/ / Ulu öndər Heydər Əliyev atdığı bütün addımlarının nəticələrini qabaqcadan görür və hesablaya bilirdi
Ulu öndər Heydər Əliyev atdığı bütün addımlarının nəticələrini qabaqcadan görür və hesablaya bilirdi
13.02.2010 [09:04]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. 1993-2003-cü illərdə də öz tarixi missiyasını yerinə yetirən Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin həqiqi memarına çevrilmişdir.
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə “Ulduz” jurnalının ilk baş redaktoru olan, uzun illər Azərbaycan LKGİ MK-da, Azərbaycan KP MK-da və DTK-da müxtəlif vəzifələrdə işləyən, hazırda isə “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti olan, Əməkdar incəsənət xadimi Yasif Nəsirlidir:
Ulu öndər Heydər Əliyevlə ilk tanışlıq...
ölkənin ədəbi mühitinə də yaxın bir insan olan Yasif Nəsirli ilə söhbətimizə ənənəvi olaraq Ulu öndər Heydər Əliyevlə ilk görüşə dair xatirələri ilə körpü saldıq. ümummilli lider Heydər Əliyevlə ilk görüşün onda dərin izlər buraxdığını bildirən Yasif Nəsirli bu görüşün 1968-ci ilə təsadüf etdiyini dedi: “Sovetlər dövründə dövlət təhlükəsizlik orqanlarına əsasən komsomol işçilərini qəbul edirdilər. Mən də Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində (LKGİ MK-da) şöbə müdiri işləyirdim. Bir gün Azərbaycan LKGİ MK-nın birinci katibi məni yanına çağırıb dedi ki, Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) getməlisən. Soruşdum ki, nə üçün. Cavab verdi ki, 5 nəfər adamın adını vermişik. Onlar seçəcəklər ki, kimi DTK orqanlarında işə götürsünlər. Lakin DTK orqanlarında işləmək istəmədiyimi bildirdim. O, isə cavabında “artıq biz sənin adını vermişik və DTK-nın sədri, general Heydər Əliyev səni qəbul edəcək”-dedi. Beləliklə, axşam saat 22.00-da Heydər Əliyev məni qəbul etdi. Bir xeyli sorğu-suala tutdu, ailəmiz, atam, anam barədə suallar verdi. Yeri gəlmişkən, bu görüşlə bağlı maraqlı bir məqamı da xatırlatmaq istəyirəm. Belə ki, atam Birinci Dünya müharibəsində həlak olmuşdu. Lakin Heydər Əliyevlə görüşə qədər biz atamın konkret olaraq harada dəfn edildiyini bilmirdik. Sadəcə, “qara kağız”ını almışdıq. Ulu öndər Heydər Əliyev məndən soruşdu ki, sən atanı görmüsən, atan yadına gəlir? Dedim ki, atam müharibəyə gedəndə 3 yaşım vardı. Yadımdadır ki, o, bizim şah tutun altında məni qucağına aldı, üzümdən öpdü və sonra anama verdi. Heydər Əliyev soruşdu ki, bəs atan harada vəfat edib? Dedim ki, biz SSRİ-nin Müdafiə Nazirliyinin arxivlərinə məktublar yazdıq. Onlardan cavab ala bilmədik ki, dəqiq harada vəfat edib. “Biz onu tapmışıq” - deyən Ulu öndər stolun üstündə olan şəxsi işimin toplandığı qovluğun içindən bir kağız çıxarıb mənə göstərdi və “atan 1943-cü ildə Krımda həlak olub. Hazırda Krımdakı qardaşlıq məzarlığında sənin atanın adı yazılıb, Mırza Nasırov” sözlərini əlavə etdi. Onu deyim ki, buna görə çox sevindim və Heydər Əliyevə öz minnətdarlığımı bildirdim. çünki məhz Onun səyəsində atamın harada dəfn olunduğunu öyrənə bildim və sonradan həmin yeri ziyarət edərək “Adsız təpə” adlı kitab yazdım. Yəni, bunu bu gün də deyirəm ki, atamın harada dəfn olunmasını öyrəndiyim üçün Heydər Əliyevə ömrüm boyu minnətdaram”.
