Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Heydər Əliyev çıxışını bitirən kimi qaçırdım

Heydər Əliyev çıxışını bitirən kimi qaçırdım

24.08.2022 [09:26]

Müslüm Maqomayevin son müsahibəsi

EPOXA

(İXTİSARLA)

Əvvəli ötən sayımızda…

Dmitri Qordon,

Ukrayna jurnalisti

- Deyirlər, sizin konsert verdiyiniz salonlarda milislər at belində keşik çəkirmişlər...

- Hər yerdə yox! Olurdu bəzi şəhərlərdə.

- Şair Robert Rojdestvenski gözəl mahnı mətnlərinin müəllifidir, siz də onları ifa eləmisiniz. O bir dəfə yazmışdı ki, “mən Müslüm Maqomayevin konsertlərinin çoxunda iştirak eləmişəm. Və elə bir hal olmayıb ki, aparıcı onun ad-familyasını axıra çatdırıb desin. Adətən “Müslüm” sözündən sonra salonda elə alqışlar və səslər qopurdu ki, o möhtəşəm və ehtiraslı gurultu ən güclü mikrofona rəğmən, aparıcının dediyi “Maqomayev” sözünü eşitməyə imkan vermirdi.

- (Nostalji ilə). Hə... elə hallar da olub...

- Mənim fikrimcə, siz azad sənətkarsınız, bütün həyatınız boyu nə istəmisiniz onu da etmisiniz və siz hər zaman ürəyinizin diktəsi ilə hərəkət etmisiniz. Bu düzdürmü ki, bir balaca hiss edəndə ki, səsiniz yerində deyil, ya da yaxşı ovqatda deyilsiniz, konsertinizi dərhal təxirə salmısınız?

- Bəli. Təəssüf ki, nəsə qaydasında olmayanda oxuya bilməmişəm; və düşünəndə ki, tamaşaçılar nahaq yerə bilet alıblar və mən onlara istədiklərini verə bilməyəcəm, az qala dəli olurdum. Əlbəttə, pis əhval-ruhiyyədə, xəstə-filan olduqda belə, özünü məcbur edib səhnəyə çıxa bilərdin, lakin...

- ...özünüzü aldada bilməzdiniz...

- Axı adamlar dərhal duyurlar bunu! Mən bunu görmüşəm bir neçə dəfə; ümumi tədbirlərdə konsertlər olanda, mən də bir-iki mahnı oxumalı olmuşam, amma xəstə halda oxumalı olmuşam...

- Elə həmin o Yuri Baqatikov sizi qeyri-adi geniş ürəyə malik insan kimi xarakterizə edib. Deyib ki, gənclik çağlarında bütün başqa istedadlı şərq adamları kimi Müslüm də hərdən danqazlıq edirdi. Misal üçün, bir bakal pivəyə mütləq yaşıl əllilik verirdi, hərdən də balkona çıxıb cibindəki yüzlük paçkasını tullayırdı və əskinasların yarpaqlar kimi necə oynaya-oynaya asfalta düşməsindən ləzzət alırdı...

- Eh, özüm haqqında o qədər nağıllar eşitmişəm ki! İnanın, mən həyatım boyu heç vaxt balkondan yerə pul tullamamışam, tullasaydım, yəqin ki, məni MK-ya çağırar və tənbeh edərdilər. Bu axı kimə lazım idi? Lakin zəhmət adamlarının xahişi ilə balkondan oxumuşam - Kişinyovda. Deyəsən, Odessada da...Adamlara mənim səsim lazım idi, kağız parçaları yox...

“SOVET İTTİFAQINDA QASTROL SƏFƏRLƏRİ ZAMANI MƏN BEŞOTAQLI LÜKS NÖMRƏLƏRDƏ QALIRDIM VƏ BƏZƏN GÜN ƏRZİNDƏ DEMƏK OLAR Kİ, ƏLLİ ADAM QƏBUL EDİRDİM”

- Çoxlu pul qazanırdınız, lakin pullar səxavətli şərq adamı kimi  sizin əlinizdən çıxırdı. Eşitmişəm, siz hay-küylü qonaqlıqları, ziyafətlər verməyi sevirmişsiniz; kirayələdiyiniz lüks mehmanxana otaqlarında hər zaman süfrəniz bol olub, konsertlərdən sonra otağınıza 40-50 qonaq yığışırmış. Doğrudanmı siz bu dəstələri yedizdirib-içizdirirmişsiniz? Yoxsa bunlar aktyor uydurmalarıdır?

