Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Dağıdıcı müxalifətin sosial bazası çox zəifdir”

“Dağıdıcı müxalifətin sosial bazası çox zəifdir”

06.04.2013 [16:54]

Mübariz Qurbanlı: Azərbaycan xalqına söykənməyən qüvvə iflasa məhkumdur
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibə verib:
- Mübariz müəllim, seçki ilində müxalifətin icazəsiz aksiyalar yolu ilə pozuculuq aktları törətməyə cəhd göstərmələrinin antimilli xarici qüvvələrin sifarişi olduğunu söyləmək olarmı?
- Hər dəfə seçki kampaniyası ərəfəsində siyasi partiya rəhbərləri diqqət mərkəzinə düşmək üçün müxtəlif vasitələrə əl atırlar. Bəzən dağıdıcı müxalifət xalq arasında nüfuz əldə edə bilmədikdə qeyri-qanuni vasitələrlə bunu əvəzləmək istəyir. Məqsəd diqqəti özünə yönəltmək, mövcud olduğunu nümayiş etdirməkdir. Dağıdıcı müxalifət sosial baza baxımından çox zəifdir. Bunun başlıca səbəbi isə dağıdıcı müxalifətin indiki şəraitdə Prezidentimizin yürütdüyü siyasətə alternativ bir proqramı ortaya qoya bilməməsidir. Müxalifət hansı məsələyə toxunmaq istəyirsə, biz, indiki iqtidar onu qabaqlamış oluruq. Məhz buna görə də, dağıdıcı müxalifətin hansısa bir formada sosial baza yığması mümkün deyil. Mütləq əksəriyyət indiki hakimiyyəti müdafiə edir. Belə olan halda müxalifətin radikal qanadı pozuculuğa, dağıdıcılığa meyil göstərir. Azərbaycana qarşı müxtəlif illərdə müxtəlif basqılar olmuşdur və indi də var. Bunu dövlətlər səviyyəsində söyləyə bilmərik. Bəzi xarici dairələr var ki, Azərbaycanın liderliyini gözü götürmür, möhkəmlənməsini istəmir. Ermənistan istisna olmaqla bu gün biz bir dövlət olaraq 155 ölkə ilə ticari, iqtisadi əlaqələr saxlayırıq, beynəlxalq təşkilatlarda kifayət qədər nüfuza sahibik. Xatırlayaq ki, Avropa Şurasında Azərbaycanla bağlı haqsız bir qərar qəbul etmək istəyirdilər. “Ştrasser sənədi” deyilən bir sənədi. Ancaq Azərbaycanın nüfuzu buna imkan vermədi ki, bizə qarşı haqsız, ədalətsiz qərar qəbul edilsin. Bu, bizim nüfuzumuzdur. Təbii ki, xaricdə müəyyən dairələr vardır ki, onlar ölkəmizə müsbət mənada yanaşmırlar. Bu dairələr özlərinin, iqtisadi, media imkanlarından istifadə edərək “qara piar” kampaniyası aparırlar. Bu “qara piar” kampaniyasında isə bəzən Azərbaycanın daxilindəki müxalifət nümayəndələri bilərəkdən və bilməyərəkdən alət rolunda çıxış edir, vasitə rolunu oynayır. Əlbəttə, bu təəssüfdoğurucu bir haldır. Amma bütövlükdə xaricdən dövlət səviyyəsində ölkəmizdə olan dağıdıcı müxalifətə heç bir dəstək yoxdur. Bu kömək müəyyən qurumlar çərçivəsində ola bilər.
- Milli Demokratiya İnstitutunu həmin qurumlardan hesab etmək olar?
- Milli Demokratiya İnstitutunun hansısa bir qrupunun buradakı fəaliyyətini ABŞ hökumətinin Azərbaycana olan münasibəti kimi dəyərləndirmək düzgün olmazdı. Çünki ABŞ-la Azərbaycan hökumətləri arasında çox gözəl münasibət var. Amma orada bəzi qurumlar anti-Azərbaycan əməllərə yol verə bilərlər və Azərbaycan dövləti bunu dövlət səviyyəsində əməl saymır. Sadəcə, bu hadisələr zamanı müvafiq hökumətdən, tərəfdaş ölkədən bu məsələyə aydınlıq gətirmək istəyirik. Digər tərəfdən, ölkənin daxilindəki dağıdıcı müxalifət həmin qüvvələrin buradakı sifarişlərini yerinə yetirən qruplar kimi fəaliyyət göstərir. Bu isə yol verilməzdir. Hesab edirik ki, hər bir siyasi qüvvə, siyasi partiya sədri fəaliyyət göstərirsə, ancaq öz xalqına, öz seçicisinə, öz millətinə istinad etməlidir. Hansısa xaricdə fəaliyyət göstərən QHT-yə və yaxud quruma istinad etmək, ona arxalanmaq və onlardan dəstək gözləmək yol verilməzdir. Bu cür hərəkətlərə yol verən adamlar siyasətçi kimi məhv olmağa məhkumdur. Buna görə də, dağıdıcı və radikal müxalifətlə bağlı bizim mövqeyimiz birmənalıdır.
