Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / “Biz postmüharibə dövründə də fəal olmalıyıq”

“Biz postmüharibə dövründə də fəal olmalıyıq”

20.08.2021 [10:11]

Zəminə Mirhadıyeva: Şuşaya səfər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addım kimi mühüm əhəmiyyət kəsb edir

Ötən il baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşməni darmadağın edərək, tarixi Qələbə qazandı. Məhz bu qələbə nəticəsində 30 illik işğala son qoyuldu. Bu savaş digər baxımdan da, tarixə düşdü. Belə ki, Vətən müharibəsi günlərində bütün dünya azərbaycanlıların birlik və bərabərliyinin şahidi oldu.

Beləliklə, artıq yeni dönəm başlayıb və bu dönəmdə bütün azərbaycanlıların, o cümlədən diaspor təmsilçilərimizin üzərinə mühüm vəzifələr düşür. Elə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həm ötən ay, həm də bu ay Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfərinin təşkil olunmasında da məqsəd həm onları işğaldan azad olunan bu tarixi diyara qovuşdurmaq, həm də yeni dövrün tələbləri çərçivəsində fəaliyyət istiqamətlərini müəyyən etmək idi. Xatırladaq ki, ötən ay “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edib. Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Onlardan biri də Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva olub.

Qəzetimizə açıqlamasında həmin səfər barədə təəssüratlarını bölüşən Zəminə xanım öncə “Mənim atam şuşalıdır, yəni Şuşa ata yurdumdur. Düşmən işğalından azad olunmuş Şuşaya ayaq basdığım o anları, həmin vaxt keçirdiyim hissləri dilə gətirmək çox çətindir” deyib.

Z.Mirhadıyeva bildirib ki, 30 il davam edən işğal illərində və 44 günlük müharibə dövründə Ermənistan ölkəmizə, xalqımıza qarşı çoxsaylı müharibə cinayətləri törədib: “Heç şübhəsiz bu cinayətlər arasında Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 366-cı motoatıcı alayın dəstəyi ilə törətdikləri qətliam xüsusi qəddarlığı ilə fərqlənir. Mən sizə bu faciə ilə bağlı ermənilərin bir mənfur hərəkəti haqqında da danışmaq istəyirəm. Mən 20 ildir ABŞ-da yaşayıram. İlk dəfə 2000-ci ildə ABŞ-a gedəndə gördüm ki, Azərbaycan əleyhinə yazılar dərc edən qəzetlər çoxdu. Hətta rus dilində dərc olunanlar da vardı. Baxmayaraq ki, bizim 20 faiz torpaqlarımız işğal altında idi, ermənilər başımıza min cür fəlakətlər gətirmişdilər, bundan əlavə Xocalı soyqırımı kimi dəhşətli bir faciə yaşamışdıq. Lakin bu qəzetlər Azərbaycanı günahkar kimi qələmə verirdilər. Hətta Xocalıda qətlə yetirilən azərbaycanlı uşaqların şəklini ermənilər özlərinin adından təqdim edirdilər. Guya türklər soyqırımı edib və fotolardakı da öldürülən erməni uşaqlarıdır. Beləliklə, ilk işim ondan ibarət oldu ki, bu cür məqalələri toplayıb, bir-bir həmin redaksiyalara getdim. Bildirdim ki, bu məqalələrə görə sizi məhkəməyə verə bilərik, yalan məlumat yayırsınız, həmçinin milli münaqişə yaradırsınız. Ondan sonra bu cür məlumatlar yığışdırıldı. O qəzetlərdə artıq neçə illərdir ki, əleyhimizə yazılar yayımlamırlar. Ümumiyyətlə, həm təmsil olunduğum təşkilatın üzvləri, həm də bütövlükdə, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımızla birlikdə Ermənistanın işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması üçün davamlı tədbirlər keçirdik. Bu müddət ərzində hər il BMT qarşısında keçirilən nümayişdə münaqişəyə dair BMT-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini tələb etdik. “Xocalıya ədalət!” tələbi ilə hər il nümayişlər keçirdik. Konqresmenlərə məktublar ünvanladıq”.

Söhbətinə davam edən müsahibimiz diaspor təmsilçilərinin Şuşaya səfərinin Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addım kimi dəyərləndirib: “Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər saldıqda görürük ki, ermənilər daim xalqımıza qarşı çirkin təxribatlara, terror aktlarına əl atıblar. Sərhəd bölgələrimizdə şəhər və kəndlərimiz, dinc sakinlər vaxtaşırı ermənilərin atəş zərbələrinə məruz qalıblar. İşğal illərində Ermənistan Azərbaycana qarşı, sözün əsl mənasında, ekoloji terror siyasəti aparıb. Belə ki, işğal edilən ərazilərdə meşələrimiz qırılıb, qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Torpaqlarımız, qızıl və digər faydalı qazıntı yataqlarımız 30 il ərzində Ermənistan tərəfindən qeyri-qanuni yollarla istismar edilib. Su mənbələrinin çirkləndirilməsi isə erməni vəhşiliyinin daha bir təzahürüdür. Onu da deyim ki, işğalçılar öz mənfur xislətlərini ötən il bir daha nümayiş etdirdilər. 44 günlük müharibə zamanı döyüş meydanında məğlub olan Ermənistanın hərbi birləşmələri Azərbaycanın şəhər və kəndlərini hədəf aldılar. Həmin günlər Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Ağcabədi və digər şəhərləri raket və artilleriya atəşinə məruz qaldı. Halbuki, həmin yaşayış məntəqələri münaqişə bölgəsindən xeyli uzaqda yerləşir. Lakin bu da Ermənistanın son cinayəti deyil. Belə ki, ərazilərin minalanması və minalanmış ərazilərin xəritələrinin verilməməsi bədxah qonşumuzun növbəti müharibə cinayətidir. Bu o deməkdir ki, ermənilər müharibədən sonra da özlərinin düşmənçilik, Azərbaycanofobiya siyasətlərindən əl çəkməyiblər. Məlum olduğu kimi, işğal illərində düşmən dövlət Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri xarici aləmdən gizli saxlayırdı. İndi isə vəziyyət dəyişib və Azərbaycanın səyləri sayəsində erməni vandalizmi bütün dünyada ifşa olunur. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Öz növbəsində, diplomatların, xarici jurnalistlərin, din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili də Azərbaycanın necə vəhşi və riyakar düşmənlə üz-üzə qaldığının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Məhz bu kontekstdə diaspor təmsilçilərimizin Şuşaya səfəri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addım kimi mühüm əhəmiyyət kəsb edir”.

Z.Mirhadıyeva əlavə edib ki, bu səfər diaspor təmsilçilərimiz üçün həm də gələcək fəaliyyətlə bağlı bir yol xəritəsi mahiyyəti daşıyırdı: “Çünki müharibədən sonra yeni dövr başlayıb və bu dövrdə də düşmənin ölkəmizə qarşı qara təbliğatı dayanmayacaq. Ona görə də biz - xaricdəki diaspor təmsilçiləri yeni dövrə hazır olmalıyıq. Yəni biz Ermənistanın müharibə və hərbi cinayətləri, Qarabağda törətdikləri dağıntılar barədə yaşadığımız ölkələrdə ətraflı məlumatlar verməliyik. Bir sözlə, diaspor təşkilatları postmüharibə dövründə də fəal olmalıdırlar”.

Nadir AZƏRİ

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30