Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə, prinsipiallıqla müdafiə edilir

Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə, prinsipiallıqla müdafiə edilir

18.08.2020 [09:13]

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev www.yap.org.az saytına müsahibə verib:
- Naqif müəllim, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir ki, yerinə yetirə bilmir. Həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın işğalçı ölkəni silahlandırması beynəlxalq hüquqa ziddir və onun üzərinə götürdüyü missiyaya uyğun deyil...
- Azərbaycanın Ermənistanın təcavüzündən əziyyət çəkdiyi heç kimə sirr deyil. Artıq dünya ictimaiyyəti də görür ki, işğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Lakin Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətinə son qoymur, əksinə, işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsi, hətta Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayonu işğal altında saxlaması sülhə və təhlükəsizliyə böyük təhdiddir. Təəssüf doğuran məqan ondan ibaətdir ki, ATƏT-in Minsk qrupunun üzvü Rusiya Ermənistana silah verməkdə davam edir. Torpaqlarımıza göz tikən işğalçı Ermənistan Rusiyadan aldığı silahlar hesabına regionda sülhün yaranmasına, təhlükəsizliyin möhkəmlənməsinə ciddi maneə yaradır. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə ziddir.
- Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə qətiyyətlə, prinsipiallıqla müdafiə edən Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı hazırkı mürəkkəb geostrateji vəziyyətdə milli maraqlarımızın qorunmasının strateji əhəmiyyətinə toxunaraq Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu diqqətə çatdırdı...
- Bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdən Azərbaycanın milli maraqlarının qorunması baxımından vacib olan telefon danışığında bir sıra mühüm məsələlərə toxunulub. Bu da milli maraqlarımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, işğalçı dövlətin növbəti təcavüz aktı nəticəsində silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığı, yararsız hala düşdüyü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğu barədə məlumat verib. Ölkə başçımız, həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da xatırladıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Sözsüz ki, iyul ayında Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi arzuolunmaz haldır. Bu, hər şeydən əvvəl, beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü missiyaya uyğun deyil. Ümumiyyətlə, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistana işğalçı siyasətini həyata keçirməkdə qol-qanad verir, geniş imkanlar yaradır. Rusiyanın da üzv olduğu 25 ildən artıq bir müddətdə üzərinə götürdüyü vəzifəni icra edə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bu təşkilata olan inamı heçə endirib. Son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olmayan söz yığınından ibarət bəyanatlar səsləndirməklə işini bitmiş sayan ATƏT-in Minsk qrupunun buraxılmasını, onun fəaliyyətinin yenidən təşkilinə baxılmasını gündəmə gətirdi. Eyni zamanda, Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlər əvəzlənməli və Minsk qrupuna üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq, mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. ATƏT-in Mink qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməsi daha məqsədəuyğundur.
- Naqif müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın BBC-nin “Hard Talk” proqramına müsahibəsində iyul ayında baş vermiş Tovuz döyüşlərində Azərbaycanı “ilk hücumu etmək”də ittiham etdi...
- İşğalçı dövlətin baş nazirinin qeyri-peşəkarlığı, özünü komik vəziyyətə salmasının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debata çıxması zamanı da şahidi olmuşduq. Bu dəfə də Paşinyan BBC-nin aparıcısı Stefan Sackurun çox düzgün və haqlı sualları qarşısında özünü rüsvay etdi. Ermənistanın təcavüzkar olması ilə bağlı bütün beynəlxalq hüquq normalarının, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların, BMT kimi bir qurumun 4 qətnaməsinin olduğu halda BBC telekanalına müsahibəsində dünya ictimaiyyətini aldatmağa çalışması Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqlarının davamıdır. Peşəkar aparıcının Ermənistanın Azərbaycana qarşı təcavüz törətməsi, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi sualları qarşısında işğalçı hakimiyyətin baş naziri dərsə hazır olmayan şagirdə bənzəyir. O, vəziyyətdən çıxmaq, işğalçı əməllərinə haqq qazandırmaq üçün iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı Azərbaycanı “ilk hücumu etmək”də ittiham etməyə çalışdı. Sözsüz ki, Paşinyanın ağ yalan olan ittihamı özünün sərsəmliyini ifşa etdi. Hətta verilişin internet səhifəsindəki təqdimetmə mətnində Paşinyan haqqında belə bir ifadə var: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki, Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”. BBC telekanalı hay-küylə hakimiyyətə gəlmiş “siyasətçi”ni öz dili ilə ifşa etdi. Paşinyanın ənənəvi “erməni nağılları”nın BBC-nin təcrübəli jurnalistinin süzgəcindən keçərək yalan, cəfəngiyat olduğu aydın şəkildə dünya ictimaiyyətinə göstərildi.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30