Yenidən 1968-ci ildə baş verən görüşə qayıdan Y.Nəsirli deyir ki, Ulu öndər ondan bu görüşə nə səbəbə çağırıldığını bilib-bilmədiyini soruşub: “Cavab verdim ki, təxminən bilirəm və Azərbaycan LKGİ MK-nın birinci katibinin mənə dediklərini söylədim. Heydər Əliyev isə “bəs sən nə üçün DTK orqanlarında işləmək istəmirsən? Başqaları burda işləmək üçün can atır, sən indi 80 manat maaş alırsan. Amma DTK-da işə düzəlsən 350 manat alacaqsan. Məgər bunu istəmirsən?” -dedi. Cavab verdim ki, mənim DTK-dan xoşum gəlmir. çünki mən adamlarla oturub yeyib-içirəm, söhbət edirəm. Belə çıxır ki, həmin yeyib-içməkdən sonra gəlib nə danışdıqlarını deməliyəm. Bu mənim təbiətimə yaddır. Ulu öndər bunu eşitcək xeyli güldü və “sənin DTK haqqında təsəvvürün tamamilə yanlışdır. Elə bilirsən ki, biz burda ancaq adam pusmaqla məşğuluq?” - dedi. Eyni zamanda, “İstəyib-istəməməyindən asılı olmayaraq, biz səni DTK orqanlarına işə götürəcəyik” - sözlərini əlavə etdi. Vəziyyəti belə görüb “imkan verin bir az fikirləşim” dedim”.
Y.Nəsirli bu görüşdən bir müddət sonra yenidən Ulu öndərin qəbulunda olub: “Həmin görüşdə Ulu öndər yenə də mənim nə üçün DTK-da işləmək istəmədiyim barədə suallar verdi. Cavabımda bu dəfə də rus dilini bilmədiyimi bəhanə gətirdim və xahiş etdim ki, məni bu orqanlara işə götürmək fikrindən daşınsınlar. Bununla da, hər şeyə nöqtə qoyuldu”.
Birinci katibin qəbulunda...
Y.Nəsirlinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevlə üçüncü görüşü 1969-cu ilin yayında olub: “1969-cu ilin isti yay günləri idi. Artıq bir ay idi ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (Azərbaycan KP MK) birinci katibi vəzifəsinə seçilmişdi. Mən də ailəmi göndərmişdim Kislovodskaya, özüm də məzuniyyətə çıxdım ki, ya axşam, ya səhər ora yola düşüm. Haradasa günorta vaxtları idi. Dedilər ki, Azərbaycan LKGİ MK-nın birinci katibi səni axtarır. O zaman bu vəzifədə rəhmətlik Elmira Qafarova idi. Məni görcək “Yasif, deyəsən, sənin üzünə gün doğub. Saat 14.00 radələrində Heydər Əliyev səni qəbul edəcək”-dedi. Düzü, bilmədim bu xəbərə görə sevinim, yoxsa nə edim. Axı, məni çağıran Azərbaycan KP MK-nın birinci katibi idi. Dərhal aşağı düşdüm, yay olduğu üçün əynimdə, sadəcə, qısaqol köynək var idi. Tez-tələsik bir yoldaşdan qalstuk tapdım, özümü bir təhər Heydər Əliyevin qəbul otağına çatdırdım. Həmin vaxt Onun Turan adlı bir köməkçisi var idi. Bu Turan canlı, hündürboy bir oğlan idi. Ona dedim ki, Turan pencəyini çıxart ver mənə. Nəsə, qalstuk birindən, pencək birindən, bir təhər özümü düzəldib Ulu öndərin qəbuluna girdim. Məni görəndə Heydər Əliyevin üzündə bir təbəssüm yarandı. Məni bir xeyli süzəndən sonra “sən əsl çarli çaplisən ki”-dedi. Sonra isə, soruşdu ki, bu nə geyimdi geyinmisən? Cavabımda pencəyi Turandan aldığımı söylədim. Heydər Əliyev yenə gülərək “elə mən bildim ki, bu, Turanın pencəyidir”-dedi və sonra da “çalış öz pencəyini gey” - sözlərini əlavə etdi. Düzü, nəsihət xarakteri daşıyan bu söz uzun illər yadımdan çıxmadı. Nəsə. Bu mükalimədən sonra Ulu öndər məni çağırmağının səbəbini söylədi və “indi səni bura, öz yanıma işə götürmək istəyirəm. Teymur Əliyevə göstəriş vermişəm ki, sənin sənədlərini hazırlasın. Artıq sənədlərin hazırdır. Burada işləməyə necə baxırsan”-deyə, soruşdu. Cavabımda işləmək istədiyimi söylədim və Heydər Əliyev yenidən xoş bir təbəssümlə “saat 16.00-da Büroya gəl”-dedi. Onu da deyim ki, bu, Heydər Əliyevin birinci katib kimi keçirdiyi ilk Büro idi və həmin Büroda mənimlə Vilayət Seyidovun vəzifəyə təsdiqi məsələsinə baxılması tarixə düşüb. Bunu mənə sonralar, daha doğrusu, bu yaxınlarda tarixçilərdən biri telefonla zəng edərək “Yasif bilirsənmi, sən Heydər Əliyevin ilk Bürosunun müzakirəsindən keçən adam kimi tarixə düşmüsən. Yəni, sən Heydər Əliyevin ilk kadrısan”-dedi”.