- Yox, bunlar həqiqətdir.

- Nəsə təəssüf hissiylə ifadə etdiniz bunu, hətta məncə bir qədər kədərlə...

- Ona görə ki... mən heç vaxt balkondan pul tullamamışam! Amma ziyafət və qonaqlıq verməyi sevməyim, yaxud səhər, günorta, axşam yeməklərini tək yeməməyim olub, bunlar hamısı cavanlıqda...Tamara İliniçnayla evlənməmişdən qabaq mən “Rusiya” mehmanxanasında qalırdım, daha doğrusu, orada özümə beşotaqlı lüks tutmuşdum; bəzən orda gündə əlli adam qəbul edirdim. Belə bir şəraitdə pul saxlamaq olardı? Əlbəttə, pullur uçub gedirdi. Bəlkə də buna görə deyiblər ki, o pulu yelə verirdi, tullayırdı... bilmirəm; amma qonaqlar mənim yanıma həmişə böyük məmnuniyyətlə gəlirdilər. Sonralar, şöhrətim ki, bir qədər azaldı, dostların sayı da azaldı, dəqiq desəm, sürətlə azaldı...

- Sizin konsertmeyster Çingiz Sadıxov söyləyirdi ki, cibinizdə pul qalmırmış deyə, o sadəcə hamısını götürüb saxlayırmış özündə və qastrolun sonuncu gününə kimi sizə vermirmiş...

- Gizlədirdi! (gülür). Lakin onun bicliklərinə baxmayaraq, mən yol tapıb sağa-sola xərcləyirdim.

- Sadıxov həm də deyirdi ki, siz bir dəfə Uzaq Şərqdə 20 min rubl qazanmısınız və maşın almaq arzusunda olmusunuz. Şəxsi avtomobil ala bildinizmi?

- Yox, yox! Moskvaya gəldim, “Metropol”a köçdüm (bu ən bahalı hotel idi). Orada ən yaxşı nömrə götürdüm özümə və qazandığım pulları da dərhal dostlarıma xərclədim; qəbullar düzəltdim, hədiyyələr aldım, bunları çox sevirdim. Bu tacirlik deyildi, bədxərclik və israfçılıq da deyildi...

- ...qəlbin tələbiydi, eləmi?

- Əlbəttə, ürəyim belə istəyirdi. Mən indi də pul yığıb balışımın altına qoymuram; düzdür, indi konsertlər vermirəm, buna görə də qazanmıram... nəyim olubsa və varsa budur, ona görə yaşayıram... Bəlkə də gələcəkdə pulum oldu... Yəni, adətim üzrə yenə xərcləyirəm (misal üçün mənim iki kompüterim var, istəsəm, üçüncünü də alaram), yenə bahalı hədiyyələr verməkdə davam edirəm: son vaxtlar xəlvəti üç kompüter paylamışam.

- Mən özüm bunun şahidiyəm ki, siz Kiyev konservatoriyasının tələbəsinə necə səxavət göstərmisiniz. Mənə bunu deyiblər. Qız internet vasitəsilə sizinlə yazışır- ona kompüter almısınız, özü də ən yaxşısından...

- Düzdür.

- Doğrusu, belə bir səxavət məni heyrətə gətirdi...

- Amma bu, görüntü xətrinə deyil! Sadəcə, kiməsə sevinc bəxş eləyəndə mənim özümə də ləzzət verir; mən həyatım boyu yaxşılıq elədiyim o insanlara nifrət edirəm ki, onlar sonda bunun əvəzində mənə pislik ediblər.

- Narahat olmayın, Müslüm Məhəmmədoviç, bu artıq sizin problem deyil...

- Axı, problem onlardadı...Təəssüf ki, mən tez-tez bu barədə düşünməli oluram. Allaha şükür ki, belə naşükür adamlar çox deyil.

