/ / Azərbaycanın regionlarında alternativ su mənbələrindən istifadə olunması diqqət mərkəzində saxlanılır
Azərbaycanın regionlarında alternativ su mənbələrindən istifadə olunması diqqət mərkəzində saxlanılır
06.08.2020 [09:03]
Bu günlərdə İmişlidə yerləşən antropogen göllərdən birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb
Son illərdə baş verən qlobal iqlim dəyişiklikləri, orta temperaturun yüksəlməsi bütün dünyada su təhlükəsizliyinin aktuallığını daha da artırıb. Su təhlükəsizliyi həmçinin Azərbaycanın da gündəliyində duran çox vacib məsələlər sırasında yer alır. Respublikamızda su təhlükəsizliyinin aktuallığını şərtləndirən bir sıra vacib amillər var. Əvvəla, Azərbaycanın əsas su ehtiyatları ölkə hüdudlarından kənarda formalaşır və son illərdə xarici mənbələrdən respublikamıza daxil olan su həcmləri, eləcə də yağıntılar azalıb. Digər tərəfdən, ölkə iqtisadiyyatının, o cümlədən regionlarda kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində respublikamızda suya tələbat artıb.
Su təhlükəsizliyi ilə bağlı meydana çıxan bu kimi yeni çağırışlara adekvat cavab vermək üçün ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə son 17 ildə respublikamızda əhalinin və iqtisadisadiyyatın su təchizatının yaxşılaşdırılmasına hesablanan layihələrin icra olunduğu nəzərə çatdırılıb, eyni zamanda, hazırda bu sahədə bir sıra problemlərin də olduğu vurğulanıb. Prezident İlham Əliyev müşavirədə söylədiyi nitqində bəhs olunan dövrdə reallaşdırlan layihələrin Azərbaycanın su təchizatının yaxşılaşmasına müsbət təsir göstərdiyini nəzərə çatdıraraq vurğulayıb ki, bu istiqamətdə işlər perspektivdə də davam etdiriləcək. “Bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
Son 17 ildə reallaşdırılan layihələr hazırda regionlarda əkin sahələrinin su təchizatında mühüm rol oynayır
Məlum olduğu kimi, Azərbaycan yeni iqtisadi şəraitdə regionlarda geniş potensiala malik aqrar sektoru innovativ əsaslarla inkişaf etdirməyi, bu sahədə istehsal və ixrac imkanlarını artırmağı hədəfləyib. Müəyyənləşdirilən strateji hədəfə çatmaq üçün mövcud torpaq fondundan daha səmərəli istifadə edilməli və dövriyyəyə yeni torpaqlar cəlb olunmalıdır. Burada ən vacib məqamlardan biri, heç şübhəsiz ki, təsərrüfatların suvarma suyuna artan tələbatının ödənilməsi ilə bağlıdır. Müşavirədə də qeyd olunduğu kimi, 2004-cü ildən bəri respublikamızın iqtisadi və maliyyə imkanlarının artması ölkədə müxtəlif təyinatlı müasir infrastruktur quruculuğu üçün geniş imkanlar yaradıb. Bəhs olunan dövrdə respublikamızda genişmiqyaslı infrastruktur quruculuğundan söhbət açarkən reallaşdırılan su layihələrinin də önəmini xüsusi qeyd edə bilərik. Son 17 ildə respublikamızda uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində icra olunan layihələr hazırda bölgələrdə əkin sahələrinin su təchizatında mühüm rol oynayır. Müşavirədəki nitqində ölkə üzrə reallaşdırılan suvarma layihələrinin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi”, - deyə vurğulayıb.
