Qalib Azərbaycanın yeni mərhələsi: VIII Qurultayın müəyyənləşdirdiyi strateji hədəflər
07.10.2026 [12:25]
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri
Tarixdə elə mərhələlər olur ki, onların əhəmiyyəti yalnız baş vermiş hadisələrin miqyası ilə deyil, həmin hadisələrin gələcək üçün yaratdığı siyasi reallıqla ölçülür. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da məhz belə bir tarixi mərhələyə təsadüf etdi. İlk dəfə olaraq partiyanın ali toplantısı Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi, üç onillik ərzində dövlətin və xalqın qarşısında dayanan ən böyük milli vəzifənin həll olunduğu bir şəraitdə keçirildi.
Bu mənada VIII Qurultay yalnız ötən dövrün nəticələrinin qiymətləndirildiyi siyasi hadisə deyil. O, qalib Azərbaycanın yeni mərhələdə hansı prinsiplərlə irəliləyəcəyini, dəyişən dünyanın yaratdığı çağırışlara hansı siyasi fəlsəfə ilə cavab verəcəyini və qarşıdakı illərin əsas hədəflərini müəyyənləşdirən mühüm platformadır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında bir tərəfdən müstəqillik tariximizin mürəkkəb və sınaqlarla zəngin mərhələləri ümumiləşdirildi, digər tərəfdən isə artıq tam suveren, qalib və öz taleyinə özü sahib olan Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri ortaya qoyuldu.
Prezident İlham Əliyevin 8 Noyabr və 20 Sentyabr tarixlərini xüsusi vurğulaması da bu tarixi ardıcıllığın ifadəsidir. 8 Noyabr 2020-ci il Azərbaycan xalqının otuz ilə yaxın davam edən işğalla barışmadığını, öz haqqını və tarixi ədaləti bərpa etmək iradəsini bütün dünyaya nümayiş etdirdiyi gündür. 20 Sentyabr 2023-cü il isə dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində tam təmin olunması ilə həmin tarixi prosesin məntiqi yekununa çevrildi.
Bu iki tarix yalnız hərbi qələbənin rəmzi deyil. Onların arxasında illərlə aparılmış dövlət quruculuğu, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü Ordunun yaradılması, diplomatik imkanların genişləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və ən başlıcası, siyasi iradə dayanır. Azərbaycan özünün ən böyük milli problemini kənardan verilmiş hazır həll yolu ilə deyil, öz gücü və imkanları hesabına həll etdi.
Məhz buna görə qazanılmış Zəfərin miqyası döyüş meydanının sərhədlərini çoxdan aşıb. Azərbaycan uzun illər ərzində dəyişməz hesab edilən status-kvonu aradan qaldırdı, regionda yeni siyasi reallıq yaratdı və beynəlxalq münasibətlər tarixində milli iradənin nə qədər böyük gücə çevrilə biləcəyini göstərdi.
44 günlük Vətən müharibəsinin gedişində müxtəlif güc mərkəzlərindən edilən təzyiqlər, açıq və qapalı formada səsləndirilən hədələr, uzun illər münaqişənin həllini uzadan uğursuz vasitəçilik mexanizmləri Azərbaycanı öz yolundan döndərə bilmədi. Çünki dövlətin mövqeyi xalqın iradəsi ilə üst-üstə düşürdü. Bu birlik Azərbaycanın ən böyük siyasi və mənəvi güc mənbəyinə çevrildi.
Müharibənin başa çatması ilə mübarizənin bitmədiyini sonrakı üç il də aydın göstərdi. Azərbaycan diplomatik və siyasi müstəvidə ardıcıl fəaliyyət göstərərək döyüş meydanında yaratdığı reallığı beynəlxalq müstəvidə möhkəmləndirdi. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, 2023-cü ilin sentyabrında separatizmin aradan qaldırılması və dövlət suverenliyinin tam təmin edilməsi bu siyasətin məntiqi nəticəsi oldu.
