Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə aqrar sektorda məhsuldarlığın artırılması üçün zəruri tədbirlər həyata keçirilir

Ölkəmizdə aqrar sektorda məhsuldarlığın artırılması üçün zəruri tədbirlər həyata keçirilir

14.04.2020 [10:26]

Regionlarda yazlıq bitkilərin əkilməsi və becərilməsi istiqamətində işlər uğurla davam etdirilir


Məlum olduğu kimi, Azərbaycanın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin bu sahəyə xüsusi diqqət ayırması heç də təsadüfi deyil. Belə ki, indiki dövrdə ölkə iqtisadiyyatının inkişafı istiqamətində qeyri-neft sektorunun inkişafı strategiyasının həyata keçirilməsi, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlib.

Son illər Azərbaycanın inkişaf göstəricilərinib artmasını şərtləndirən mühüm amillərdən biri kənd təsərrüfatı sahəsində əhəmiyyətli islahatların həyata keçirilməsidir. Bunun nəticəsidir ki, sözügedən sektorda məhsuldarlıq göstəriciləri davamlı olaraq artır. Bu istiqamətdə Dövlət proqramlarının uğurlu icrası, dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfat sahiblərinə yeni stimul verib, əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda respublikanın bəzi regionlarında yazlıq əkinlərin aparılması işlərinə başlanılıb. Yaz-tarla və əkin-səpin mövsümünün gəlişi ilə əlaqədar, demək olar ki, fermerlər üçün ən məsuliyyətli dövr başlanıb.


Şimal rayonlarında yaz-tarla işlərinə start verilib

 

Hazırda respublikanın hər yerində olduğu kimi, Şəki rayonunun təsərrüfatlarında da yaz-tarla işlərinə start verilib. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1430 hektar sahədə yazlıq bitkilər əkiblər. Şəki Şəhər Statistika İdarəsindən verilən məlumata görə, məhsul istehsalçıları indiyədək 625 hektar sahədə kartof, 525 hektarda tərəvəz bitkiləri əkib, 240 hektara çoxillik və 40 hektara birillik yonca toxumu səpiblər. Yaxın günlərdə istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.

Qax rayonunun da təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 1287,5 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir. Rayon Statistika İdarəsindən bildirilib ki, məhsul istehsalçıları indiyədək 309 hektar sahədə kartof, 153 hektarda vələmir, 106,5 hektarda tərəvəz və 10 hektarda bostan bitkiləri, 18 hektarda şəkər çuğunduru, 22 hektarda dən üçün qarğıdalı əkib, 669 hektar sahəyə yonca səpiblər.

Bunlarla yanaşı, Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 1768,6 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 107,6 hektar çoxdur. Rayon Statistika İdarəsindən bildirilib ki, məhsul istehsalçıları 818,1 hektar sahədə tərəvəz bitkiləri, 494 hektarda kartof, 12,5 hektarda dənli və dənli paxlalılar əkib, 349 hektar sahəyə yonca səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 95 hektar sahəyə qarğıdalı əkilib. Təsərrüfatlarda tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

 

Ölkənin cənub rayonlarında yazlıq bitkilərin əkininə başlanıb

 

Respublikanın cənub rayonlarında da yazlıq bitkilərin əkini davam edir. Yardımlı rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan əkinçilər bu günədək 767 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 73 hektar çoxdur. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev bildirib ki, rayonun fermerləri və məhsul istehsalçıları 91 hektar sahədə tərəvəz bitkiləri, 464 hektarda kartof, 212 hektarda dənli və dənli paxlalılar əkiblər.

Bir neçə gündür ki, cənub rayonlarından olan Masallıda da yazlıq əkin kampaniyasına başlanılıb. Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, rayonda indiyədək 740 hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bunun 640 hektarını kartof, 70 hektarını noxud, 16 hektarını kələm, 7 hektarını sarımsaq təşkil edir. Əkin kampaniyası rayonun Qarğalı, Öncəqala, Çaxırlı, Təklə, Xırmandalı, Həsənli, Yeddioymaq və Təzə Alvadı kəndlərində daha geniş vüsət alıb. Bu il rayonda 4000 hektara yaxın sahədə yazlıq bitkilərinin əkilməsi nəzərdə tutulub.

Astara rayonunda indiyədək 1968 hektar sahədə yazlıq əkin aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 hektar çoxdur. Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov bildirib ki, əkilən bitkilərin 153 hektarını dənli və dənli paxlalılar, 797 hektarını tərəvəz, 812 hektarını kartof, 41 hektarını dən üçün qarğıdalı və 165 hektarını yonca təşkil edir. Rayonda yazlıq bitkilərin əkini davam edir.

