Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP seçkilərdə ona qarşı hər hansı bir problem yaradan rəqiblə qarşılaşmayıb

YAP seçkilərdə ona qarşı hər hansı bir problem yaradan rəqiblə qarşılaşmayıb

15.10.2009 [09:36]

Əli Əhmədov: Müxalifət partiyalarının bələdiyyələrə irəli sürmək üçün yetərli insan potensialı yoxdur. Və bu faktı ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirməyə çalışırlar
Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hazırlığı uğurla davam etdirir. YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərlə söhbətində seçkilərə hazırlığın indiki mərhələsi haqqında ətraflı məlumat verib:
- Yeni Azərbaycan Partiyası Azərbaycanda bütün bələdiyyələrə namizədlər irəli sürmək niyyətindədir və bu namizədlərin sayı kifayət qədər çoxdur. Bilirsiniz ki, Azərbaycanda bu il 1700-dən yuxarı bələdiyyələrə seçkilər keçiriləcək və bu bələdiyyələrə təxminən 20 minə yaxın namizədlər irəli sürüləcək. Yeni Azərbaycan Partiyası da bütün bələdiyyələrə öz namizədlərini irəli sürəcək və qeyd edim ki, artıq partiyamızın namizədləri də müəyyənləşdirilib. İndiki halda, Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə namizədlərin irəli sürülməsi üçün zəruri sənədlərin hazırlanması üzərində işi başa çatdırmaqdadır. Güman edirəm ki, bir neçə gün ərzində biz prosedur qaydalarına uyğun olaraq sənədləri hazırlayıb, namizədlərin siyahılarını qanuna müvafiq şəkildə Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına təqdim edəcəyik.
- Namizədləriniz arasında qadınlar və gənclər faiz etibarilə nə qədər təşkil edəcək?
- Apardığımız təhlillər nəticəsində məlum olub ki, mövcud bələdiyyələrdə qadınlar və gənclərin xüsusi çəkisi həddən artıq aşağıdır. Təxminən belə deyək ki, 3-4 faiz civarında qadınlar, elə bundan o qədər də fərqlənməyən sayda gənclər bələdiyyələrin sıralarında təmsil olunurdular. Təbii ki, bu nə qadınların, nə də gənclərin Azərbaycan cəmiyyətinin ictimai həyatındakı tutduğu yerə və demoqrafik xüsusiyyətinə, çəkisinə uyğun gəlir. Ona görə də, Yeni Azərbaycan Partiyası bələdiyyələrdə həm qadınların, həm gənclərin xüsusi çəkisinin artırılması istiqamətində təşviqat kampaniyasına başladı. Mən artıq deyə bilərəm ki, bu təşviqat kampaniyasının nəticəsində irəliyə sürülən namizədlərin içərisində gənclərin və qadınların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artırılıb...
- Təxminən nə qədər?
- Belə demək mümkünsə, irəliyə sürülən namizədlər arasında 30-35 faiz qadınlar və təxminən bir o qədər də gənclər təmsil olunublar. Biz çalışacağıq ki, bu namizədlərin bələdiyyə üzvlüyünə seçilməsini təmin edə bilək. Əlbəttə, bu, seçicilərin verdiyi səslərdən asılı olacaq. Amma hər halda, bizim irəliyə sürdüyümüz namizədlərin içərisində gənclər və qadınlar geniş təmsil olunduğundan, bələdiyyə seçkilərinin nəticəsində, həmçinin, insanların verdiyi səslər əsasında bələdiyyələrə seçilənlərin arasında onların çəkisinin yüksək olacağına inamımız var.
- Bu seçkilərdə Yeni Azərbaycan Partiyasına rəqib görürsünüzmü?