- Düzü, etiraf edim ki, qəzetlərdə oxuyanda, televiziyada eşidəndə ki, müasir “ulduzlar” (nə səsləri, nə istedadları, nə də bir repertuarları var!) öz mülkləri, sahib olduqları avtoparkları ilə öyünürlər: nə bilim, qarajlarındakı “Bentli”ni, sonuncu model “Mersedes” və “Ferrari”lərini nümayiş etdirirlər... bunlar mənə çox gülməli gəlir! Maraqlıdı, bəs sizdə hansı avtomobillər olub?

- Mənim maşınpərəstlik bioqrafiyam “Volqa”dan başlayıb... indi heç modeli də yadımda deyil...

- ...buna da min şükür... başlanğıc ümidvericidir...

- ...sonra keçdim nəsə xarici modelə... hə, yadıma düşdü, “Fiat” aldım. Doğrusu, heç xoşuma da gəlmədi, mənim üçün çox darısqal maşın idi, sonra yenidən “Volqa” aldım, indi isə cip “Mersedes”im var... Tamaranın avtomobili balacadı - adını da bilmirəm, mənim belə şeylərdən başım çıxmır.

- Düzdümü ki, ümumxalq populyarlığınızdan istifadə edib siz maşını sürücülük vəsiqəsi olmadan sürmüsünüz?

- Cəmi ikicə dəfə... hə, iki dəfə olub - sadəcə, sürücülük vəsiqəm evdə qalmışdı, unutmuşdum. Çox şükür ki, milis hələ də məni tanıyır, amma mən özüm... güzgüyə baxıram, çox vaxt özümü tanımıram.

- Məncə, bir qədər şişirdirsiniz...

- Mənə elə gəlir ki, o dövrdən məni yadında saxlayanlar da necə dəyişdiyimi görürlər... Bununla belə, yanımdan ötəndə boylanıb baxırlar, əl edirlər... Adama xoş olur belədə...

“HƏ, BAX, BU DA MAQOMAYEV, - GÖMRÜKÇÜ QADININ ÜZÜ İŞIQLANDI, - İNDİ BİZ ONU YOXLAYARIQ”

- Sizə təkcə sovet xalqı (həm də postsovet) məftun deyildi, sizin heyrətedici istedadınız, hətta İran şahı Məhəmməd Rza Pəhləvini də vəcdə gətirmişdi. Deyilənə görə, sizə bir çamadan qiymətli daş-qaş da hədiyyə verib...

- Nə danışırsız, çamadan-zad nədi?

- Çantadı bəlkə, çiyindən asılan çanta, hə?

- Balaca bir mücrüydü, içində də üzük vardı - budur, barmağımda... bir də hansısa şahanə bəzək-düzək əşyalarıydı...

- Bu üzüyü tez-tez barmağınızda görürəm, bunu həmişə taxırsınız?

- Əvvəllər açıq-aşkar taxmağa cürət etməzdim, sonralar nə oldusa, taxdım və bu üzük mənə uğur gətirdi. Görəndə ki, artıq hamı bu üzüyü görməyə alışıb, qərara aldım ki, bir daha çıxartmayım.

- Necə olub ki, total dəmir pərdə illərində bu qiymətli əşyanı sərhəddən keçirmisiniz? Axı o zaman bir quş belə cürət edib gömrükdən buyana keçə bilməzdi...

- Çox böyük çətinliklə... və yalnız buna görə ki, aeroportda məni İran səfirliyinin nümayəndəsi qarşıladı. Gömrüyü keçəndə mənim iri çamadanım gömrükçü formasında olan hansısa xalanın diqqətini cəlb etdi. “Hə, bax, bu da Maqomayev,” deyə üzü işıqlandı, - “indi biz onu yoxlayarıq!” Düzü, elə bildim gömrükçü qadın zarafat edir, lakin gördüm ki, çamadanı açır, orda isə şahın mənə hədiyyə verdiyi xalça vardı...

- ...fars xalçasıydı?..

- ...hə, əla bir şey idi, orara saat və içində üzük olan balaca mücrü də vardı. “Bilirsinizmi ki, qabaqcadan deklarasiya olunmamış şeyləri gətirmək olmaz?” - deyə qadın soruşdu. Sonra o mücrünü açdı. “Ooooo, burda qızıl üzük var ki!”

