Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Mif və əfsanələrin baş qəhrəmanı Stalin...

Mif və əfsanələrin baş qəhrəmanı Stalin...

05.03.2024 [16:15]

Şahanə MÜŞFİQ

5 mart keçmiş SSRİ-nin Baş katibi, İkinci Dünya Müharibəsində qazanılan qələbənin böyük rəhbəri, eləcə də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyaların memarı diktator Stalinin vəfatı günüdür. Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib. Ölümündən 71 il keçməsinə baxmayaraq, bu gün də ziddiyyətli şəxsiyyəti, qanlı hakimiyyəti və sirlərlə dolu həyatı haqqında mif və əfsanələr danışılmaqda, yazılmaqdadır. Onunla bağlı bir neçə maraqlı faktı təqdim edirik:

* Tarixin ən qəddar diktatorlarından biri olan İosif Stalin rəsm, ədəbiyyatla maraqlanıb və şeir yazıb. Soso Cuqaşvilinin gənclik illərində yazdığı bir neçə şeiri qorunub saxlanılıb. Şeirlər 1895-1896-cı illərdə "İveriya" və "Kvali" qəzetlərində nəşr olunub. Onun 16 yaşında yazdığı "Səhər" şeiri ibtidai sinif dərsliyinə də salınıb. Şeirdən əlavə, Stalin çılpaq kişi təsvirli qrafikaya da maraq göstərib. Hər belə bir qrafikanın altından o, özünün qeyd və şərhlərini yazıb. Mütəxəssislər şəkil altından yazılan xəttin həqiqətən də, İosif Stalinə məxsus olduğunu təsdiqləyib.

* Bir gün Stalin Bədii Teatrda tamaşaya baxmağa gedir. Stanislavski onu qarşılayır, əlini ona uzadaraq əsl soyadını deyir: “Alekseyev”.

“Cuqaşvili”, - Stalin də öz soyadını deyib, onun əlini sıxır və kreslosuna tərəf gedir.

* Stalin bəzi operaları onun siyasi və şəxsi ambisiyalarını əks etdirən məqamlarına görə sevirdi. Məsələn, Qlinkanın "İvan Susanin" operasına dəfələrlə baxmışdı, lakin hər dəfə həmin tamaşada polyak qoşunlarının rus bələdçi tərəfindən azdırılaraq meşəyə aparılması və orada azdırılaraq soyuqdan donmağa məhkum olması səhnəsinin axırına çatandan sonra qalxıb gedirdi.

* Stalin özünü intellektual sayırdı. O, məşhur yazıçı Qorkini mühacirətdən Rusiyaya qayıtmağa razı salaraq onu rejimin ən tanınmış qələm ustasına çevirdi. Stalin ona Moskvada malikanə, paytaxt ətrafında iki bağ evi ayırdı. Qorkinin evi sonradan Siyasi Büro üzvlərinin daim gedib-gəldiyi ədəbi dərnəyə çevrilmişdi. Stalin burada yazıçılar qarşısında "insan ruhu mühəndisi" olmaq tapşırığı qoymuşdu. Sonradan Qorki Stalinin gözündən düşdü və 1936-cı ildə proletar yazıçı aradan götürüldü.

* “Pobeda” avtomobilinin işlənib hazırlanması zamanı onun “Vətən” adlandırlması nəzərdə tutulubmuş. Bu barədə eşidən Stalin istehzalı şəkildə soruşur: “Yaxşı, bizim Vətən neçəyə olacaq?”

Avtomobilin adı dərhal dəyişdirilir.

* Stalinin anası Keke onun özü kimi iblisanə ağıl və sərt yumora malik idi. Onlar bir-biriylə çox yaxın deyildilər, lakin Stalin müntəzəm olaraq anasına məktub yazırdı. Beriya isə Kekenin bir növ surroqat oğlu rolunu oynayırdı. Kekenin ölümündən az əvvəl Beriya Gürcüstanda istirahətdə olan Stalini anası ilə görüşdürdü.

Stalinin anasına münasibəti bir qədər ziddiyyətli və mürəkkəb idi, çünki Yekaterina uşaqlıqda onu döyürdü, həm də evində işlədiyi kişilərlə sevgi macəralarına girirdi. Lakin sovet rəhbərinin kitabxanasındakı bəzi qeydlər bu münasibətlərin üzərinə işıq tuta bilər.

O, Tolstoyun "Dirilmə" əsərində bir abzasın altını xətləyib. Burada qadının həm xeyir, həm şər ola bilməsindən danışılır. Lakin Keke dilini də dinc qoymur, oğlunu tənbeh və tənqid etməkdən çəkinmirdi. Məsələn, Stalinin Trotski ilə yola getməməsini bəyənmir, hesab edirdi ki, onlar ölkəni birlikdə də idarə edə bilərdilər.

