Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Praqmatik siyasət, qalib Ordu...

Praqmatik siyasət, qalib Ordu...

08.07.2023 [11:24]

Prezident həqiqətləri dünyaya diktə etdi!

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb.

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 21-ci əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Yeni reallıqlar rifah və inkişaf vəd edir

Mövzu barədə “Yeni Azərbaycan”a danışan millət vəkili İlham Məmmədov bildirib ki, Azərbaycan tarixi Zəfər əldə etməklə olduqca mühüm geostrateji reallıqlar yaradıb. Onun sözlərinə görə, bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır: “Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.

Ölkəmiz mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu.

Prinsipial mövqeyimiz dünyaya çatdırıldı

Parlament üzvü qeyd edib ki, postkonflikt mərhələsində Azərbaycan dövləti tərəfindən görülən işlər - irəli sürülən strateji təşəbbüslər möhtəşəm tarixi qələbəmizin möhkəmləndirilməsi, ölkəmizin informasiya-təbliğat və diplomatiya müstəvisində mövqeyinin gücləndirilməsi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev müxtəlif tədbirlərdə tarixi-siyasi reallıqları diqqətə çatdıraraq Azərbaycanın prinsipial mövqeyini dəfələrlə ifadə edib. Xüsusilə də, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı geniş auditoriyaya xitab edən transmilli media orqanlarına müsahibələr verməklə, ölkəmizin prinsipial mövqeyini ifadə etməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı müxtəlif tədbirlər zamanı çıxışlarında postkonflikt mərhələsində də regional təhlükəsizlik və əməkdaşlıq məsələsinə, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüanslara dair konkret mesajlar verib. Bütün bunlar həm də Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu göstərir”.

Ermənipərəst dairələrin kampaniyası iflasa uğradı

Deputat vurğulayıb ki, təcavüzkar Ermənistan xalqımıza qarşı çoxsaylı cinayət əməlləri, vandalizm aktları törədib  Müxtəlif dövrlərdə, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub: “Qeyd etmək lazımdır ki, Prezidentimizin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Məhz bütün bu sistemli və kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Eyni zamanda, beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çoxsaylı informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələlərlə çıxış edirlər.

Bütövlükdə Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq ictimai rəyin ölkəmizin lehinə dəyişməsi respublikamızın ardıcıl strateji nailiyyətlər qazanmasını təmin edən mühüm faktorlardan biri kimi çıxış edir”.

Yeganə BAYRAMOVA

 Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30