O yolun axtarışındayam...
06.06.2024 [11:00]
Orxan Məmmədov: Monotonluğu sevmədiyim üçün musiqi və idman kimi rəngarəng, dinamik sahələri seçmişəm
Müsahibimiz “Azərbaycanın səsi 2019” müsabiqəsinin iştirakçısı, CBC Sport kanalının müxbiri Orxan Məmmədovdur. Onun haqqında danışanda həm “müğənni”, həm də “jurnalist” sözlərini yanaşı işlədirik. Çünki Orxan Məmmədov hər iki sənətlə eyni anda məşğul olur, hər ikisində uğur qazanmağa iddialıdır. Həmsöhbətimizi öz dilindən tanıyaq:
“Mən Orxan Məmmədov 1997-ci ildə Rusiyanın Amur vilayətində doğulmuşam. Amma orada az yaşamışam. Bir yaşımdan sonra ailəmlə birlikdə Azərbaycana köçmüşük. Əslən Füzuli rayonundanam. Musiqinin beşiyi Qarabağ zonasından olmağımız ailəmizdə də özünü göstərib. Musiqiyə marağım lap uşaq yaşlarımdan var idi. Təxminən 5-6 yaşlarımda evdə özüm üçün zümzümə edirdim. Əslində, məndən əvvəl qardaşım gedirdi musiqi məktəbinə. Mən də onunla birlikdə gedib-gəlirdim. Anam da söhbət əsnasında müəllimə deyirdi ki, Orxan da evdə zümzümə edir, oxuyur. Bir dəfə müəllim dedi ki, gəl yoxlayaq. Məni yoxladılar və dedilər ki, indi yaşı çatmır, yaşı tamam olsun, gətirin. Elə də oldu. Orta məktəbdə birinci sinfi bitirəndən sonra sənədlərimi verdilər musiqi məktəbinə. Beləcə, orada xanəndəlik ixtisasında təhsil almağa başladım. Müəllimim görkəmli bəstəkar Bəhram Nəsibovun qardaşı, müğənni-pedaqoq Tofiq Nəsibov idi. Düzü, nə qədər oxusam, zümzümə etsəm də, bu sənətə belə həvəsim yaranacağını və davam etdirmək istəyəcəyimi gözləmirdim. Sonra gördüm ki, marağım artmağa başlayır. Təhsil almaqla yanaşı, həm musiqi məktəbində, həm də orta məktəbdə tədbirlərdə, müsabiqələrdə iştirak etməyə başladım. Respublika müsabiqələrində yer tutdum, uğurlar qazandım.
Tədbirlərdə çox iştirak edirdim və məktəbin simasına çevrilmişdim deyə musiqi məktəbində məni bir il də saxladılar və beş illik məktəbi altı ilə bitirdim. Sonra səs dəyişmə dövrüm başladı. Həmin dövrü çox pis keçirtdim. Hətta özüm öz səsimi xoşlamırdım. Əvvəlki performansımı göstərə bilmirdim deyə musiqidən soyudum və uzaqlaşdım. Əslində, təhsilimi ya Konservatoriyada, ya da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirmək istəyirdim, amma musiqidən uzaqlaşdım deyə məktəbi bitirəndən sonra iqtisadiyyata üz tutdum. Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum”.
- Yenidən musiqiyə dönüşünüz necə oldu?
- Müəyyən müddət sonra yetkinlik səsim yarandı və gördüm ki, yox, səsimi itirməmişəm, ustalıq səviyyəsi qalıb. Artıq Universitetdə tədbirlərdə iştirak edir, musiqi fəaliyyətimi davam etdirirdim.
2019-cu ildə “Azərbaycanın səsi” musiqi layihəsinə qatıldım və seçimlərdən keçdikdən sonra Xalq artisti Nazpəri Dostəliyevanın komandasında yarışmağa başladım. Orada da müəyyən uğurlar qazandım. Bu müsabiqə mənim bir az da püxtələşməyimdə rol oynadı. Universiteti bitirdikdən sonra müğənni kimi el şənliklərində, restoranlarda fəaliyyətə başladım. İndi də olduqca iştirak edirəm.
- Müğənni kimi fəaliyyətinizi davam etdirərkən jurnalist olmaq həvəsinə necə düşdünüz?
- Düzü, həyatda özümü müxtəlif sahələrdə sınamağı xoşlayıram. İdman da mənim üçün musiqidən sonra sevdiyim və maraqlandığım ikinci sahədir. Hər zaman idmanla maraqlanmışam, onu da həyatımın ayrılmaz bir parçası kimi görmüşəm. İş elə gətirdi ki, bir gün CBC Sport kanalında müxbir vakansiyasının olduğunu gördüm və müraciət etdim. Xoşbəxtlikdən müraciətim müsbət qarşılandı. Bir aylıq təcrübə dövründən sonra idman jurnalisti kimi işə başladım. Amma qeyd edim ki, jurnalist kimi işləsəm də, heç vaxt musiqini ikinci plana atmamışam. Həm musiqi, həm də jurnalistika eyni tempdə davam edir. Evdə özümün gitaram var. İşdən yorğun gələrkən gitarada nəsə ifa edirəm və sanki onunla yorğunluğumu çıxarıram.
