Ötən illərlə müqayisədə bu il ölkəmizdə daha çox pambıq istehsalı gözlənilir
22.05.2021 [08:40]
Regionlarda çiyid səpini yüksək səviyyədə həyata keçirilir
Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr digər sahələr kimi aqrar sektorun da inkişafını sürətləndirib. Bu, eyni zamanda, regionlarda əmək ehtiyatlarından, təbii-iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artırılmasına zəmin yaradıb. Vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı, ən əsası isə, fermerlərin əsas gəlirli sahələr üzrə spesifikləşməsi üçün bütün addımları atır. Bunlar sırasında gübrələrin güzəştli şərtlərlə satılması, fermerlərin toxum və ya çiyid ilə təmin edilməsi, o cümlədən lazımi texniki vasitələrin əldə olunması, sahələrə gətirilməsi, əkin və ya biçin prosesində iştirakının təmini, yanacaq pulunun verilməsi və digər lazımi məsələlərin həlli yer alır. Belə olan təqdirdə isə, fermerlərin ildən-ilə bu sahəyə marağı artır, əkin sahələri artırılır, məhsuldarlıq isə gündən-günə çoxalır.
Ölkəmizdə pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir
Kənd təsərrüfatından bəhs edərkən ölkəmizdə pambıqçılığın inkişafının xüsusi diqqət mərkəzində olduğu qeyd edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan uzun illərdir pambıqçılıq ənənəsi olan dövlətlərdən sayılır. Münbit coğrafi şərait “ağ qızıl”ın ölkəmizdə yüksək səviyyədə yetişdirilməsinə imkan yaradır. Hələ keçmiş Sovet İttifaqı dövründə öz “ağ qızıl”ı ilə məşhur olan Azərbaycan bu gün dünya bazarında yenidən pambığı ilə tanınması üçün bütün lazımi addımları atır. Qeyd edildiyi kimi, atılan davamlı addımlar öz növbəsində bu sahədə məhsuldarlığın artmasına və fermerlərin illik gəlirlərinin çoxalmasına şərait yaradır. Bir sözlə, bu sahənin inkişafı istiqamətində görülən işlər davamlı xarakter daşıyır.
Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Aqrar sektorun bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 2019-cu ilə nisbətən 14 faiz artaraq 33,6 s/ha təşkil edib. Hazırda respublikamızın bölgələrində çiyid səpini başa çatmaq üzrədir. Pambıqçılıqda məhsuldarlığın artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Başqa sözlə, bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq edilməlidir. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi vacib məsələlərdən biridir.
Bölgələrdə görülən işlər bu il də tarlalardan bol məhsul toplanacağını deməyə əsas verir. Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpini yekunlaşmaqdadır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il Saatlıda 13 min 950 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçiriblər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 3 min 41 məhsul istehsalçısı müqavilə bağlayıb, 13 min 768 hektar sahədə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib, çiyid səpiləcək sahələr də malalanıb. Səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün torpaq mülkiyyətçiləri lazımi maşın-mexanizm və ən məhsuldar toxum sortları ilə təmin olunublar. Fermerlər səpini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Qeyd edək ki, ötən il Saatlıda 14 min 141 hektar pambıq sahəsindən 47 min 365 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 33,5 sentner olub. Pambıqçılar cari ildə məhsul istehsalını 50-55 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.
Respublikamızın digər iri pambıqçılıq rayonlarından olan Ağcabədidə də çiyid səpini başa çatmaq üzrədir. Bu il məhsuldarlıq göstəricisini daha da artırmağı qarşılarına məqsəd qoyan ağcabədili fermerlər çiyid səpini ilə yanaşı, bitiş alınan sahələrdə becərmə işləri də həyata keçirirlər. Cari ildə rayon ərazisində 10 min 986,2 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər artıq 10 min 600 hektardan artıq sahədə çiyid səpini həyata keçiriblər. Səpilən çiyid toxumlarından yaxşı bitiş alınıb. Hazırda pambıq sahələrində seyrəltmə və kultivasiya işləri aparılır, yemləmə gübrəsi verilir.
Fermerlər bu il tarlalardan bol məhsul götürəcəklərinə əmindirlər
Ötən il hər hektardan orta hesabla 37,5 sentner məhsul götürən fermer Famil Quliyev bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyub: “Pambıqçılıq gəlirli sahədir. Yaxşı gəlir götürmək üçün yüksək məhsuldarlıq əldə etmək lazımdır. Odur ki, becərmə işlərini lazımi qaydada yerinə yetiririk. Bu il 95 hektar sahədə çiyid səpini həyata keçirmişəm. Gözəl bitiş alınıb. Hazırda kultivasiya işi görür, sahəyə gübrə veririk. Qarşıya məqsəd qoymuşam ki, 40 sentnerdən yüksək məhsuldarlığa nail olum”.
