Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında taxıl biçini uğurla davam edir

Azərbaycanın regionlarında taxıl biçini uğurla davam edir

09.06.2021 [09:02]

Bu il bölgələrdə taxıl sahələrindən bol məhsul toplanacağı gözlənilir
Azərbaycanda taxıl biçini mövsümünə start verilib. Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, iyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb: “Ümumilikdə, 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Bu göstərici arpa biçininin nəticələrinə əsasən formalaşıb. Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə, iyunun 8-dək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov isə jurnalistlərə müsahibəsində qeyd edib ki, biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb. Biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb, rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib.
O bildirib ki, biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir. Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya edilir: “Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya etmişik. Bu günədək “Aqroservis”in kombaynları ilə 54104,7 hektar sahə biçilib. Bu, ümumi biçilmiş sahələrin təxminən 48 faizini təşkil edir”.
Qeyd olunduğu kimi, hazırda bölgələrdə taxıl biçini uğurla davam edir. Belə ki, Salyanda fərdi fermer təsərrüfatlarında arpa biçini həyata keçirilir. Ötən ilin payızında rayonda 16 min 860 hektar sahədə taxıl əkilib. Bunun 11 min 152 hektarı arpa, 5 min 708 hektarı isə buğdadır. Ötən il hər hektar taxıl sahəsindən 39,6 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə də sahələrdə bol məhsul yetişib.
İndi əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Bu məqsədlə sahələrə 36 kombayn çıxarılıb, 40 küləş bağlayan pres, məhsulun daşınması üçün 80 maşın və mexanizm sahibkarların istifadəsinə verilib. İşin yaxşı təşkili nəticəsində gün ərzində 440-450 hektar sahədə biçin aparılır və hər hektardan təxminən 34,1 sentner məhsul yığılır.
Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda taxılçılığın inkişafına təkan verib. İndi yüzlərlə fermer taxıl əkini ilə məşğul olur və yaxşı qazanc əldə etdiklərindən əkin sahələrini hər il genişləndirirlər. Rayonun Qızılağac kənd sakini Arif Cəlilov da uzun illərdir taxılçılıqla məşğuldur və hər il yüksək nəticə əldə edir. “Ötən il becərdiyim taxıl sahəsinin hər hektarından 42 sentner məhsul götürmüşəm. Cari ildə 200 hektar sahədə taxıl becərmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən bu il də məhsulum boldur. Bu günə kimi biçin apardığım 8 hektar sahənin hər hektarından 42 sentner məhsul götürmüşəm”, - deyə fermer bildirib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayonda operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur. Onu da qeyd edək ki, məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Şəki rayonunda da arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə, Böyük Dəhnə, Şəkikənd, Çayqaraqoyunlu və Suçma kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 560 hektar sahədən arpa biçilib, 1232 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil edir. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Sektor müdiri bildirib ki, cari mövsümdə rayonda 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 136 ədəd taxılbiçən kombayn, 96 ədəd küləşpresləyən aqreqat, 257 ədəd şum traktoru, 360-dək yük maşını, traktor, qoşqu və digər texnikalar cəlb olunacaq. Buğda biçininə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur. Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 66 min 48 hektar taxıl sahəsindən 199 min 915 ton məhsul yığıblar. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.
Eyni zamanda, Ağsu rayonunda da taxıl biçininə mütəşəkkil başlanılıb. Ağsu Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari mövsümdə 35 min 161 hektarda taxıl yetişdirilib. Zəmilərin 17 min 835 hektarı buğda, 17 min 326 hektarı arpadır. İlkin olaraq bölgənin cənub ərazilərində arpa biçilir və bu mühüm kampaniyaya hüquqi və fiziki şəxslərə məxsus 49 kombayn cəlb olunub. Kəndoba, Çaparlı, Gəgəli, Xəlilli və bir sıra digər ərazi nümayəndəliklərində biçin daha mütəşəkkil aparılır. Ümumiyyətlə, mütəxəssislər cari mövsümdə rayonda 120 min tonadək taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.
Zərdab rayonunun taxılçıları da biçin kampaniyasına mütəşəkkil hazırlıqla başlayıblar və ilk günlərdən zəmilərə 26 kombayn çıxarılıb. Zərdab Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ilin məhsulu üçün 18 min 501 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 13,7 min hektarı buğda, 5 min 494 hektarı isə arpadır.
Sahələrdə ilkin olaraq daha tezyetişən arpa biçilir. Hələlik hər hektardan orta məhsuldarlıq 30,8 sentnerdir. Bu, ötənilki göstəricidən 1 sentner çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Şahhüseyinli, Bıçaqçı, Məlikumudlu və digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlıq əldə olunur. Taxılçılıqla məşğul olan fermerlər, eləcə də fiziki şəxslər biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.
Neftçalada da bir neçə gündür ki, kütləvi arpa biçininə başlanılıb. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına lazımi köməklik göstərmək məqsədilə rayonda bütün zəruri işlər vaxtında görülüb. Neftçala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 40 min 450 hektar sahədə taxıl əkilib. Bunun da 34 min 470 hektarı arpa, 5 min 980 hektarı isə buğda sahəsidir. Ötən il taxıl sahələrindən 123 min 661 ton məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib, necə deyələr, əkinçilərin zəhməti hədər getməyib.
Biçinə ilk olaraq rayonun Xəzərkənd, Sarıqamış və Xolqaraqaşlı kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar. Hazırda sahələrdə 127 kombayn işləyir. Məhsulun daşınması üçün 200-dək maşın-mexanizm sahibkarların ixtiyarına verilib. Biçin zamanı bütün işlər paralel aparılır. Yığılmış məhsul xırmanlara daşınaraq təmizlənir, sonra anbarlara aparılır. Həmçinin biçilmiş sahələrin küləşi preslənərək götürülür, sonra isə şumlanır.
Təcrübəli taxılçı Mürsəl Qafarov uzun illərdir, taxıl əkib-becərir və hər il də yüksək məhsuldarlığa nail olur. “Ötən il əkdiyim 16 hektar taxıl sahəsinin hər hektarından 40 sentner məhsul götürdüm. Bu il isə 25 hektar sahədə taxıl becərmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən bol məhsul yetişib. Hər il olduğu kimi, bu il də biçinə birinci başlayanlar arasındayam. Qısa vaxtda xeyli sahədə biçin aparmışıq, hər hektardan orta hesabla 42 sentnerdən çox məhsul əldə olunub. Bu da ötən ildəkindən 2 sentner çoxdur. Yaxın günlərdə biçini yekunlaşdıracağam”, - deyə fermer bildirib.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayonda operativ qərargah yaradılıb. Xidmət təşkilatlarının, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30