Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Novruz Məmmədov: Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var

Novruz Məmmədov: Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var

26.10.2017 [10:27]

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi:
- Novruz müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyan sərsəm bəyanatlar verdi. Siz bunu necə şərh edərdiniz?
- Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşsa da, görüşdən sonra ağlına gələni deyib. Sarkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib. Sarkisyan həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, amma görüşdən çıxandan sonra riyakarlıq etdi, başqa cür danışdı. Əgər Ermənistan prezidenti veriləcək bəyanatla razı deyildisə, görüşdə bunu bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra bildirəcək. Amma belə olmadı. Həmsədrlər əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər? Dövlət başçısı statusu olan şəxs belə riyakarlıq etməz, yalan danışmaz. Danışdı, cavabını da aldı. Azərbaycan Prezidenti və digər dövlət rəsmilərinin Ermənistanın dövlət başçısına cavabı özünü çox gözlətmədi.
Ermənistan xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb. Ermənilər ölkələrini tərk edirlər. Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir.
- Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında hansı fikirdəsiniz?
- Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verirlər. Ədalətin olmadığı yerdə isə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz. Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir. Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir.
XXI əsrdə, insan intellektinin ən yüksək həddə inkişaf etdiyi bir dövrdə dünyada baş verən proseslər göz önündədir. İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. XX əsrdə iki Dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur.
Söhbət ondan gedir ki, Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsinə Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz.
AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli bir qurumdur. AŞ PA iki ölkəni qəbul edib, lakin onlardan biri digərinin ərazilərini bütün bu illər ərzində işğal altında saxlayır. AŞ PA-dan bunu tələb etmək lazımdır ki, əgər sən ədalətli bir qurumsansa, ədalət tərəfdarısansa, niyə bununla bağlı heç bir söz demirsən, heç bir qərar qəbul etmirsən?! Azərbaycan isə inkişaf edir, böyük nüfuzu var, ölkənin münaqişədə olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, davamlı inkişafını necə lazımdır təmin edir, regionda, beynəlxalq aləmdə nüfuzu artır.
Azərbaycan kiçik bir dövlət olsa da, Şimal, Cənub, Şərq, Qərb kimi mühüm dəhlizlərin, yəni İpək Yolunun yenidən bərpa olunmasında həm təşəbbüskardır, həm iştirakçıdır, həm də aparıcı rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu - bütün bunların hər biri Azərbaycanın 26 ildə həyata keçirdiyi böyük işlərdir. Dünyanın ən böyük dövlətləri belə, bu cür miqyasda işlər görməyiblər. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yerini, rolunu göstərir. Bu isə, çox təəssüflər olsun ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. Azərbaycan ərazilərini 25 ildən artıqdır ki, işğal altında saxlayan işğalçı Ermənistan haqqında isə bir dəfə də olsun söz demirlər, amma Azərbaycanla bağlı balaca bir söhbət olan kimi danışırlar.
Bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir. Bir neçə gün əvvəl “Euronews” telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirdi. Bu, həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir?! Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çjinin indi rəhbər olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki olaraq ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir. 1990-cı illərin əvvəlindən Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmirdilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. “Euronews” telekanalı da susanların sırasındadır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb yazacaqlar. Amma 1 milyon qaçqın və məcburi köçkünlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəzli mövqe, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir.
- Novruz müəllim, bu gün dünyada mövcud olan münaqişələrin günahkarları, səbəbkarları kimdir?
- Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir. Artıq bu, bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizm ocaqları kifayət qədər çoxdur. Onlar əvvəlcədən ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün artıq bu gün belə problemlərlə üzləşirlər. Hazırda bu problemlərlə üzləşən ölkələrə vaxtında deyirdik ki, gəlin, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizə deyirlər ki, separatizmə qarşı mövqe bildirin. Bu günlərdə İtaliyanın iki vilayəti iqtisadi müstəqillik istədi. Bu, Avropanın aparıcı ölkəsi olan İtaliyada ilk addım ola bilər. Böyük Britaniyanın da Şimali İrlandiya, Şotlandiya kimi problemləri var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb. 1990-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hallar var. Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə zamanında ədalətli həll olunsaydı, bəlkə də, bu gün bu münaqişələrin çoxu olmazdı.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı haqqında nələri söyləmək olar?
- Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı təkcə Azərbaycana lazım olan bir çıxış deyildi. Bu, beynəlxalq ictimaiyyətə, beynəlxalq birliyin üzvlərinə ünvanlanan bir mesaj idi. Son bir neçə onillikdə beynəlxalq aləmdə vəziyyət çox dəyişib, çox gərginləşib, ölkələr arasında, müəyyən regionlarda sabitlik, təhlükəsizlik pozulub və sabitliyi, təhlükəsizliyi, davamlı inkişafı təmin edən dünya düzəninin də bu gün hələ ortaya çıxarılması bir problemə çevrilib. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı o deməkdir ki, bu yolla getmək düzgün deyil. Bu, nə münaqişələrin həllinə, nə də sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfə verir. Ona görə də ikili standartlardan, yalan, qərəzli mövqelərdən əl çəkmək lazımdır. Bu baxımdan Azərbaycan Prezidentinin çıxışı dünya birliyinə bir mesaj idi. Bu gün dünyanın böyük ölkələri arasında böyük gərginliklər var. Axırı necə olacaq - dəqiq proqnoz vermək çox çətindir.
Bundan əvvəl Azərbaycanın çox böyük rolu oldu ki, Rusiya-Türkiyə münasibətləri əvvəlki yaxşı vəziyyətinə qayıtsın. Belə hallar çoxdur. Bu mənada Azərbaycanın beynəlxalq aləmdə çox böyük yeri var.
- Novruz müəllim, oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmiz üçün əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Bu il oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz. Ümumiyyətlə, bu illər ərzində kiçik bir dövlətin Ümummilli lider Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bəzən bir layihə belə, dövlətimizin çox uğurlu bir yol keçdiyinə nümunə ola bilərdi. Amma görün Azərbaycan nə qədər layihələr həyata keçirib. Şərqlə Qərbi birləşdirmək, min il bundan əvvəl mövcud olmuş Böyük İpək Yolunu bərpa etmək, Şimalla Cənub arasında əlaqələr yaratmaq, demək olar ki, planetin bütün ölkələrini bir-birinə yaxınlaşdıran layihələrdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri - XX və XXI əsrin müqavilələri, mühüm layihələrdir. Azərbaycanın işıqlı gələcəyi, firavanlığı bax bu siyasətlə təmin olunur. Düşünürəm ki, bu yol uzun və əbədidir. Təbii ki, bu yolda hər birimiz çalışmalı və öz töhfəmizi verməliyik.

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30