Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Səssiz fiquraların qurbanı televiziyamız...

Səssiz fiquraların qurbanı televiziyamız...

31.07.2024 [10:55]

Günümüzün ən çox eşitdiyimiz ifadələrindən biridir, yəqin ki: “Azərbaycan televiziyalarına baxmıram”. Heç sevmədiyim və qürur duymadığım bu ifadəni mən də dəfələrlə işlə?mək məcburiyyətində qalmışam. Dərin təəssüf hissi ilə...
Bəs nədir səbəb? Niyə vaxtilə bircə televiziya kanalı olduğu zamanlarda orada yayımlanan verilişləri, musiqi proqramlarını, filmləri həsrətlə gözləyən azərbaycanlı tamaşaçı bu gün kanal bolluğunda, informasiya məkanının çoxluğunda izləməyə bircə normal proqram tapmır? Gözləntilərmi dəyişib, yoxsa kəmiyyət artdıqca keyfiyyətmi azalıb?
Əlbəttə, bu sualların hər biri ayrılıqda geniş, izahlı cavab tələb edir. Amma bütün hallarda nəticə dəyişmir: televiziya kanalları bu gün böyük bir xaosu xatırladır. Daha doğrusu, son 10-15 ildə bu sahənin səviyyəsi kosmik sürətlə aşağı düşüb... İçində hər şey var, heç nə yox... Hər şey dediyim də heç bir məna yükü, maarifləndirici yönü, düşündürücülüyü olmayan, sadəcə müəyyən bir kütləyə hesablanmış bayağı, orta səviyyədən də aşağı proqramlardır ki, onlar da televiziyanın bütün mahiyyətinə, məqsəd və məramına yönəlmiş təhqirdir sadəcə. 
Deyəsən, televiziya rəhbərləri elə bilir ki, ölkədə yalnız şou-biznes əhli yaşayır. O şou-biznes əhli ki, nə danışmağa nitqi var, nə də oxumağa səsi. Allah üçün bəzilərinin göstərməyə yaxşı fiqurası var ki, onun üçün də hər tində özünə bir klinika açıb, populyarlıq eşqinə düşənlərin hesabına dolanan plastik cərrahlara özləri boyda “təşəkkür düşür”. Yaxşı, bəs bir fiquraya bu boyda telejurnalistikanı, dərin köklərə malik Azərbaycan musiqi sənətini fəda etməyə dəyərmi? Yalanmı, gerçəkmi, özlərini müdafiə qalxanına çevirdikləri reytinqlər göstərir ki, dəyər. Doğrudanmı bu gün telekanallara reytinqi ancaq səssiz fiquralar gətirir? 
Yox, bizim sosial-ictimai verilişlərimiz də var axı... “Kaş ki, olmayaydı”- dediyinizi eşidər kimiyəm... Hə, neynək, Allah, yox e, rəhbərlik verəndən onlar da varımızdır. Bəs o proqramların səviyyəsi necədir? Əminəm ki, səviyyə sözü ilə ilk dəfə bu cümlədə qarşılaşdılar. Yoxdur, heç o proqramların da səviyyəsi yoxdur. Çünki səhər əlində mikrofon bəlli yerlərini burcudan “səssiz fiquralar” axşam da sosial-ictimai verilişlərdə ekspertə “çevrilirlər”. Səsi olmayan, yeddi notun birini tanımayanlar musiqi eksperti olur, beş dəfə ailəsi dağılıb adı onun-bunun əri ilə hallananlar ailə dəyərlərindən məsləhətlər verir, öz doğma uşaqlarından xəbəri olmayanlar uşaq tərbiyəsindən danışır, iki cümləni yan-yana düzə bilməyənlər, Nizami Gəncəvini, Nəriman Nərimanovu metro stansiyası kimi tanıyanlar, efirdə, kamera qarşısında, ictimai yerdə özünü apara bilməyənlər özlərinə şair deyib ədəbiyyatımızı ləkələyirlər. Ən pisi isə hər kəs dəlləkliyi qara camaatın üstündə öyrənməyə çalışır. Boğazına yığılan dərdini sinəsinə sıxıb son ümidini də gözlərindən asaraq o proqramlara kömək arxasıyca gələnlər qalır bu “başbilən” eskpertlərin əlində naçar, olur lağ obyekti. Əslində, kim və nə olduqlarını çox gözəl başa düşən, öz içində natamamlıq kompleksi yaşayan, heç bir savada, biliyə malik olmayıb, yalnız kanala çıxmaq üçün 5-3 manatdan ibarət olanlar da başlayırlar öz komplekslərini hansısa fağırı əzərək ört-basdır etməyə. Adi efir etikasından xəbərsiz aparıcılar da onlara geninə-boluna meydan verirlər. Əlbəttə, özlərindən sonra. Özünü savadlı, bilikli, əxlaqlı, hər şeydən başı çıxan göstərməkdən ötrü ona həvalə edilən 1-2 saatı necə lazımdır istifadə edən aparıcıların da bütün efir boyu boş qazan kimi dınqıltıları baş aparır. Ortada isə böyük, lap böyük bir boş çoxluq. Hər şey var, heç nə yox...
