Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hicran Hüseynova: Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır

Hicran Hüseynova: Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır

15.05.2010 [08:30]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, məlum olduğu kimi, 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan xalqının da tarixən özünəməxsus ailə ənənələri var. İstərdik ki, bu gün ölkəmizdə ailə məsələləri ilə bağlı mövcud vəziyyət haqqında məlumat verəsiniz.
- Xalqımızın sevimli bayramları sırasına daha bir gün də daxil olmuşdur. Bu, Beynəlxalq Ailə günüdür. Azərbaycan xalqı hər il may ayının 15-də bu günü təntənə ilə qeyd edir. Şübhəsiz ki, ildə bir dəfə qeyd olunan belə bir gündə ailələri narahat edən problemləri həll etmək mümkün deyildir. Lakin bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltməyə xidmət edir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur.” Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bütün dünyaya müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu göstərirlər. Dövlət başçımız İlham Əliyev cənabları müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Respublikamızda Ailə bayramının qeyd olunması bu siyasətin əyani təcəssümüdür. Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Bütün xalqlar ailəyə həmişə müqəddəs münasibət bəsləmiş, Azərbaycan xalqı isə xüsusilə onun ləyaqətini hər şeydən uca tutmuşdur. Hazırda, Azərbaycanda iki milyona yaxın ailə yaşayır. Ailənin sağlamlığı cəmiyyətin sağlamlığı deməkdir. Ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların tərbiyəsinə müsbət təsir göstərir. övlad tərbiyəsi isə ailələrin təməlini təşkil edir. Milli adət-ənənələrimizi özündə yaşadan ailələrimizdə valideyn-övlad, böyük-kiçik, qayınana-gəlin münasibətlərinin düzgün qurulmasına, uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmalarına xüsusi diqqət verilir. Təcrübə göstərir ki, ailə hər şeydən əvvəl mənəviyyatca yaxın olan insanların qarşılıqlı münasibəti və onların bir-birinə dəstək olması deməkdir. Odur ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Bir məqam da var ki, ailə başçıları keçmişlə gələcək, yaşlılıqla gənclər arasında körpü olmalı, ən gözəl ailə ənənələrini yeni nəsillərə çatdırmalıdırlar.
- Cəmiyyətimiz inkişaf etdikcə, ölkəmiz Avropaya inteqrasiya olunduqca bir sıra proseslərdə də müəyyən dəyişikliklər baş verir. Bu baxımdan, baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə ailə münasibətlərinə nə dərəcədə təsir göstərir?
- Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə bağlıdır. Müxtəlif zamanlarda müəyyən problemlərlə qarşılaşan ailələr bu gün həm iqtisadi, həm də sosial dəyişikliklərlə üz-üzədir. ötən əsrin sonlarından xalqımızın məruz qaldığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, minlərlə soydaşımızın öz yurdunda qaçqına-didərginə çevrilməsi, iqtisadi çətinliklər, o cümlədən, işsizlik, sözsüz ki, ailələrin həyatında müəyyən çətinliklər yaradır. Buna görə də, belə ailələrin müdafiəyə və dəstəyə ehtiyacı var. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli ilə əlaqədar dövlət proqramlarına dəstək verən bir sıra layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dövlətimizin ailə siyasətinin də həyata keçirilməsi sahəsində yorulmadan çalışırıq. Artıq dördüncü ildir ki, 15 May Beynəlxalq Ailə gününü Azərbaycanın ən səfalı guşələrində keçiririk. Bu il isə biz Ailə bayramını qədim Qax torpağında qeyd edirik. ölkəmizin əksər rayonlarından bu tədbirə toplaşmış nümunəvi ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür. Bayramda bu ailələrin hər biri öz xüsusi bacarığını göstərəcək, maraqlarına uyğun sahələr üzrə çıxış edəcəkdir. Fürsətdən istifadə edib, mən üzümü Azərbaycan ailələrinə tutub onları bir daha ürəkdən təbrik edir, uzun ömür, mehribanlıq, qarşılıqlı sevgi və səadət arzulayıram.