- Müğənni kimi efirlərə çıxmağa marağınız varmı?
- Açıq danışsam olar? (gülürük). Düzü, “Azərbaycanın səsi” müsabiqəsində efirlərə çıxmağa çox böyük maraq yaranmışdı məndə. Amma orada elə haqsızlıqlar, efirin arxa üzünü göstərən elə hadisələr gördüm ki, Azərbaycan tele məkanına olan həvəsim də, inamım da itdi.
- Nə kimi haqsızlıqlar?
- Bilirsiniz, təəssüf ki, hələ də ölkəmizdə bəzi yerlərdə “tanışlıq” prinsipi öz sözünü deyir. Televiziyalar da ondan kənar deyilmiş. Orada elə ifaçılar vardı ki, heç də professional deyildilər və heç zaman da professional musiqi ilə məşğul olmayacaqdılar. Onlar sadəcə el dilində desək, “toy müğənnisi” idilər. Amma kimlərinsə tanışı idilər. Onlar orda qala-qala yarım finalda mənə dedilər ki, sən çıxacaqsan, istəyirsən evdə de, heç boş yerə “sms” də göndərməsinlər. Yəni mən həmin gün müsabiqədən çıxacağımı bilirdim. Onda səhnələrə qarşı çox soyumuşdum, amma sonradan gördüm ki, reallıq budur. İndi isə istəyərəm ölkəmizi dünya səhnələrində təmsil edim.
- Ən böyük arzunuz nədir?
- Deyirlər, hər insan həyatda öz yolunu tapmalıdır. Mən hələ ki, o yolun axtarışındayam. İnanıram və arzulayıram ki, o yolum musiqi yolu olsun.
- Bu qədər musiqi sevgisi ilə təhsilinizi davam etdirməyi düşünürsünüzmü?
- Bəli. Musiqi elə bir şeydir ki, orada təhsil almağın yaşı yoxdur. Təbii ki, istəyərdim ki, orta məktəbi bitirdikdən sonra davam etdirim. Amma həyat belə alındı. Yenə də fikrimdə, planlarımda var. Ya Mədəniyyət və İncəsənət Universitetində, ya da Milli Konservatoriyada təhsilimi davam etdirəcəyəm. Çünki professional musiqiçi olmaq üçün əsas şərtlərdən biridir təhsil.
- CBC Sporta gələrkən sizi iş yoldaşlarınız arasında müğənni kimi tanıyanlar var idimi?
- Açığı yox, sırf müğənni kimi tanımırdılar. Mən də bəlli etmirdim. Amma iş yoldaşım, CBC Sportun müxbiri Rəvan Mahmudzadənin musiqiyə olan marağını gördüm. O, tez-tez özü üçün oxuyurdu, zümzümə edirdi. Mən də kənardan baxırdım, xoşuma gəlirdi. Elə orada ilk yoldaşlıq münasibətimiz də Rəvanla yarandı və söhbət əsnasında musiqi keçmişim haqda danışdım ona. Öyrəndim ki, sən demə, onun da musiqi keçmişi varmış. Musiqi məktəbində piano üzrə təhsil alıb, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Beləcə, musiqiyə olan marağımız bizi yaxınlaşdırdı. İndi də işdə ən yaxın dostlarımdan biri Rəvandır. İlk dəfə ona dedim müğənni karyeramı. Rəvan da bildi, işdə demək olar ki, hamının xəbəri oldu (gülür). Orada da təəccüblə qarşılamışdılar ki, bəs niyə davam etdirmirsən, bura gəlmisən? Mən də dedim ki, burada olmağım davam etdirmədiyim demək deyil. Mən yenə də musiqiçi kimi karyeramı davam etdirirəm.
- Sizcə, jurnalistikanın musiqiçi kimi karyeranıza hansısa avantajları olacaqmı?
- Məncə, olacaq. Çünki burada əhatə dairəm genişlənir. Hiss edirəm ki, bu da mənim musiqi yolumda mənə kömək edəcək.
- “Toy müğənnisi” ifadəsi işlətdiniz bayaq. Toya münasibətiniz necədir?
- Toylara münasibətim pis deyil, yeri gələndə özüm də iştirak edirəm. Amma karyeramı toy üzərində qurmaq, sırf toy müğənnisi olmaq istəmirəm. Çünki toy professional sənət deyil. Mənsə professional musiqi ilə məşğul olmaq istəyirəm. Hərdən mənə deyənlər olur ki, neynirsən bu qədər əziyyət çəkib, get toya, pulunu qazan. Amma mən bu sənətə maddiyyat kimi baxmıram axı.
- Daha çox nə cür musiqilərə müraciət edirsiniz?