 

Cəbhə bölgəsində yerləşən rayonlarda yaz-tarla işləri geniş vüsət alıb

 

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun fermer və torpaq mülkiyyətçiləri yaz-tarla işləri çərçivəsində əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, bu günədək 2086,5 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 137,5 hektarı şəkər çuğunduru, 281 hektarı dən üçün günəbaxan, 283 hektarı kartof, 213,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1158,5 hektarı təzə yonca, 11 hektarı vələmir, 2 hektarı yem üçün sorqo bitkisidir. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. 2020-ci ilin məhsulu üçün ötən ilin payızında səpilmiş 10 min 755,8 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Eyni zamanda, pambıq səpini üçün hazırlıq işləri aparılır.

Cəbhə bölgəsində yerləşən digər rayonumuz olan Ağdamda da fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayon Statistika İdarəsindən bildirilib ki, yanvar-mart aylarında payızlıq və yazlıq çoxillik ot bitkilərinin yenidən əkilən sahəsi də daxil olmaqla, 2602,2 hektarda yaz əkini aparılıb. Yazlıq əkinlərin 539 hektarını çoxillik otlar, 1622 hektarını tərəvəz, 340 hektarını kartof, 101,2 hektarını şəkər çuğunduru təşkil edir.


Yaz-tarla və yazlıq əkin işlərindən söhbət gedirsə, kartof əkininə toxunmamaq olmaz. Xatırladaq ki, son illər respublikanın rayonlarında kartofçuluq xeyli inkişaf edib. Qeyd edək ki, kartofa ilboyu bazarlarda yüksək tələbat var və buna görə də bu sahəyə maraq getdikcə artır. Buna görə də torpaq mülkiyyətçiləri ilboyu ciddi tələbat olan və ailə büdcələrinə yaxşı gəlir gətirən kartof əkininə böyük maraq göstərirlər.

Şamaxı rayonunda yazlıq kartof əkininə başlanıb. Qısa vaxtda 40 hektarda əkin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, kartofçuluq rayonda ənənəvi təsərrüfat sahəsidir. Ən çox əkin şimal dağlıq ərazilərdə, əsasən Qızmeydan, Qaleybuğurd, Məlhəm və bir sıra digər yaşayış məntəqələrinin torpaq mülkiyyətçiləri tərəfindən aparılır.

Kartofçuluğun ənənəvi təsərrüfat sahəsi olduğu İsmayıllı rayonunda da yazlıq kartof əkininə başlanılıb və qısa vaxtda 300 hektardan çox sahədə əkin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 1000 hektar sahədə kartof əkiləcəyi gözlənilir. Hazırda əkin cənub ərazilərdə, o cümlədən Diyallı, Kürdmaşı, Qalagah, Qubaxəlilli, Gəraybəyli, Kəlbənd ərazi dairələrində aparılır. Artıq rayonun şimal zonasında da kartof əkininə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, şum çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun aran kəndlərində yaz-tarla işləri çərçivəsində kartof əkini aparılıb. Rayonun iqlim şəraiti və torpaq xüsusiyyətləri, həmçinin daxili tələbat nəzərə alınmaqla kartofçuluğun inkişafına xüsusi diqqət yetirildiyindən Şahbuzda bu sahəyə maraq xeyli artırılıb. Bu il əlverişli hava şəraitindən istifadə edən zəhmətkeşlər sahələrdə bol məhsulun təməlini qoyurlar. Hazırda bir hektar sahədə kartof əkilib. Gömür, Ağbulaq, Kükü, Keçili, Aşağı Qışlaq, Yuxarı Qışlaq kəndlərində kartofçuluq xeyli inkişaf edib.

 

Aran rayonlarında yazlıq əkin işləri davam etdirilir

 

Respublikanın aran rayonlarından olan Saatlıda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir. Rayonun Statistika İdarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 2483 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 hektar çoxdur. Əkin aparılmış sahələrin 1002 hektarını təzə yonca, 309 hektarını kartof, 235 hektarın tərəvəz, 889 hektarını isə bostan bitkiləri, 35 hektarını şəkər çuğunduru, 4 hektarını günəbaxan və digər bitkilər təşkil edir.

Salyanda da yazlıq bitkilərin əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 3 min 4 hektar sahədə yazlıq bitkilərin əkinini aparıblar. Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, əkin aparılmış sahələrin 12 hektarını qarğıdalı, 2 min 201 hektarını təzə yonca, 266 hektarını kartof, 281,1 hektarını tərəvəz, 244 hektarını bostan bitkiləri təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 4 min 867 hektar sahədə əkin aparılması üçün şum aparılıb, arata qoyulub və malalanıb.

Digər aran rayonu olan Neftçalada da cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir. Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2024 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılmış sahələrin 1751 hektarını yonca, 139 hektarını kartof, 65,3 hektarını tərəvəz bitkisi, 37,7 hektarını bostan bitkiləri, 31 hektarını isə vələmir bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 184 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb.

Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30