- Həmin gün bəlkə də karyeranın sonu ola bilərdi...

- Kimin karyerasının, o qadının?

- Yox e, sizin karyeranızın...

- (Qürurla). Nə danışırsız? Qadın növbə rəisini çağırdı. Yaraşıqlı bir kişi, əlini yellədib dedi: “Qaydalar hamı üçündü...” Özümü itirmədim, onu cavabsız qoymadım. “Bunlar şahın hədiyyələridi! Görmürsünüz, İran səfirliyindən gələn adam məni qarşılayır? Xahiş edirəm, onu bura çağırın, deyin ki, qoy bütün bu hədiyyələri şaha geri göndərsin!” Gömrükçü görünür qorxdu, çamadanı mənə tərəf itələdi, dedi: “Yooox, yooox, hər şey qaydasındadı! Götürün çamadanı və gedin. Yaxşı yol, sağ olun!” O vaxta kimi məni heç kim yoxlamamışdı, başa düşürsünüz, bu ilk dəfəydi ki, baş verirdi; sonralar mən Azərbaycan Ali Sovetinin Deputatı oldum və toxunulmazlıq hüququm vardı, hər yerdə sərbəst keçirdim, yoxlamırdılar.

- Heç təsəvvür etmirəm... siz deputat olanda iclaslarda saatlarla necə oturmusunuz...

- Üç il dalbadal əziyyət çəkdim! Axı xaraktercə mən bir yerdə oturan deyiləm... Gedirdim, bir saat otururdum, Heydər Əliyev çıxışını qurtaran kimi aradan çıxırdım... və qalan bir neçə gün mənsiz də keçirdi. Bir dəfə, ümumiyyətlə sessiyaya getmədim; lakin bir qayda olaraq, hər halda Heydər Əliyevə hörmət əlaməti olaraq, sessiyalara gedirdim. Bir dəfə Əliyev mənə məzəmmətlə dedi: “Müslüm, niyə səni zalda heç vaxt görmürəm? Bu nədi? Adamlar düzgün başa düşməzlər bunu!” “Heydər Əliyeviç” dedim,- “siz ki bilirsiniz, mən Azərbaycan dilində çox da yaxşı danışa bilmirəm”. “Bilirəm”- dedi. “Onlar əsasən Azərbaycan dilində çıxış edirlər, mənsə oturub yalnız gözlərimi döyürəm. Mənim üçün, hətta rus dilində də qulaq asmaq maraqlı deyil, nə qədər pambıq yığıblar-filan... nəyimə lazımdı mənim?” Heydər Əliyev güldü, dedi: “Heç olmasa özünü elə göstər ki, guya hamısını başa düşürsən!” Mən daim onun zəhləsini tökürdüm: misal üçün, filan musiqiçiyə ev verin, filankəsə fəxri ad verin, ya da onu xaricə göndərin... Bir dəfə Əliyev mənə dedi: “Sən elə hey mənim yanıma gəlib onun-bunun xahişini edirsən, buna görə də səni deputat etdim ki, bu işlərlə qanuni məşğul olasan”. Yenidənqurma başlayanda Heydər Əliyeviç Moskvaya köçdü və təbii ki, mən də deputatlıq fəaliyyətinə son qoydum. “Tamam, bəsdi daha, xudahafis!” dedim.

- Sovet dönəmində ümidverici opera ifaçılarının ən yaxşılarını Milanın məşhur “La Skala” teatrına təcrübə keçməyə göndərirdilər. Siz də orada olmusunuz, bunun sizin karyeranıza, ya da sənətinizə hansısa müsbət təsiri oldumu?

- Əlbəttə, oldu. Maestro Cenarro Barrın və Enriko Pyaççanın dərsləri mənə çox şeylər verdi (“Siviliya bərbəri”ndə Fiqaronun partiyasını və “Toska”nı hazırladım). Sizə deyim ki, mütləq deyil ki, yaradıcı adam orada nəsə etsin, yetər ki, sadəcə İtaliyada olsun, qədim abidələri görsün, muzeylərə getsin...

