Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq

Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq

30.04.2021 [08:17]

Milli Məclisin deputatı Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, bildiyimiz kimi, ABŞ Prezidenti Co Bayden 24 aprel tarixli bəyanatında uydurma “erməni soyqırımı” ifadəsini işlədib. Türkiyə və Azərbaycanda ABŞ Prezidentinin bu addımı kəskin etirazla qarşılanır. Sizcə, belə bir addımın atılmasında məqsəd nədən ibarətdir?
- Son bir neçə günümüz yenə zəngin hadisələrlə, tarixi mesaj və bəyanatlarla, açılışlarla yadda qaldı. İstər dünyamızda, istər ətrafımızda, istərsə də ölkəmizdə gündəm mövzuları çox zəngin oldu. Təbii ki, bir parçası, tərkib hissəsi olduğumuz üçün dünya gündəmini məşğul edən bir çox mövzular, məsələlər bu və ya digər dərəcədə ölkəmizi də ilgiləndirdi, əhatələndirdi. Birinci ondan başlayaq ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden tarixi həqiqətlərə və faktlara göz yumaraq, çıxışında “erməni soyqırımı” ifadəsini səsləndirdi. Bununla da ABŞ tarixində, xüsusilə də son 40 ildə bu saxta və uydurma məsələni dilə gətirən ikinci dövlət başçısı oldu. Bu bəyanatı, bu ifadəsi ilə də həm ölkəsinin imicinə, dünyadakı nüfuzuna zərbə vurdu, həm də tarixi müttəfiqi olan qardaş və dost Türkiyə ilə münasibətləri ciddi şəkildə zədələdi.
Heç təsadüfi deyil ki, Baydenin son bəyanatı Türkiyə və Azərbaycanı bir daha bir-birinə yaxınlaşdırdı, pərçimlədi! İki qardaş və dost dövlət yenə “İki dövlət, bir millət” olduğunu, həmrəyliyini nümayiş etdirdi və hər kəsə bir daha yerini tanıtdı. Elə həmin gün, aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.
- Bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etdi. Bu çıxışın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bəli, bu həftənin ilk günü, bazar ertəsi BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başladı. Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu. Bu çıxışda dövlət başçımız bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı bir daha həm özünün, həm də Azərbaycanın müfəssəl, mükəmməl, birmənalı mövqeyini ortaya qoydu. Çıxışında istər bir ildən çoxdur dünyanı cənginə alan koronavirus pandemiyasına, istərsə də 32 illik qanlı Qarabağ münaqişəsinə toxunan ölkə rəhbəri növbəti dəfə açıq, aydın mesajlarını, xəbərdarlıqlarını ifadə etdi. Bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla həyata keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilmişdir.
Eyni zamanda, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır. Nəticədə də Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına da mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr də bu regional layihənin potensialını nəzərdən keçirə bilərlər. Biz sözümüzü dedik, öz səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onlarındır!
- Cənab Prezident işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı da mühüm mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz?
- Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu - ölkə Prezidenti cənab İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə - Cəbrayıl və Zəngilanımıza səfər etdi. Bu səfərdə yenə də Onun yol yoldaşı ən yaxın və ən sadiq silahdaşı Mehriban xanım Əliyeva oldu. Ali Baş Komandanla ölkənin birinci xanımı və Birinci vitse-prezidenti 6-cı dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər və bununla növbəti dəfə tarix yazdılar, növbəti dəfə Qələbələrimizin üzərinə Qələbələr, Zəfərlərimizin üzərinə Zəfərlər əlavə etdilər! Bu səfər də əvvəlki səfərlər kimi, zəngin açılışlarla, Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə bol-zəngin oldu, yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi, eyni zamanda, dövlət başçımız Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Həmçinin səfər zamanı dövlət başçımız Zəngilan sakinləri ilə görüşdü.
Bəli, bunlar bizim növbəti böyük hədəflərimizin tərkib hissəsi və bir parçasıdır. Və indiyə qədər olduğu kimi, bundan sonra da Qalib Azərbaycanla və Qalib Sərkərdə ilə bir-bir hədəflərimizə çatacağıq.

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30