- İlkin təhsilim xanəndəlikdir deyə, indi oxunan və çox da sevilən ara mahnılarına qulaq asa bilmirəm. Bəlkə də xanəndəlik təhsilim olmasaydı, musiqini bilməsəydim, mən də dinləyərdim, amma indi bu cür mahnılar mənə çox uzaqdır. Klassik musiqilərimizə müraciət edirəm, bəzən Türkiyə musiqisinə müraciət edirəm. O da çağdaş mahnılara yox, klassik mahnılara...
- Ümumiyyətlə, sanki indi dünya musiqisində bir bəsitlik müşahidə olunur...
- Bəli, fikrimcə, bunun əsas səbəbi sosial platformalardır. İndi mahnıları “Tik-tok”, “İnstaqram” kimi sosial platformalarda 30-60 saniyəlik videolarda “tutsun” və tanınsın deyə yazırlar sanki. Bu da bəsitliyə gətirib çıxarır, çox təəssüf ki.
- İdman və musiqinin oxşar və fərqli cəhətləri nələrdir?
- İkisi də çox rəngarəngdir. İdman jurnalisti kimi günün hardan gəlib hara getdiyini bilmirik. Çəkilişləri, yazı, səsləndirmə, montaj, oyunlar, şərhlər... Bütün bunlar mənə çox böyük zövq verir. Monotonluğu sevmədiyim üçün musiqi və idman kimi rəngarəng, dinamik sahələri seçmişəm. Fərqli cəhətləri isə zaman müxtəlifliyidir yəqin ki. Musiqiçilərin həyatı adətən, axşamlar başlayır, gecə boyunca davam edir, jurnalist isə işlərini daha çox səhər həll edib, təhvil verməlidir.
- Özünüzü şou-biznesdə görürsünüzmü?
- İndiki şou-biznesdə görmürəm. Çünki indi hər şey çox bəsitləşib. Bayağı oxuyan, heç bir işi, yaradıcılığı olmayan çıxıb efirdə “müğənnilik çox çətin sənətdir” deyib elə tamaşaçıya minnət qoyurlar. Eləsinə deyəsən, çətindir, nə işin var bu sənətdə? İndi şou-biznesin “şou”sundan əsər-əlamət yoxdur, hər şey biznesə çevrilib. Səs müsabiqəsində oturub sənətdən, musiqidən danışan yox idi, hamı verilişlərin aylıq, həftəlik “paketlərindən” danışırdılar ki, o verilişə filan qədər verib bir həftə çıxırsan, bu birinə bu qədər verib bir ay çıxırsan və sair.
- Müxbirlik dövrünüzdə başınıza gələn ən maraqlı hadisə hansıdır?
- Bu günlərdə Azərbaycan kubokunun finalında CBC Sport kanalının rəhbəri Volkan Üstün mən, Rəvan və həmkarımız Arifə xanımdan müsahibə almağını deyə bilərəm. Biz istəyirdik ki, ondan müsahibə alaq. Bunun üçün yaxınlaşmışdıq, amma Volkan bəy mikrofonu götürüb özü bizdən müsahibə aldı. O, bizim üçün gözlənilməz və unudulmaz xatirə oldu.
- Həmkarınız Rəvan Mahmudzadə ilə duetlərinizdən danışdınız. Nə zamansa peşəkar duet ifa etmək fikiriniz ola bilərmi?
- Var elə bir fikrimiz. Sadəcə, bu aralar işlərimiz çox oldu, sıx qrafiklə işlədik. Ona görə yazdıra bilmədik. Amma düşünürük ki, bir mahnı seçib, professional duet yazdıraq.
- Valideynlərinizin, ailənizin bu cür çoxşaxəli fəaliyyətinizə münasibəti necədir?
- Onlar məni müğənni kimi dəstəkləyirlər. Çünki anamın da, atamın da gözəl səsləri olub, peşəkar şəkildə məşğul olmasalar da, istedadları olub. İqtisadiyyat fakültəsini bitirdikdən sonra isə deyirdilər ki, bir dövlət işinə gir, işlə, diplomun heyfdir. Mənsə, onlara deyirəm ki, mən özümü o işdə görmürəmsə, alınmaz. İndi jurnalistika fəaliyyətimi də həm dəstəkləyirlər, həm də deyirlər, daha bir yol seç. Musiqi təhsilimdə anamın çox böyük zəhməti olub. Uşaq idim, başa düşmürdüm, hərdən getmək istəmirdim, amma anam həmişə məni həvəsləndirib, məcbur da olsa aparıb. Hərdən deyirəm ki, çox sağ ol, nə yaxşı ki, o vaxt məni məcbur eləmisən.
- Həm müxbir, həm də müğənni kimi gələcək planlarınız nədir?
- Bir yerdə saymağı xoşlamıram. Müxbir kimi müəyyən qədər davam edib, təcrübəmi zənginləşdirdikdən sonra, verilişlərə də çıxmaq istəyirəm. Musiqi tərəfdən isə daim öz üzərimdə işləyib, gözəl mahnılarla peşəkar şəkildə bu sənəti davam etdirmək istəyirəm. İnanıram ki, yaxın gələcəkdə hansısa mahnı mənim “vizit kartıma” çevriləcək.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına bax
Hadisə
27 Aprel 16:28

