Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyasının üzvləri Azərbaycanın inkişafı prosesində fəal iştirak edirlər

Yeni Azərbaycan Partiyasının üzvləri Azərbaycanın inkişafı prosesində fəal iştirak edirlər

29.09.2012 [16:48]

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə www.yap.org.az saytına müsahibə verib
- Arif müəllim, yaxın günlərdə Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Bu sessiya ərzində Regional məsələlər komitəsinin iş planına hansı məsələlər daxildir?
- Payız sessiyası ilə əlaqədar komitəmizin bir neçə gün öncə iclası keçirilib və müvafiq məsələlər müzakirə olunub. İclasda, həmçinin, 2012-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərə nəzər salınıb. Bu dövrdə komitənin 8 iclası keçirilib və 12 məsələyə baxılıb. Keçən dövr ərzində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihələrinə əlavə və dəyişikliklər edilib, bir sıra rayonların ərazi bölgüsündə və bəzi qəsəbələrin adları dəyişdirilib. Cari ilin yanvar ayında komitə üzvləri Türkiyənin Ankara şəhərində səfərdə olub və bələdiyyə institutunun inkişaf perspektivləri haqqında fikir mübadiləsi apararaq bir sıra səmərəli görüşlər keçiriblər. Bu dövr ərzində vətəndaşların 125 məktubuna baxılıb, komitə üzvləri tərəfindən 485 nəfər qəbul edilib. Qarşıdan gələn payız sessiyasında isə “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi, “Torpaq Məcəlləsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanun layihələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirim ki, “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi üzərində işlər davam edir. Bu proses olduqca mürəkkəbdir. Çünki dünya ölkələrində belə bir praktika yoxdur. Beynəlxalq təşkilatlarla məsləhətləşmələr davam edir. Ortada müvafiq layihə var və bu yöndə Avropa Şurasının Venesiya komissiyası ilə işləyirik. Ümumiyyətlə, belə bir hesabatın ayrı-ayrı elementləri bir çox ölkələrdə var. Amma bələdiyyələrin hesabatı barədə ayrıca qanun dünya ölkələrində mövcud deyil. Buna baxmayaraq, biz çalışırıq ki, parlamentin müzakirəsinə mükəmməl bir sənəd çıxaraq.
Payız sessiyası ərzində, həmçinin, ərazi sahələrinin yaradılması ilə əlaqədar böyük işlər aparılacaq. Bilirsiniz ki, ötən sessiyada qəbul olunan qanuna əsasən Azərbaycanda o sahələrdə ki icra hakimiyyəti orqanları ilə əhatə olunmayan yerlər var, orada sahə inzibati ərazi bölmələri yaradılacaq. Bu strukturun yaradılması obyektiv zərurətdən irəli gəlir. Çünki müəyyən bir ərazinin böyük hissəsi, xüsusilə Bakının hansısa rayonunda 200 min əhali birbaşa rayon İcra Hakimiyyətinə baxır, öz müraciətlərini bu quruma edirlər. Hansı ki, bu ərazidə nə ayrı-ayrı bələdiyyələr var, nə də inzibati ərazi nümayəndəlikləri. Ona görə də, bu, 200-250 minlik əhaliyə xidmətin göstərilməsi çətinlik yaradır. Bəzən əhali bir sıra müraciətlərini, problemlərini Mənzil-İstismar sahələrinə (MİS) ünvanlayır. Amma Şəhərsalma və Tikinci Məcəlləsinə əsasən MİS-lərin dövlət orqanı kimi yeri yoxdur. Ona görə də, gələcəkdə bu struktur ixtisara düşəcək və yaranacaq boşluğu aradan qaldırmaq üçün, əhaliyə yaxşı xidmət etməkdən ötrü idarəetmə təkmilləşdiriləcək.
İş planında digər məsələlər də var. Bilirsiniz ki, bölgələrdə torpağı icarəyə verməkdən ötrü bələdiyyələr çox böyük prosedurlarla rastlaşırlar. Bir çox hallarda onun öhdəsindən də gələ bilmirlər. Amma qanunvericiliyə belə bir dəyişiklik nəzərdə tutulur ki, kənd təsərrüfatı üzrə mövsümi işlərdən ötrü torpaq ayrılırsa, o, icarəyə bələdiyyənin qərarı ilə veriləcək. Yəni, burada başqa orqanlardan arayış və digər sənədlər tələb olunmayacaq. Bu hüquq o adamlara şamil ediləcək ki, həmin ərazidə yaşasın. Yəni, burada torpaqların icarəyə verilməsi prosesi sadələşdirilir. Bunun üçün yuxarıda adlarını çəkdiyim qanunlara dəyişikliklər ediləcək.
Eyni zamanda, bütün sessiyalar ərzində komitəmizin üzvləri seçicilərlə görüşür, onların müraciətlərinin həlli ilə məşğul olurlar. Bəzi üzvlərimiz isə parlamentimizin nümayəndə heyətlərinin tərkibində müəyyən beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edirlər. Bir sözlə, payız sessiyasında da qarşımızda ciddi vəzifələr dayanır.
