Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yaşıllaşdırma işlərinin böyük vüsət alması Bakı şəhərinin ekologiyasına əhəmiyyətli təsir göstərəcək

Yaşıllaşdırma işlərinin böyük vüsət alması Bakı şəhərinin ekologiyasına əhəmiyyətli təsir göstərəcək

02.04.2010 [09:23]

Vaqif Novruzov: Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin 2006-cı ilin sentyabrında təsdiq etdiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Vaqif müəllim, məlum olduğu kimi, ölkə Prezidenti tərəfindən 2010-cu il “Ekologiya ili” elan olunub. Hazırda bu məsələ ilə bağlı ölkədə mühüm layihələr həyata keçirilir. öncə istərdik ki, Bakı şəhərinin, bütövlükdə Abşeron yarımadasının ekoloji durumu haqqında fikirlərinizi bildirəsiniz. Bu ərazidə böyük ekoloji layihələrin həyata keçirilməsinə hansı amillər zərurət yaradır?
- Bakı şəhərinin ekoloji durumundan danışarkən biz şəhərin yerləşdiyi coğrafi zonanı xarakterizə etməliyik. Bakı şəhəri üç tərəfdən Xəzər dənizi ilə əhatə olunan Abşeron yarımadasında yerləşir. Yarımada torpaq-iqlim şəraitinə, relyefinə, hidrologiyasına görə heç də pozitiv ərazi deyil. ümumi ərazisi 2000 kv.km olan yarımadanın 4/3 hissəsini, yəni, 1500 kv.km ərazisini Bakı şəhəri tutur. Bundan başqa, ərazidə sayı 100-ə qədər olan duzlu göllər yerləşir. Yarımadada yalnız bir çay-Sumqayıt çayı mövcudur ki, onun da suyu duzlu olduğundan suvarmaya yararsızdır. Həmçinin, 100 ildən artıq müddətdir ki, Abşeron yarımadasında neft hasil olunur. Neft və neft tullantılarının axıdılması nəticəsində dəminlərlə hektar torpaq sahələri yararsız hala düşüb. Eləcə də, hazırda məişət tullantıları və köhnə avtomobillərin atmosferə zərərli maddələr buraxması da Bakı şəhərinin ekologiyasına mənfi təsir göstərir.
Ekologiyanın əsas amillərindən biri də təbii bitki örtüyüdür. 1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud olub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi 3 mindən 17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansın tənzimlənməsində vacib roluna böyük önəm verən Ulu öndərimiz hələ 1970-ci illərdə müxtəlif çıxışlarında XX əsrin sonuna qədər yaşıllıqların sahəsini 35-40 min hektara çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdu.
Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Qeyd etmək lazımdır ki, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin 2006-cı ilin sentyabrında təsdiq etdiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkə Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından vacib addımdır.
- Siz ekoloji problemləri yaradan bəzi amillərə toxundunuz. Bu problemlərin həlli yolları nədən ibarətdir?
- Dövlət tərəfindən ekoloji problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməkdədir. Fevralın 18-də Azərbaycan Prezidenti yanında ekoloji problemlərə həsr olunmuş müşavirədəki geniş və məzmunlu nitqində cənab İlham Əliyev 2010-cu ilin Azərbaycan Respublikasında “Ekologiya ili” elan edilməsinin təsadüfi olmadığını qeyd edib, hava, su və digər ünsürlərdən təşkil olunan ətraf mühitin insanın sağlamlığına, fiziki qabiliyyətinə təsirinə toxunub, ekoloji tarazlığın yaradılmasında yaşıllıqların rolundan bəhs edib. ölkə başçısının tapşırığı ilə Abşeron yarımadasında 3 milyondan çox ağac əkiləcək ki, bu da Bakının ekoloji mühitinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Bundan əlavə, problemlərin həlli ilə bağlı məişət tullantıları emal edən zavodun tikintisinə başlanılıb, yeni qurğuşunsuz benzin istehsal edilməsi üçün işlər görülür, köhnə avtomobillərin respublikaya gətirilməsinə isə iyul ayından qadağa qoyulacaq. Bu və digər tədbirlər ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına özünün təsirini göstərəcək.
- Rəhbərlik etdiyiniz qurumun fəaliyyəti haqqında nə deyə bilərsiniz? Qeyd etdiyiniz məsələlərlə bağlı təşkilat hansı tədbirləri həyata keçirir?
