Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bayram günlərində regionlarda istirahət edən əcnəbi və yerli turistlərin sayında artım müşahidə olunub

Bayram günlərində regionlarda istirahət edən əcnəbi və yerli turistlərin sayında artım müşahidə olunub

10.01.2020 [09:20]

Yeni il bayramı günlərində Şəki Xan Sarayını hər gün 3 minədək turist ziyarət edib, “Şahdağ” Turizm Mərkəzində 17 mindən çox qonaq qış turizm bazasından yararlanıb

 

(əvvəli ötən sayımızda)

 

Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıya bayram günlərində gələn həm xarici, həm də yerli turistlərin sayı artıb. Bayram günlərində rayona gələn turistlər istirahət mərkəzləri ilə yanaşı, fərdi evlərdə qalmağa da üstünlük veriblər. Bayram günlərində kirayə verilən fərdi evlərdə, demək olar ki, boş yer olmayıb. Rayonda kirayə verilən fərdi evlərin sayı 100-ə yaxındır. Rayona gələn turistlərin sayı 2018-ci ildə 10 min nəfər olubsa, 2019-cu ildə bu rəqəm 110 minə çatıb. Təkcə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə hər il 50 mindən çox turist gəlir. Rayona gələn turistlər əsasən Avropa və ərəb ölkələrindəndir.
Son günlər Şamaxı rayonuna gələn turistlərin sayında böyük artım müşahidə olunur. Qış tətili ilə əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin 10-20 faiz endirilməsi turistlər üçün əsl bayram hədiyyəsi olub. Bayram günlərində Şamaxıya gələn turistlərin əksəriyyəti dağ massivində, Pirqulu zonasında yerləşən hotel və istirahət mərkəzlərində dincəlməyə üstünlük veriblər.
Şamaxıda olan turizm və istirahət mərkəzlərinin müasir standartlara cavab verməsi, xidmətlərin yüksək səviyyədə olması, bayramla bağlı endirimlərin edilməsi və qışın əsas rəmzi olan qarın bu günlərdə yağması turist axınının artması ilə nəticələnib. Aparılan müşahidələr onu göstərir ki, qış tətili günlərində Şamaxıya gələn yerli və xarici turistlərin sayı gözləniləndən daha çox olub. Rayon ərazisində yerləşən bütün hotel və istirahət mərkəzləri 100 faiz dolub. Bundan əlavə, kənd evlərində qalan turistlər də çoxdur. Onlar əsasən Çuxuryurd, Nağaraxana, Məlhəm, Avaxıl və Dəmirçi kəndlərində qalmağa üstünlük verirlər.
Bayram günlərində Şamaxıya gələn xarici turistlər arasında Rusiyadan, BƏƏ-dən, Türkiyədən, Asiya və MDB ölkələrindən olanlar çoxluq təşkil edib. Tətil günlərində Şamaxıya gələn turistlərin ən çox maraq göstərdiyi və ziyarət etdikləri yerlər Pirqulu zonasında yerləşən Astrofizika Rəsədxanası, Dəmirçi kənd turizm kompleksi, Şamaxı Cümə məscidi, Yeddi Günbəz abidəsi, Şahxəndan türbəsi və təbiət olub.
Bayram günlərində Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də olub. Dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb. “Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib ki, hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb: “Bayram tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlib. Hər gün minə yaxın turist xizək sürmək üçün müraciət edib. Mərkəzimiz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20 növə yaxın qış əyləncəsi qonaqların ixtiyarındadır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır”.
Qeyd edək ki, xizək həvəskarları “Şahdağ” Turizm Mərkəzində 7 eniş zolağından istifadə edə bilirlər. Yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün kinoteatr fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib. “Şahdağ” Turizm Mərkəzinə gələn turistlər dəniz səviyyəsindən 2351 metr yüksəklikdə yerləşən “Shahdag 2351” kafesində ləziz təamların dadına baxa bilirlər.