Son 10-15 ildə telekanallara ayaq açan, qardaş Türkiyənin film, serial sektorundan ilhamlanan seriallarımız isə tamamilə biabırçılıqdır. Özünə umac ova bilməyən telekanal başqasına əriştə kəsməyə çalışanda necə olmalıdır ki? Deyən gərək, sən hələ öz işini-telejurnalistikanı yar?tdınmı ki, hələ durub film, serial çəkmək eşqinə də düşürsən? Telekanalın teleserial çəkdiyi harada görünüb? Amma bu sahə üçün ayrılan maliyyəni də talamaq lazımdır, ya yox?! Nə normal prodakşnlar yaratmağa maraq var, nə də studiyalar. Çünki heç biri sərf eləmir. Başqaları fil düzəldə bilmək üçün qarışqa düzəltməklə başlayanda, biz birbaşa fildən başlayırıq. Nəticədə Azərbaycan teleserial sektoru da beşikdəcə məhv edilir. 
“İgidi öldür, haqqını ver” deyib atalarımız. Təbii ki, qurunun odunda yaşı yandırmaq da peşəkarlıqdan uzaq olar. Dövlət tərəfindən maliyyələşən bir-iki telekanal var ki, son zamanlarda uğurlu islahatları ilə bir neçə sanballı layihələrə imza atıblar. Məhz bu efirlərdə gedən tarix, mədəniyyət, təhsillə bağlı aktual verilişlər o ümid işığını tam sönməyə, zehnimizi zülmətə bürüməyə qoymur. Bəli, deyə bilmərik ki, onlar çox yüksək səviyyəli verilişlərdir, amma üfunət içərisindəki ənbər olduqları danılmazdır. 
Fikrimcə, bu problemlərin kökündə həm də ictimai qınaq məsələsi durur. Azərbaycan cəmiyyəti hər zaman sözünü deməkdən, haqqını tələb etməkdən aciz bir toplum olub, nə yazıq ki. Bizim cəmiyyət üçün haqq tələb etmək ya sosial şəbəkələrdə mövzu ilə bağlı lağ-lağı statuslar yazıb “like” toplamaqdır, ya da öz düşüncələrinə görə komik videolar çəkib baxış sayı qazanmaq. 
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli müsahibələrinin birində bu haqda çox gözəl fikir səsləndirmişdi. O deyir ki: “Azərbaycanda vətəndaş cəmiyyəti yoxdur, zəif bir tamaşaçı cəmiyyəti var. Yəni cəmiyyət üzvləri bu telekanalların yaxasından tutub demirlər ki, “Siz maaşlarınızı bizim dövlətə ödədiyimiz vergilər sayəsində alırsınız. Niyə zəif verilişlər hazırlayırsınız?” Bizdə ictimai qınaq sıfır səviyyəsindədir. Belə bir ictimai biganəlik şəraitində də telekanallar öz bildiklərini edir. Televiziyaları idarə edənlər də bunlara göz yumur və ya buna şərait yaradır. Beləliklə, əl əli yuyur, əl də üzü”.
Bəli, nə qədər ki, ictimai qınaq olmayacaq, cəmiyyət öz haqqını tələb etməyə belə maraq göstərməyəcək əvvəl özümüz, sonra balalarımız, sonra nəvələrimiz...hələ neçə nəsillərlə efirlərimiz həmin o “səssiz fiquralara”, insanları alçaldan yalançı xeyirxahlara, reytinq xatirinə qurulan oyunlara, “timsah göz yaşlarına” məruz qalacaqlar. 
Ümid edirik ki, telekanallarımızdakı bu özbaşınalıq tez bir zamanda aradan qalxacaq, nələrinsə ən azından dəyişilməyinə cəhd göstəriləcək. Bu dediklərimizə özümüz inanırıqmı? İmanımı yandıra bilmərəm... Amma ümid edirik. Ümid də efirlərimiz kimi pullu deyil ha...
 

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30