Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” bizə bir yol xəritəsi kimi hədəfləri göstərir”

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” bizə bir yol xəritəsi kimi hədəfləri göstərir”

12.03.2015 [12:15]

Fərhad Hacıyev: Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir və dünya üçün nümunədir
Məlum olduğu kimi, bu gün Azərbaycanda nümunəvi dövlət gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə gəncləri ictimai həyatın bütün sahələrində öz təşəbbüskarlıqları ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin “Yeni Azərbaycan” qəzetinə müsahibəsində də bu və digər məqamlara toxunulub.
- Fərhad müəllim, gənclərlə bağlı mühüm qurumlardan birinin rəhbəri kimi, ölkəmizdə həyata keçirilən gənclər siyasətini necə dəyərləndirərdiniz?
- Azərbaycan dövlətinin gənclər siyasəti Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə gənclərə diqqət və qayğı göstərib. Eyni zamanda, Ümummilli liderimiz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərindən birini Azərbaycan gəncləri ilə keçirib. Ümummilli liderimizin 1994-cü ildə yaratdığı ilk dövlət qurumu da məhz Gənclər və İdman Nazirliyi oldu. Onu da qeyd edim ki, Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bir neçə mərhələyə bölünmüşdür. Birinci mərhələ gənclər siyasətinin qanunvericilik bazasının yaradılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ikinci mərhələ gənclərin, həmçinin, bu kəsimin yaratdığı qeyri-hökumət təşkilatlarının inkişaf etdirilməsi və ideyaların reallaşdırılması olmuşdur. Yəni, bu iki mərhələdə həyata keçirilən tədbirlərə nəzər salanda biz Ulu öndərin rəhbərliyi ilə atılan addımları, dövlətimiz tərəfindən mütəmadi olaraq həyata keçirilən gənclər forumlarını, “Gənclər siyasəti haqqında” Qanunun qəbulunu, gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının yaradılması proseslərinin intensiv inkişaf etməyə başladığını görürük. Məlum olduğu kimi, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci il fevralın 1-də Ulu öndər “2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Ümummilli liderimiz həm 1996-cı ildə, həm də 1999-cu ildə keçirilən forumdakı proqram xarakterli nitqlərində Azərbaycanın dövlət gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Sonradan, növbəti mərhələdə gənclərlə bağlı infrastruktur yaradılmağa başlandı, yeni-yeni gənclər mərkəzləri tikildi. Ümumiyyətlə, birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Ulu öndərin əsasını qoyduğu və müasir, Vətənini sevən, intellektual gənclərin yetişdirilməsinə istiqamətlənən Azərbaycanın dövlət gənclər siyasəti qarşıya qoyulmuş məqsədlərə və konkret hədəflərə hesablanmışdır.
Sevindirici haldır ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”, həmçinin, “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edildiyini, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunduğunu, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradıldığını qeyd etmək yerinə düşər. Bir sözlə, cənab İlham Əliyevin prezidentliyi dövründə ən çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olmuşdur. Bəlkə, dünyada bu gün öz gəncliyinə, idmana bu qədər diqqət ayıran və qayğı göstərən ikinci dövlət başçısı tapmaq çətindir. Yəni, Prezident İlham Əliyev ildə 2-3 dəfə gənclərlə görüşür, onların fikir və təkliflərini dinləyir. Bir sözlə, gənclər siyasəti çərçivəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi sözügedən sahədə səmərəli nəticələrin əldə olunmasını şərtləndirib. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli nümunələrindən biri də ölkə gənclərinə dövlət vəsaiti hesabına xarici dövlətlərin nüfuzlu ali məktəblərində oxumaq imkanı və şəraitinin yaradılmasıdır ki, bu gün bundan minlərlə gənc faydalanır. Öz növbəsində, göstərilən diqqət və qayğıdan güc alan gənclərimiz, həmçinin, Azərbaycan gənclər təşkilatları bu gün yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə təbliğ edirlər. Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir və dünya üçün nümunədir. Yəni, dünyada elə bir dövlət mövcud deyil ki, öz gənc vətəndaşlarına bu qədər diqqət və qayğı göstərsin.
- Bəs, bu sadalananların fonunda 2014-cü il necə yadda qaldı?
- Heç şübhəsiz, 2014-cü il də sözügedən istiqamətdə mühüm addımların atılması və bir sıra uğurların əldə edilməsi ilə yadda qaldı. Daha dəqiq desək, 2014-cü ildə gənclərlə bağlı bir sıra böyük uğurlu layihələr həyata keçirildi. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Bakıda keçirilmiş Gənclər siyasəti üzrə qlobal Sammitdə də ölkəmizdə aparılan gənclər siyasətinə yüksək qiymət verildi və Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bundan başqa, Gəncə şəhəri Avropanın gənclər paytaxtı elan olundu, bir sıra regionlarda gənclər mərkəzləri fəaliyyətə başladı ki, bu da ölkəmizdə gənclər siyasətinin uğurlu, yüksələn xətt üzrə inkişafının əsas göstəricilərindəndir.