Əsrarəngiz təbiəti, iqlimi, zəngin fauna və florası ilə fərqlənən Qax rayonunda da son illər turizmin digər növləri kimi, qış turizmi də inkişaf edir. Bayram tətili günlərini burada keçirmək arzusunda olanların sayı ildən-ilə artır. Əvvəlki illərdə olduğu kimi, bu bayram günlərində də rayonun turizm-istirahət mərkəzlərinə gələn turistlərin sayında xeyli artım müşahidə olunub. Bayram tətilini rayonda fəaliyyət göstərən “El Resort” hotelində, “Yaşıl park”, “Səngər qala”, İlisu”, “Uludağ” və digər istirahət mərkəzlərində keçirən turistlər yaradılan şəraitdən məmnun qalıblar. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar təqdim olunub, uşaqlar Şaxta baba və Qar qızla birlikdə doyunca əyləniblər. Yanvarın 2-dən 3-nə keçən gecə rayonun dağlıq ərazilərinə, xüsusilə İlisu kəndinə qarın yağması isə turistlər üçün xoş bir sürpriz olub. Qarın yağmasına ən çox sevinənlər isə uşaqlar olublar. İstirahətini Qax rayonunda keçirən Ruslan Əliyev ailəsi ilə birlikdə Rusiyanın Krasnodar vilayətindən qonaq gəlib. Qaxın havasının, iqliminin, təbiət gözəlliklərinin onların çox xoşuna gəldiyini vurğulayan turist deyib: “Rusiyada yaşasam da, bayram günlərini, xüsusilə Yeni ili bir qayda olaraq, doğma Vətənimdə keçirirəm. İstirahət üçün bu dəfə Qax rayonunu seçdik. Qarın yağması lap yerinə düşdü. Buranın mənzərəsi çox xoşumuza gəlir, böyük zövq alırıq. Fürsətdən istifadə edib hamının Yeni ilini təbrik edir, xalqımıza sevinc dolu günlər arzulayıram”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin də sayı iki dəfə artıb. Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Qış mövsümündə Quba rayonunda turistlər 10-dan çox istirahət mərkəzinin xidmətindən istifadə edə bilirlər. Hazırda rayona gələn qonaqlara 6 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qubaya gələn turistlər buradan Qusarın Ləzə və Həzrə kəndləri istiqamətində də səyahət edə bilərlər. Bakı şəhər sakini Firəngiz Mürsəlova hər il ailəliklə Qubaya səyahət etdiklərini bildirib. “Quba paytaxta yaxındır. Cəmi iki saatlıq yoldur. Ötən illərdə Yeni il bayramında qar yağmışdı. Amma bu il mənzərə fərqlidir. Bununla belə Qubanı təbiət mənzərələri, təmiz havasına görə gəlib görməyə dəyər. Qəçrəşdən sonra Xınalıq kəndinə gedəcəyik. Hava münasib olduğundan yol da təhlükəsizdir”, - deyə F.Mürsəlova söyləyib.
İranlı turist Həmid Rzayi ilk dəfədir Qubaya səfər edib. “Mən Təbriz şəhərindənəm. Qardaşım ötən il ailəsi ilə birlikdə Azərbaycana gəlmişdi. Mən də onun tövsiyəsi ilə Qubaya gəldim. Buradan Qəbələyə və Şəkiyə də gedəcəyik. Çox qonaqpərvər, mehriban insanlarınız var. Özümü yad bir ölkədə hiss etmədim. Ən çox bəyəndiyim milli mətbəxiniz oldu”, - deyə iranlı turist söyləyib.
Qeyd edək ki, Qubaya gələn əcnəbi qonaqların bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər. Xınalıq, Amsar, Alpan, Birinci Nügədi kəndlərində turistlərin faydalana biləcəyi evlər var. Həmin evlər ödəniş əsasında turistlərə təqdim olunur. Belə evlərdə gecələmək qonaqlara 15-20 manata başa gəlir. Ev sahibləri turistlərə təsərrüfatlarında becərdikləri məhsullar və hazırladıqları ərzaqları təklif edirlər. Mehmanxanalarda dincəlmək istəyənlər isə bir gün üçün 40-80 manat ödəməlidirlər. Bura gün ərzində qidalanma və başqa xidmətlər daxildir.
Turizm obyektlərinin sahibləri bildiriblər ki, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.
Vurğulamaq lazımdır ki, turizmin inkişafında ən mühüm nüanslardan biri də turizm mərkəzlərini və turizmə yararlı regionları birləşdirən avtomobil yollarıdır. Bu baxımdan da, ölkəmizdə yeni yolların çəkilməsi istiqamətində aparılan fəaliyyət təqdirəlayiqdir. Qeyd edək ki, Xaçmaz rayonunda da səkkiz yaşayış məntəqəsini birləşdirən turizm əhəmiyyətli yolun tikintisi yekunlaşmaq üzrədir. Altı minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanması bir ay ərzində tamamlanacaq. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tamamilə yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometrdir. Avtomobil yolunu 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələri təşkil edir. Həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin ümumi uzunluğu 7,7 kilometr olan giriş yolları da yenidən qurulub. Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu yaşayış məntəqələrində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq. Bununla yanaşı, Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 730 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30