Stalin anasına baş çəkməyə gedəndə onun yanında əyləşib soruşdu:

- Məni niyə o cür möhkəm döyürdün?

- Döyməsəydim, indi belə ağıllı adam olmazdın. İosif, de görüm, indi sən nəçisən, nəkarəsən?

- Çar yadındadır? Bax mən bir növ çaram.

- Mən səni keşiş kimi görmək istəyirdim, - Keke təəssüflə dedi.

* Müharibədə qələbədən sonra təşkil edilən ziyafətdə Stalin Jukov və başqa marşallardan soruşdu:

-Sizə elə gəlmirmi ki, biz faşist Almaniyası üzərində zəfərimizi qələbə paradı ilə qeyd eləməliyik?

O, paradı at belində qəbul etmək qərarına gəldi. At sürə bilmirdi, lakin şöhrətpərəstliyi ona dinclik vermirdi. Buna görə də xəlvəti minicilik məşqlərinə başladı. Budyonnı ondan ötrü ağ ərəb ayğırı da seçmişdi. İyunun 15-də paraddan bir həftə əvvəl Stalin qalifedə və mahmızlı çəkmədə ata mindi. Çox güman ki, həmin gün oğlu Vasili də onun yanındaydı. İosif Vissarionoviç atı bərk mahmızladı. Ayğır şahə qalxdı. Stalin yüyəni tutub yəhərdə qalmağa çalışsa da, bacarmadı. O yıxıldı, çiynini əzdi. Ayağa qalxıb hirslə dedi:

- Qoy paradı Jukov qəbul eləsin. Süvari odur.

Kuntsevo bağında Stalin Jukovdan at sürməyi yadırğayıb-yadırğamadığını soruşdu.

- Yadırğamamışam, - Jukov dedi. - Arada sürürəm.

- Əla. Onda paradı siz qəbul eləyin.

- Bu mənim üçün böyük şərəfdir, minnətdaram. Amma Ali Baş Komandan sizsiniz. Bəlkə, özünüz qəbul eləyəsiniz?

- Mən çox yaşlıyam. Siz qəbul eləyin. Cavansınız.

* Müharibədən sonra Stalin öyrənir ki, professor K. Moskva ətrafında bahalı bağ evi tikdirib. O, professoru yanına çağırıb soruşur: “Bu doğrudur ki, siz neçə minəsə bağ evi tikdirmisiz?”.

“Doğrudur, yoldaş Stalin”, - professor etiraf edir. “Uşaq evi bu bağı onlara hədiyyə etdiyinizə görə sizə təşəkkür edir”, - deyə Stalin bildirir və onu Novosibirskə müəllimlik etməyə göndərir.

* Çox qəddar və mürəkkəb səxsiyyət kimi tanınan Stalinin özünəməxsus təvazökarlığı və sadəliyi də olub. Böyük qələbədən sonra Siyasi Büro Stalini Sovet İttifaqı Qəhrəmanı fəxri mükafatı ilə təltif edir. Ancaq o, ömrünün sonuna qədər “Qızıl Ulduz”u üstündə gəzdirmir. Hətta bu təltifdən əsəbləşən rəhbər Siyasi Büronun iclaslarının birində büro üzvlərini “saray yaltaqları” adlandırır.

* 1947-ci ilin avqustunda Soçidə atası ilə dincələn qızı Svetlananın xatırlatdığı kimi, atasının iş rejimi qeyri-adi idi.

"Mən sadəcə onun rejiminə öyrəşə bilmədim, o, yarım gün yatırdı, saat üçdə səhər yeməyi yeyir və yoldaşları ilə uzun gecə yarısına qədər oyaq qalırdı”,-deyə Svetlana yazırdı.

* Stalin öz səhhətinin qayğısına qalanlardan deyildi. Çox siqaret çəkir, içir, yağlı və ədviyyatlı yeməkləri sevir və ziyafətləri ən çox gecə başa çatırdı. Bu barədə yığıncaqlarda iştirak edənlərin çoxlu xatirələri var. Həkimlərə qarşı inamsız idi, müayinədən keçməyi, müalicə olunmağı xoşlamırdı. Həmçinin, irəliləyən yaşı, həbsxanalarda və sürgünlərdə gənclik dövründə qazanılan xəstəliklərin nəticələri təsir etməyə başlamışdı.

Qeyd: Yazıda fərqli internet resurslarından və Saymon Sebaq Montefiorenin “Stalin: qırmızı çarın sarayı” kitabından istifadə edilib.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30