Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Almaz Ülvi: “Mənzil başına çatınca mübarizəmiz davam edəcək”

Almaz Ülvi: “Mənzil başına çatınca mübarizəmiz davam edəcək”

29.06.2024 [09:30]

Qərbi Azərbaycandan, Göyçədən, Zəngəzurdan olan söhbətlərimiz davam edir. Bu dəfə müsahibimiz Azərbaycan ədəbi tədqiqatında özünəməxsus yeri olan, filologiya elmləri doktoru, ədəbiyyatşünas, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Almaz Ülvidir. Almaz xanım Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açıb, o kənddə uşaqlığı, gəncliyi, xatirələri var. Söhbətimiz də elə Göyçə haqqında oldu. Bir gün göz açdığı Göyçəyə, Kəsəmənə qayıdacağına ümidi çoxdur Almaz xanımın:

- İstərdim Göyçədən danışaq sizinlə, Almaz xanım. Sözə nədən başlamaq istəyirsiniz?

- Bilmirəm. Sabaha yaman ümidliyəm. Qarabağ möcüzəsindən sonra ikinci möcüzənin baş verəcəyinə o qədər ümidliyəm. Xüsusən, 10 noyabr Zəfər Paradı günü Azadlıq Meydanında Ali Baş Komandanımızın nitqində eşitdiklərim yuxularımızın gerçəkləşəcəyinə inam yaradıb: “Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...” Bu tarixi mesaj sözümüzün başlanğıcıdır.

Belə də isə xatirələri çözələməklə, yazmaqla, danışmaqla bitmir, tükənmir. Eyni şeyi dəfələrlə danışır, yazırıq, elə bilirik ki, ilk dəfə dilə, qələmə alırıq. Bütöv bir dünyamızı əlimizdən, həyatımızdan qoparıblar. O zaman sözə nədən, haradan başlamağı unuduruq.

Ali Baş Komandanımızın 10 noyabr Zəfər Paradı günü dediklərinə cavab olaraq bütün gənclərimiz Ülvi Bünyadzadə “And”ını içiblər. Mənim sözüm yəqin ki, həmin “And”a söykənir.

- Göyçədəki yer adları barədə nə deyə bilərsiniz?

- Göyçəm... Göy Çiçəyim... Kiçik Qafqaz sıra dağlarının və Şahdağın ətəklərində yerləşən Göyçənin tarixi soraqları Dədə Qorqud dastanlarından gəlir. Göyçənin etnoqrafiyası bir daha adamı inandırır ki, ilk türk yurdunun binəsi Göyçədən başlayıb. Yaraşıqlı dağlar əhatəsində olan Göyçə mahalına Göyçə gölü bir ayrı gözəllik verirdi. Elə bil bir cüt sona idilər - Göy yamaclı dağlar-düzlər və Göy dəniz. İkisi də gömgöy, Göyçə idi. Göyçədəki yer adları bütünlüklə türk toponimləridir. Fikir verin, çox qədim adlardır - Kəsəmən, Göysu, Şişqaya, Subatan, Sarıyaqub, Zod, Zərkənd (Zərzivil), Qayabaşı, Qırxbulaq, Dədə Qorqud yaylası, Şah Xətai meydanı, Əmir Teymur oylağı, Teymur aşan dağı, Koroğlu qayası, Şahdağ silsiləsi boyunca yüzlərlə türk toponimləri və s. Saymaqla, sadalamaqla bitən deyil ki... Elə təkcə Göyçə adı bəs eləmirmi? “Göy” sözünün məna və mənşəyi tariximizin özəyi deyilmi? Onun Dəngizi - Göyçə gölü o mahalın mavi gözlü gəlinidir (biz oralarda dədə-babadan Göyçə gölünə Dəngiz demişik). Göyçə gölünün adı “Kitabi- Dədə Qorqud” dastanlarında çəkilir: “Ondan Şərukun ucundan Göyçə dənizinə təki el vardı”. Ümumiyyətlə, müxtəlif illərdə çap olunan “Kitabi-Dədə Qorqud” dastanlarında Göyçə dəniz, Gökçə dəniz, Gökce deniz formalarında qeyd edilmişdir.

