Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır

Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır

30.07.2021 [08:44]

Vüqar Kərimov: Azərbaycanda idman sahəsində həyata keçirilən tədbirlər sağlam gənc nəslin yetişməsində önəmli rol oynayır
Məlum olduğu kimi, müstəqillik əldə etdikdən, daha doğrusu 1993-cü ilin iyunundan sonra Azərbaycanda gənc nəslin inkişafı, o cümlədən fiziki və mənəvi sağlamlığı həmişə dövlətin diqqət mərkəzində olub. Məhz bu kontekstdə ötən illər ərzində çeşidli qərarlar qəbul edilib, müvafiq Dövlət proqramları əsasında genişmiqyaslı işlər görülüb. Heç şübhəsiz ki, yetişməkdə olan gənc nəslin fiziki və mənəvi tərbiyəsi istiqamətində görülən işlər idman sahəsini də əhatə edib. Bu məqamda, vurğulayaq ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Onu da qeyd edək ki, ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi, həmçinin əldə edilən uğurlar sayəsində Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu istiqamətdə hazırda da davamlı addımlar atılır. Həmçinin gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında yeni-yeni idman-sağlamlıq müəssisələri və obyektləri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Əksər ekspertlərin vurğuladıqları kimi, məhz Azərbaycanın gələcəyi olan uşaq və gənclərə yaradılan şəraitin nəticəsidir ki, son illərdə ölkəmizdə idmanın bütün növlərinə maraq daha da artıb.
Öz növbəsində, məsələyə münasibət bildirən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Kata üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimov da bildirib ki, Azərbaycanda idman sahəsinə dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən bu diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi idmançılarımızın, habelə məşqçilərin daha həvəslə çalışmasına stimul verir. Bəlli olduğu kimi, Bakı şəhəri ilə yanaşı, regionlarda da idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə yanaşı, müxtəlif idman növləri üzrə federasiyalar, cəmiyyətlər və klublar ölkəmizdə idmanın kütləviliyini təmin etmək yönündə ardıcıl fəaliyyət göstərirlər. Bu addımların nəticəsidir ki, idmançılarımız ən mötəbər yarışlarda böyük nailiyyətlər qazanır, Azərbaycan nüfuzlu beynəlxalq turnirlərə uğurla ev sahibliyi edir. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə qısa müddət ərzində güclü idman infrastrukturu yaradılıb, hətta regionlarda da yüksəksəviyyəli idman kompleksləri fəaliyyət göstərir. 22 iyulda Prezident İlham Əliyevin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin açılması da bu yöndə atılan növbəti addımlardandır”.
Həm də “Arpaçay” karate klubunun baş katibi olan, IV dan qara kəmər sahibi V.Kərimov qəzetimizə açıqlamasında əlavə edib ki, Azərbaycanda idman sahəsində həyata keçirilən tədbirlər sağlam gənc nəslin yetişməsində mühüm rol oynayır: “İdmana göstərilən diqqət və qayğının nəticəsi olaraq biz də fəaliyyətimizi genişləndirir, uşaq və gənclərin idmana marağının artırılması, habelə karateçilərin yarışlara hazırlanması üçün əlimizdən gələni əsirgəmirik. Ümumiyyətlə, məşqçilərin əsas hədəfi gələcəyimiz olan uşaq və gənclərin düzgün həyat tərzi keçirmələrinə və sağlam böyümələrinə töhfə verməkdir”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, karate idman növü insanı fiziki baxımdan güclü etməklə yanaşı, mənəvi tərbiyəsində də mühüm rol oynayır. Bu baxımdan, karateçilərin üzərinə daha böyük məsuliyyət düşür. Açıqlamasında bu məqama da toxunan V.Kərimov “Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə dünya arenasında ölkəmizi uğurla təmsil edən gənclərin hazırlanması, özüm də daxil olmaqla karate növü üzrə beynəlxalq hakimlərin yetişməsi üçün mühüm addımlar atılır. Bu prosesdə fəallıq göstərməklə, karate idman növünə marağı təşviq etməklə biz də gənc nəslin fiziki və mənəvi tərbiyəsi yönündə dövlətimizin yürütdüyü siyasətə dəstək veririk”, - deyib.
V.Kərimov onu da bildirib ki, ötən il pandemiya səbəbindən bir çox ölkədaxili və beynəlxalq yarışlar təxirə salınsa da, hakimlər, məşqçilər və idmançılar həvəsdən düşməyiblər: “Ötən aydan idman zallarının açılması həm idmançıları, həm də gənc nəslin fiziki tərbiyəsini qarşısına əsas məqsəd qoyan peşəkar məşqçiləri sevindirir. AMKF-nin Kata üzrə yeniyetmə və gənclərdən ibarət (14-15 və 16-17 yaş) yığma komandasının baş məşqçisi kimi mən də idmançıların yarışlara hazırlanması üçün səylə çalışıram. Artıq AMKF-nin xətti ilə yığma komandaya daxil olan karateçilərimiz bir neçə beynəlxalq yarışda iştirak ediblər. İyulun əvvəlində Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gənclər Liqası üzrə keçirilən yarışda ölkəmizi təmsil edən 10-a yaxın karateçimiz uğur qazanıb, həmçinin “Arpaçay” karate klubunun üzvləri Rumil Cəfərli (I yer) və Salman Əlirzayev (II yer) Azərbaycana medalla qayıdıblar. Qarşıda isə həm ölkədaxili yarışlar, həm karate üzrə respublika çempionatı, həm də bir neçə beynəlxalq yarış bizi gözləyir. Həmin yarışlarda karateçilərimiz həm kata, həm də kumite üzrə güclərini sınamaq şansı əldə edəcəklər. Onu da xatırladım ki, Azərbaycanın karate üzrə milli yığma komandalarında şəxsi məşqçisi olduğum xeyli yetirməm var. Son illərdə kumite üzrə Hümmət və Ramil Baxşəliyevlər, kata üzrə Roman Heydərov və Ceyhun İsmayılov beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər”.
Yeniyetmə idmançıların dünya və Avropa çempionatlarına, habelə olimpiya oyunlarına hazırlanmasından da danışan V.Kərimov deyib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına karate idman növünün rəsmi olaraq olimpiya növü kimi daxil edilməsi Azərbaycanda karateyə olan marağın daha da artmasına səbəb olub: “Yeri gəlmişkən, pandemiya səbəbindən 23 iyul-8 avqust 2021-ci il tarixlərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 44 idmançı ilə təmsil olunur. 44 idmançıdan 3 nəfərinin (Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska) karateçi olması da Milli Karate Federasiyasının uğurlarındandır. Ümid edirəm ki, əldə edilən nailiyyətlər Azərbaycanda uşaq və gənclərin idmana marağını daha da artıracaq”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30