Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan öz dinamik tərəqqisi ilə inkişafın milli modelini formalaşdırmışdır

Azərbaycan öz dinamik tərəqqisi ilə inkişafın milli modelini formalaşdırmışdır

29.09.2012 [16:46]

Aytən Mustafayeva: Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunduğu ölkələrdəndir
Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva “Yeni Azərbaycan” qəzetinə müsahibəsində ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının mövcud durumu, yeni cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən strateji tədbirlər, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması, bu prosesdə ictimai institutların yeri və rolu, intellektual kadr potensialının formalaşdırılması, səmərəli gənclər siyasətinin milli inkişafa verdiyi töhfələr, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi kimi məsələlərə toxunub, eyni zamanda, qarşıda duran strateji vəzifələrdən bəhs edib.
- Aytən xanım, öncə müasir, müstəqil Azərbaycan Respublikasının hazırki dinamik inkişafının strateji əsasları barədə düşüncələrinizi bilmək istərdik...
- Tərəddüdsüz qeyd etmək olar ki, bu gün Azərbaycan özünün dinamik tərəqqisi ilə inkişafın milli modelini formalaşdırmışdır. Əlbəttə ki, ölkəmiz hazırki inkişaf mərhələsinə asanlıqla çatmamışdır. Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan inkişaf strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi dururdu. Lakin müstəqilliyin ilk illərində, bu, mümkün olmadı. Ulu öndər Heydər Əliyevin milli maraqlarımıza və dövrün tələblərinə müvafiq surətdə həyata keçirdiyi strateji tədbirlər sayəsində siyasi sistemin təşəkkülünə nail olundu, daha sonra onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsinə mühüm töhfələr bəxş edəcək siyasi-hüquqi islahatlar həyata keçirildi. Bunun ardınca isə demokratik transformasiya və ictimai-siyasi institutlaşma prosesinə başlandı. Beləliklə, yeni cəmiyyət quruculuğu prosesinə start verildi. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının fonunda həyata keçirilən strateji tədbirlər milli tərəqqini təmin edən və şərtləndirən fundamental mexanizmə çevrildi.
Məhz bu strateji əsaslar perspektiv inkişafı təmin edən təməl faktor kimi çıxış etdi. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyevin siyasi kursu sayəsində milli inkişaf dinamik surətdə davam edir. Dövlətimizin milli inkişafının dərin strateji əsasları formalaşdırılmışdır.
- Yeri gəlmişkən, ölkəmizin milli tərəqqisinin konkret strateji istiqamətləri və bu yöndə prioritet vəzifələr konseptual surətdə müəyyənləşdirilmişdir. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək olan dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını xüsusilə vurğulamaq lazımdır. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb həyata keçirilməsi təşkil edir. Bu istiqamətdə isə milli dəyərlərə və maraqlara müvafiq surətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət qismində çıxış edir.
Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə isə qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılmasının əsas məqsəd kimi nəzərdə tutulduğu sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifahın təmin olunması, siyasi-hüquqi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq.
Bir məqamı xüsusilə qeyd etmək istərdim ki, müəyyənləşdirilmiş strateji vəzifələr və prioritetlər baxımından hər bir qurum öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Çünki dövlət tərəfindən inkişafın strateji infrastrukturu yaradılmışdır, məhz bu infrastrukturdan səmərəli istifadə olunmalı və müəyyənləşdirilmiş məqsədlərə çatmaq uğrunda bütün vəzifə və öhdəliklər yerinə yetirilməlidir.
- İnkişafın strateji istiqamətlərindən birini də intellektual kadr potensialının formalaşdırılması və mütəmadi kadr islahatlarının həyata keçirilməsi təşkil edir. Bu məsələyə münasibətiniz necədir?
- Bəli, Azərbaycanın inkişaf strategiyasının əsaslarından birini də peşəkar və müasir çağırışlara cavab verən intellektual kadr potensialının formalaşdırılması təşkil edir. Prezident İlham Əliyevin timsalında bəyan edilib ki, “biz qara qızılı intellektual kapitala çevirməliyik”. Məhz bu tezis əsasında ötən zaman ərzində kifayət qədər uğurlu işlər görülmüş, peşəkar kadr potensialı yetişdirilmişdir.
