Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yüksəksəviyyəli təhsil infrastrukturunun qurulması davamlı xarakter daşıyır

Regionlarda yüksəksəviyyəli təhsil infrastrukturunun qurulması davamlı xarakter daşıyır

04.06.2021 [09:10]

Son 17 ildə ölkə üzrə 3200-dən çox məktəbin tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması respublikamızda təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğunu əyani şəkildə təsdiqləyir
Sosial dövlət olan Azərbaycanda son 17 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bu kontekstdə dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə müasir təhsil infrastrukturunun yaradılması da təqdirəlayiq haldır. Təhsil sektoruna qoyulan sərmayələr ölkəmizin gələcəyinə yönəldilən investisiyalardır. Azərbaycan dövləti də ölkəmizin, xalqımızın gələcəyi naminə bu sahəyə davamlı olaraq böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Bəhs olunan dövrdə ölkə üzrə 3200-dən çox məktəbin tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması bunu əyani şəkildə təsdiqləyir.
Azərbaycanın bölgələrində regional inkişaf proqramları çərçivəsində yeni məktəblərin tikintisi hazırda da intensiv şəkildə davam etdirilir.
Tərtərin Xoruzlu kəndində 432 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb
Bütövlükdə, ölkə üzrə yeni təhsil ocaqlarının tikintisi ilə bağlı statistika kifayət qədər zəngindir. Yeni məktəblərdən biri də Tərtərin Xoruzlu kəndində inşa olunur. Hazırda kənddəki 432 şagird yerlik məktəb binasının tikintisi uğurla davam etdirilir. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən, aparılır. Tikintidə sahə rəisi Nizami Həsənov bildirib ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. Binanın ümumi tikinti sahəsi 2374 kvadratmetrdir.
Hazırda binanın bütün korpuslarında beton və hörgü işləri görülür, su anbarlarının və hasarların tikintisi həyata keçirilir. Binanın inşasının bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Xoruzlu kənd tam orta məktəbinin direktoru Elşən Səfərovun məlumatına əsasən, 1976-cı ildə inşa edilmiş binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsil prosesini davam etdirirdi. “Məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bunun üçün dövlətimizin başçısına müəllim və şagirdlər adından minnətdarlığımı bildirirəm. Biz müəllimlər yeni tikilmiş məktəb binasında tədrisin daha keyfiyyətli olmasına çalışacağıq”, - deyə E.Səfərov bildirib.
Qubanın Digah kəndində inşa olunan yeni məktəb binası növbəti tədris ilinə kimi istifadəyə veriləcək
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq Dövlət Proqramı çərçivəsində müasir təhsil infrastrukturunun yaradılması ölkənin bütün bölgələrini əhatə edir. Bu baxımdan Quba rayonu da istisna deyil. Hazırda Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Digah kəndində tikilən 360 şagird yerlik, üçmərtəbəli məktəb binası növbəti tədris ilinə kimi istifadəyə veriləcək.
Digah kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə aprel ayından başlanılıb. Hazırda binanın bünövrəsi və köməkçi tikililər inşa olunur. Məktəbin direktoru Mənsur Hacıyev bildirib ki, Digah kəndindəki məktəbin köhnə binası 98 il öncə istifadəyə verilib. Yaşı bir əsrə bərabər olan binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Məhz buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur.
İş icraçısı Nəsrulla Qasımov bildirib ki, binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Bərdənin Qaradəmirçi kəndində yeni məktəb binasının inşası tamamlanmaq üzrədir
Regionlarda yeni məktəb binasının tikintisinin aparıldığı ünvanlardan biri də Bərdənin Qaradəmirçi kəndidir. Hazırda Qaradəmirçi kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik yeni binada son tamamlama işləri aparılır. Sahə rəisi Həsənəli Əfəndiyev bildirib ki, məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib. Üç mərtəbədən ibarət məktəb binasının ümumi tikinti sahəsi 2700 kvadratmetrdir. Məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və havalandırma sistemləri ilə təmin edilib.
Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikilib. Hazırda idman meydançası hazırlanır. Məktəbin həyətində abadlıq və yaşıllıq işləri həyata keçiriləcək. İşlərin iyun ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Kənd tam orta məktəbinin müəllimi Nizami Hüseynov bildirib ki, 1986-cı ildə inşa edilmiş binada 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər məskunlaşdığından 25 ilə yaxın dövrdə təhsil ocağı uyğunlaşdırılmış siniflərdə fəaliyyət göstərib. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi təhsil prosesini davam etdirib. Çətinliklərə baxmayaraq, məktəbin uğurları çox olub.
“Artıq məktəbimiz üçün yeni binanın inşası yekunlaşır. Məktəb üçün yeni binanın tikilməsi bizi daha da ruhlandıracaq və təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Yeni tədris ilində yeni məktəb binasında yeni arzularla və yüksək əhval-ruhiyyə ilə dərsə başlayacağıq”, - deyə N.Hüseynov bildirib.
Ölkə ərazisində yeni məktəblərin inşası perspektivdə də davam etdiriləcək
Ölkə ərazisində təhsil infrastrukturunun yenilənməsi davamlı səciyyə daşıyır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq respublikamızın bölgələrində yeni məktəb binalarının inşası perspektivdə də davam etdiriləcək. Dövlət başçısının imzaldığı “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” müvafiq Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Prezident İlham Əliyev, həmçinin “Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
İşğaldan azad olunmuş ərazilərdə ilk məktəb binasının inşasına start verilib
Azərbaycanın müzəffər Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir. Güclü dövlət olan Azərbaycan bu vəzifənin də öhdəsindən layiqincə gəlmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və zəruri infrastrukturun qurulması ilə bağlı işlərə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərdə bərpa proqramı çərçivəsində sosial təyinatlı infrastrukturun, o cümlədən də yeni məktəblərin inşası da qarşıda duran vəzifələr sırasında yer alır. Mayın 28-də Prezident İlham Əliyevin Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyulub. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verib. Bildirib ki, məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılıb. İkimərtəbəli bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaq. Emin Hüseynovun məlumatına əsasən, məktəb 960 şagird üçün nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərdə başqa bir məktəb də Şuşada inşa olunacaq. Prezident İlham Əliyev 8 may 2021-ci il tarixində “Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30