Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlığın inkişafı üçün təxirəsalınmaz tədbirlər görülür

Regionlarda heyvandarlığın inkişafı üçün təxirəsalınmaz tədbirlər görülür

10.01.2020 [09:21]

Müvafiq Dövlət Proqramı əsasında ölkədə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaq istiqamətində görülən işlər üçün dövlət tərəfindən subsidiyalar verilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illərdə kənd təsərrüfatı sahəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasətin tərkib hissəsi olaraq ölkə əhalisinin kənd təsərrüfatı məhsulları, o cümlədən ət və süd məhsulları ilə təmin edilməsi, əsas istehlak məhsullarının idxaldan asılılığının aradan qaldırılması üçün mühüm tədbirlər görülür. Bu tədbirlərdən biri də dövlət başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Onu da vurğulamaq gərəkdir ki, Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq. Eyni zamanda, yem ehtiyatlarının, örüş və otlaq sahələrinin daha səmərəli istifadə edilməsi, məhsuldarlığın, həmçinin fermerlərin gəlirlərinin artması, onların maddi rifah halının yaxşılaşması nəzərdə tutulur.
Sözügedən sahədə inkişafın əldə edilməsi üçün ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda baş tutan “İribuynuzlu heyvandarlıqda baş sayının artırılmasında innovativ üsullar” mövzusunda elmi-praktiki konfransı bu qəbildən hesab etmək olar. Konfransda institutun direktoru Mahir Hacıyev çıxış edərək institutda aparılan işlər, qurulan müasir laboratoriyalar və qarşıda duran hədəflərdən danışıb: “Respublikada ilk olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun bazasında 100 başlıq tam müasir standartlara cavab verəcək südlük kompleksi, 1000 başlıq isə qoyunçuluq təsərrüfatı tikilir. 2020-ci ilin sonunda bunlar təhvil veriləcək və yeni cinslərin seleksiyası istiqamətində işlər aparılacaq”.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov isə kənd təsərrüfatında mövcud qlobal problemlərdən söz açıb: “Mövcud təbii resurslarımızdan qənaətlə istifadə olunmalı, səmərəli innovativ sistemlərə keçidi təmin etməli, eyni zamanda, başqa ölkələrin qabaqcıl təcrübələrindən istifadə etməliyik. Bu gün iribuynuzlu heyvandarlıqda baş sayının artırılması yalnız innovativ üsullarla mümkündür. Elmi-tədqiqat mövzuları seçilərkən, ilk növbədə, qlobal meyillər, qlobal çağırışlar, tələblər, milli ehtiyaclar nəzərə alınmalıdır”.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova heyvandarlıq sahəsindəki mövcud problemləri vurğulayıb: “Bir sıra işbazlar tərəfindən Ukrayna, Qazaxıstan və digər MDB dövlətlərindən bizim yerli heyvanlardan aşağı məhsuldar heyvanlar gətirilir və dövlət vəsaiti az məhsuldar heyvanlara sərf edilir. Biz bu vəsaiti başqa işlərə sərf edə bilərik. Bu gün damazlıq xarakterli əhəmiyyətli layihələrdən söhbət gedir, bu layihələri öz gücümüzə söykənərək ortaya qoya bilərik. Heyvanların cins tərkibinin yaxşılaşdırlmasında yeni innovativ xarici təcrübələrin tətbiqi vacibdir. Eyni zamanda, mövcud otlaq və örüş sahələrinin azalması damazlıq işinin daha təkmil formada təşkilini tələb edir. Bu məqsədə nail olmaqla gələcəkdə ixrac imkanları da yarana bilər”.
Bir sıra yerli və xarici mütəxəssislərin də çıxış etdiyi konfransda gələcəkdə müxtəlif ölkələrlə heyvandarlıq sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin qurulacağı diqqətə çatdırılıb.
Yeri gəlmişkən xatırladaq ki, ölkəmizdə heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir. AXA-dan bildiriblər ki, Xaçmaz rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2019-cu il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirləri” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib. Belə ki, 2019-cu il ərzində Aqrar Xidmətlər Agentliyi Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən 59608 baş iribuynuzlu, 70004 baş xırdabuynuzlu, 2500 baş təkdırnaqlı heyvanda və 230 baş donuzda qarayara, 104044 baş iribuynuzlu, 140 min baş xırdabuynuzlu heyvanda dabaq, 230 baş donuzda klassik taun, 52 min baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 27830 baş iribuynuzlu heyvanda leptospiroz, 104790 baş xırdabuynuzlu heyvanda çiçək, 7231 baş xırdabuynuzlu heyvanda (Rev-1), 5046 baş iribuynuzlu heyvanda (S-19) bruselyoz, 6500 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 543882 başda “La-sota” vaksini, 384578 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılaraq epizootik sabitlik qorunub.