- Fəaliyyətinizin mühüm bir hissəsi bələdiyyələrlə bağlıdır. Cəmiyyətimizdə yerli özünüidarəetmə orqanları ilə bağlı müxtəlif fikirlər səslənir. Sizcə, son illər bələdiyyələrin işində ciddi inkişaf, yeniliklər müşahidə olunurmu?
- Əgər desəm ki, bu gün bələdiyyələrin hamısının fəaliyyəti yüksəkdir, bu, düzgün olmazdı. Ancaq yaxşı işləyən bələdiyyələrimiz də var. Bir neçə il bundan əvvəlki dövrlə müqayisə etsək, əlbəttə, bələdiyyələrin fəaliyyətində müsbət dönüş çoxdur. Xüsusilə, bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildikdən sonra ciddi irəliləyişlər baş verir. Yəni, bu amil inkişaf üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi. Kiçik bələdiyyələrin nə maliyyə imkanı, nə də kadr potensialı var idi. Onların heç bir bazası yox idi, ona görə də, insanlara lazımi səviyyədə xidmət göstərə bilmirdilər. Birləşmə prosesindən sonra isə bu yöndə vəziyyət düzəlir.
Amma onu da qeyd edim ki, bir sıra məsələlər yerli özünüidarə orqanlarından asılı deyil. Məsələn, bələdiyyələr hələ də, öz torpaqlarının sərhədlərini bilmirlər. Bu, həm şəhər, həm də kənd bələdiyyələrinə aiddir. Biz bu məsələni müvafiq orqanların qarşısında qaldırmışıq. Başa düşürük ki, bu, çətin bir prosesdir. Buna baxmayaraq, bələdiyyələrin yaradıldığı ötən müddət ərzində bu işlərin görülməsinə başlanmalı idi.
Digər məsələ odur ki, şəhər və bölgələrdə bələdiyyələr üçün ayrılan torpaqlar tam sənədləşdirilməyib. Ona görə də, bir sıra hallarda bələdiyyələr özlərinə aid olmayan torpaqlara aid sənədlər verirlər. Sadaladığım məsələlər bələdiyyələrin fəaliyyətinə əngəllər yaradır. İnsanlarda da belə fikir yaranır ki, onlar işləmirlər.
Bu qurumun qazanc yeri olmamalıdır. Yəni, bələdiyyə ictimai əsaslarla əhaliyə xidmət etmək üçün yaradılıb. Qurumun üzvləri istəyirlər ki, məvacib alsınlar. Belə olan halda, əhalidən yığılan pul gərək məvacibə sərf olunsun. Ötən sessiyalarda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bələdiyyə üzvü seçilənlərin sayından asılı olmayaraq, neçə nəfərin məvacib alması haqda məhdudiyyət qoyulub. Bələdiyyənin aparatı var və onlar məvacib almalıdırlar.
Bələdiyyələrin əsas vəzifələrindən biri odur ki, bir sıra yerli sosial məsələlərin həllini öz üzərinə götürsün. MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini kim görəcək? İnsanlar, hər bir məhəllənin sakinləri gərək birliklər yaratsınlar və işlərə nəzarət etsinlər. Onlar abadlıq və digər məsələlərlə bağlı fəal olmalıdırlar. İndiyə kimi insanlar bəzi müraciətlərini MİS-lərə edirdilər. Hesab edirəm ki, bu məsələdə ictimai fəallıq artmalıdır. Birdən-birə bələdiyyələrdən bütün işləri tələb etmək düzgün deyil. Bələdiyyələrin işlərində nöqsanların bir hissəsi də ictimai fəallığın zəif olmasından irəli gəlir.
- Parlamentdə vaxtaşırı olaraq bələdiyyələrin səlahiyyətlərinin artırılması haqqında da təkliflər irəli sürülür. Hazırki dövrdə bu qurumların səlahiyyətinin artırılması mümkündürmü?
- Bələdiyyələr əgər yerli məsələlərlə bağlı öz üzərinə nə qədər funksiyalar götürsə, heç kim buna etiraz etməyəcək. Hazırda MİS-lər varsa, istər-istəməz insanlar bu quruma daha çox müraciət edirlər. Amma bu qurum ləğv olunandan sonra vəziyyət dəyişəcək. Söhbət ondan getmir ki, bu barədə gərək hansısa qərar olsun. Bunsuz da bələdiyyələr bir çox məsələlərin həlli ilə məşğul ola bilərlər. Qanunvericilik buna imkan verir. Kənd yerində MİS yoxdur və heç vaxt olmayıb. Amma bələdiyyə məişət tullantılarını yığmalıdır, abadlaşma işlərini müəyyən qədər aparmalıdır.
