Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan Xəzər hövzəsi ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir

Azərbaycan Xəzər hövzəsi ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir

04.12.2020 [08:52]

Quru və su sərhədlərinə malik olması, uzun illər davam edən daxili sabitlik, əlverişli iqlim xüsusiyyətləri və dövlətin güclü siyasi iradəsi ilə yaradılan möhkəm hüquqi baza respublikamızın beynəlxalq tranzit daşımaları üçün cəlbediciliyinin artmasına müsbət təsir göstərir
(əvvəli ötən sayımızda)

Xəzəryanı üç dövlət arasında iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Hər üç dövlət üçtərəfli və ikitərəfli formatlarda enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək imkanlarına malikdir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi durmadan artır. Azərbaycan qonşu İranda və Rusiyada investisiya qoyuluşunu getdikcə genişləndirir. Eyni zamanda, Azərbaycanın Pirallahı və Neftçala kimi sənaye parklarında İranın və Rusiyanın investorlarının iştirakı ilə yeni müəssisələr yaradılır.
Azərbaycanın digər Xəzəryanı ölkələrlə - Türkmənistan və Qazaxıstanla da münasibətləri yüksək səviyyədədir. Azərbaycanla Türkmənistanı və Qazaxıstanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər üç ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan və Qazaxıstan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdır. Əsas məqamlardan biri isə odur ki, Azərbaycanla Türkmənistanı və Qazaxıstanı çoxəsrlik ortaq dəyərlər, o cümlədən dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Üç ölkə arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır.
Getdikcə dərinləşən əlaqələr sayəsində strateji səviyyəyə yüksələn Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstan münasibətləri ikitərəfli çərçivədə uğurla inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bunu bir daha təsdiqləyir. Xüsusilə vurğulamaq lazımdır ki, həm Türkmənistan, həm də Qazaxıstan Xəzər hövzəsi regionunda Azərbaycanın moderatorluğu ilə yaradılan müasir enerji və nəqliyyat infrastrukturundan, ölkəmizin tranzit imkanlarından bəhrələnmək niyyətlərini bildirib.
Eyni zamanda, Azərbaycan, Türkmənistan, Qazaxıstan çoxtərəfli platformada da daim bir-birinə dəstək nümayiş etdirir. Hər üç ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində, bir qayda olaraq, konstruktiv mövqe nümayiş etdirir və müxtəlif məsələlərdə bir-birinə dəstək verir.
Xatırladaq ki, yuxarıda bəhs olunan Konvensiyanın razılaşdırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb. İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunu Konvensiyanın yekun layihəsinin razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirmək mümkündür. Bundan başqa, Azərbaycanla Qazaxıstan və Rusiya arasında da müvafiq sazişlər imzalanıb. Aktauda bəhs olunan Konvensiyanın imzalanmasında həmin sazişlərin də böyük rolu olub.
Azərbaycan Xəzərdə ən böyük donanmaya malik olan ölkədir
Bu gün Xəzər vasitəsilə reallaşdırılan dəniz nəqliyyatı Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mühüm seqmentini təşkil edir. Qürurverici haldır ki, Azərbaycan 200-dən çox gəmi ilə Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Bu donanma vasitəsilə həm respublikamızın, həm sahilyanı dövlətlərin, eləcə də digər regionlardan olan sifarişçilərin yükləri etibarlı şəkildə təyinat yerinə çatdırılır. Eyni zamanda, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyinin və tranzit potensialının reallaşdırılmasına xidmət edir.
Perspektivdə isə ölkəmiz Xəzərdə daşımalar sahəsində aparıcı mövqeyini qoruyub saxlamaq üçün donanmasını daha da genişləndirmək niyyətindədir. Əlamətdar haldır ki, Bakı Gəmiqayırma zavodunda müasir tipli gəmilərin istehsalı yüksək səviyyədə həyata keçirilir. Son vaxtlarda Azərbaycan Xəzərdə öz donanmasını əsasən, bu müəssisədə hazırlanan gəmilər hesabına zənginləşdirir. 2019-cu il 13 dekabr tarixində müəssisədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə hazırlanan ilk neft tankeri istismara verildi və “Azərbaycan” adlı gəmi-bərə suya salındı. Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Tankerin uzunluğu 141 metr, eni isə 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı tədbirdə bildirilib ki, bu, Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malik tankerdir. Hazırda gəmiçiliyin tabeliyində 20 tanker var. Yeni sifariş olunan daha dörd tanker isə inşa mərhələsindədir. Qeyd edək ki, “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı Gəmiqayırma zavodunun növbəti uğurudur. Hazırda zavodda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri vardır.
Azərbaycan Prezidentinin xeyir-duası ilə suya salınan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərə çoxfunksiyalıdır. Gəmi-bərə eyni vaxtda 56 vaqon, 50 TIR və 100 sərnişin götürmək imkanına malikdir. Dövlət başçımızın iştirakı ilə, həmçinin “Xocalı”, “Quba”, “Murovdağ”, “Savalan” və “Şahdağ” adlarını daşıyan müasir platforma-təchizat gəmiləri də istifadəyə verilib. Daha bir mühüm məqam ondan ibarətdir ki, həm Bakı Gəmiqayırma zavodunun, həm də donanmanın şəxsi heyəti sırf yerli mütəxəssislərdən formalaşıb. Azərbaycanlı mütəxəssislər həm müasir gəmilərin hazırlanmasını, həm də Xəzərdə və digər beynəlxalq sularda daşımaları yüksək peşəkarlıqla həyata keçirirlər.
2020-ci ilin birinci yarısında Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın 87 faizi tranzit yüklərin payına düşüb
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan “Ro-Ro” terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2020-ci ilin birinci yarım ilini uğurla başa vurub. Hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq, limanda yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2524,8 min ton təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1981,2 min ton) 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87 faizi və ya 2 192,8 min tonu tranzit yüklərin payına düşüb.
2020-ci ilin birinci yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401000 ton təşkil edib. Eyni dövürdə irihəcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4 faiz artaraq 17173 ədəd olub. Bunlardan 11 776 ədədi (68,6 faiz) Bakı-Türkmənbaşı-Bakı, 5397 ədədi isə (31,4 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artım deməkdir (2019-cu ilin birinci yarım ilində 15 210 TEU).
Qeyd edək ki, yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının əvvəllərindən etibarən liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas amillərdən biri olub. Liman pandemiya şəraitində öz fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirərək Xəzər dənizi üzərindən Avropadan Asiyaya və əks-istiqamətə daşınan yüklərin aşırılmasında hansısa bir fasilənin yaranmasına imkan vermir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30