Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir

Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir

16.02.2013 [09:46]

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, Azərbaycanda sahibkarlıq fəaliyyəti inkişaf edərək iqtisadi inkişafın, əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz ?
- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır.
Həmin dövrdə Ümummilli lider Heydər Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də, sahibkarlığı stimullaşdıran əsas amillərdəndir.
- Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Təbii ki, bu münasibət ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərir...
- Sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsi kimi, 12 fevral 2013-cü il tarixində Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışını qeyd etmək olar. Dövlətimizin başçısı qeyd etdi ki, “Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin sosial - iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ölkə başçısı qeyd etmişdir ki, “Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür”.
Ötən il sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabına olmuşdur. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Görülmüş tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları olmuş, bundan 13,3 milyardı daxili, 8,8 milyard dolları isə xarici investorların vəsaiti olmuşdur.
Eyni zamanda, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, bu dövrdə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.
Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı, MDB məkanında 1-ci yerdədir.
Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur ki, bu vəsaitin 83 faizi regionlar üçün nəzərdə tutulmuşdur.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir. Respublikada həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində ötən 2012-ci ildə ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı 6 faiz artmışdır. Əhalinin pul gəlirləri isə 13,8 faiz çoxalmışdır.
Bu uğurların qazanılmasında təbii ki, sahibkarların rolu danılmazdır. Həyata keçirilmiş digər tədbirlərlə yanaşı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da müəyyən işlər görmüş, iş adamlarını beynəlxalq aləmdə baş verən iqtisadi proseslər ətrafında daima maarifləndirməyə, onlara lazımi dəstək göstərməyə çalışmışdır. Belə ki, ASK həm Azərbaycanda, həm də xarici ölkələrdə (Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, İtaliya, İspaniya, Yunanıstan və digər Avropa və Asiya ölkələri) keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı sahibkarlar arasında zəruri materiallar yaymış, 2012-ci ildə 100-dən artıq sahibkarların həmin tədbirlərdə iştirakını təmin etmişdir.
Həmçinin, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılması kimi vacib istiqamətdə də əməli işlər görülür.
- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası fəaliyyətini daha da genişləndirməkdədir. Sahibkarların maraq və mənafelərinin qorunması istiqamətində hansı addımlar atılır?
- Bu sahədə təkliflər çoxdur, lakin onların çoxunun icrası, təbii ki, uzun zaman tələb edir.
Bildiyiniz kimi, Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiya arasında 2012-2013-cü illər üzrə bağlanmış Baş Kollektiv Saziş ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqeyini əks etdirir.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, Həmkarlar İttifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində də fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Təhlükəsiz və Sağlam əmək şəraiti” üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması haqqında Qərar imzalanmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Təhlükəsiz və Sağlam əmək şəraiti bütün səviyyələrdə sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir və yeni yaradılmış Şura bu istiqamətdə vacib platforma olacaq.
Konfederasiya olaraq sahibkarların maraq və mənafelərinin qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sahibkarların ümumi problemlərinin öyrənilməsi üçün onlarla görüşlər keçirilir, aparılan sorğuların nəticələri ümumiləşdirilərək həll olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılır.
Konfederasiya, həmçinin, sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasında lazımı təşəbbüskarlıq göstərir.
Sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət deyil. Düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Konfederasiya bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, perspektivli istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən yardım əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onların işləməsi üçün münasib şərait yaradır.
Səmərəli idarəetməni təşkil etmək məqsədilə Konfederasiyanın yanında yaranmış 10 daimi komissiya, sahələr üzrə respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün münbit şərait yaradılmış, qanunvericilik bazası təkmilləşdirilmişdir. Təbii ki, bunlardan səmərəli istifadə olunmalıdır .
- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı daha hansı təklifləri irəli sürmək niyyətindədir?
- Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidentinin çıxışında qeyd olunmuşdur: “Əvvəlki dövrdə başlanmış və indi davam edən layihələr öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da artır, sahibkarlığın inkişafı üçün bütün imkanlar vardır. Ümumiyyətlə, ümumi daxili məhsulumuz son 8 il ərzində 3 dəfə artmışdır. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik”.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuşdur.
Nəzərdə tutulan strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı, əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan verəcəkdir.
Bildiyiniz kimi, keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. “Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət Proqramı”nın icraya başladığı vaxtdan 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə də bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də 7,6 faizdən 6 faizə düşmüşdür.
Hesab edirik ki, “Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar 2014-2018-ci illəri əhatə edəcək növbəti beşillik Dövlət İnkişaf Proqramı qəbul edilərkən, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətlərin yenidən hazırlanmasında ASK-nın yaxından iştirakı təmin olunacaqdır. Nəzərə almalıyıq ki, özəl sektor keçən dövr ərzində artıq dayanıqlı, güclü bir sektora çevrilmiş və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevrilməsində öz sözünü deyəcəkdir.
Ölkə Prezidenti tərəfindən yeni qəbul edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlmiş və sahibkarlar üçün bu istiqamətdə yol açılmışdır.
Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır.
Ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə post-terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.
Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.
Biz “Sosial Partnyorluq” və “İşəgötürənlər birlikləri haqqında” qanunların qəbul edilməsini və sosial partnyorluq sistemini tənzimləyən Milli Sosial Şuranın yaradılmasını mümkün və vaxtı çatmış məsələ hesab edirik.
Sahibkarlığın inkişafına yaxından dəstək verilməsi məqsədilə sahə və ərazi assosiasiyalarının yaradılması bizim qarşımızda duran aktual məsələlərdəndir. Qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz vardır. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi də sahibkarlığın inkişafına təkan verən güclü vasitədir. Bu sahədə də tədbirlər nəzərdə tutulmuşdur.
Bununla bağlı ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çox illik əkmələrin, o cümlədən, üzüm bağlarının və plantasiyalarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlərin güzəştli şərtlərlə ayrılması məqsədə müvafiq olardı.
Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, ASK bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz töhfəmizi verməyə hazırıq.

Paylaş:
Baxılıb: 1075 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30