Bu gün Cənubi Qafqaz artıq əvvəlki Cənubi Qafqaz deyil. Azərbaycanla Ermənistan arasında silahlı qarşıdurma yoxdur, sərhəddə sakitlik hökm sürür, sülh sazişinin mətni paraflanıb, siyasi təmaslar formalaşıb və iki ölkə arasında uzun illər təsəvvür edilməyən iqtisadi münasibətlərin ilkin elementləri meydana çıxıb.
Azərbaycanın sülh gündəliyinin əsas xüsusiyyəti isə onun gücdən doğan sülh olmasıdır. Dövlət başçısının Qurultaydakı çıxışında səslənən mühüm mesajlardan biri də məhz bundan ibarət idi: sülh istəyi heç vaxt ayıqlığın itirilməsi demək olmamalıdır. Tarix unudulduğu zaman onun təkrarlanmaq təhlükəsi yaranır. Ona görə də Azərbaycan daim güclü olmalı, milli təhlükəsizliyini heç bir halda kənar təminatların ümidinə buraxmamalıdır.
VIII Qurultayın siyasi mənasını tam dərk etmək üçün Yeni Azərbaycan Partiyasının yaranma şəraitinə nəzər salmaq kifayətdir. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis konfransı sadəcə yeni siyasi təşkilatın meydana çıxması deyildi. Bu hadisə Azərbaycan cəmiyyətinin dövlətin taleyi ilə bağlı narahatlığının, sabitlik, milli birlik və güclü liderlik istəyinin siyasi ifadəsi idi.
Həmin dövrdə Azərbaycan müstəqilliyini yenicə bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Torpaqlarımız işğal edilir, dövlət idarəçiliyi iflic vəziyyətinə düşür, siyasi qarşıdurmalar dərinləşir, iqtisadiyyat çökmə həddinə çatırdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı yaranmış vəziyyətin nə qədər təhlükəli olduğunu göstərirdi.
Belə bir zamanda xalqın böyük əksəriyyətinin ümid yeri Heydər Əliyev idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı müasir dövlətçilik tariximizin taleyüklü dönüş nöqtəsinə çevrildi.
O dövrdə inflyasiyanın 1000 faizi keçməsi, xəzinənin boşalması, təxminən səkkiz milyonluq əhalinin bir milyonunun qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, vətəndaş qarşıdurması və separatçılıq meyilləri müstəqil dövlətimizin hansı uçurumun kənarında dayandığını göstərirdi. Azərbaycan məhz Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik təcrübəsi sayəsində bu təhlükələrdən xilas oldu.
Siyasi sabitliyin bərpası ilə yanaşı, gələcək inkişafın iqtisadi əsasları yaradıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana böyük xarici sərmayə axını başladı, ölkəmiz beynəlxalq təcriddən çıxaraq dünya birliyinin fəal üzvünə çevrildi, dövlət institutları möhkəmləndirildi və müstəqil dövlətin uzunmüddətli inkişaf strategiyası formalaşdırıldı.
Bu strategiyanın ana xətti dəyişməz qaldı: siyasi müstəqillik, iqtisadi müstəqillik, güclü hərbi potensial, milli maraqların üstünlüyü və ilk növbədə öz imkanlarına arxalanmaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər həmin siyasi kursun zamanın çağırışlarına uyğun şəkildə davamı və nəticələrinin təntənəsi oldu. 2003-cü ildə qarşıya qoyulan əsas milli hədəf - Azərbaycanın ərazi bütövlüyünün bərpası - artıq tarixi reallıqdır. Bu baxımdan VIII Qurultay həm də Heydər Əliyev siyasi kursunun tarixi nəticələrinin qiymətləndirilməsi baxımından mühüm hadisədir.
Ancaq dünya yerində dayanmır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda beynəlxalq sistem özü dərin böhran mərhələsinə daxil olub. Şimalda, Cənubda, Yaxın Şərqdə müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır, beynəlxalq hüququn ənənəvi mexanizmləri əvvəlki təsir imkanlarını itirir.
Belə bir dünyada təhlükəsizlik anlayışı daha geniş məzmun qazanır.