Eyni zamanda, Xaçmaz rayonunda həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 6314 baş iribuynuzludan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Bununla yanaşı, Xaçmaz rayonunda vərəmə görə 7325 baş iribuynuzlu, manqoya görə 1500 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub. Eləcə də 4200 baş toyuq askaridoza, 1400 baş iri və xırdabuynuzlu heyvalarda diktikaulyoza, fassilyoza, monezioza, tizaniezioza görə kaproloji müayinə aparılb, 51200 baş iribuynuzlu və 9441 baş xırdabuynuzluda ektoparazitlərə qarşı çimizdirmə tədbiri həyata keçirilib.
Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində 83 obyektdə 176921 kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 5 obyektdə 7116 kvadratmetr ərazidə məcburi dezinfeksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilib. Hazırda Xaçmaz rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
AXA-dan bildirilib ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir.
Onu da qeyd edək ki, son illər fermerlər istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasına maraq göstərirlər. Məhsuldarlığı aşağı olan cinslər daha məhsuldar heyvanlarla əvəzlənir.
Elə Tovuzun Dönük Qırıqlı kəndində yaşayan fermer Fərhad Məmmədov da qoyunçuluq təsərrüfatını məhsuldar cins qoyunlarla əvəz edib. O, “Qaradolaq” cinsindən olan bu qoyunları artıq on ildir artırmaqla məşğuldur. Fərhad Məmmədov KİV-ə açıqlamasında bildirib ki, yerli qoyunlarla müqayisədə bu cins olduqca gəlirlidir: “Qaradolaq” qoyunları olduqca məhsuldar cinsdir. Onların həm ətini, həm də südünü satıb, qazanc götürürəm. Qoyunları 100-150 başa qədər artırıram. Daha sonra isə ehtiyac olduqca satışını təşkil edirəm”.
Fermerin sözlərinə görə, yerli qoyunlardan çəkisi 10-12 kiloqram artıq olan bu heyvanların əti də şirin dadı ilə seçilir. O, ötən il təsərrüfatındakı dişi qoyunların, demək olar ki, 90 faizindən bala əldə edib. Qoyunlar dölə nə qədər tez başlasa, bu, fermerin xeyrinədir. Quzular isə ətlik kimi yaz aylarında satışa çıxarılacaq. Çünki payızın sonu, qışın əvvəlində doğulan quzu artıq yazın sonlarında satış üçün istənilən çəkidə olur.
F.Məmmədov bayram günlərində də bu cins qoyunların satışını təşkil edir. “Qaradolaq” qoyunlarının bir üstün cəhəti də kökəlməyə meyilli olmasıdır. Belə ki, ikiyaşlı erkək qoyun kökəlmə dövründə 100-110 kiloqram ət verə bilir. Bu cins qoyunlar, adətən, çöldə deyil, qapalı, tövlə şəraitində saxlanılmalıdır. “Qaradolaq” qoyunlarının əsas xüsusiyyətlərindən biri də çox bala verməsi, əkiz doğmaya tez-tez təsadüf olunmasıdır. Hər 100 baş doğar qoyundan orta hesabla 115-120 baş quzu alınır. Yaxşı bəslənildikdə 100 qoyundan 150 bala da almaq olur. Eyni zamanda, xəstəliyə qarşı dözümlüdür. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır. Fermerlər bu il qoyunların sayını bir qədər də artırmağı planlaşdırırlar.
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2019-cu ildə uğurla davam etdirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin 11 ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 3822 baş inək və düyə süni yolla mayalandırılıb, 2866 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Ötən ilin 11 ayı ərzində Ağcabədi rayonu üzrə 1573 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 2285 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 228 min 500 manat məbləğində subsidiya ödənilib.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30