Bəhs olunan dövrdə respublikanın ayrı-ayrı bölgələrində reallaşdırılan su layihələrinin, meliorasiya və irriqasiya tədbirlərinin statistikası kifayət qədər zəngindir. Müşavirədə dövlət başçımızın da bildirdiyi kimi, respublikamızda 270 milyon kubmetr su tutumuna malik Taxtakörpü su anbarının tikintisi tarixi əhəmiyyət daşıyır. Bu nəhəng infrastruktur obyekti hazırda həm əhalinin, həm də regionlarda aqrar sektorun suya olan tələbatının ödənilməsinə xidmət göstərir. Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanal tikilib.Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları burada yığılır, təbii yollarla təmizlənir və beləliklə, yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Halbuki, əvvəllər su Samur çayından birbaşa kanal vasitəsilə Ceyranbatana axıdılırdı. Mütəxəssislərin də bildirdikləri kimi, əgər bu böyük su layihəsi tamamlanmasa idi, bu gün Bakının içməli su ilə təminatında çox ciddi problemlər yaşanardı. Eyni zamanda, bəhs olunan layihə sayəsində Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələri böyük dərəcədə artırıb - təqribən 30 min hektar əvvəllər suvarılmayan torpaqlara hazırda lazımi həcmlərdə su verilir və həmin torpaqlarda geniş kənd təsərrüfatı işləri aparılır.
Müstəqillik illərində yaradılan Şəmkirçay su anbarı bu gün respublikamızın su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bəhs olunan anbarın imkanlardan faydalanır. Paralel şəkildə, son illərdə respublika ərazisində Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Bütövlükdə, bəhs olunan dövrdə ölkəmizdə yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir ki, bu da kifayət qədər böyük həcmdir.
Digər istiqamətlərdə reallaşdırılan meliorasiya və irriqasiya layihələrinin miqyası da kifayət qədər genişdir və onların hamısını bir yazı daxilində sadalamaq imkan xaricindədir. Təkcə onu vurğulamaq kifayətdir ki, sözügedən su anbarlarının və irimiqyaslı digər layihələrin icrası böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına başa gəlib. Belə layihələri ancaq Azərbaycan kimi güclü dövlət həyata keçirmək iqtidarındadır. O cümlədən hazırda respublikanın əksər bölgələrində dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni su layihələrinin icrası uğurla davam etdirilir.
Naxçıvanda suvarma şəbəkəsinin genişləndirilməsi dövriyyəyə yeni torpaqların cəlb olunmasına imkan yaradıb
Bu ilin ilk altı ayı ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 2,7 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 24,5 kilometr paylayıcı boru xətti çəkilib, 270 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Şahbuz rayonunda Türkeş kəndi ərazisində 270 hektar sahədə 4,75 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 4,2 kilometr paylayıcı boru xətti çəkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur, Babək, Şahbuz rayonlarında, ümumilikdə, 5 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Ötən dövrdə cəmiyyətin balansında olan, muxtar respublikada 2-ci suvarma mənbəyi kimi 102 nasos stansiyası və 826 subartezian quyusu istismar edilib. Nasos stansiyaların mexaniki və elektrik avadanlıqlarında lazım olan əsaslı və cari təmir işləri, 25 kilometr təzyiqli boru xəttində təmir-bərpa işləri vaxtında həyata keçirilərək etibarlı iş rejimi ilə təmin olunub. Muxtar respublikada suvarma şəbəkəsinin genişləndirilməsi dövriyyəyə yeni torpaqların cəlb olunmasına imkan yaradıb.
İmişlidə yeni layihənin icrasına start verilib
Antropogen göllərdəki su ehtiyatı hesabına ətraf rayonlarda suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Artıq Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb. Bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.
Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkədə yaranan su probleminin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə tədbirlər planı həyata keçirilir. Planın 1.7 bəndinə uyğun olaraq ölkə ərazisində ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər görülür. Baş Nazirin müavini qeyd edib ki, ilkin mərhələdə İmişli rayonunun Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə edilməsinə başlanılıb. Bir-biri ilə əlaqəli olan 5 gölün ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 100 milyon kubmetrə qədər su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.
Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Baş Muğan kanalına ötürülən su hesabına 3 rayonda - İmişli, Saatlı və Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması yaxşılaşacaq. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.
“Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl var. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur. Bu göllərin suyu hesabına rayonun əsas kanallarından olan Qızılarx və Cənubi Muğan kanalları vasitəsilə suvarma işləri yaxşılaşdırıla bilər”, - deyə Şahin Mustafayev qeyd edib.
Cəbhə bölgəsində yerləşən rayonların suvarma suyuna olan tələbatının ödənilməsi üçün zəruri tədbirlər görülür
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilirdi. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