- Hazırda “İctimai Palata”nın təsisçilərinin bir qismi ABŞ-da, bəziləri isə Avropada və Türkiyədə səfərdədirlər. Məlumatlara görə, bu səfərlər xarici qüvvələrlə məsləhətləşmək xarakteri daşıyır. Bu mənada məsləhətləşmə deyəndə nə nəzərdə tutulur?
- Biz azad və demokratik ölkədə yaşayırıq. Ölkəmizdə isə insanların sərbəst hərəkət azadlığı, o cümlədən də, siyasi fəaliyyət azadlığı vardır. Buna görə də, Azərbaycanda olan siyasi partiyaların və siyasi qrupların nümayəndələrinin hansısa ölkələrə səfərlər etməsi bizdə heç bir narazılıq və əks mövqe yaratmır. Biz özümüz də xarici ölkələrdəki siyasi partiyalarla sıx əlaqə qurmuşuq. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə yüksək səviyyəli əməkdaşlığımız var. Bu təşkilat 21 ölkə 300-dən yuxarı siyasi partiyanı təmsil edən qurumun daimi komitəsidir. Bizim partiyamız həmin daimi komitənin üzvüdür. Yəni, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı kimi nüfuzlu beynəlxalq təşkilatı yönəldən, onun ali rəhbərliyində olan partiyalardan biri Yeni Azərbaycan Partiyasıdır. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyası ilə sıx əlaqələr qurub. Biz burada müşahidəçi statusu almaq ilə əlaqədar danışıqlar aparırıq, tədbirlərimiz və görüşlərimiz olur. Eyni zamanda, bizim onlarla xarici ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrimiz var, protokollar imzalamışıq, əməkdaşlıq haqqında qarşılıqlı memorandumlarımız var. Buna görə də, bizim partiyanın nümayəndələri xarici ölkələrə səfərlər edirlər. Gənclər təşkilatları vasitəsilə biz xarici ölkələrin Gənclər Təşkilatları ilə sıx əlaqə qurmuşuq. Bir sözlə, Yeni Azərbaycan Partiyası çoxtərəfli əlaqələrə malikdir. Buna görə də, Azərbaycanda fəaliyyət göstərən hər hansı siyasi partiyanın nümayəndəsinin xaricə səfərləri bizim üçün hər hansı maneə deyil və biz bundan təşviş keçirmirik. Əgər onların bu səfərləri xoş niyyətlidirsə, ümummilli maraqlarımıza xidmət edirsə, qanunvericiliyə zidd deyilsə, biz bu səfərləri normal sayırıq. Ancaq bu səfərlər zamanı Azərbaycanın milli maraqlarına ziyan vurulmamalıdır.
- “Müsavat” başqanı İsa Qəmbər “müsavatçı” gənclərlə görüşündə ölkədə qan töküləcəyindən qorxduğunu bildirib. Bu fikir onu deməyə əsas verirmi ki, İsa Qəmbər müəyyən şəxsləri qan tökməyə təhrik etmək üçün hazırlıq işləri görür?
- Azərbaycanda siyasətlə məşğul olan bəzi adamlar özlərini söz sahibi kimi göstərmək istəyirlər. Bəzən onların söylədiyi fikirlər ancaq populist xarakterli bir məsələ kimi ortaya çıxır. Bizim partiyamızın çox güclü gənclər təşkilatı var ki, biz bu gənclərin vətənpərvər ruhda olmasını istəyirik və hər zaman onları dəstəkləyirik. Azərbaycan gəncliyinin öz millətinə, öz dövlətinə sədaqətli olmasını istəyirik. Azərbaycanın nüfuzunu yüksəldəcək əməllərə, hərəkətlərə birgə yanaşmasını istəyirik. Xaricdə təhsil alan minlərlə gənclə bizim əlaqələrimiz var. Yeni Azərbaycan Partiyasının gənclərinin qurduğu sosial şəbəkələr var ki, gənclər mütəmadi olaraq orada yazışırlar. Müsavat Partiyasının başqanının gənclərlə görüşdə qan tökülməsi ilə bağlı söylədiyi fikirlər hesab edirəm ki, Azərbaycana aid deyil. Bu ancaq gənclərdə ölkəmizlə bağlı yanlış fikir yaratmaq cəhdidir. Bizim xalqımız ən çətin məsələləri belə qan tökməklə deyil, sülh yolu ilə həll etməyi tarix boyu üstün tutmuşdur. Qan tökülməsi lazımdırsa, bu, düşmənin qanı olmalıdır. Guya çox böyük qarşıdurma ola bilər ki, qan tökülməyə qədər gəlib çıxsın. Belə proqnozu ancaq dağıdıcı müxalifət verə bilər. Onlar ancaq belə düşüncənin daşıyıcısı ola bilər, çünki onlar ancaq belə fikirləri beyinlərində gəzdirirlər. 1993-cü ildə “Müsavat” rəhbərinin hakimiyyətdə olduğu dönəmdə İsa Qəmbər Gəncədə vətəndaş qanının tökülməsində iştirak etmişdi və təsadüfi deyil ki, parlamentdə də onun ünvanına “sənin əlin qana batıb” söylənmişdi. İsa Qəmbər narahat olmasın, Azərbaycanda siyasi vəziyyət, iqtisadi inkişaf elə səviyyədədir ki, ölkədə qan tökülməsinə nə şərait, nə də ki, buna yönəlik psixoloji durum var.
