Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qarabağ ekoloji cənnətə çevriləcək

Qarabağ ekoloji cənnətə çevriləcək

27.09.2021 [14:11]

Asim Mollazadə: Ölkəmizin ekologiyasına, təbiətinə vurulan zərərin təzminatı Ermənistan tərəfindən ödənilməlidir

Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Vurğulamaq lazımdır ki, bu fakt beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunub və bununla bağlı çoxsaylı qətnamələr də qəbul edilib. Məsələn, Avropa Şurası Parlament Assambleyasının hələ 2016-cı ilin yanvarında qəbul etdiyi 2085 saylı qətnamədə bildirilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını işğal altında saxlaması nəticəsində Azərbaycanın Aşağı Qarabağda yaşayan vətəndaşları üçün ekoloji və humanitar problemlər yaranıb. Sənəddə bu qınanır. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyini su resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb. Bundan başqa, ATƏT missiyası hələ 2006-cı ildə Dağlıq Qarabağ və ona bitişik rayonlardakı yanğınlar nəticəsində ekologiyaya dəymiş zərərlə bağlı da hesabat hazırlamışdı. Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablamalarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər yüz milyardlarladır.

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Sessiya iştirakçılarının diqqətini Ermənistanın ekoloji cinayətlərinə cəlb edən dövlətimizin başçısı deyib: “Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi”.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir. “Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq, biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir. Bəs bunun həyata keçirilməsi üçün hansı addımlar atılmalıdır? Ermənistanı regionun ekovəziyyətinə qarşı törətdiyi vəhşiliyə görə hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə bildirib ki, Ermənistan ötən 30 ilə yaxın müddətdə ölkəmizə, xalqımıza qarşı hərbi cinayətlər törətməklə, şəhərlərimizi, kəndlərimizi dağıtmaqla yanaşı, maddi-mədəni irsimizi də talan edib. Bununla yanaşı, təcavüzkar dövlətin işğal altında olan ərazilərin təbiətinə də ciddi ziyan vurduğunu diqqətə çatdıran A.Mollazadənin sözlərinə görə, bu dövrdə çaylarımız və digər su mənbələrimiz ermənilər tərəfindən çirkləndirilib, nadir bitkilərlə və ağaclarla zəngin meşələrimiz qırılıb fərqli məqsədlər üçün istifadə olunub: “Təbii ki, bütün bu cinayətlərlə bağlı Azərbaycan beynəlxalq təşkilatlara, beynəlxalq statuslu məhkəmələrə müraciətlər etməlidir. Hətta Ermənistanla bu istiqamətdə əməkdaşlıq edən xarici şirkətlərə qarşı müvafiq məhkəmələrdə iddialar qaldırılımalıdır. Vurğulamaq istəyirəm ki, hazırda dövlət strukturları bu işlərlə məşğul olur və bu istiqamətdə işlər gedir”.

A.Mollazadənin sözlərinə görə, bu məsələdə hər bir fakt, hər bir detal mütləq şəkildə araşdırılmalıdır və müraciətlər bütün məsələləri əhatə etməlidir. “Ölkəmizin ekologiyasına, təbiətinə vurulan zərərin təzminatı Ermənistan tərəfindən ödənilməlidir. Ermənistanla əməkdaşlıq edən şirkətlər də bu məsuliyyətə cəlb edilməlidirlər. Bir məsələyə toxunum ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrorla bağlı bir çox beynəlxalq təşkilat qətnamə qəbul edib. Amma heç bir faydası olmayıb. Çünki hüququn aliliyinə hörmət yoxdur. Bu təşkilatlar öz prinsiplərinə, qəbul etdikləri qətnamələrin yerinə yetirilməsinə nəzarətdə kifayət qədər zəiflik nümayiş etdirdi. Hüququn aliliyi olmayan yerdə isə cinayətkarlar cəzasız qalır və bu da cinayətlərin təkrarlanması üçün mənfi presedent yarada bilir. Cənab İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə ciddi şəkildə toxundu”, - deyən A.Mollazadə onu da əlavə edib ki, torpaqlarını işğaldan azad edən Azərbaycan dövləti həyata keçirdiyi “Böyük Qayıdış” layihəsini məhz ətraf mühitin qorunması prinsipləri əsasında həyata keçirir. “Yaşıl enerji”, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri ətraf mühitə qayğı, su ehtiyatlarına diqqəti özündə ehtiva edir. Bir sözlə, Azərbaycan dövlətinin əsas məqsədi Qarabağı ekoloji cənnətə çevirməkdir.

Pərviz Sadayoğlu

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30