- Bəzən belə fikirlər səslənir ki, ölkəmizin şəhərlərində “müasirləşmə” prosesi surətlə getsə də, bölgələrdə qızların erkən ailə qurması problemi mövcuddur. Bu fikirlərə münasibətiniz necədir? Əgər belə bir problem varsa, bu ziddiyyətli durumu necə şərh edərdiniz?
- Fikrimcə, erkən nikahlar əhalidə mövcud yanlış stereotiplərlə bağlıdır. Onlar öz övladlarının həyatını, xoşbəxtliyini qurmaq istədikləri halda, tamam əks, mürəkkəb bir vəziyyətlə üzləşirlər. çünki 16-17 yaşında uşaq nə psixoloji, nə fizioloji cəhətdən ailə qurmağa hazır olmur. Bir neçə il öncə, bizim Komitə tərəfindən problemin monitorinqi keçirilmiş, uyğun araşdırmalar aparılmışdır. Bunun əsasında ümumiləşdirilmələr aparılaraq konkret fəaliyyət planı işlənmişdir. Əhali arasında geniş maarifləndirmə proqramları aparılır və indi də aparılmaqdadır. Bölgələrdə məhz erkən nikah problemlərinə yönəldilmiş tədbirlər reallaşdırılır. Sevindirici haldır ki, məhz vətəndaşların bu işə cəlb olunması onların fəal mövqeyi bizə bu işlərdə böyük yardım edir. Komitə erkən nikah probleminin həlli ilə bağlı tədbirlər paketi ilə çıxış edib. Buraya nikah müqaviləsinin bağlanması da daxildir. Beynəlxalq təcrübənin də göstərdiyi kimi, nikah müqaviləsinin bağlanması nikaha daxil olan tərəflərin hüquqlarının daha yüksək səviyyədə qorunmasını təmin edir. Azərbaycan şəraitində bu praktikanın həyata keçirilməsi üçün daha geniş maarifləndirmə tədbirləri keçirilməlidir. çox hallarda ailə münaqişələri və boşanmalar qadınların iqtisadi baxımdan hüquqlarının pozulmasına gətirib çıxarır. Nikah müqaviləsinin tətbiq olunması uşaq və qadınların hüquqlarının müdafiəsini gücləndirə bilər. Biz nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etmək təklifi ilə də çıxış etmişik. Bunun məqsədi müəyyən genetik, xroniki xəstəliklərin qarşısını almaq, sağlam nəslin dünyaya gəlməsini dəstəkləməkdir. Bu gənc ailələrə onların qarşılaşa biləcəyi problemlərin öncədən qarşısını almaqdır. İndi bu təklif müzakirələr mərhələsindədir, ümid edirik ki, cəmiyyətdə təklifimiz anlaşıqlıqla qarşılanacaq.
- Bu sahədə mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının qanunvericiliyində qadınların hüquqlarının qorunması, ölkələrarası övladlığa götürmə, erkən nikahla mübarizə və s. sahələrdə müəyyən təkmilləşməyə ehtiyac var. Azərbaycan Respublikası qadınların hüquqlarının qorunması məqsədilə bir neçə beynəlxalq Konvensiyalara qoşulub və milli qanunvericilikdə xüsusi qanunlar qəbul edilib, müvafiq dəyişikliklər həyata keçirilib. Erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilikdə həmin halın baş verməsinə dair məsuliyyətin kim tərəfindən daşınması və eyni zamanda, qanunvericilikdə əks olunan nikah yaşı məsələləri tənzimlənməlidir. Erkən nikah hallarının sayının Azərbaycanda azalması tendensiyası müşahidə olunur. Bununla bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində əks olunan nikah yaşına düzəliş edilməlidir və həmin maddəni pozan insan məsuliyyətə cəlb olunmalıdır. Bu, əsasən Azərbaycanda demoqrafiya problemlərinin bundan sonra da uğurla həll olunmasına gətirəcək. Eyni zamanda, beynəlxalq qurumlar tərəfindən qoyulan öhdəliklərin icrasına daha yaxşı imkanlar yaradacaq və Azərbaycanın beynəlxalq aləmdə pozitiv imicini daha gücləndirəcək.

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30