- Göyçə folklorunun özünəməxsusluğu nədə idi?

- İndicə Dədə Qorqud Kitabının adını çəkdik. Onun boylarından xəbərimiz var: ən azı məktəb illərində oxumuşuq, televiziya filminə baxmışıq. O dastanda gördüyünüz, müşahidə etdiyiniz bütün folklor elementləri Göyçə folklorunun eynidir. Sanki o dastanın yaranma beşiyi Göyçə torpaqları olub. “Folklor Göyçədən başlayır” - ifadəsi Göyçə haqqında sözün riyazi dəqiqliklə biçilmiş düsturudur. Üç kəlməlik bu möcüzəvi gerçəklik akademik Yaşar Qarayevin apardığı tədqiqatlara, izlədiyi elmi mənbələrə, rastlaşdığı və mütaliə etdiyi folklor nümunələrinə istinadən Göyçə barəsində yazdığı elmi məqaləsindən götürülmüşdür. Göyçə yaranışı, təbiəti, adət-ənənəsi ilə bütövlükdə milli folklor nümunəmiz idi.

- Kəndinizin tarixi, coğrafiyası haqqında nə deyə bilərsiniz?

- Kəndimizin tarixi, coğrafiyası, adət-ənənələri, insanlarının xarakter və görüşləri haqqında söz açmaq olar, amma o söhbətin axırına gedib çıxmaq mümkün deyil. Bu göyçək mahalın bir isti qucağı da bizim Kəsəmən kəndidir. Adından da görünür ki, çox qədim tarixi var. Əslində, 2012-ci ildə nəşr etdirdiyim 600 səhifəlik bir kitabım var. İmperiya fitnəkarları XX əsrin 20-ci illərində cəmi İrəvan torpaqlarını (İrəvan xanlığı və onun 15 mahalını), yenə də XX əsrin 80-ci illərinin sonunda Qarabağ torpaqlarını, ötən əsrin müxtəlif illərində Qazax, Gədəbəy, Tovuz, Naxçıvan bölgələrindən hissə-hissə torpaqlarımızı qopardıqlarını ürək ağrısı bilirdim. Göyçə bütünlüklə erməni caynağına keçəndən sonra içimdə daim qanayan bir yara peyda oldu. “Doğrudanmı, daha Göyçəyə gedə bilməyəcəyik?” Bu dərddən bir az ovunmaq üçün “Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr (elmi - tarixi qeydlər, portretlər, publisistik düşüncələr, səcərələr). I kitab” adlı 600 səhifəlik bir kitab yazdım. Yağı əlində qalan Göyçəmizin türk yurdu olmasını gələcək nəslə mesaj kimi ötürmək amacı ilə. Kitabın əsas məzmunu adından da göründüyü kimi Kəsəmən - doğulub, boya-başa çatdığım kəndim haqqındadır. Buradakı bölmə başlıqlarına nəzər yetirməklə nələrdən bəhs etdiyimi görəcəksiniz: “Kitab haqqında bir neçə söz (ön söz əvəzi)” yazaraq əsas fikrimi, qayəmi oxucuma çatdırandan sonra “Göyçəm, göy çiçəyim: Göyçə mahalı və Göyçə gölü, Basarkeçər, Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları, Göyçə sevgili duyğularla baş-başa, Göyçənin Kəsəmən kəndi, Kəsəmən: kəndim - kəsəyim mənim)”, “Dövlət xadimləri”, “Alimlərimiz, müdriklərimiz”, “Kənddə məktəb”, “Kənd soveti və kolxoz sədrləri: ağsaqqal və başbilənləri, nüfuzlu adamları haqqında)”, “Yer üzü müharibə istəmir (1941-45-ci il müharibəsində həlak olanlar və salamat qayıdanlar, 1990-2010-cu illər ərzində Qarabağ müharibəsinin şəhid və şahid oğulları)”, “Kəndin tibb həyatından”, “Dinsiz yerdə otur, imansız yerdə oturma”, “Könül dəftərinin tərcümanları (kəndin qələm adamları)”, “Publisistik düşüncələr” və nəhayət kənddə yerləşən 18 nəslin 6-7, bəzən 9 baba xəttində “Nəsil - şəcərə”sini yazdım. Təxminən 500 illik tarixə gedib çata bildim. Çox ağır və çətin bir işi başa çatdırandan sonra bir ay xəstə yatdım.

