Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir

UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir

18.12.2020 [08:50]

Azərbaycanın bu qurumla yüksəksəviyyəli münasibətlərinin nəticəsidir ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb. Daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqin təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının işğalçı Ermənistan istisna olmaqla dünya ölkələri ilə ikitərəfli əlaqələrinin yaradılması, həmçinin nüfuzlu regional və beynəlxalq təşkilatlarla münasibətlərin yüksələn xətlə inkişafı istiqamətində davamlı addımlar atılıb. Bu baxımdan, xüsusi olaraq vurğulmaq yerinə düşər ki, Azərbaycan beynəlxalq təşkilatların işində həmişə fəal iştirak edib. Eyni zamanda, Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində yeni uğurlar əldə edilib. Bu kontekstdə dünyada elm, təhsil və mədəniyyətin inkişafında böyük xidmətləri olan UNESCO ilə ölkəmiz arasında münasibətlər son illər daha da intensivləşib. Ümumiyyətlə, Azərbaycanla bu qurum arasında əlaqələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində uğurla inkişaf edir. Elə əldə edilən nəticələr də bu əməkdaşlığın uğurundan xəbər verir. Əksər ekspertlərin də vurğuladıqları kimi, məhz UNESCO-Azərbaycan əlaqələrinin yüksək inkişafının göstəricisidir ki, bu günlərdə “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, bu günlərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub. İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşəkkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə “Nar mədəniyyəti”nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd edilib.
Bundan başqa Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi də müzakirə olunub və bu mədəni element UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyd edək ki, vaxtaşırı Azərbaycanın təşəbbüsü ilə ölkəmizə məxsus olan tarixi-mədəni abidələrin və qeyri-maddi mədəni irsimizin nümunələrinin qurumun müvafiq siyahılarına daxil edilməsi təşkilatla ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə inkişafının və mədəni diplomatiyamızın uğuru hesab etmək olar.
Azərbaycan-UNESCO münasibətləri zəngin tarixə malikdir
Azərbaycan-UNESCO əlaqələrinə geniş şəkildə nəzər salmazdan öncə qurumun yaranma tarixi və fəaliyyətinə toxunmaq daha məqsədəuyğun olar. UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) 1945-ci il noyabrın 16-da yaradılıb. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib və 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun olaraq UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmək, qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. UNESCO-nun ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. Mərkəzi Parisdə yerləşən və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. Qeyd edək ki, 1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilib.
Xatırladaq ki, Azərbaycan hələ keçmiş SSRİ-nin tərkibində olduğu dövrdə UNESCO ilə əməkdaşlıq etməyə başlayıb. Bu əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində də Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. UNESCO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edən Heydər Əliyev 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı UNESCO-nun baş direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşüb. Eyni zamanda, UNESCO-nun Parisdəki baş qərargahında “Azərbaycan xalçaları” (1981), “Azərbaycan əlyazmaları” (1985), Londonda isə UNESCO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilib. 1984-cü ilin noyabr ayında UNESCO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olub. Eyni zamanda, Bakıda iki beynəlxalq tədbirin - “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün UNESCO Azərbaycana maliyyə yardımı göstərib. Qeyd edildiyi kimi, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan qısa vaxtda digər beynəlxalq qurumlar kimi, UNESCO-ya da üzv qəbul edilmək üçün müraciət edib. Beləliklə, Azərbaycan Respublikası 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul olunub. Lakin Azərbaycanın UNESCO əlaqələri yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra genişlənib. UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən sonra isə daha sürətlə inkişaf etməyə başlayıb. Məhz Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.
Yuxarıda qeyd edildiyi kimi, UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Xarici İşlər naziri Ceyhun Bayramovdur. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təsis edilib. Hazırda Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi Elman Telman oğlu Abdullayevdir.
Xatırladaq ki, Azərbaycan UNESCO-ya üzv olduğu dövrdən etibarən onun əsas və alt qurumlarında təmsil olunmaqla təşkilatın işinə öz töhfələrini verir.
UNESCO-Azərbaycan əməkdaşlığı bütün sahələrdə genişlənməkdədir
Vurğulamağa ehtiyac var ki, UNESCO ilə dərin əməkdaşlığın qurulmasında və əməkdaşlıq perspektivlərinin müəyyən edilməsində yüksəksəviyyəli görüşlərin rolu xüsusi əhəmiyyət daşıyır. Belə ki, 1993-cü ilin dekabr ayında Ümummilli Lider Heydər Əliyev Fransa Respublikasına rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşüb və onu Azərbaycana səfərə dəvət edib. 18 noyabr 1996-cı il tarixində UNESCO-nun baş direktoru Federiko Mayorun Bakıya səfəri çərçivəsində Azərbaycan-UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Daha sonra UNESCO-nun baş direktoru Koiçiro Matsuura Ulu Öndər Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək məqsədilə ilk dəfə 9 aprel 2000-ci ildə Bakıda səfərdə olub.
Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da Azərbaycan hökumətinin səyləri nəticəsində UNESCO ilə münasibətlər yüksələn xətlə inkişaf edib. Bunun nəticəsidir ki, müxtəlif illərdə UNESCO-nun baş direktorları olmuş Koiçiro Matsuura, İrina Bokova və hazırkı baş direktor Odre Azule ölkəmiz tərəfindən Bakıda təşkil edilmiş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər etmiş və ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə qəbul edilmişlər.
Xüsusi olaraq qeyd edək ki, 2004-cü ilin sentyabr ayında Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində xoşməramlı səfiri fəxri adı verilib. Bundan sonra Mehriban xanım Əliyeva Fransaya səfərləri zamanı UNESCO-nun baş direktorları ilə görüşlərində təşkilatla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün müzakirələr aparıb. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəvəti ilə qurumun rəhbərləri dəfələrlə Azərbaycanda səfərdə olublar, ölkəmizdə keçirilən mötəbər tədbirlərdə iştirak ediblər. Bu günə qədər UNESCO ilə Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb və mühüm layihələr həyata keçirilib.

(davamı növbəti sayımızda)
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30