Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bütün dünyada jurnalistika peşəsi məsuliyyəti, ağırlığı, çətinliyi ilə seçilir

Bütün dünyada jurnalistika peşəsi məsuliyyəti, ağırlığı, çətinliyi ilə seçilir

23.07.2021 [09:15]

“Səs” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, artıq Milli Mətbuatımız 146-cı ildönümünü qeyd edir. Siz mediamızın fəaliyyət dövrlərini və inkişaf meyarlarını necə şərh edərdiniz?
- Öncə bütün həmkarlarımızı, mətbuat işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Çünki bu dəfə bizlər peşə bayramımızı ikiqat sevinclə yaşamaqdayıq - Qarabağ zəfərimizlə. Belə ki, Müzəffər Sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən qələbə yolunda dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası, getdiyimiz haqq yolunun dünyaya çatdırılması istiqamətində jurnalistlərimiz də yorulmadan, əzmlə çalışdı, əsl peşəkarlıq nümayiş etdirdilər. Bu baxımdan bizlər ikili sevinc, ikili bayram əhval-ruhiyyəsindəyik.
Sualınıza gəldikdə isə deyə bilərəm ki, bünövrəsi “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi keşməkeşli və tarixi yol söz yox ki, xalqımızın şərəf salnaməsidir. Müasir Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Etiraf etməliyik ki, mətbuat ildönümlərinin böyük əhval-ruhiyyə ilə keçirilməsi ənənəsinin əsası da məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Onun demokratik baxışı, siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, şəffaflığı, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı.
Haşiyə çıxaraq onu da xatırladım ki, məhz Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırıldı. Nəticədə, milli mətbuatın inkişafı və demokratikləşməsi yolunda daha yeni perspektivlər, yollar açıldı. Beləliklə, bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, xüsusilə dövlətin mətbuat üzərindəki nəzarət funksiyasından imtina edildi. Əgər bu gün biz azad, şəffaf və demokratik mətbuata malikiksə, bütün bunların təməlində yuxarıda qeyd etdiyim qətiyyətli qərarlar dayanmaqdadır.
O cümlədən 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi və dövlət tərəfindən mükafatlandırmalar istiqamətində hər bir jurnalistin marağına cavab verən, sevincinə səbəb olan ənənənin əsası qoyuldu. Belə ki, bundan sonra 22 iyul tarixi hər il ölkə jurnalistləri tərəfindən təntənə ilə qeyd olunmağa başlandı. Bütün bunlar isə bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış tarixi Sərəncamdan sonra yaşandı.
Belə bir möhtəşəm ənənə bu gün də Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Müxtəlif ildönüm və yubileylərdə o cümlədən milli mətbuatın 130, 135, 140, 145 illiyi ilə bağlı verilən sərəncamlar, 2008-ci ildə təsdiq olunmuş “Mətbuatın İnkişaf Konsepsiyası”, eyni zamanda, jurnalistlərə müxtəlif dövlət mükafatlarının, jurnalistlər üçün fərdi mənzillərin verilməsi bunun bariz nümunəsidir.
- Vurğuladığınız kimi, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir və sizcə, qarşıdakı perspektivlərin uğur potensialı daha hansı addımlarla ölçülə bilər?
- Bilirsiniz, media cəmiyyətin güzgüsüdür, bu gün bütün dünyada jurnalistika peşəsi məsuliyyəti, ağırlığı, çətinliyi ilə seçilir və qlobal hadisələrdə də cərəyan edən hər bir olaya ilk çatan məhz jurnalistlər olurlar. Ancaq etiraf edək ki, jurnalistə mənəvi dəstək, təkan verilməzsə, o öz potensialından maksimum şəkildə istifadə edə bilməz.
Bu gün Prezident İlham Əliyev daim jurnalistləri özünə ən yaxşı köməkçi hesab etdiyini vurğulayır. Ümumiyyətlə, dövlət başçımızın jurnalistlərlə səmimi münasibətləri, müxtəlif hadisələr fonunda daim jurnalistlərlə ünsiyyət qurması da bu reallığın aşkar təzahürüdür.
Sualın digər tərəfinə gəldikdə isə qeyd edə bilərəm ki, mətbuatımızın milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarının mükəmməlliklə təhlilini aparır. Çünki uğurlu perspektivlik bu kimi yolları aşmalıdır və aşır da. Misal üçün, cənab İlham Əliyev bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Dövlət başçımız Azərbaycanda söz, ifadə və mətbuat azadlığının mövcud olduğunu vurğulayır və bu məsələdə çox ciddi addımların atıldığını qeyd edir. Belə ki, söz azadlığının, mətbuat azadlığının təmin olunması perspektiv inkişafla yanaşı, həm də prioritet məsələ olaraq dəyərləndirilir. Söz yox ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olur.
Ölkəmizdə bütün sahələr üzrə aparılan davamlı islahatlar çoxşaxəli inkişafımızı təmin etməklə yanaşı, demokratik prinsiplərə sadiqliyi də özündə əks etdirir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Bəli, məhz Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi, əbədi və uğurlu ənənələri davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, azad medianın təmin edilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da, Azərbaycan jurnalisti də haqlı olaraq ölkə Prezidenti cənab İlham Əliyevi özünün dostu hesab edir və bundan sonra da edəcək.