Bir məqamı xüsusilə qeyd etmək istərdim ki, ölkəmizdə gənclər siyasəti ilə peşəkar kadr potensialının yetişdirilməsi işi paralellik təşkil edir. Məhz gənclər siyasətinin uğurluluğu kadr islahatlarına da özünəməxsus töhfələr verir. Gənclərə dövlət səviyyəsində yüksək diqqət və qayğının göstərilməsi, onların ölkə həyatının bütün sahələrində iştirakına əlverişli şəraitin yaradılması, müxtəlif sahələr üzrə xarici ölkələrdə təhsil almalarının təmin edilməsi kimi strateji önəm kəsb edən tədbirlər kadr islahatlarına əhəmiyyətli töhfələr verir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, “Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması”, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə əlaqədar Prezident İlham Əliyevin Fərman və sərəncamları bu sahədə nailiyyətlərin və inkişafın əldə olunmasını təmin edən konseptual əsaslar kimi çıxış edir.
Bütün bunlar sosial stratifikasiyalaşma prosesində yeni-daha dinamik intellektual təbəqənin formalaşmasını təmin etməklə yanaşı, cəmiyyətin inkişafının yeni ideya əsaslarının formalaşmasına və ictimai şüurun yenilənməsinə də yardımçı olur.
Qeyd etmək lazımdır ki, kadr islahatlarının və gənclər siyasətinin səmərələliyini təmin edən təməl faktorlardan biri təhsildir. Bu gün Azərbaycan gəncləri müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil almağa göndərilir. Məhz bu amil gənclərin peşəkar kadr ehtiyatı kimi formalaşmasını təmin edir. Bu, həm də, gənclərin yeni dəyərlər mənimsəyərək onları milli-mənəvi dəyərlərimizlə uzlaşdırmasına zəmin yaradır. Ümumiyyətlə, həm fərdi inkişafın, həm də, cəmiyyətin tərəqqisinin əsasında duran faktorlardan birini də müxtəlif mədəni dəyərlərin qəbul edilməsinə açıq olmaq, onları mənimsəyərək milli dəyərlərlə uzlaşdırmaq təşkil edir. Məhz bu baxımdan, Azərbaycan fərqlənən ölkələrdəndir. Azərbaycan hər zaman yeni dəyərlərə açıq olub, sivilizasiyalararası dialoqa mühüm töhfələr verib, tolerantlıq nümunəsi kimi səciyyələndirilib. Qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi, ilk növbədə, Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm önəm kəsb edir. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin - dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Elə buna görə də, ölkəmizin adı tolerantlıq nöqteyi-nəzərdən örnək təşkil edən dövlətlərin siyahısında ən yüksək yerlərdən birini tutmaqdadır. Hesab edirəm ki, bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran və mövqeyini möhkəmləndirən əhəmiyyətli amildir.
Amma onu da qeyd etmək lazımdır ki, kadr islahatlarının və gənclər siyasətinin səmərəliliyinə təsir edən amillərdən biri kimi təhsil sektorunda çox ciddi islahatlara ehtiyac vardır. Məhz buna görə də, təhsil sektorunun inkişafı üçün əlavə tədbirlər görülməli və yeni strateji istiqamətlər müəyyənləşdirilməlidir.
- Məlum olduğu kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasıdır. Bu sahədə ölkəmizdəki durumu necə dəyərləndirirsiniz?
- Bu bir həqiqətdir ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunduğu ölkələrdəndir. Bu istiqamətdə ölkəmizdə həm qanunvericilik bazası kifayət qədər təkmildir, həm də praktik baxımdan əhəmiyyətli işlər görülməkdədir. Məlum olduğu kimi, 1998-ci ilin iyun ayının 18-də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış Sərəncamla ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin”, - deyən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi.
Ümummilli lider Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Bununla yanaşı, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan hüquqları günü elan olunub.
Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, insan hüquqlarının təmin və müdafiə olunması istiqamətində qanunvericilik bazası zəngindir və hüquqi əsaslar mövcuddur. Lakin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində təkcə hüquqi əsasların mövcud olması yetərli deyil. Bu istiqamətdə sosial-hüquqi maarifləndirmə işi də düzgün qurulmalı və mütəmadi surətdə davam etdirilməlidir. Məhz buna görə də, cəmiyyətimizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına dair maarifləndirmə işi sistemli surətdə aparılır, bu prosesdə ictimai təsisatlar və elmi-tədqiqat institutları fəal iştirak edir.
Beləliklə, həm dövlət, həm də ictimai institutlar səviyyəsində həyata keçirilən maarifləndirmə tədbirləri isə insan və vətəndaşların öz hüquqlarını anlaması və müdafiə etməsinə yardım edir. Belə bir nəticəyə gəlmək olar ki, bütün bunlar həm insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmini formalaşdırır, həm də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr verir.
- Aytən xanım, ictimai təsisatlar və elmi-tədqiqat institutlarının insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması, eyni zamanda, bu istiqamətdə maarifləndirmə işinin aparılması sahəsindəki yeri və roluna toxundunuz. Bəs AMEA-nın rəhbərlik etdiyiniz İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun bu yöndəki fəaliyyəti barədə nə söyləyə bilərsiniz?
- Vurğulamaq istərdim ki, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda elmi-tədqiqat işlərini müasir tələblər səviyyəsində qurmaq, insan hüquqları və əsas azadlıqlarının təminatı ilə bağlı məsələləri daha geniş diapazonda araşdırmaq, Azərbaycan Respublikasının bu sahədə Avropaya inteqrasiyasının perspektivlərini müəyyənləşdirmək, müvafiq milli qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına unifikasiyası prosesini sürətləndirmək, ölkə vətəndaşları arasında Azərbaycan elminin təbliği, hüquqi maarifçilik işini gücləndirmək üçün ardıcıl və sistemli fəaliyyət göstərilir. İnstitutda vətəndaş hüquqları, din və təhlükəsizlik problemləri, qaçqın və məcburi köçkünlərin hüquqları, milli təhlükəsizlik və erməniçilik məsələləri, sosial-iqtisadi hüquqlar, tibbi hüquq və bioetika şöbələri fəaliyyət göstərir.
İnstitut çox məhdud səviyyədə araşdırılmış məsələlərə xüsusi diqqət yetirir ki, bunlardan biri də bioetika və tibbi hüquq məsələləridir. Qeyd edim ki, 2010-cu ildə institutun nəzdində Bioetika və Tibbi Hüquq şöbəsi yaradılmışdır. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında” 255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın” bəndlərinə uyğun olaraq AMEA-nın İnsan Hüquqları İnstitutu Azərbaycan Hüquq elmi üçün yeni olan “İnsan Hüquqları”, “Bioetika və Tibbi Hüquq”elm sahələrinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında bu yeni elmi ixtisasların Azərbaycanda Elmi İxtisaslar Nomenklaturasına salınması haqqında təşəbbüslə çıxış edib, bu elm sahələrinin vacibliyi ilə bağlı Bakıda bir sıra beynəlxalq tədbirlər keçirib, tanınmış ekspertləri Azərbaycana dəvət edib və nəticədə onların nomenklaturaya salınmasına nail olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2011-ci il tarixli qərarı ilə instituta ilk dəfə olaraq “Bioetika və Tibbi Hüquq” ixtisası üzrə doktorantura və dissertantura yerləri ayrılıb.
Qeyd etmək lazımdır ki, bu sahə sosial hüquqların müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir və insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması işinə özünəməxsus töhfələr verir. Bioetikadan bəhs edərkən, ilk növbədə, səhiyyə sistemində insan və vətəndaş hüquq və azadlıqları nəzərdə tutulur ki, buraya da pasiyent hüquqları, məlumatlandırılmış razılıq, reproduktiv sağlamlıq, evtanaziya kimi məsələlər aid edilir.