Fikrimcə, çətinliyin ən çoxu bələdiyyələrin maddi vəziyyətinin lazımi səviyyədə olmamasından irəli gəlir. Qanunda nəzərdə tutulur ki, bələdiyyə orqanları özləri özlərini təmin etməlidirlər. Amma bunun üçün səlahiyyətlərindən tam istifadə edə bilmirlər. Məsələn, vergi yığımında çətinlik çəkirlər və s. Əlbəttə ki, müvafiq qanunvericilik çərçivəsində onların səlahiyyətləri artırıla bilər. Amma hal-hazırda bələdiyyələrin öz fəaliyyətlərini genişləndirmək üçün kifayət qədər imkan var.
- Bələdiyyələrə keçirilən seçkilərdə siyasi partiyalar fəal iştirak edirlər. Bu baxımdan, YAP üzvlərinin yerli özünüidarəetmə orqanlarında təmsilçiliyini necə qiymətləndirirsiniz?
- YAP Azərbaycanın ən güclü siyasi təşkilatıdır. Partiyamız bütün seçkilərdə qələbə qazanıb və bunun nəticəsində də bütün seçkili orqanlarda böyük üstünlüklə təmsil olunur. Bu mənada partiyamızın üzvləri bələdiyyələrin işində də yüksək səviyyədə iştirak edirlər. Son bələdiyyə seçkilərində YAP-ın üzvləri olan gənclər və qadınlar da fəal iştirak etdilər və bu fəallığın nəticəsində də hazırda bu təsisatda böyük üstünlüklə təmsil olunurlar. YAP-çılar, bələdiyyə üzvləri olaraq, əhali ilə sıx təmasda olur və yerli məsələlərin həllində yaxından iştirak edirlər.
- Yeri gəlmişkən, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 ili tamam olur. Yubiley ilini yaşayan partiyamızın Azərbaycanın siyasi həyatında yeri və rolu haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- YAP ən güclü siyasi təşkilat olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 600 min nəfərə yaxın üzvü olan partiyamız ötən 20 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. O zaman Azərbaycan çox çətin durumda idi və xalqımız bu çətinlikdən çıxış yolunu yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Həmin illərdə minlərlə insan bu barədə Ulu öndərimizə müraciətlər edirdilər. Elə bir şəraitdə Heydər Əliyevlə mənim də görüşüm olub və Ulu öndər partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycanın ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Çünki, xalq Onu istəyirdi. Nəhayət, “91-lər”in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Təsadüfi deyil ki, YAP yaranandan bir neçə ay sonra Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Təbii ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqın təkidli tələbi ilə baş verdi.
Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 20 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar.
- Arif müəllim, inkişaf prosesindən bəhs etdiniz. Amma müxalifət düşərgəsi bu inkişafa kölgə salmağa çalışır. Onların iddialarına münasibətiniz necədir?
- Ümumiyyətlə, demokratik cəmiyyətlərdə müxalifətin mövcüdluğu vacib şərtdir. Müxalifət nöqsanları göstərməli, sağlam tənqid etməlidir. Eyni zamanda, alternativ təkliflər də irəli sürməlidir. Müxalifətin funksiyaları bundan ibarət olmalıdır.
Sözsüz ki, yüksək inkişafın fonunda həllini gözləyən məsələlər də var. Bu da qanunauyğunluqdur: Harda iş varsa, orda nöqsan olmalıdır. Təbii ki, dövlətimiz, partiyamız bu məsələlərin həlli ilə məşğuldur. Bizim müxalifətdən çox fərqimiz var. Əsas fərqin biri odur ki, biz real iş görürük, müxalifət isə tənqid edib hay-küy qaldırır.
- Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun məsələsi ilə bağlı qərarına etiraz olaraq YAP-ın təşəbbüsü ilə bir çox partiyalar bu quruma birgə müraciət ünvanladılar. Amma bu həmrəyliyə də etiraz edənlər oldu...
- Bəli, bu müraciəti həm iqtidar, həm də müxalifət partiyaları imzaladılar və beləliklə də, milli maraqlar baxımından həmrəylik nümayiş etdirdilər. YAP-ın bu təşəbbüsü çox təqdirəlayiq haldır. Amma cəmiyyətdə fərqli fikirlər də həmişə olacaq. Hər bir insanın individuallığı var. Amma söhbət ondan getmir ki, həmin şəxs məsələyə obyektiv yanaşır. Ümummilli məsələlərdə hamımız bir mövqedə olmalıyıq. Avropa Parlamenti, eləcə də, digər beynəlxalq qurumlar heç də həmişə düzgün mövqe tutmurlar. Onların da öz maraqları var. Əfsuslar olsun ki, bu təşkilatlar özlərinin faydalanmasından ötrü qeyri-obyektiv qərarlar qəbul edirlər. Ramil Səfərovun azadlığa çıxmasını pisləyənlər erməni terrorçularının azadlığa çıxmasına, onlara Ermənistanın milli qəhrəmanı adı verilməsinə niyə qiymət vermirlər? Bu, onu göstərir ki, bəzi beynəlxalq qurumlar və onların təmsilçiləri bir sıra hallarda öz maraqlarını güdürlər.
Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30