- “İctimai Palata”nın təsisçilərindən olan AXCP sədri Əli Kərimli gəncləri küçələrə çıxıb, siyasi şüarlarla aksiyalar keçirməyə çağırışlar edir. Bu, Əli Kərimlinin çağırışına rədd cavabı verən gənclər təşkilatlarının bəyanatlarında və müraciətlərində nümayiş olunmaqdadır. Sizcə, Əli Kərimli niyə hələ də, 88-90-cı illərdəki eyforiyasından qurtula bilmir?
- Gəncləri küçələrə çağıranlar əbəs yerə enerji sərf etməsinlər. Qeyri-qanuni aksiyalar keçirməyə ötən il də, bu il də cəhdlər olub. Bu aksiyaları biz təhlil etmişik və orada iştirak edənlər Əli Kərimlinin, İsa Qəmbərin ətrafında olan yaxınlarıdır. Qeyri-qanuni çağırışlar edənlər özlərinə tərəfdar toplaya bilmirlər. Əli Kərimlinin bu çağırışları həm qanuna ziddir, həm də əhəmiyyətsizdir. Çünki bu cür çağırışlarla gəncləri qeyri-qanuni hərəkətlər etməyə sürükləyə bilməyəcək.
- “El” hərəkatının sədri Eldar Namazovun Rusiya meyilli qüvvələrin Azərbaycandakı nümayəndəsi olduğu bildirilir. Sizcə, bu şəxs Rusiyadakı antimilli qüvvələrin etimadını doğrultmaq üçün imkanlara malikdirmi?
- “El” hərəkatının Azərbaycanın ictimai-siyasi həyatında hansısa təsir buraxacağına və ya tərəfdarlar qazanacağına elə də inanmıram. Bir daha o fikirdəyəm ki, Azərbaycanda hansısa siyasi partiya, siyasi təşkilat kənardan dəstək alırsa, bu dəstək yalnız və yalnız həmin kənarda olan anti-Azərbaycan dairələr tərəfindən edilə bilər. Dövlət səviyyəsində istər Rusiya, İran, Türkiyə, ABŞ və ya Avropa İttifaqına üzv dövlətlərdən müxalif qüvvələr dəstək ala bilməz. Bu, mümkün deyil. Azərbaycan güclü dövlətdir. Dövlətimiz hər zaman özünü müdafiə edə bilər. Cənubi Qafqaz bölgəsində siyasi prosesdə öndə olan dövlətdir. Buna görə də, kiminsə hansısa təşkilatı yaratması və hansı yolu seçməsi məsələsi də onun öz işidir. Bütün bunların hamısına qiymət verəcək bir qüvvə var. O qüvvə də Azərbaycan xalqıdır. Azərbaycan xalqına söykənməyən qüvvə iflasa məhkumdur.
- Mübariz müəllim, keçirilməsi nəzərdə tutulan Yeni Azərbaycan Partiyasının qurultayı nə zaman baş tutacaq və qəbul olunacaq qərar nədən ibarət olacaq?
