivlərin qazlaşdırılması üzrə işlər intensiv olaraq davam etdirilir. Tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Birliyin texniki istismar şöbəsinin hesabatında qeyd edilir ki, respublika ərazisində 2019-cu ilin yanvar-oktyabr ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 542,8 km uzunluqda qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı, Sumqayıt və regionlar üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 299,64 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz olunub. Hazırda bu il üçün Dövlət proqramı əsasında qazlaşdırılması aparılan 92 yaşayış məntəqəsi və massivdən 66-da qaz açılışları baş tutub, digərlərində isə son tamamlanma işləri aparılır. Bakı şəhəri üzrə isə 22 yaşayış məntəqəsindən birində qaz açılışı həyata keçirilib, 11 məntəqədə iş tamamlanıb açılışa hazırdır, digər 10 massivdə isə qazlaşma işləri davam edir.
2019-2020-ci illərin payız-qış mövsümünə nəzərdə tutulan tədbirlərin icrası cari dövrdə ümumilikdə 90,04 % yerinə yetirilib və hələ də işlər davam etdirilir.
2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 74 229 yeni abonent qeydiyyata alınıb. Onlardan 41 487-si Bakı, Abşeron və Sumqayıt, 32 742-si isə regionlar üzrədir. 2019-cu ilin oktyabr ayı ərzində isə əhali sektoru üzrə 9 105 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5 196-sı Bakı, Abşeron və Sumqayıt, 3 909-u isə regionların payına düşür.
Beləliklə, 01.11.2019-cu il tarixinə “Azəriqaz” İB-in ümumi istehlakçılarının sayı 2 milyon 257 min 156-ya bərabərdir.
Ayrı-ayrı şəhər və rayonlarda görülən işlərə gəlincə bildirək ki, Gəncə şəhərinin Sevil Qazıyeva küçəsinin qazlaşdırılması işləri başa çatıb və 34 fərdi evə mavi yanacaq verilib. “Azəriqaz” İB-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Gəncə şəhərinin Məhsəti qəsəbəsində də 84 fərdi evə qazın verilməsi təmin olunub. Hər iki yaşayış məntəqəsində qazlaşdırma işlərinin icrası üçün ümumilikdə 7845,5 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib və 118 qaz sayğacı quraşdırılıb.
Həmçinin Samux rayonunun Alıuşaqlı kəndi və Şirvan şəhəri, kənd evləri yaşayış massivinin qazlaşdırılması işləri tamamlanıb. Samux rayonunun Alıuşaqlı kəndində 240, Şirvan şəhəri, kənd evləri yaşayış massivində isə 481 fərdi ev qazla təmin olunub.
Noyabrın 14-də Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 4354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.
Noyabrın 15-də Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə də təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, Cənginəvud kəndində 48, Vizəzəmində 79, Peştətükdə isə 49 fərdi ev “mavi yanacaq”la təmin olunub. Ümumilikdə, Cənginəvudda 3898 metr, Vizəzəmində 6926 metr, Peştətük kəndində isə 4940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.
Bununla yanaşı, SOCAR-ın “Azəriqaz” İB tərəfindən Quba rayonunun Qonaqkənd, Afurca, Təngəaltı, Atuc, Kunxırt, Xırt kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Ümumilikdə, 948 abonenti olan altı yaşayış məntəqələrinin qazlaşdırılması üçün 114 min 300 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 20-də kəndlərə təbii qazın verilməsi münasibətilə Qonaqkənd kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən qazla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev sakinləri kəndlərə təbii qazın verilməsi münasibətilə təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Ruslan Əliyev bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Milli Məclisin deputatı Vahid Əhmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışlarında Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, ölkəmizdə həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, respublikanın hər yerində olduğu kimi, Quba rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlir, mühüm layihələr həyata keçirilir.
Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. “Azəriqaz” İB-in nümayəndələri evlərdə olub, abonentləri təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.
Qeyd edək ki, yaxın gələcəkdə Qubanın daha beş kəndi və bir yaşayış massivinə ilk dəfə təbii qazın verilməsinə başlanılacaq.
Noyabrın 25-də Qusar şəhərinin “yeni yaşayış massivi” adlanan ərazisində qazlaşdırma işləri başa çatdırılıb və 88 fərdi evə təbii qazın verilişi təmin olunub.
“Azəriqaz” İB-dən bildirilib ki, massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.
Bundan başqa, Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və noyabrın 26-da həmin ərazilərə təbii qazın verilişi təmin olunub. “Azəriqaz” İB-dən bildirilib ki, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samuxdakı yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin edilib. Qazlaşdırma işləri üçün 57 min 71 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30