Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir

İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir

22.07.2020 [09:18]

İƏT-Azərbaycan münasibətlərinin inkişafı sosial-iqtisadi və ictimai-siyasi sahələrdə əməkdaşlıqla yanaşı, ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır
(əvvəli ötən sayımızda)

Təşkilat, həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.
Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi təqdirəlayiq haldır. Bildirək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilk dəfə İƏT Xarici İşlər Nazirləri Şurasının Pakistanın Karaçidə keçirilən sessiyasında müvafiq qətnamə qəbul edilməsi ilə pislənilib.
Bununla yanaşı, İƏT-in Mərakeş (1994) və Tehran (1997) sammitlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edən qətnamə qəbul edilib. Bu siyasət növbəti zirvə görüşlərində də davam etdirilib. Azərbaycan Respublikasının xarici işlər naziri ilə təmsil olunduğu 2000-ci il Doha (Qətər) və 2003-cü il Putracaya (Malayziya) sammitlərində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Təhlükəssizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884) yerinə yetirməməsinə cavab olaraq təşkilatın nizamnaməsinin VII fəslinin (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) tətbiq olunması, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in 1996-cı ilin dekabrında baş tutan Lissabon zirvə görüşü zamanı qəbul edilmiş prinsiplərin (Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinə təminat) əsas götürülməsi tələblərini əks etdirən sənədlər qəbul olunub.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin dekabrında ərəb ölkələrinə səfəri çərçivəsində Qətərdə olarkən İƏT ölkələrini Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT-də də Azərbaycanla həmrəylik nümayiş etdirməyə çağırıb. Bundan sonrakı prosesdə də Ermənistanın apardığı əks-təbliğata baxmayaraq, İƏT Dağlıq Qarabağ münaqişəsində Ermənistanı ittiham edən addımlarını davam etdirib. Belə ki, 2006-cı ilin iyununda Bakıda keçirilən İƏT XİN Şurasının 33-cü sessiyasında qəbul olunan Bakı bəyannaməsinin 14-cü maddəsində və ayrıca qətnamədə təşkilatın üzvləri adından yenidən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənilib və həmin ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunub. Həmin sənədlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz olaraq erməni əhalisini məskunlaşdırmasına, həmin ərazilərdə təbii ehtiyatların qanunsuz istismar edilməsinə, yanğınlar törədilməsinə etiraz bildirilib.
Tərəddüdsüz demək olar ki, Azərbaycanın təşkilata üzv olduğu dövrdən bu günə qədər İƏT-in Zirvə görüşlərində və digər tədbirlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edən qətnamələr qəbul olunub, habelə Dağlıq Qarabağ separatçı rejiminin keçirdiyi qanunsuz seçkilərlə bağlı təşkilat Azərbaycanı müdafiə edən bəyanatlar verib. İƏT Parlament Assambleyasının, İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında, Zirvə görüşlərində, konfranslarında Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul olunub, bütün sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləyib, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb edib.
Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti və israrlı mövqeyi nəticəsində XI Zirvə konfransında qəbul edilmiş İƏT-in yeni nizamnaməsinin məqsəd və məramları bölməsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etməkdədir.
Bu baxımdan, 2009-cu il mayında Suriyanın paytaxtı Dəməşqdə keçirilən İƏT XİN Şurasının 36-cı sessiyasında qəbul edilən qətnamələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, həmin sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilib. 2014-cü ilin iyununda Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İƏT XİN Şurasının növbəti 41-ci sessiyasında da İƏT XİN Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunub. Qeyd edək ki, İƏT XİN Şurasının sonrakı illərdə keçirilən bütün sessiyalarında analoji qətnamələr qəbul olunub.
İƏT “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına ciddi dəstək verir
Qeyd edək ki, İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstək verməklə yanaşı, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması porsesinə də dəstək verir. Belə ki, İƏT-in vaxtaşırı keçirilən mötəbər tədbirlərində qəbul edilən qətnamələrdə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək ifadə olunur. Vurğulamaq yerinə düşər ki, bu sənədlərdə Xocalı faciəsinin “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilməsi öz əksini tapıb.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun (İƏT Gənclər Forumu) təsis yığıncağının və 2007-ci ilin ilin sonlarında Azərbaycanda sivilizasiyalararası dialoq təşəbbüsü çərçivəsində İƏT-in Gənclər Forumu və Heydər Əliyev Fondunun iştirakı ilə müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının birgə konfransının keçirilməsi də Azərbaycan-İƏT əlaqələrinin inkişafında mühüm rola malikdir.
Ona görə ki, Azərbaycan gəncləri ilə müsəlman ölkələri gənclərinin əməkdaşlığı sahəsində atılan addımlar yüksək qiymətləndirilib. Belə ki, Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Leyla xanım Əliyeva Forumun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi seçilib.
Leyla xanım Əliyevanın bu vəzifəyə seçilməsi İƏT-Azərbaycan əlaqələrinin sonrakı dövrü üçün səmərəli olub. Belə ki, 2010-cu ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş İƏT XİN Şurasının 37-ci sessiyasında Azərbaycan hökuməti və Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu arasında qurumun regional ofisinin Azərbaycanda yerləşməsinə dair Saziş imzalanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi seçilməsi ölkəmizin həqiqətlərinin İslam aləminə də çatrırılması baxımından da əlamətdar olub. Belə ki, 2010-cu ilin yanvarında Uqandanın paytaxtı Kampala şəhərində İƏT Parlament Birliyi (PB) Konfransının 6-cı sessiyası keçirilib. 51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İƏT Gənclər Forumunun təşəbbüsü ilə “İƏT GF və İƏT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilib. Bu qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib.
Bununla yanaşı, Misirin paytaxtı Qahirədə 2013-cü ilin fevarlında keçirilən İƏT-in XII Zirvə toplantısında qəbul edilmiş Yekun Kommunikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb. Sözügedən bəndə əsasən, üzv dövlətlər “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasında aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırımı aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır.
2014-cü ilin iyununda Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilmiş İƏT XİN Şurasının 41-ci sessiyasında da Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT XİN Şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya ədalət!” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Onu da qeyd edək ki, 2015-ci ilin mayında Küveytdə keçirilmiş İƏT XİN Şurasının 42-ci sessiyasında və sonrakı sessiyalarda da analoji addımlar atılıb.
Sonda qeyd edək ki, Azərbaycanın paytaxtı başda olmaqla, müsəlman dövlətlərinin bir çox şəhərlərində keçirilən konfrans və sammitlərdə qəbul edilən qərar, qətnamə və bəyanatlardan, atılan addımlardan və görülən genişmiqyaslı işlərdən göründüyü kimi, İƏT intensiv fəaliyyəti ilə bəlkə də dünyada mövcud olan beynəlxalq təşkilatların lideridir. Eyni zamanda bu fəaliyyət çərçivəsində Azərbaycan-İƏT münasibətlərində sosial-iqtisadi və ictimai-siyasi sahədə əməkdaşlıqla yanaşı, Ermənistanın ölkəmizə təcavüzünün pislənməsi, işğalçının ifşa olunması, Azərbaycanın haqq səsinin islam aləminə, bütün dünyaya çatdırılması yönündə İƏT-ə üzv dövlətlərin səfərbər edilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, birmənalı şəkildə demək olar ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə müsəlman ölkələri arasında hərtərəfli əlaqələrin təmin edilməsində mühüm regional qurum kimi əvəzsiz rol oynayır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30