Ağcabədinin pambıq sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilir. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksəkkeyfiyyətli pambıq sortları əkilib ki, bu da gələcəkdə bol məhsul üçün zəmin yaradır. Bol məhsul həm də becərmə işlərinin vaxtında və keyfiyyətlə aparılmasından asılıdır. Bu işdə fermerlərlə yanaşı, mexanizatorlar da xüsusi əmək sərf edirlər. Mexanizator Aydın Kərimov bildirib ki, çiyid səpinində də iştirak edib. Hazırda isə becərmə işləri həyata keçirir: “Bu il 260 hektar sahədə çiyid səpmişəm. İndi isə kultivasiya işləri görürük. Sahələrin vəziyyəti yaxşıdır. İnanıram ki, məhsuldarlıq keçən ilkindən də yüksək olacaq”.
Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmətkeşlərində böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib. 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.
Kürdəmir rayonunun Şilyan kəndindən olan Qaçay Əliyevə məxsus ailə-fermer təsərrüfatı isə çiyid səpinini optimal müddətdə, aqrotexniki tələblər səviyyəsində başa çatdırıb və artıq əkin aparılan sahələrdə tam, normal çıxış alınıb. Beş nəfərdən ibarət bu zəhmətkeş ailə uzun illərdir, pambıqçılıqla məşğul olur. Hər il 10-15 hektar sahədə pambıq əkib-becərir. Ailənin əsas büdcəsi məhz pambıqçılıqdan qazanılan gəlir sayəsində formalaşır. Əliyevlər ailəsinin heyvandarlıq və quşçuluq təsərrüfatları da var. Bu sahələr isə yardımçı təsərrüfatlardır. Ailə fermer təsərrüfatının başçısı Qaçay Əliyev deyib: “Kənddə yaşayırsansa, heyvandarlıq, quşçuluq məhsullarına tələbatını özün ödəməlisən. Tələbatdan artığını isə bazara çıxarmalısan. Bizim ailədə də belədir. Məşğul olduğumuz əsas təsərrüfat sahəsi olan pambıqçılıq həm də strateji sahədir. İstehsal etdiyimiz məhsulun satışı üçün heç bir problem yoxdur. Bununla əlaqədar necə illərdir ki, “MKT” MMC ilə müqavilə bağlayırıq. Toxum almaqda, əkində, becərmədə hərtərəfli kömək də göstərilir”. Ailə-fermer təsərrüfatı artıq pambıq sahələrinin becərilməsinə hazırlaşır. İlk suvarma, kultivasiya və alaq otlarına qarşı mübarızə gələcək yüksək məhsuldarlıq üçün zəruri tədbirlərdir. Ötən il hər hektardan 35 sentnerədək məhsul götürən ailə-fermer təsərrüfatı cari ildə məhsuldarlığı 37-40 sentnerə çatdırmaq əzmindədir.
Bir sıra bölgələrdə əkin işləri başa çatmaq üzrədir
Yeri gəlmişkən, Salyanda da çiyid səpini davam edir. Rayonda bu mövsüm 5 min 617 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin başlayandan indiyə qədər rayonda, ümumilikdə, 3 min 480 hektardan çox sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 200-220 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa çalışırlar. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırılması məqsədilə rayonda xüsusi qərargah yaradılıb. Qeyd edək ki, ötən il Salyanda 5 min 10 hektar sahədə pambıq əkilib və 20 min 422 ton xam pambıq tədarük olunub.
Əkin işləri başa çatmaq üzrə olan rayonlardan biri də Biləsuvardır. Ötən il 28 min 333 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu mövsüm rayonda 10 min 61 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1491 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 6 min 412 hektardan çox sahədə səpin aparıblar. Səpin aparılan sahələrin 2 min 603 hektarını “MKT-İK” MMC-yə, 1327 hektarı “Azər pambıq” MMC-yə, 1682 hektarı “P-Aqro”ya, 800 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur.
Rayonun qabaqcıl pambıqçısı Nurəddin Mirzəyev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edib. “Ötən il becərdiyim 6 hektar pambıq sahəsinin hər hektarından 60 sentner məhsul götürməklə 35,828 ton pambıq tədarük etdim. Bu il də 6 hektar sahədə pambıq əkmişəm və sahəmdə yaxşı cücərmə var. Artıq bitkinin suvarılması ilə məşğulam. Plantasiyadan bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm”, - deyə pambıqçı bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