- Demək olar ki, hər il mətbuatla bağlı yeni qərarların şahidi oluruq. Bu qərarlar, bütövlükdə, mediamıza nə vəd edir?
- Təbii ki, yeni qərarların verilməsi və yuxarıda da qeyd edildiyi kimi, növbəti yeni qurumun yaradılması həm də bütövlükdə, ölkədə aparılan çoxşaxəli islahatların davamıdır və biz də mətbuat təmsilçiləri olaraq bu islahatların mediaya da öz töhfəsini verəcəyinə inanırıq. Artıq növbəti addım atılıb və bizi qarşıda kifayət qədər böyük işlər gözləyir. Nəzərə alsaq ki, bu gün informasiya texnologiyaları durmadan yenilənir və bu yeniliklər idarəçilikdə də müəyyən tələblər irəli sürür, bu zaman belə qənaətə gələ bilərik ki, artıq yeni dövrün yeni tələbləri fonunda yeni media meydana çıxıb. Bu baxımdan, dövlət başçısının verdiyi qərar özündə bu məziyyətləri də ehtiva etməkdədir. Nədir bu yeniliklər? Bu, ilk növbədə medianın biznes strukturu kimi özünüidarə sistemini qurmasına mükəmməl imkanlar yaradır. Məsələn, biz inanırıq ki, qarşıdakı zamanda hər hansı bir işlək, cəmiyyətdə öz yerini, mövqeyini müəyyən etmiş redaksiyalar, media qrupları öz iş üslublarını daha aktiv qaydada artırmaq üçün kreditləşmə siyasətindən bəhrələnə biləcək və bununla həm işgörmə potensialını artıracaq, həm də işçi qüvvəsinin sosial tələblərini daha rahat şəkildə təmin edəcəklər. Əslində, bu kimi təkliflər daha əvvəllər də verilirdi, lakin indi bu təkliflərin əməli işə çevrilməsi faktı göz önündədir. Düşünürəm ki, MEDİA, eyni zamanda, sosial şəbəkələrə nəzarət və fəaliyyət mexanizmlərində də yeniliklərə imza atacaq. Hazırda cəmiyyətin böyük kəsimi sosial şəbəkələrdədir və artıq “sosial media” deyilən bir ifadə də müasir zəmanəmizin ayrılmaz parçasına çevrilib. Bu istiqamətdə aparılan tənzimləmələr isə mətbuatın sosial şəbəkələrə də transfer imkanlarını artıracaq, oxucu, izləyici auditoriyasının genişlənməsinə mümkün şəraiti yaradacaq. Əsasən də, jurnalistlə bloggerin fərqini ortaya çıxarmaqla hansının mətbuat, hansının isə sosial şəbəkə fərdi olduğunu dəqiqləşdirəcək. Artıq burada jurnalistlərin təkmilləşdirilməsi, peşə fəaliyyətlərinə riayəti, iş prinsiplərinə nəzarət halları daha da artacaq və belə desək, təmiz, şəffaf bir medianın formalaşması üçün bu qurumun verdiyi imkanlar geniş spektri əhatə edir. Təbii ki, bütün bunların təməlində bilavasitə jurnalistlərin dostu, qayğıkeşi Prezident İlham Əliyevin iradəsi və diqqəti dayanır. Onun Azərbaycan mətbuatına verdiyi önəm də isbat edir ki, qarşıda bizləri daha böyük uğurlar, fəaliyyətlər, perspektivlər gözləyir.
- 44 günlük Vətən müharibəsində və qələbəmizdə Azərbaycan jurnalistikasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Təbii ki, Vətən müharibəsində jurnalistlərimiz cəbhədə baş verən hadisələri səlis, dolğun və əsaslı şəkildə təhlil edir, informasiyaları zamanında çatdırır və eyni zamanda, düşməndən fərqli olaraq dezinformasiya hallarına yol vermirdilər. Bəli, istənilən sahələrdə nöqsanlar ola bilər və bu sahədə də müəyyən çatışmazlıqlar müşahidə olunsa da, bütövlükdə, ölkə mətbuatı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə maksimum peşəkarlıq səviyyəsində çatdırmağa nail oldu.
Biz bilirik ki, dünyanın gözü məhz Azərbaycanın apardığı ədalətli mübarizəsində idi və xüsusilə qeyd etmək yerinə düşərdi ki, 44 gün boyunca Azərbaycan xalqının və dövlətinin Müzəffər Sərkərdəsi, cənab Ali Baş Komandan İlham Əliyev hətta gün ərzində bir neçə nüfuzlu media qurumlarına müsahibələr verirdi.
Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV-in arasında Rusiyanın “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, “CNN-Türk”, “Haber Global”, “Haber Türk”, “NTV”, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın “ARD” televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın “Rai-1” televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın “EFE” informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanalları kimi tanınmış onlarla media orqanları var.
Qətiyyətli, nüfuzlu siyasi rəhbərə və dövlət başçısına beynəlxlaq marağın yüksək olması təbiidir. Bu marağın müharibə zamanı, xüsusilə yüksək olması tam məntiqlidir. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan, İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu Lider olmasından irəli gəlir.
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyəti barədə deyib: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
Bəli, məhz Onun verdiyi müsahibələrdən ruhlanan ölkə jurnalistləri əldə ediləcək qələbədə öz peşə fəaliyyətlərini daha məsuliyyətli şəkildə icra edirdilər.
Son olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi böyük və mübariz xalq olaraq dünyaya tanıdır. Söz yox ki, biz mətbuat işçiləri də öz vəzifəmizin öhdəsindən layiqincə gəlib, milli mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurlarımızı davam etdirəcəyik. Çünki biz həm də qalib ölkənin mətbuatıyıq.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30