Dünya liderlərini qarşıladığımız marşın müəllifi kimdir?
07.07.2022 [10:31]
Biləcəridən doğan sənət günəşi
Müşfiqə BAYRAMLI
Haqqında danışacağımız marşa “Görüş marşı” da deyilir. Rəsmi qonaq təntənəli şəkildə qarşılanmağa hazırdır. Budur “Qarşılama marşı” çalınır... Bu notlara can verən isə Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar, dirijor Həsənağa Abasquliyevdir. Əfsuslar olsun ki, notları bizə tanış olsa da, imza bizə o qədər də məlum deyil. Dünya liderlərini qarşıladığımız marşın müəllifi barədə məlumat olduqca kasaddır. Düşündük ki, onu tanımaq üçün ilk (doğma) mənbəyə müraciət edək. Bu məqsədlə də, bəstəkarın oğlu Əməkdar artist Rza Abasquliyev ilə söhbətləşdik.
“Qarşılama marşı” ilk dəfə 1993-cü ildə mərhum Turqut Özal Bakıya gələrkən səslənmişdi
- Bizə atanız haqqında məlumat verərdiniz. Niyə görkəmli bəstəkar haqqında məlumatlar yetərincə deyil?
- Mənim atam Həsənağa Rza oğlu Abasquliyev 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində atam trubada ifa etməyi öyrənir. Asəf Zeynallı adına Musiqi Texnikumu və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu olur. 1963-cü ildə o, Xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır. 1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alır və oraya işləməyə gedir. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan “Biz Bakıdanıq” estrada-caz ansamblından dəvət alaraq ölkəyə qayıdır. Burada Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazır. Onun rus sirk ustasının “Canlı şlyapa” nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülür. Cazı çox sevdiyi üçün Vaqif Mustafazadə və “Qaya” qrupu ilə birgə caz ilə məşğul olurdular. Ən nəhayət, 1992-ci ildə isə dünyaca məşhur “Qarşılama marşı”nı yazıb. Bu musiqi ilk dəfə 1993-cü ildə mərhum Turqut Özal Bakıya gələrkən səslənmişdi. Bakının hava limanında yüksək çinli qonaqların qarşılanma mərasimində ifa olmuşdu. O vaxtdan bu günə kimi rəsmi şəxslər bu marşla qarşılanır.
Marşı bilməyən və tanımayan insan yoxdur
- Bəstəkar üçün onun bəstələdiyi marşın mötəbər bir məqamda ifa olunması böyük uğurdur. Həsənağa müəllim hansı hissləri keçirirdi? Heç bu barədə danışmışdınız?
- Həsənağa müəllim çox sadə və təvazökar insan idi. “Bu marşı mən yazmışam. Məhz mənim marşımı ifa edirlər” - deyə heç vaxt dilə gətirməmişdi. Amma daxilən qürur və fəxr hissi keçirdiyini anlaya bilirdik. Marş elə notlar üzərində yazılıb ki, hər kəs onu əzbər bilir. Onu bilməyən və tanımayan insan yoxdur. Biz hamımız bu marşla qürur duyuruq. Uşaqlar da dinləyən kimi babamızın marşıdır deyib sevinirlər.
- Bəs nə üçün insanlar bu imzanı az eşidiblər? Səbəb nədir?
- Mən... mən demək onun xarakterinə uyğun deyildi. Səssizcə zəhmətinin dəyərləndiriləcəyi günü gözləyirdi.
Bəlkə də uşaq evində böyüməsəydi, musiqiçi olmazdı
- Belə bir zəngin yaradıcılığa malik insanın taleyi heç də asan olmadı. 7 yaşında valideynlərini itirdi, uşaq evində böyüdü... bu cığırı necə başa vurdu?