Məhz buna görə Prezident İlham Əliyevin qarşıdakı dövrün əsas vəzifələrindən biri kimi hərbi gücün daha da artırılmasını göstərməsi mövcud geosiyasi mənzərənin düzgün qiymətləndirilməsinə əsaslanır. Azərbaycan müharibə aparmaq üçün deyil, müharibəni öz sərhədlərindən uzaq tutmaq üçün güclü olmalıdır. Elə bir güc formalaşdırılmalıdır ki, dövlətimizə qarşı hər hansı təxribat planının özü perspektivsiz görünsün.
Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik istiqamətinə təxminən 9 milyard manat vəsaitin nəzərdə tutulması bu siyasətin praktiki ifadəsidir. Azərbaycan eyni zamanda Qarabağı və Şərqi Zəngəzuru qurur, böyük sosial layihələr həyata keçirir, vətəndaşların rifahının yaxşılaşdırılması üçün ardıcıl addımlar atır. Lakin dövlətin təhlükəsizliyi təmin edilməsə, digər sahələrdə qazanılmış nailiyyətlərin uzunömürlülüyünə də təminat ola bilməz.
Yeni dövrün mühüm xüsusiyyəti ondan ibarətdir ki, təhlükələr artıq yalnız fiziki sərhədlərdən gəlmir. Müasir texnologiyalar, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt informasiyanı həm inkişaf, həm də təsir vasitəsinə çevirib.
Bu səbəbdən Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər əhəmiyyətli məsələ kimi müəyyənləşdirməsi xüsusi diqqət çəkir.
Dövlət sərhədini müasir texnologiyalarla qorumaq mümkündür. İnformasiya sərhədləri isə daha mürəkkəbdir. Dezinformasiya, manipulyasiya və məqsədli ideoloji təsir coğrafi sərhəd tanımır. Xüsusilə gənc nəslin informasiya mühitində qarşılaşdığı təsirlərin miqyası ideoloji işin mahiyyətcə yenilənməsini zəruri edir.
Bu mübarizədə ən güclü müdafiə vasitəsi savadlı, düşünən, öz tarixini bilən və milli kimliyinə bağlı vətəndaşdır. Təhsil insanı yalanla həqiqəti ayırmağa, vətənpərvərlik isə milli maraqlara yönəlmiş təhdidləri düzgün qiymətləndirməyə imkan verir.
Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələrdən biri də məhz burada meydana çıxır. Müasir ideoloji iş yalnız tədbirlərin sayı ilə ölçülə bilməz. Bu fəaliyyət cəmiyyətin real suallarına cavab verməli, gənclərlə yeni ünsiyyət dili yaratmalı, rəqəmsal məkanın imkanlarından çevik istifadə etməli və Azərbaycanın keçdiyi yolun həqiqətlərini insanlara inandırıcı şəkildə çatdırmalıdır.
Partiyanın geniş təşkilati strukturu və yüz minlərlə üzvü bu baxımdan böyük ictimai potensialdır. Prezident İlham Əliyevin Qurultayda verdiyi mesaj ideoloji işi şablondan uzaqlaşdırmaq, onu zamanın tələblərinə uyğun daha yaradıcı və təsirli səviyyəyə qaldırmaq çağırışıdır.
Azərbaycanın bugünkü gücünün mühüm göstəricilərindən biri onun xarici siyasətdə qazandığı müstəqil mövqedir. Dünyanın yeni qütbləşmə mərhələsinə daxil olduğu bir vaxtda Azərbaycan hər hansı düşərgənin əlavəsinə çevrilmir, milli maraqlarına əsaslanan çoxşaxəli və fəal siyasət yürüdür.
Bu siyasətin nəticələri göz önündədir. Azərbaycan ötən ilin noyabrında Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edildi. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın belə bir formata qoşulması ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin hansı səviyyəyə çatdığını göstərir.