Beləliklə, Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsində təlimatçı kimi işə başlayan Y.Nəsirli qısa zaman kəsiyində öz fəaliyyəti ilə Ulu öndərin ümidlərini doğruldub: “Bir gün Teymur Əliyev məni yanına çağırıb dedi ki, Yasif, bu, plenumun materialıdır. Rus dilindən tərcümədir, bunu oxu, gör orfoqrafik səhvlər varsa, qeyd elə. Oxuduqca həmin materialın üzərində xeyli düzəlişlər etdim və sonra Teymur Əliyevə qaytardım. Teymur Əliyev dərhal məruzəni götürüb Heydər Əliyevin qəbuluna getdi. Ulu öndər baxandan sonra deyib ki, bu materialları kim düzəldib. Teymur Əliyev də cavab verib ki, təzə işçimiz Y.Nəsirli. Beləliklə, Heydər Əliyev məni yanına çağırdı və “çox sağ ol, deyəsən, mən yanılmamışam. Bu gündən sonra sən olursan mənim Azərbaycan dilində olan materiallarım üzrə köməkçim”-dedi. Beləliklə, düz 5 il mən Onunla işlədim. Onu da deyim ki, həmin vaxt təlimatçıları Bürolara çağırmırdılar. Amma mən qeyri-rəsmi olaraq bir çox Büronun və katibliyin iclaslarında iştirak edirdim”.
“Bu dəfə DTK-da işləmək təklifinə “yox” deyə bilmədim”
Y.Nəsirli deyir ki, bir zamanlar DTK orqanlarında işləməkdən imtina etsə də, 1973-cü ildə Azərbaycan KP MK-nın birinci katibinin tapşırığına əməl etməli olub: “1973-cü ilin yanvar ayı idi. Mərkəzi Komitədə işləyirdim. İsmayıllı rayon partiya komitəsinin birinci katibi Qardaşov barədə çoxlu neqativ materiallar daxil olurdu. Məni bir neçə nəfərlə birlikdə yoxlamaya göndərdilər. Arayışı gətirib verdik. MK-nın bürosunda katibi işdən çıxardılar və məni ora birinci katib göndərməyi qərara aldılar. Səhəri geyinib-keçinib işə gəldim və məni təşkilat şöbəsinin müdirinin yanına çağırdılar. İçəri girəndə şöbə müdiri Ramiz Məmmədzadənin yerində həmin vaxt DTK-nın sədri olan general Krasilnikovun oturduğunu gördüm. Yaxınlaşıb görüşdüm. Təəccübləndiyimi görüb “Əyləş, bir qədər söhbət edək. Büro qərarını dəyişib. Heydər Əliyev məsləhət gördü ki, sən DTK-ya işə gedəsən. Belə qərara gəlmişik ki, səni Moskvaya SSRİ DTK-nın F.Dzerjinski adına Ali məktəbinə oxumağa göndərək. Get fikirləş, qərarını bizə bildirərsən”-dedi. Kor-peşiman sədrin yanından bayıra çıxdım. Axı, belə təklif mənə komsomolda işləyərkən bir neçə dəfə edilmişdi. Mən razılıq verməmişdim. Lakin düşündüm ki, əgər birinci katib belə məsləhət görürsə, mütləq işləmək lazımdır. Beləliklə, Heydər Əliyev məni qəbul etdi və işləmək istədiyimi dedim. Bu, Ulu öndəri xeyli məmnun etdi. Dedi ki, öncə Moskvaya gedib, orada DTK məktəbində oxuyacaqsan. 1973-cü ilin avqustunda Moskvaya oxumağa getdim. Ulu öndərin tapşırığına əsasən oxuduğum müddətdə mənə yüksək məbləğdə təqaüd kəsildi. Eyni zamanda, əməkhaqqım da hər ay mənə göndərilirdi”.
“Həbs olunmuş” dissertasiyalar...