- Paytaxtın 11 rayonunda mövcud yaşıllıqlara qulluq və cari yaşıllaşdırma işləri Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə həvalə olunub. Birliyin tərkibində bir neçə idarə fəaliyyət göstərir. Bəzək bitkiləri sovxozunun şitilxanalarında ting, şitil və çəmən materialları yetişdirilir. Həmin şitilxanalarda becərilən tinglər “həddi-büluğa” çatdıqdan sonra Bakının müxtəlif küçə, park, bağ və meydanlarında məskunlaşırlar. Avtoparkımız səyyar sulama və ağac materiallarının daşınması ilə, bitki-mühafizə stansiyası isə ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə, ağacların budanması ilə məşğul olur. öhdəmizdə olan su quyularının istismarı müvafiq idarəyə həvalə olunub. Birliyin nəzdindəki tikinti idarəsi isə xüsusi dövlət və ictimai əhəmiyyətli obyektlərdə yaşıllaşdırma və qulluq işlərini həyata keçirir.
Əgər fikir vermisinizsə, hər hansı bir şəhərdə ilk növbədə, nəzəri cəlb edən onun tikilisi, yolu və yaşıllığıdır, yəni, zahiri atributlardır. Lakin elə məhz bu sahədəki vəziyyət həmin şəhərin inkişaf, rifah və perspektivinin birbaşa göstəricisi sayıla bilər. Belə bir deyim var; əgər bir ölkənin, şəhərin, ərazinin yaşıllığı azdırsa, deməli, oranın məzarlığı böyükdür. O yerdə ki, məzarlıq kiçikdir, deməli, təmiz havası, suyu, sağlam insanları var. Yaşıllıq deyəndə tək elə ekologiya nəzərdə tutulmur. Yer üzündə nə qədər canlı varsa, oksigenlə tənəffüs edir, onu istehsal edən yeganə “müəssisə” isə yaşıllıqdır, ağacdır, koldur. Buna görə də, bir qədər qlobal düşünmək lazımdır. Bu, hər hansı bir təşkilatın fəaliyyəti ilə tənzimlənəcək məsələ deyil. Təkcə ağac əkmək deyil, onu qorumaq, qayğı ilə əhatə etmək barədə də düşünmək lazımdır. ümumi hava okeanını zənginləşdirmək üçün biz nə etməliyik? Etiraf edək; hər birimiz həyətimizdə, bağımızda növbənöv ağaclar əkirik, bir ətək pul xərcləyib nadir, yaxud ekzotik bir növü əldə edib nazı ilə oynayırıq. Bu, yaxşı haldır. özümüzündür, öz çəpərimizin içindədir deyə qulluğunda dururuq. Ancaq nadanın biri dükanını, eyvanını genişləndirmək üçün çoxillik bir ağacın kökünə balta çalanda laqeyd qalırıq, etiraz səsimizi qaldırmırıq. İstisna etmirəm, indi kimsə irad tuta bilər ki, qıran da özləridir, danışan da. Aydınlıq gətirirəm. Yaşıllaşdırma Birliyi Bakı şəhərində mövcud yaşıllığa xidmət və yeni sahələrin yaradılması ilə məşğul olur. Kəsinti işləri yalnız sanitar məqsədlərlə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun rəyi ilə həyata keçirilə bilər. Hər hansı bir məqsədlə ağac kəsildikdə belə, əvəzinə 3-5-i əkilməlidir ki, təbii balans pozulmasın. Soruşula bilər ki, nə üçün birinin əvəzinə bir neçəsi? Adətən, kəsilən ağac yaşlı, qollu-budaqlı olur. Əkilən isə kiçik tingdir.
- Yaşıllaşdırma və digər işləri reallaşdırmaq üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi lazımi maddi-texniki bazaya malikdirmi?