Otuz il ərzində üzv sayı dəyişməyən D-8 təşkilatının ilk yeni üzvünün məhz Azərbaycan olması da ölkəmizin artan beynəlxalq çəkisinin göstəricisidir. İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Qoşulmama Hərəkatına dörd il uğurla rəhbərlik edən Azərbaycan bu gün qlobal Cənubun və İslam dünyasının dialoq platformalarında xüsusi mövqeyə malikdir.
Azərbaycanın Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq formatının mövcudluğu, Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması və ABŞ ilə Strateji Xartiyanın imzalanması xarici siyasətimizin coğrafiyasını və siyasi çəkisini aydın şəkildə göstərir.
Fərqli maraqlara və bəzən bir-biri ilə rəqabətə malik böyük güclərin Azərbaycanla strateji münasibətlər qurması təsadüfi deyil. Bu, ilk növbədə, dövlətimizin yürütdüyü müstəqil, ardıcıl və etibarlı siyasətə olan münasibətin ifadəsidir. Azərbaycan tərəfdaşları ilə münasibətlərdə verdiyi sözə sadiq qalır və milli maraqları ilə ziddiyyət təşkil edən heç bir siyasi oyunun iştirakçısına çevrilmir.
Dövlət başçısının Qurultayda vurğuladığı mühüm məqamlardan biri də siyasətdə emosiyalara deyil, strateji düşüncəyə üstünlük verilməsi idi. Qələbədən sonra lazım olan anda dayanmaq, hərbi üstünlüyü sonsuz qarşıdurmaya deyil, davamlı sülhə çevirmək siyasi müdrikliyin göstəricisidir. Azərbaycanın məqsədi əbədi müharibə deyil, təhlükəsiz və güclü dövlətin mövcudluğunu təmin edən ədalətli sülhdür.
Müstəqil xarici siyasətin möhkəm dayağı isə iqtisadi müstəqillikdir. Maliyyə imkanları zəif, xarici borcdan və kənar yardımlardan kritik dərəcədə asılı olan dövlətin tam müstəqil qərarlar qəbul etməsi son dərəcə çətindir.
Azərbaycan bu baxımdan da fərqli mənzərə nümayiş etdirir.
Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil edir. Valyuta ehtiyatları isə artıq 90 milyard dollara çataraq xarici borcu təxminən 20 dəfə üstələyir. Bu göstəricilər sadəcə iqtisadi statistika deyil, siyasi müstəqilliyin maliyyə təminatıdır.
Eyni zamanda yeni investisiyaların cəlb olunması gələcək iqtisadi artımın mühüm şərtidir. Son iki ildə keçirilmiş Beynəlxalq İnvestisiya Forumlarında imzalanmış müqavilələrin ümumi dəyərinin 20 milyard dolları ötməsi, sonuncu forumda idarəetməsində 30 trilyon dollardan artıq aktiv olan aparıcı beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı Azərbaycanın iqtisadi perspektivlərinə olan inamın göstəricisidir.
İqtisadi imkanların genişlənməsinin əsas məqsədi isə insan rifahıdır. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması istiqamətində verilən qərarlar dövlət siyasətinin sosial mahiyyətinin növbəti ifadəsidir. Dayanıqlı sosial siyasət yalnız güclü və real iqtisadi baza üzərində qurula bilər.
Azərbaycanın enerji və nəqliyyat imkanları da qarşıdakı mərhələdə ölkənin geoiqtisadi çəkisini artıran əsas amillər sırasında olacaq. Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin ixracı ölkəmizi enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirib.
Neft məhsulları üzrə ümumi potensialın 30 milyon ton təşkil etməsi, bunun 7 milyon tonunun ölkə daxilində, 23 milyon tonunun isə xaricdəki istehsal aktivlərimizin payına düşməsi Azərbaycanın enerji strategiyasının artıq milli sərhədləri çoxdan aşdığını göstərir. Yeni neft və qaz müqavilələri mövcud hasilatın yalnız sabitləşdirilməsinə deyil, gələcəkdə artırılmasına da imkan yaradır.