1975-ci ilin avqustunda Moskvadan qayıdandan sonra Yasif Nəsirli DTK-da əks-kəşfiyyat şöbəsinə rəhbər təyin edilir: “Moskvadan qayıdandan sonra Ulu öndər məni qəbul etdi. Dedi ki, “sən respublikada əks-kəşfiyyata rəhbərlik edəcəksən”. Həmin şöbə yaradıcı, elm, maarif, ali məktəb və digər bu kimi təşkilatlara baxırdı. Bu şöbədə işləri təhvil aldıqdan sonra sənədlərlə tanışlıq məndə təəssüf hissi oyatdı. çünki 17 doktorluq və namizədlik dissertasiyasının üzərinə arayışlar tikilmişdı. Bu arayışlarda isə həmin işlərin millətçilik və antisovet ruhunda yazıldığı qeyd olunmuşdu. Əsərlərin müəlliflərini şəxsən tanıdığım üçün sözügedən arayışların düzgün tərtib edilmədiyinə əmin idim. Buna görə də, 3 ay bu işlə məşğul oldum. Sübut etdim ki, bu dissertasiyalar nahaq yerə DTK-da “dustaq” ediliblər. Bununla bağlı bir arayış yazıb DTK sədri Krasilnikova verdim. O da həmin arayışı aparıb Heydər Əliyevə təqdim etdi. Bundan sonra Ulu öndər məni çağırdı və ətraflı məlumat aldı. Heydər Əliyev sənədin üzərinə dərkənar qoydu və DTK-da “dustaq edilmiş” dissertasiyaların hamısı növbədənkənar müdafiəyə buraxıldı. Həmin vaxt, eyni zamanda, Bəxtiyar Vahabzadə, Sabir Əhmədov, Anar, Məmməd Araz, Söhrab Tahir, Məmməd Aslan, Mövlud Süleymanlı, Abbas Abdulla, Nüsrət Kəsəmənli haqqında da xüsusi yoxlama işləri vardı. Bu yoxlama işlərinin nəticəsi olaraq həmin şair və yazıçılar dövlət mükafatlarından məhrum edilməklə yanaşı, xaricə də buraxılmırdılar. Anara Türkiyəyə getməyi yasaq etmişdilər, səbəb kimi onun orada qohumlarının yaşaması göstərilirdi. Abbas Abdullanı da türkpərəst olduğu üçün Türkiyəyə buraxmırdılar. Ağrılı cəhət budur ki, onların üstünə bu yarlığı yapışdıranlar elə öz yazıçı və şair “dostları” idi! Bütün bunlar barədə də Ulu öndərə məlumat verdim və birbaşa Onun göstərişi ilə bu adamların adının üzərindən “qara xətti” silməyə nail olduq. Nəbi Xəzri SSRİ Dövlət Mükafatına təqdim olunanda onun bəzi “qələm dostları” ardı-arası kəsilmədən DTK-ya anonim məktublar göndərirdilər ki, “Nəbi millətçidir”, “keçmişi qaranlıqdı, qohumlarından 37-ci ildə güllələnən var”, “əsərlərindən burjuaziyanın qoxusu gəlir, sovet həyat tərzinə ironik münasibət bəsləyir” və daha nələr, nələr... Amma biz vicdanımızın səsinə qulaq asaraq böhtanlara əhəmiyyət vermədik, müsbət arayış yazdıq və məsələ həll olundu. Mübariz şair Xəlil Rza da oxşar vəziyyətdə idi. Pedaqoji institutdakı işindən xaric etmişdilər, Maqsud Şeyxzadədən doktorluq dissertasiyası yazmışdı, müdafiəyə buraxmırdılar. Ona da köməklik göstərdik. Bir daha vurğulamaq istəyirəm ki, bizə də bu ruhu, cəsarəti verən ümummilli liderimiz idi. Yəni, Onun məsələlərə xüsusi həssaslıq nümayiş etdirməsi, ziyalılarımıza xüsusi diqqət, qayğı və xilaskarlıqla yanaşması nəticəsində ziyalılarımız həbs və təqiblərdən xilas oldu”.