- ...və görsün ki, adamlar necə yaşayırlar...

- ...oranın havasını udsun, mədəniyyəti və incəsənəti ilə dərindən tanış olsun, bu ölkənin özü də elə başdan-ayağa mədəniyyətdən ibarətdi...

“SƏS PARTİYA VƏ HÖKUMƏT TƏRƏFİNDƏN YOX, ALLAH TƏRƏFİNDƏN VERİLMİŞDİ”

- Eşitmişəm ki, Parisin “Olimpiya” salonundakı triumfal konsertinizdən sonra sizə fövqalədə kontrakt təklif ediblər, lakin SSRİ Mədəniyyət Nazirliyi buna etiraz edib...

- Yox, kontrakt deyildi... Məsələ bundadır ki, tanınmış impresario və həm də “Olimpiya”nın direktoru Bruno Kokatris mənə yaxşı münasibət bəsləyirdi; o mənim uğurlu çıxışımı gördü, başa düşdü ki, məni almaqla nəsə...

- ...özü də qazana bilər...

- ...Fransada mənim adımı daha da məşhurlaşdırar, sonra məni bütün dünyaya tanıdar. Ona dərhal dedim: “Məni buraxmazlar!”, lakin o inanmadı. “Furtseva mənə ehtiramla yanaşır”- dedi. Doğrudan da, Yekaterina Alekseyevna ona hörmət edirdi, bununla belə mənim cavabım qəti oldu: “Yox!” Mən bilmirəm bundan sonra orada nə oldu, nə baş verdi, yalnız təxmin edə bilərəm... Düşünürəm ki, məmurları qorxudan mənim orada aradan çıxa biləcəyim deyildi, onlar çox gözəl başa düşürdülər ki, mən bu ölkədən çıxıb gedən deyiləm. Lövbərini Qərbdə salmaq məni açmır, orda yalnız necə pul qazanmaq barədə düşünürlər, bu da mənim xoşuma gəlmir. Elə həmin o Amerikada da mənim ürəyim sıxılır, mədəniyyət yetərli deyil, buna baxmayaraq... Birincisi, orada mənim qardaşım yaşayırdı...

- ...özü də varlıydı...

- ...çox varlıydı (Allah ona rəhmət eləsin!), ikincisi, onlar mənim xarakterimdən qorxdular: işdir, birdən artıq içib nəsə qaynatdım... Lakin belə hərəkətlərə heç vaxt yol verməmişəm. Yox, mən içirəm, əlbəttə, içə bilirəm, lakin duysam ki, artıq özümü yaxşı hiss edirəm, dərhal məclisi tərk edirəm və gedib evdə sakitcə otururam.

- Yeri gəlmişkən, hansı içkilərə üstünlük verirsiniz?

- Əvvəllər konyakı sevirdim, indi isə yalnız araq içirəm. Şərabla aram yoxdu.

- 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində çox geniş yayılmış belə bir zarafat vardı: “Kiçik teatr nədir? Xarici qastrollardan sonra Böyük teatr olur”. Doğrudan da, həm opera, həm də baletdə çalışan çox artistlər olub ki, Qərbdə qalıblar. Sizdə niyə belə bir əminlik var ki, belə bir sürprizi sizdən heç kim gözləməyib?

- Mən hardasa heç nəzəri cəhətdən də xaricdə qala bilməzdim, çünki mənim əmim Camal Moskvada Azərbaycanın səfiri idi (o vaxt daimi nümayəndə deyirdilər buna). O mənim üçün ata əvəzi idi, mən onu sevirdim, ona xəyanət edə bilməzdim, bunu da yuxarılar yaxşı bilirdi. Mənim Vətənə dönməməyim onun karyerasının sonu ola bilərdi; lakin xaricə qaçmamağımın səbəbi təkcə bu da deyildi, yenə təkrar edirəm, orada yaşamaq mənim üçün maraqlı olmazdı.

Kiyev-Moskva-Kiyev

(Oktyabr-Noyabr, 2008-ci il.

Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)

Tərcümə etdi: Kamran Nəzirli

Bakı, 18 avqust 2022-ci il

Ardı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31