Məhz buna görə də, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu sahəyə xüsusi önəm verir və bu sahədə xüsusi fəaliyyət mexanizminə malik olan beynəlxalq təşkilatlarla, xüsusilə də UNESCO ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Məlumat üçün qeyd edim ki, institut son 2 il ərzində nüfuzlu tibbi hüquq assosiasiyalarının, UNESCO-nun bioetika və tibbi hüquq məsələləri ilə bağlı mötəbər konfranslarında iştirak etmişdir.
Eyni zamanda, bioetika və tibbi hüquq məsələləri ilə bağlı UNESCO ölkəmizlə sıx əməkdaşlıq əlaqələrinin mövcud olmasından məmnunluğunu bildirməkdə və əməkdaşlıq əlaqələri mütəmadi surətdə inkişaf etməkdədir. Əlbəttə ki, bu, eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyevin Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur. Bütün bunların qanunauyğun nəticəsi kimi, 2011-ci ildə Bakı şəhərində UNESCO-nun beynəlxalq komitələrinin iclası keçirildi. Qeyd edim ki, ilk dəfə idi ki, UNESCO-nun beynəlxalq komitələrinin iclası Parisdən kənarda keçirilirdi. Bu həm əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın önəmini göstərirdi, həm də mühüm bir nailiyyət idi. Bununla yanaşı, cari ilin avqust ayında UNESCO təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlər üçün bioetikaya həsr olunmuş İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda treyninq keçirmişdir. Treyninqin sonunda 20 nəfər iştirakçıya sertifikat verilmişdir.
Digər tərəfdən, UNESCO - Bakı Dövlət Universiteti - İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu arasında imzalanmış müqaviləyə əsasən Bakı Dövlət Universitetində 4 il ərzində Bioetika və Tibbi Hüquq kafedrasının yaradılması nəzərdə tutulub. Məlumat üçün bildirirəm ki, hazırda Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində Bioetika və Tibbi Hüquq fənni başlanğıcda fakultativ xarakterli tədris edilməkdədir.
Beləliklə, ölkəmizdə bioetika və tibbi hüquq sahəsində əsaslı elmi araşdırmaların və maarifləndirmə işinin aparılması nəticə etibarilə sosial hüquqların təmin və müdafiə olunmasına özünəməxsus töhfələr vermişdir. Bu isə bütövlükdə insan və vətəndaş hüquq və azadlıqları nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət kəsb edir.
- Son olaraq ölkəmizin milli inkişafının perspektivinə dair nə deyə bilərsiniz?
- Əlbəttə, bütün bu sadaladıqlarımız onu deməyə əsas verir ki, hazırki inkişaf ölkəmizin gələcək tərəqqisinin təminatçı faktoru kimi çıxış edir və Azərbaycan gələcəyə daha sürətli və dinamik inkişaf ümidi və gerçəkliyi ilə gedir. Qeyd etdiyimiz kimi, milli inkişafın yeni strateji əsasları müəyyən edilmişdir və bu, güclü nüfuzlu, müstəqil və suveren Azərbaycan ideyasına xidmət edir. Ölkəmizin inkişafının yeni strateji əsasları məhz intellektual amillər üzərində qurulur. Azərbaycanın inkişafı intellektual insan və kreativ millət kontekstində baş tutur.
Nəticə etibarilə, özündə sosial ədalət prinsipini və dinamik tərəqqi tempini ehtiva edən sosialyönümlü iqtisadiyyatın davamlı inkişafı, rasional siyasi-hüquqi və sosial-iqtisadi islahatların və modernləşmə prosesinin mütəmadi xarakter daşıması, səmərəli gənclər siyasətinin və kadr islahatlarının həyata keçirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, ictimai institutlaşma prosesinin ardıcıl səciyyəli olması ölkəmizin perspektiv inkişafının hazırki əsaslarını təşkil edir.
Nurlan QƏLƏNDƏROV
Paylaş:
Baxılıb: 997 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30