Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda fermerlərə yeni dəstək mexanizmləri işə salınıb

Azərbaycanda fermerlərə yeni dəstək mexanizmləri işə salınıb

16.01.2021 [09:33]

Subsidiyaların EKTİS üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci ildə dövlət 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib
Azərbaycanın regionlarında kənd təsərrüfatı qeyri-neft iqtisadiyyatının mühüm bir istiqaməti kimi inkişaf etdirilir. Bu, onunla əlaqədardır ki, ölkəmizdə aqrar sektorda istehsal və ixrac imkanlarını artırmaq üçün geniş potensial mövcuddur. Bu potensialdan səmərəli istifadə etməklə bir tərəfdən respublikada müxtəlif ərzaq məhsullarına daxili tələbatı daha çox həcmlərdə yerli istehsal hesabına qarşılamaq, digər tərəfdən isə, xarici bazarlara ixracı genişləndirməklə ölkənin valyuta gəlirlərini artırmaq mümkündür. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı Azərbaycan üçün həm də sosial əhəmiyyət daşıyır. Ölkə üzrə dövriyyəyə yeni torpaqlar cəlb edildikcə, istehsal genişləndikcə regionlarda insanların əmək bazarına inteqrasiyası asanlaşır, onların gəlir imkanları artır.
Bu kimi ciddi iqtisadi və sosial əhəmiyyət daşıyan amillər nəzərə alınmaqla son illərdə respublikamızın bölgələrində fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi davamlı şəkildə genişləndirilir. Fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, onlara texnika, gübrə ilə təchizatda köməklik göstərilməsi, yeni aqrar xidmətlər təqdim olunması, müxtəlif təşviq mexanizmlərinin işə salınması və digər tədbirlər bu qəbildəndir. Bütün bu kimi tədbirlər torpaq mülkiyyətçilərini əkin-biçin sahələrini genişləndirməyə, müxtəlif sahələrə investisiyalar yönəltməyə ruhlandırır.
Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib
Aqrar sektorda aparılan islahatlar çərçivəsində innovativ tətbiqlərə geniş meydan verilir. Respublikamızda ötən il Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılması buna əyani misaldır. Subsidiyaların EKTİS üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci il ərzində dövlət 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib. Əkin subsidiyası 1,3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib. 38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb.
Ötən müddət ərzində 37 807 sahibkarın “Fermer Kartı”na 6 643 700 manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib. Respublika üzrə 22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb. 4 955 kümçüyə 2,2 milyon manata yaxın barama subsidiyası ödənilib. Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu qəbildən olan fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb. EKTİS-ə toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5,5 milyon manat subsidiya məbləği hesablanıb. Qeyd edək ki, hazırda 2020-ci ilin payızlıq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib. Məlumat üçün bildirək ki, fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən cari ildə də istifadə edə biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, fermerlərin kartdakı qalıq vəsaitdən 2021-ci ildə istifadə edə bilmələri üçün “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürərək aktivləşdiribsə, kartda qalmış vəsaitdən istifadə ediməsində hər hansı bir problemlə üzləşməyəcək. Fermer kartı bankdan götürməyibsə və yaxud götürüb, lakin aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Subsidiyaların fermerlərə EKTİS üzərindən verilməsi şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni sistemin tətbiqi ilə məmur-fermer təmasları minimuma enib ki, bu da neqativ halların əhatə dairəsinin daralması deməkdir.
Aqrar sığorta mexanizminin yaradılması fermerləri risklərdən qorumağa hesablanıb
Respublikamızda kənd təsərrüfatında aparılan islahatlar çərçivəsində aqrar sığorta sisteminin formalaşdırılması fermerləri risklərdən qorumağa hesablanıb. Artıq ölkə üzrə heyvandarlıq və bitkiçilik sahəsi üzrə fermerlərə sığorta məhsulu təqdim edilir.
Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb. Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər. Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib. Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək mümkündür.
Ötən ilin noyabrından işə düşən aqrar sığorta mexanizmi dövlətin kənd təsərrüfatına dəstəyinin növbəti təzahürüdür. Bu mexanizm vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər. Aqrar sığorta mexanizminin tətbiqi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.
Qeyd edək ki, ölkəmizdə dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi 3 noyabr 2020-ci il tarixində Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Tərtər rayonunun Bəyimsarov kəndində fermer Habil İbrahimli ilə imzalanıb. Həmin müqaviləyə əsasən, fermerə məxsus 50 baş iribuynuzlu heyvan aktual risklərdən sığortalanıb. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəməyi öz öhdəsinə götürüb.
Ötən il 1200-ə yaxın sahibkar KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanıb
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi məqsədilə 2020-ci ildə ölkəmizdə 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb ki, onların da üçü Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində olmaqla regionların payına düşür. Ötən il bu mərkəzlər tərəfindən müxtəlif mövzularda 100-ə yaxın təlim keçirilib, 2500 saatadək məsləhət xidməti göstərilib. Bu xidmətlərdən ölkə üzrə 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB inkişaf mərkəzlərində ödənişsiz olaraq KOB subyektləri, startaplar və biznesə başlamaq istəyənlərin biznesyönümlü bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir, təcrübə proqramlarında iştiraka, biznes ideyaların maliyyə resurslarına yönləndirilməsinə dəstək təmin olunur. Bundan başqa, 2020-ci il ərzində KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib.
KOB inkişaf mərkəzlərinin dəstəyi ilə 2020-ci ildə 10 yeni KOB subyekti yaradılıb ki, bunun 4-ü fərdi sahibkar, 6-sı isə MMC-dir. Yeni yaradılmış sahibkarlıq subyektləri Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərlərində kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərirlər.
2020-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 29 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan yararlanıb. KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu proqram çərçivəsində 2021-ci ildə də azərbaycanlı sahibkar və menecerlərin beynəlxalq təcrübəni öyrənmələri və işgüzar əlaqələri inkişaf etdirmələri üçün tədbirlər davam etdiriləcək.
İslahatlar və fermerlərə dəstək tədbirləri aqrar sektorda həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin artmasına müsbət təsir göstərib
Respublikamızda kənd təsərrüfatının inkişafını təmin etmək üçün aparılan islahatlar və fermerlərə dəstək tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi öz müsbət nəticələrini verir. Bunu 2020-ci ildə respublikamızda aqrar sektorda istehsalın genişlənməsi əyani şəkildə təsdiqləyir. Deyə bilərik ki, islahatlar çərçivəsində yaradılan hüquqi baza fermerlərin maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirib və bundan bəhrələnən torpaq mülkiyyətçiləri özlərinin fəaliyyət sferalarını genişləndiriblər. Bu da son nəticədə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artmasını şərtləndirib. 2020-ci ildə ölkəmizdə aqrar sektorda 2 faiz artıma nail olunub. İlkin məlumatlara görə ötən il əvvəlki illə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən ötən il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq isə 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.
Ötən il dünya üzrə qlobal pandemiya səbəbindən iqtisadi şərtlər arzuedilən olmayıb. Belə bir şəraitdə Azərbaycanda aqrar sektorda artıma nail olunması aparılan düzgün siyasətin nəticəsidir. Həyata keçirilən islahatlar və fermerlərə dəstək tədbirləri aqrar sektorda kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına müsbət təsir göstərib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 813 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30