- Yaşıllaşdırma müasir meqapolislərin üzvi elementidir. Şəhərlərsə bir növ canlı orqanizmdirlər; hər gün inkişaf edirlər, böyüyürlər. Bu boyatma isə əlavə ərazilər hesabına baş verir. Dövlət, yaxud ictimai əhəmiyyətli bina və qurğuların tikintisi həyata keçirilərkən, heç şübhəsiz, həmin əraziyə düşən ağacların sanitar vəziyyətindən asılı olaraq kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranır. Prezident İlham Əliyev bu məsələlərə ciddi fikir verdiyindəndir ki, analoji əməliyyatları yerinə yetirmək üçün xüsusi texnikalar alınıb. Məsələn, keçmiş “Moskva” mehmanxanasının yerində və ona bitişik böyük bir ərazi xeyli vaxtdır ki, nəhəng tikinti meydançasına çevrilib. Orada paytaxtımızın hüsnünə xüsusi bir yaraşıq verəcək, orijinal memarlıq həllinə malik “Alov qüllələri” adlı monumental kompleks inşa olunur. Lakin həmin yamacda xeyli ağac da vardı. Həmin yaşıllıq kortəbii şəkildə ləğv olunmadı. Biz əvvəl uçot işləri apardıq ki, hansı ağacları köçürmək, hansılarısa kəsmək olar. Digər tərəfdən isə, həmin kompleksin landşaft dizaynında ərazidə nadir və ekzotik ağac növlərinin əkilməsi də nəzərdə tutulub. Bütövlükdə isə şəhərdə ucaldılan binaların əksəriyyətinin həyətində ərazinin imkan verdiyi qədər ağac əkilməsi hələ layihə mərhələsində planlaşdırılır.
Bakıda yaşıllaşdırma işləri, belə deyək, spontan, xaotik aparılmır. Cari, gündəlik işlərin də daxil olduğu təkmil yaşıllaşdırma konsepsiyası mövcuddur. çünki bir qədər əvvəl də qeyd etdiyimiz kimi, yaşıllaşdırma şəhərsalma siyasətinin ümdə prinsiplərindən olaraq qalmayıb, həm də sağlam həyat tərzinin rəhnidir.
- Vaqif müəllim, əvvəllər mütəmadi olaraq rastlaşdığımız problemlərin biri ağacların kəsilməsi idi. Bəs indi də belə hallar baş verirmi?
- Əlbəttə, ictimaiyyətin haqlı qınağına səbəb olan məsələlərdən biri də ağacların qanunsuz kəsilməsi idi. Sevindirici haldır ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində paytaxtda və bütövlükdə respublikada ağacların kəsilməsinə münasibətdə öz birmənalı və kəskin mövqeyini bir daha, həmçinin, daha geniş və konseptual formada ortaya qoydu. Dövlət başçısı ağacların kəsilməsini qadağan etdi. Yaşıllaşdırma sahəsində çalışan, ömür-gününü bu nəcib peşəyə həsr edənlər üçün ölkə Prezidentinin mövqeyi konkret və dürüst fəaliyyət proqramıdır. Müasir şəhər yalnız küçələrdən, nəqliyyat magistrallarından, yaşayış məskənlərindən ibarət deyil. Ona görə də, bu məsələyə xüsusi diqqət yetirilməli, şəhərimizin ekoloji təmizliyi məqsədilə nəinki ağaclar kəsilməməli, əksinə, yaşıllıq işlərinə böyük dəstək verilməlidir. Qeyd edim ki, dövlət başçısının tapşırığından sonra bu məsələdə ciddi intizam yaranıb. Bəzi hallarda isə insanlar müraciət edir ki, məsələ araşdırılır və müvafiq tədbirlər görülür.
- Bakı şəhərində ağaclarda müəyyən xəstəliklərə də rast gəlinir və bununla bağlı insanlar tərəfindən müraciətlər olur. Bu problemi aradan qaldırmaq üçün hansı tədbirləri həyata keçirirsiniz?
- Bakı şəhərində, bütövlükdə Abşeron yarımadasında son zamanlar yaşıllıq işlərinin böyük vüsət alması ilə əlaqədar olaraq şəhərimizə külli miqdarda müxtəlif güllər, ağaclar gətirilir. Amma onlar özləri ilə bəzi problemlər də gətirirlər. Hər bir bitkinin özünün ziyanverici və xəstəliyi var ki, bu sonradan özünü göstərir. Belə bitkilər digər yaşıllıqların əksər hissəsini də həmin xəstəliklərə və ziyanvericilərə yoluxdururlar. Bununla əlaqədar olaraq hər bir ağaca induvidual qaydada yanaşılır. Yəni, xəstəliklərin təyinatı ilə əlaqədar işlər gedir. Vaxtında istər mexaniki, istər fiziki, istər bioloji, istərsə də kimyəvi yolla mübarizə tədbirlərini aparırıq ki, Bakı şəhərində ağaclar sağlam, gözəl və yaraşıqlı görünsün. Bütün bunlar da həyata keçirdiyimiz əsas tədbirlərdən biridir.

Paylaş:
Baxılıb: 1372 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30