- Bəs Azərbaycan Prezidenti yanında Gənclər Fondu ötən ili necə başa vurdu?
- Bilirsiniz ki, Gənclər Fondu Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Yəni, cənab Prezident gənclərlə görüşü zamanı şəxsən Özü təşəbbüs göstərmişdi ki, Fond yaradılsın və bu Fond gənclərin inkişafı ilə bağlı layihələri dəstəkləsin. Beləliklə, Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılan və 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlayan Azərbaycan Prezidenti yanında Gənclər Fondu qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll edib. Gənclər Fondu, ümumiyyətlə, ötən dövr ərzində 1865 layihə dəstəkləyib. Minlərlə gənc Gənclər Fondunun dəstəklədiyi layihələrdə iştirak edib. Bundan başqa, Gənclər Fondunun dəstəyi ilə bir çox sahələri əhatə edən 1 milyon 300 mindən artıq əyani vəsait çap olunaraq gənclər arasında paylanıb.
- Fərhad müəllim, dediklərinizdən də bəlli olduğu kimi, gənclər bu gün Prezidentin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, gənclər sektoru dövlət tərəfindən hərtərəfli dəstək alır. Bütün bunların fonunda müasir Azərbaycan gənci nə istəyir və onun hədəfi nədir?
- Sürətlə inkişaf etməkdə olan ölkəmizdə bütün sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada, təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Onu da deyim ki, gənclərlə bağlı hər hansısa bir sənəd təsdiq edilirsə, bu, mütləq gənclərin iştirakı ilə müzakirə edilir. Bütün bunların fonunda Azərbaycan gənci nə istəyə bilər? Azərbaycan gənci Vətənin bütövlüyünü istəyir, Vətənini və vətəndaşlarını xoşbəxt görmək istəyir. Ümumiyyətlə, bizim gəncliyi digər ölkələrin gəncliyindən fərqləndirən çox maraqlı və önəmli bir xüsusiyyəti onun vətənpərvər olmasıdır. Yəni, biz dünyanın harasına getsək, hansı ölkəsində olsaq, görüşdüyümüz gənclər ilk növbədə Azərbaycanın inkişafından, Azərbaycanın gözəlliyindən, onun gələcəyindən danışır. Hər bir gənc ölkəsi ilə bağlı layihələr həyata keçirmək istəyir. Bu, məncə, bizim ən böyük nailiyyətimiz, ən böyük uğurumuzdur ki, gənclərimiz bu qədər vətəninə, torpağına bağlıdırlar.
- Fondunuzun fəaliyyəti ildən-ilə genişlənir, layihələrinizdə dəyişikliklər dərhal nəzərə çarpır. Bəs, 2015-ci ildə Fondun layihələrində, hədəflərində hansı dəyişikliklər gözlənilir?
- Biz çalışırıq ki, hər yeni müsabiqədə müsabiqənin istiqamətləri və şərtləri Fondun əsas məqsədi olan gənclərin ideyalarının dəstəklənməsinə yönəlsin və maksimum sayda gənc bu imkanlardan yararlansın. Biz, demək olar ki, hər müsabiqə öncəsi gənclərimizin fikirlərini öyrənirik. Gənclər hansı layihələrin həyata keçirilməsinə üstünlük verirlərsə, biz də həmin layihələrə üstünlük veririk. Bu il də, təbii ki, istisna deyil. Yenə də gənclərimizlə müzakirələr aparacağıq. Amma təxmini bizim üçün məlum olan istiqamətlər odur ki, bu il ölkəmizdə tarixi bir hadisə baş verəcək - birinci Avropa Oyunları baş tutacaq. Bununla bağlı gənclərimizin bir-birindən maraqlı layihələri var. Gəncə şəhərinin gənclər paytaxtı elan olunması ilə bağlı maraqlı layihələrimiz olacaq. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı layihələrimiz var. Yəni, gənclərimiz bütün sahələrdə aktiv olmağa çalışırlar, elə bir sahə yoxdur ki, o sahə ilə bağlı layihələr təqdim olunmasın.
- Fərhəd müəllim, məlum olduğu kimi, bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etdi. Bu strategiyanı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, bu strategiya gənclərin qarşısına hansı öhdəlikləri qoyur?
- Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, cənab Prezident tərəfindən on illik strategiyanın qəbul olunması Azərbaycan dövlətinin gücünün, inkişafının bariz bir göstəricisidir. Yəni, dövlətimiz artıq on il öncədən strategiya müəyyənləşdirir və qəbul edir, yaxın on il üçün planlarını qurur. Bu addımın özü onu göstərir ki, cəmi 24 illik müstəqillik tarixi olan bir dövlət artıq hardasa ömrünün yarısı qədər gələcək üçün planlar qurmaq iqtidarındadır. Bir sözlə, Azərbaycanın gənclər siyasəti o qədər formalaşıb ki, artıq onun qısamüddətli deyil, uzunmüddətli hədəfləri var və o, bu hədəflərə doğru gedir. Yəni, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” bizə bir yol xəritəsi kimi hədəfləri göstərir. Bu hədəflərin həyata keçirilməsi üçün isə planlar, proqramlar qəbul olunacaq. Onu da deyim ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu il başa çatır. Qəbul olunacaq növbəti Proqram üzərində iş gedir və bu Proqram həmin strategiyanın əsasında formalaşdırılacaq. Yəni, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” fundamental bir sənəddir ki, biz bu sənədlə bütün dünyaya, sadəcə, bu günlə yaşamadığımızı, yaxın on il üçün hədəflər qurduğumuzu göstəririk.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30