- Şəhid şair Ülvi Bünyadzadənin vətən sevdası hamımız üçün örnək oldu. Onun “And”ı yazmasında Göyçə həsrətinin payı vardımı?

- Ülvi Bünyadzadə! Əsgərlikdə olanda hər gün məktublaşırdıq. Bir dəfə xahiş etdi ki, Aqşin və Asim də ona məktub yazsın. Qardaşım Hüseyn həkimin oğlanlarıdır. Ülvi tələbə olanda onlarla bir yerdə qalırdı. Aqşin və Asim o vaxtlar 9-10 yaşlarında idilər. Ülvinin xahişini nəzərə alıb bu uşaqlara məktub yazmağa kömək elədim. Məktubumuzu bitirib konvertə qoymaq istəyəndə Asim dedi ki, mənim bir cümləm qaldı. “Yaz” - dedim. Asim belə bir cümlə yazdı: “Göyçə mahalındakı bütün qohumlarımızı evlərindən çıxardılar. İndi Göyçədə bizim heç kimimiz yoxdur”. Ülvidən çox tezliklə cavab məktubu gəldi. “Asimin məktubunu oxuyub xeyli güldüm və sonra çox ağrıdım”. (Asimə məktub yazdırmaq elə də asan məsələ olmadığını Ülvi çox gözəl bilirdi, ona görə gülüb). Ağrımağı isə Asimin son cümləsi olmuşdu, mənim diktəm olmadan yazdığı cümlə. Ondan sonra Ülvinin məktubundan Göyçə, Kəsəmən sözü əskik olmadı. Hər dəfə heyrətlə yazırdı ki, “doğrudanmı daha Göyçəyə, Kəsəmənə gedə bilməyəcəyik”. Bu hadisə onu çox qübarlandırmışdı. Məhz Asimin məktubundan sonra “Mən qorxmuram uzaq yola çıxmaqdan” şeirini yazıb göndərdi. Əsgərlikdən qayıdanda 70 yaşlı ata-anamın, bütün qohumlarımızın didərginlik həyatı ona çox pis təsir etmişdi. Özünə yer-yurd tapa bilmirdi. Həmin günü Azadlıq meydanında mitinq idi. Hamımız mitinqə getmişdik, ümid işığı axtarırdıq. Xüsusən ata-anamın o mitinqlərdən nicat gözləməsi onu çox üzmüşdü. “And” ondan sonra yazıldı. Göyçə həsrəti hər şeyi üstələmişdi.

- Ermənilərin azərbaycanlılara qarşı münasibəti necə idi Göyçədə?

- Göyçədə erməni çox az idi. Onları da oradan-buradan köçürmüşdülər (Suriya ermənilərindən ibarət 1930-cu ildə bir kənd salmışdılar “Norakert” (“Yenikənd” anlamında). Gödəkbulaq kəndinin adını dəyişib Qarcaxpyur qoymuşdular, yenə də gəlmə erməniləri yerləşdirmişdilər, Yarpızlı kəndini Lcavan etmişdilər və gəlmə erməniləri doldurmuşdular. Göyçə, xüsusən bizim Basarkeçər rayonu bütünlüklə türklər idi. Ona görə oradakı ermənilər qorxaq və hiyləgər bir həyat yaşayırdılar. Hamısı, özləri dedikləri kimi, yalnız türkcə danışırdılar. Onlar hamımızın qapısının iti idi. Amma 1988-ci il hadisələri zamanı birdən-birə hər yan saqqallı ermənilərlə doldu və Göyçəni türklərdən aldılar.