- Bir neçə illərdir ki, biz müxtəlif seçkilərdə - istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun, özümüzə hər hansı bir problem yaradan rəqiblə qarşılaşmamışıq. Bu bir yandan bizim üçün yaxşıdır, ona görə ki, seçkilərdə biz asanlıqla nailiyyətlər, uğurlar qazanırıq. Digər bir yandan əlbəttə, bir partiya olaraq istərdik, ciddi rəqiblər olsun ki, onlarla ciddi mübarizə nəticəsində qələbə qazana bilək. İndiki bələdiyyə seçkilərində isə biz hələlik müxalifət partiyaları tərəfindən seçkilərə qoşulacaqları ilə bağlı bəyanatlardan savayı hər hansı addımlar görmürük...
- Sizcə, bu nə ilə bağlıdır?
- Biz keçən bələdiyyə seçkilərində olduğu kimi, yenə də müxalifət partiyalarının namizəd irəli sürməklə bağlı çətinliklərlə üzləşdiyini müşahidə etməkdəyik. Təbii ki, bu seçkilərdə nəticə nədən ibarət olacaq, son yekun necə olacaq, onu indidən deməyə çətinlik çəkirəm. Ancaq indiki mənzərə bundan ibarətdir.
- Müxalifətçilər bələdiyyələrin səlahiyyətlərinin az olmasını əsas gətirərək, seçkilərdə iştiraka bir o qədər həvəs göstərmək istəmədiklərini deyirlər. Siz bu haqda nə deyə bilərsiniz?
- Bilirsiniz, insan bəhanə axtarmaq istəyəndə onu asanlıqla tapır. Müxalifət partiyalarının bələdiyyələrə irəli sürmək üçün yetərli insan potensialı yoxdur. 2004-cü ildə də bunu qeyd etmişdik və bu fikrimiz öz təsdiqini tapdı. Dediyim kimi, bələdiyyələrə 20 minə yaxın namizəd irəli sürmək lazımdır. Bu isə böyük bir potensialdır. Bu qədər insan, bu qədər güc olmalıdır. Bu qədər insan partiyalarda təmsil olunmalıdır ki, onların içərisindən də namizədlər müəyyənləşdirə biləsən. Müxalifət partiyalarına gəlincə, onların bu ictimai dəstəyi mövcud deyil. Ona görə də, onlar yetərincə insanları bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürmək imkanlarından məhrumdurlar. Və bu faktı ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirməyə çalışırlar. Heç şübhəsiz, bu bəhanələrdən biri də sizin qeyd etdiyinizdir. Bu, bəhanədən savayı bir şey deyil. Siyasi partiya bəhanə gətirməklə, öz missiyasını və funksiyasını yerinə yetirməyə cəhd göstərməməlidir. Siyasi partiyanın bütün mövcudluğu onun gücündə ifadə olunmalıdır. Bu güc varsa, siyasi partiya da var, bu güc yoxdursa, onda ortaya müxtəlif bəhanələr çıxacaq.
- Seçkilərdə Yeni Azərbaycan Partiyasının seçki şüarı necə olacaq?
- Azərbaycan çox sürətlə dəyişir, yeniləşir, müasirləşir və təbiidir ki, Azərbaycan bir ölkə olaraq cəmiyyət qarşısında yeni hədəflər qoyur. Bu, cəmiyyətin bütün qurumlarına, sferalarına aiddir və eyni zamanda, yəqin ki, bələdiyyələrə də aiddir. Bizim qarşımıza qoyduğumuz başlıca hədəflər bundan ibarətdir ki, bələdiyyələrin cəmiyyətin həyatında, xüsusilə, yerlərdə idarəçiliyin təkmilləşdirilməsində və həyata keçirilməsində rolu artırılsın. Digər bir tərəfdən, bələdiyyələr öz səlahiyyətlərini və vəzifələrini daha yaxşı, daha keyfiyyətli yerinə yetirsinlər. Bələdiyyələr özləri Azərbaycanın müasirləşməsi prosesinə verdikləri töhfələri artıra bilsinlər və təbiidir ki, bütün bunların mərkəzində insana xidmət dayanır. Ona görə də, bizim başlıca şüarımız bunlardan ibarət olacaq ki, bugünkü bələdiyyələr Azərbaycan insanına, Azərbaycan xalqına yerlərdə daha yaxşı, daha ləyaqətlə xidmət etsinlər. Xalqa xidmət naminə, xalqa xidmətin keyfiyyətini yüksəltmək naminə biz bu seçkilərdə iştirak edirik.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30