Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Əsas prinsiplər...

Əsas prinsiplər...

06.03.2024 [10:40]

“Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib

G.QABİLQIZI

Müasir dünyanın aktual məsələlərindən biri də “gender bərabərliyi” mövzusudur. Məsələnin zaman-zaman problem halını alması həm iqtisadi, həm də sosial sahələrdə gender bərabərsizliyinin elementi olan insan resurslarının keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Ona görə də problemin ciddiliyi sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini azaldır və sonda cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsi ilə nəticələnir.

Gender probleminin həll edilməsi məqsədilə Azərbaycanda bir sıra tədbirlər həyata keçirilməkdədir. Hələ 1992-ci ildə ölkəmiz “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. Bununla da insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb.

Yeri gəlmişkən, yaxın günlərdə “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə martın 2-də “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ölkədə qadın siyasəti və Azərbaycan qadınları ilə bağlı fikirlərini, çıxışlarını özündə əks etdirən sənədli filmə baxıblar.

Yeni dövrün başlanğıcı

Konfransı giriş sözü ilə açan “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman əziz tutduğunu, onun zəngin irsini sadiqliklə davam etdirdiyini vurğulayıb. Ötən il “Heydər Əliyev İli”nin həm ölkə, həm də ölkədən xaricdə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdıran QHT sədri deyib: “Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycanda qadın hərəkatının inkişafına stimul verməsidir. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev qadınların idarəetmədə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini həmişə vurğulayırdı”.

Zərifə Quliyeva müəllifi olduğu “Heydər Əliyev irsi, qadın siyasəti” adlı kitabın ərsəyə gəldiyini də diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti İradə Hüseynova ölkəmizdə qadın siyasətinin yüksək səviyyədə inkişaf etdirilməsindən məmnunluqda danışıb və bu siyasətin müsbət nəticəsi olaraq lider, sahibkar, elm və təhsil sahəsində uğur qazanan qadınlarımızın olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda yeni dövr başlayıb və bu istiqamətdə iqtisadiyyat, elm, təhsil, ekologiya, texnologiya sahəsində çalışan qadınlarımızın da üzərinə böyük məsuliyyət düşür.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır və biz Ulu Öndərə çox borcluyuq.

Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda fəal iştirakı və ailə institutunun qorunmasındakı rolundan danışan komitə sədri Azərbaycanın 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyaya, yəni CEDAW-a qoşulmasında Ulu Öndərin xidmətlərini qeyd edib. Bu Konvensiyanın qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olduğunu xatırladan H.Hüseynova bu sənədə qoşulmaqla onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaratdığı imkanlardan danışıb.

“Heydər Əliyev vurğulayırdı ki, ölkəmizə qarşı təzyiqlər çərçivəsində Azərbaycan xalqı üçün müqəddəs olan ailə dəyərlərimiz aşına bilər və bunun üçün də çox diqqətli olmalıyıq. Azərbaycan hər zaman qadınların hüquqlarının qorunması istiqamətində nümunə göstərib və göstərməkdə davam edir. Şərqdə qadınlara seçki hüququ ilk dəfə məhz bizim ölkədə verilib. 2006-cı ildə ölkəmizdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib və qadınların hüquqların qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi davam etdirilir”, - deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Milli Məclisin Əmək və əhalinin sosial müdafiə komitəsinin sədr müavini, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Jalə Əliyeva, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bakı Dövlət Universitetinin professoru Rəbiyyət Aslanova, Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev və Qərbi Azərbaycan İcmasının Qacaran şəhəri üzrə icma sədri Cəmilə Fəyyaz Ümummilli Lider Heydər

Əliyevin zəngin irsinin daha geniş spektrdə öyrənilməsinin vacibliyini vurğulayaraq, Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan qadını üçün gördüyü misilsiz işlərdən danışıblar.

Rəsmi hissədən sonra Zərifə Quliyevanın müəllifi olduğu “Heydər Əliyev irsi, qadın siyasəti” kitabının təqdimatı olub.

Təqdimatdan sonra Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrin solisti Aynur İsgəndərlinin ifasında vətənpərvər mövzuda mahnılar səsləndirilib.

Konfransın sonunda ölkənin ictimai-siyasi həyatında fərqlənən bir qrup qadın mükafatlandırılıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30