- Uşaq evində böyüdü, sonra musiqiçi oldu. Bəlkə də uşaq evində böyüməsəydi, musiqiçi olmazdı. Yaşadığı Biləcəri ab-havasında qalsaydı, o da çoxları kimi dəmiryolçu olardı. 40 günlük ara ilə hər iki valideynini xəstəlik ucbatından itirdi. 3 uşaq yetim qaldı. Bacı və qardaşı qohumların himayəsinə verilsə də, atamın yaşı böyük olduğu üçün onu uşaq evinə yerləşdirdilər. Amma əlaqələri heç vaxt qırmadılar. Atam orada böyüyüb boya-başa çatdı. Anam Abidə xanımı da uşaq evində tapdı. Anamla uşaqlıqdan bir yerdə böyüdülər. 60-cı illərdə ailə qurdular. Anamı da götürüb ata yurduna gətirdi. Gəlib gördülər ki, ev sökülüb-tökülüb. 1906-cı ilin evləridir, axı. Biz bu günə kimi də orada yaşayırıq. Ocaq kimidir. Atam 2018-ci ildə 80 illiyinə 5 gün qalmış vəfat etdi. Özünə yubiley keçirtmək istəyirdi. Sağlığı imkan vermədi.
- Dünyadan köçü də səssiz-səmirsiz oldu...
- Mediada bir neçə dəfə vəfatı ilə bağlı informasiyalar yayılsa da, gözlənildiyi kimi olmadı. Səssizcə bu dünyadan köçdü. Arxada bəstələrini və ailəsini miras qoydu. Qalsaydı, Azərbaycan mədəniyyəti üçün daha böyük işlərə imza atardı. Bu insan canını sırf mədəniyyətimizin inkişafına qoydu. İnsan var ki, daim mənfəət güdür. O, heç vaxt maddiyyat dalınca qaçan biri olmayıb. 1990-cı ildə atamı sirkə baş dirijor vəzifəsinə dəvət etdilər. Elə ömrünün son illərinə qədər orada çalışdı. Bununla yanaşı, “Səni gözləyirəm”, “Ayrılıq”, “Qarşılama marşı”, “Topçular marşı”, “Dünya azərbaycanlılarının həmrəylik mahnısı” əsərlərin müəllifidir. 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak etdi və laureat oldu. 4 hərbi və 1 bayraq marşından ibarət kitabını şəxsən özü tərtib etdi və vəfat etmədən 2 il öncə orkestrlərə payladı.
- Yəqin yetirmələri də çoxdur?
- Əlbəttə, çoxdur. Orkestrın əksər gəncləri onun tələbələri olub, ondan çox bəhrələniblər. Bu gün onun yolunu biz davam etdirməyə çalışırıq. Mən özüm Sumqayıt Musiqi Texnikumunu qaboy üzrə sinfini bitirmişəm, daha sonra Ü. Hacıbəyov adına Milli Konservatoriyadan məzun olmuşam. Hazırda Azərbaycan Dövlət Simfonik Orkestrinin artistiyəm. Qızım da, oğlum da musiqiçidir. Qızım “Dan Ulduzu” instrumental ansamblında skripka ifaçısıdır. Oğlum Həsənağa isə Almaniyada skripka üzrə magistratura pilləsini bitirib. Vətənə yenicə qayıdıb. Çox istəyirəm ki, Vətəndə xidmət etsin. Babasının adını yaşatsın. Ata kimi inanıram ki, ölkədə skripka sahəsinin daha da inkişafı üçün çox böyük töhfələr verəcək. Mən babam Rza müəllimin adını, oğlum isə atam Həsənağa müəllimin adını daşıyır. Oğul nəvəm olsa, onun da adı Rza olacaq. Beləcə, Abasquliyev nəsli davam edəcək.
- Atanız üçün “Biləcəridən doğan sənət günəşi” deyə bilərik?
- Əlbəttə. Biləcəri torpağı yetişdirib onu. Bəy nəslindənik. Mənim babam Biləcəridə birinci riyaziyyat müəllimi olub. Biz Vətənimizə, torpağımıza minnətdarıq. Ümumiyyətlə, Azərbaycan xalqı çox istedadlıdır. O istedadları üzə çıxarmaq lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16