- Bilirik ki, bu il seçki ilidir. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin müəyyən edilməsi və irəli sürülməsi hər bir siyasi partiyanın ali orqanının keçirdiyi yığıncaqda həll olunur. Yeni Azərbaycan Partiyası əvvəlki illərdə olduğu kimi, bu il də prezidentliyə namizəd irəli sürərkən özünün qurultayını keçirəcək. Təbii ki, bu il keçiriləcək prezident seçkilərində partiyamızın irəli sürəcəyi namizəd Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev olacaq. Bununla əlaqədar açıqlamalar hələ ötən ildən verilib və bu il də bir neçə dəfə ictimaiyyətə partiyamızın mövqeyini çatdırmışıq. Ancaq Seçki Məcəlləsinin tələbinə uyğun olaraq partiyamızın ali orqanında irəli sürdüyümüz namizədlə bağlı rəsmi qərar qəbul edib, sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməliyik. Qurultayın nə vaxt keçiriləcəyi isə müəyyən ediləcək və bu barədə ictimaiyyətə, cəmiyyətə məlumat veriləcək. Qurultayda müzakirə ediləcək məsələlər müxtəlif ola bilər. Əsas məsələ isə partiyanın namizədinin qurultayda irəli sürülməsi, təsdiq olunması və bununla bağlı müvafiq qərarın qəbul edilməsidir. Aydındır ki, partiyanın qurultayı keçiriləndə partiyadaxili və digər məsələlərə də yer ayrıla bilər. Bununla bağlı heç bir ciddi problemimiz yoxdur, hər şey nəzərdə tutduğumuz qaydada davam etməkdədir.
- Yeni Azərbaycan Partiyasının bu il keçiriləcək prezident seçkiləri ilə bağlı seçki taktikasında hər hansı bir dəyişiklik olacaqmı?
- Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. 1993-cü ildən başlayaraq müxtəlif xarakterli seçkilərdə iştirak etmişik. Prezident, parlament, bələdiyyə seçkiləri. Hər seçkidən sonra partiyamızda seçkilərin nəticələri geniş təhlil olunur və gələcək seçkilərlə bağlı taktika müəyyən edilir. Toplanan təcrübələr üzərinə yeniliklər əlavə olunur. Heç nə həyatda sabit və donuq vəziyyətdə deyil, hər şey inkişafdadır, irəliyə doğru getməkdədir. Dünya ölkələrində siyasi partiyaların seçkilərdə iştirakı, seçki kampaniyalarının təşkili istiqamətində də zaman-zaman çox böyük yeniliklər özünü göstərib və göstərməkdədir. Biz bütövlükdə dünyanın qabaqcıl ölkələrində keçirilən seçkilər və onların təcrübəsini əsaslı şəkildə öyrənirik və tətbiq olunan yenilikləri Azərbaycan şəraitinə uyğun şəkildə həyata keçirməyə çalışırıq. 2010-cu il parlament seçkilərində bizim partiyamızın namizədləri seçki kampaniyasının ən son yeniliklərindən istifadə etmişdilər. Bu il isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Seçki strategiyası və taktikasına uyğun şəkildə fəaliyyət göstəririk və prezident seçkilərində daha böyük yeniliklər tətbiq edəcəyik. Kütləvi informasiya vasitələrindən hərtərəfli istifadə ilə bərabər, elmi-texniki nailiyyətlərin son variantlarından istifadə də əhəmiyyətli rol oynayır. Xüsusilə də, internet, sosial şəbəkələr və digər elektron kütləvi informasiya vasitələri və onların imkanlarından seçki kampaniyası zamanı yararlanacağıq. Əvvəlki seçkilərdə topladığımız təcrübəyə istinad edərək seçki taktikamızı biz son yeniliklərlə zənginləşdirəcəyik. Əminəm ki, bizim tətbiq etdiyimiz seçki taktikası istənilən uğuru əldə etməyə böyük zəmin yaradacaq. Bütövlükdə bizim seçkilərdə uğurumuzun əsasında Prezidentimizin şəxsiyyəti və Onun həyata keçirdiyi praqmatik və səmərəli siyasət dayanır. Bizim xalqa deməyə kifayət qədər sözümüz və imkanımız var. Seçki taktikamız qazanılmış uğurlar və bu uğurların təbliği və təşviqi üzərində qurulacaq. Namizədimizin liderliyi, şəxsi keyfiyyəti, Onun ardıcıl siyasi xətti həyata keçirməsi, Ulu öndər Heydər Əliyev siyasətinin yeni mərhələdə, yeni lider keyfiyyətləri ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və bu kimi məsələlər seçki taktikamızda, seçki təbliğatımızda önəmli yer tutacaq. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası müasir partiyadır, müasir seçki taktikasını təbliğ etməyə qadir partiyadır. Rayon-şəhər təşkilatlarımız kifayət qədər güclüdür. Azərbaycan cəmiyyətinin intellektual potensialının mütləq əksəriyyəti bizim partiyamızdadır. Ona görə də, seçki strategiyamız və taktikamız ciddi uğurlar əldə etməyə əsas verir və biz bundan istifadə edəcəyik.

Paylaş:
Baxılıb: 1081 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30