Azərbaycanı yaşadan Ulu öndər oldu
Beləliklə, Ulu öndər Heydər Əliyevlə bağlı daha bir maraqlı xatirəyə yekun vurmaq üzrəyik. ümummilli liderin iki bir-birindən fərqli siyasi quruluşlarda Azərbaycana rəhbərlik etdiyini deyən Yasif Nəsirlinin sözlərinə görə, Heydər Əliyev hər iki halda Azərbaycanı xilas etdi: “Yüksək idarəçilik qabilliyyəti və istedadı ilə qarşıya qoyduğu məqsədə doğru qətiyyətlə, inamla irəliləyən Heydər Əliyev atdığı bütün addımlarının nəticələrini qabaqcadan görür və hesablaya bilirdi. Xalqımızın bəxti onda gətirib ki, ona Heydər Əliyev kimi böyük bacarığa və təcrübəyə malik dövlət xadimi, vətənpərvər bir şəxsiyyət, siyasi xadim rəhbərlik edib. Məhz Heydər Əliyevin böyük bacarığı və ölçüyəgəlməz zəhməti sayəsində müstəqilliyimizi qorumağa müvəffəq olmuş, ölkəmizin başı üzərini almış bəlalardan qurtula bilmişik.
Ayrı-ayrı dövrlərdə, ayrı-ayrı quruluşlarda ölkəyə rəhbərlik etmək Heydər Əliyevin qismətinə düşüb. Mənə elə gəlir ki, nə qədər Azərbaycan var, biz Ulu öndərin fəaliyyətinə təkrar-təkrar müraciət edəcək, Ondan çox şey öyrənəcəyik. Respublikamıza siyasi rəhbərliyinin hələ birinci mərhələsində Heydər Əliyev ölkənin yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə müəyyənləşdirib və az vaxtda onun həyata keçirilməsinə nail olub. 1969-82-ci illər Azərbaycanın tarixində böyük abadlıq və quruculuq dövrü kimi yadda qalacaq. Zəngin təbii sərvəti, ən başlıcası isə işgüzar əhalisi olan bu məmləkətə özünün əsl simasını nümayiş etdirmək üçün Ulu öndərimiz xüsusi təşkilatçılıq, böyük hünər, xalqın potensialını hərəkətə gətirmək bacarığı nümayiş etdirib. O dövrdə yaradılmış güclü sosial-iqtisadi baza və intellektual potensial bugünkü müstəqil Azərbaycan üçün etibarlı bünövrəyə çevrilib. 1970-ci illərdə və 80-ci illərin əvvəllərində yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun əsasən sənayeyönümlü respublikaya çevrilməsinə şərait yaratdı. Xalqın həyat səviyyəsinin və yaşayış tərzinin köklü surətdə yaxşılaşdırılması, Bakının, başqa şəhər, kənd və qəsəbələrinin abadlaşdırılması, genişmiqyaslı tikinti işlərinin həyata keçirilməsi, təhsilin, elmin, mədəniyyətin yüksəlişi istiqamətində diqqətəlayiq nailiyyətlərin əldə edilməsi və digər uğurlar sözügedən dövrdə Azərbaycanın sosial inkişaf sahəsində keyfiyyətcə yeni mərhələyə daxil olduğuna əyani sübutdur”.
Y.Nəsirli deyir ki, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev dağılmaqda olan respublikamızı, daha doğrusu, canından artıq sevdiyi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi: “O, qısa zaman kəsiyində Azərbaycanımızı dağılmaqdan, xaos və özbaşınalıqdan, ağır durumdan çıxardı. ölkədə hökm sürən hərc-mərcliyə son qoydu, sabitlik və inkişafa doğru lazımi addımlar atdı, təxirəsalınmaz tədbirlər gördü. Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Hakimiyyətsizlik, dağıdıcılıq quruculuq mərhələsi ilə əvəz edildi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində respublikamız çox sürətli inkişaf yolu keçib. Həyatımızın bütün sahələrində, o cümlədən, siyasi-iqtisadi, təhsil, elm, mədəniyyət və digər sahələrdə çox böyük nailiyyətlər əldə edib və çox böyük uğurlara imza atmışıq. Ulu öndərimizin işləyib hazırladığı və uğurla həyata keçirdiyi milli neft strategiyası artıq öz bəhrələrini verməkdədir. ölkəmizin iqtisadiyyatına milyardlarla dollar həcmində kapital qoyulur. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin reallaşması və buradan əldə olunan gəlirlər nəinki iqtisadi qüdrətimizi artırır, eyni zamanda, ölkəmizin Avropaya inteqrasiyasını genişləndirir və Azərbaycanı dünyanın geopolitik güc mərkəzlərindən birinə çevirir”.
Y.Nəsirli sonda onu da əlavə etdi ki, Ulu öndərimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan ləyaqətli davamçı hazırlamasıdır: “Məhz yüksək təfəkkürə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik olan, müasir düşüncəli lider, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha işıqlı sabahlara inamla irəliləməkdədir. Mən əminəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində biz Qarabağa qayıdacağıq. Eyni zamanda, onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, məhz Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