Nəqliyyat sahəsində qarşıya qoyulmuş hədəflər də eyni dərəcədə iddialıdır. Bu il tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir, orta müddətli perspektivdə isə hədəf bu rəqəmi 30 milyon tona yüksəltməkdir. Orta Dəhliz, Şimal-Cənub marşrutu və Azərbaycanın yaratdığı müasir logistika infrastrukturu ölkəmizi Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevirir.
Bütün bunlarla yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük və mənəvi baxımdan ən dəyərli layihə işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləridir.
Böyük Qayıdış artıq arzu və konsepsiya deyil, gündəlik həyat reallığıdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, işləyir və təhsil alır. Bu regionların bərpasına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.
Bu rəqəmlərin hər birinin arxasında insan taleyi, doğma yurda qayıdış sevinci və böyük quruculuq dayanır. Bir zamanlar xarabalığa çevrilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən qurulur, yollar, tunellər, körpülər, məktəblər, xəstəxanalar, enerji infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən müasir inkişaf məkanlarından birinə çevrilir.
Böyük Qayıdışın mahiyyəti yalnız insanların ata-baba yurdlarına köçürülməsi ilə məhdudlaşmır. Bu proqram Zəfərin quruculuq mərhələsidir. Azərbaycan döyüş meydanında azad etdiyi torpaqlarda indi həyat, iqtisadiyyat və gələcək qurur. Tarixi ədalətin ən gözəl mənzərəsi də məhz budur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əsas siyasi mesajı əldə olunan nailiyyətlərlə kifayətlənməməkdir. Çünki tarixi qələbələri əbədi edən yalnız onların qazanılması deyil, sonrakı nəsillərə hansı dövlətin miras qoyulmasıdır.
Bu gün Azərbaycanın qarşısında artıq qalib dövlətin hədəfləri dayanır.
Hərbi və milli təhlükəsizliyin daim gücləndirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun tam dirçəldilməsi, fəal və müstəqil xarici siyasətin davam etdirilməsi, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin qorunması həmin hədəflərin əsas istiqamətləridir.
Yeni mərhələ Yeni Azərbaycan Partiyasının üzvlərinin qarşısında da daha böyük məsuliyyət qoyur. Partiyanın gücü yalnız onun üzvlərinin sayı ilə deyil, cəmiyyətlə əlaqəsinin canlılığı, zamanın çağırışlarını düzgün qiymətləndirmək qabiliyyəti, milli maraqların müdafiəsində nümayiş etdirdiyi prinsipiallıq və dövlət siyasətinin mahiyyətini insanlara çatdırmaq bacarığı ilə ölçülməlidir.
Bu baxımdan Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı yalnız görülmüş işlərin yekunu deyil, həm də qarşıdakı dövr üçün fəaliyyət proqramıdır.
Otuz ildən artıq bir müddətdə Azərbaycan böyük və mürəkkəb yol keçib: parçalanmaq təhlükəsi qarşısında olan dövlətdən regionun aparıcı siyasi, iqtisadi və hərbi gücünə, torpaqları işğal edilmiş ölkədən ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etmiş qalib dövlətə çevrilib.
Bu tarixi yolun əsas dərsi aydındır: milli iradə, güclü dövlətçilik, siyasi müstəqillik və öz gücünə inam birləşəndə mümkünsüz görünən hədəflər reallığa çevrilir.
Dünən Azərbaycanın əsas hədəfi torpaqlarını işğaldan azad etmək və suverenliyini tam bərpa etmək idi. Bu tarixi missiya yerinə yetirildi.
Bu gün isə qarşıda daha böyük və uzunmüddətli vəzifə dayanır: qazanılmış Zəfəri təhlükəsiz gələcəyə, iqtisadi qüdrətə, sosial rifaha və gələcək nəsillərə ötürüləcək güclü dövlətçilik irsinə çevirmək.
VIII Qurultay məhz bu yeni mərhələnin siyasi yol xəritəsini müəyyənləşdirdi.
Azərbaycan öz tarixinin qalib səhifəsini yazıb. İndi isə həmin Zəfərin üzərində daha qüdrətli gələcəyini qurur.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58