Sosial
27 Aprel 15:22

Siyasət
27 Aprel 14:30

Sosial
27 Aprel 13:29

Mədəniyyət
27 Aprel 12:41

İdman
27 Aprel 11:17

İqtisadiyyat
27 Aprel 10:27

Sosial
27 Aprel 09:32

Elm
27 Aprel 09:13

İdman
27 Aprel 08:58

Sosial
26 Aprel 23:34

Dünya
26 Aprel 22:28

İdman
26 Aprel 21:46

Dünya
26 Aprel 20:32

Siyasət
26 Aprel 20:05

Hadisə
26 Aprel 19:27

Hadisə
26 Aprel 18:59

Dünya
26 Aprel 18:23

Dünya
26 Aprel 17:42

Sosial
26 Aprel 17:26

Hadisə
26 Aprel 16:50

Sosial
26 Aprel 16:29

Dünya
26 Aprel 15:47

İqtisadiyyat
26 Aprel 15:11

Dünya
26 Aprel 14:56

Sosial
26 Aprel 14:24

YAP xəbərləri
26 Aprel 13:35

Siyasət
26 Aprel 13:26

Elanlar
26 Aprel 13:07

Elanlar
26 Aprel 13:04

Gündəm
26 Aprel 13:02

Gündəm
26 Aprel 12:45

Sosial
26 Aprel 12:30

Siyasət
26 Aprel 12:14

Siyasət
26 Aprel 11:42

İqtisadiyyat
26 Aprel 11:36

Siyasət
26 Aprel 11:23

Yeni texnologiyalar
26 Aprel 11:15

Siyasət
26 Aprel 10:51

Siyasət
26 Aprel 10:38

MEDİA
26 Aprel 10:14

Dünya
26 Aprel 09:58

Analitik
26 Aprel 09:37

Sosial
26 Aprel 09:13

Sosial
26 Aprel 08:54

Ədəbiyyat
26 Aprel 08:25

YAP xəbərləri
25 Aprel 23:18

YAP xəbərləri
25 Aprel 22:17

YAP xəbərləri
25 Aprel 21:38
YAP xəbərləri
25 Aprel 21:12
YAP xəbərləri
25 Aprel 20:56

YAP xəbərləri
25 Aprel 20:11

Xəbər lenti
25 Aprel 20:11

YAP xəbərləri
25 Aprel 19:50
YAP xəbərləri
25 Aprel 19:15

YAP xəbərləri
25 Aprel 18:53

İqtisadiyyat
25 Aprel 18:32

YAP xəbərləri
25 Aprel 18:16

YAP xəbərləri
25 Aprel 18:12

Siyasət
25 Aprel 18:10

Sosial
25 Aprel 18:09

Gündəm
25 Aprel 18:07

YAP xəbərləri
25 Aprel 17:59

YAP xəbərləri
25 Aprel 17:34

Gündəm
25 Aprel 17:32

Hərbi
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:13

YAP xəbərləri
25 Aprel 17:11

YAP xəbərləri
25 Aprel 16:57