- Kəndinizə qayıdanda neyləyəcəksiniz? Aradan bir qərinədən çox vaxt keçib...

- Bunu təsvir etmək çox ağır hissdir. Evimiz-eşiyimiz, həyət-bacamızı bağrıma basacam. Bəlkə də bir kötüyün üstündə oturub ağlayacam, bəlkə də xatirələrlə dolu hər künc-bucağı gəzəcəm. Əgər ev-eşiyimizi dağıtmayıblarsa, meyvə ağaclarımızı doğrayıb tökməyiblərsə. Bilmirəm, vallah. Atamı gecə evdən əsgərlər çıxmağa məcbur edəndə evin qapısını açarla bağlayıb həyətdə ağacların arasına atmışdı. Sonra geri qayıdıb kibrit yandırıb onun işığında açarı tapıb qapını açmışdı ki, qapım bağlı qalmasın. Erməni-rus əsgəri gülüb demişdi ki, bu evə bir daha qayıtmayacaqsan. Atam isə ona demişdi ki, indi görərik. Hələ də o günü gözləyirəm. Atam-anam 90 il ömür yaşadılar, kəndin həsrətilə, sonda bir ümid işığı görməyincə haqq dünyasına köçdülər. Kəndə girər-girməz qəbiristanlığa qaçacam, babamın-nənəmin, əmilərimin qəbrlərini ziyarət edəcəm. Dağıdıblarsa da yerlərini əzbər bilirəm. O torpaqları gözümə sürtəcəm. Aradan bir qərinə ötsə də yuxularımda 16 yaşımdan tərk etdiyim kəndimizi görürəm. Hər gün sözümüz-söhbətimiz yer-yurdumuzdur. Bir qərinə ötdüyünün fərqində belə olmamışam, inanın.

- Kəndinizdən nəyi saxlayırsınız?

- İlk dəfə Bakıya gələndə (1977-ci il) kəndimizin girəcəyində “Daşlıq” dediyimiz sahədən “Solmaz çiçəyi” yığıb özümlə götürmüşdüm, 47 ildir ki, o çiçək dəstəsini saxlayıram. Hələ də ətri var, çiçəkləri əl dəyən kimi ovxalanıb tökülür, ona görə gözümün qabağında olan hündür bir yerdə saxlayıram. Ondan başqa hələ dinclik vaxtlarda kəndə gedəndə anam bir cürdək (su bardağı), doğulduğum tarixdə adıma xalça toxumuşdu (2,5 x 4,5 sm) cehizliyimdir, bir ədəd də gümüş qaşıq vermişdi. Hamısını tutiyə kimi saxlayıram. Bir də 1988-ci ildə son dəfə kəndə getmək üçün aldığım avtobus biletimi. Gedə bilmədiyimdən bileti hələ də saxlayıram.

- Qərbi Azərbaycan həm də yaradıcılığınızın qırmızı xəttidir...

- Qərbi Azərbaycan mövzusu həyat tərzimdir. O dərdli mövzu ilə yatıb dururuq. Bu haqda yüzlərlə məqalələr yazmışam, ən azı 10 kitabımda dərd, ağrı, həsrət dolu xatirə və düşüncələrim əks olunub. Hər gün yazmaqla bitmir ki. Axar çayın suyu tükənmədiyi kimi, Qərbi Azərbaycan mövzusu da hələ yazı-pozularımda tükənmir. Bəlkə də bütün bu yazılarımı oxuyub Qərbi Azərbaycan İcmasında Qadınlar Şurasının sədr müavini kimi etimad göstərilmişəm. Bu o deməkdir ki, işlərimiz çoxdur, mənzil başına çatınca mübarizəmiz davam edəcək.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31