Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan postsovet ölkələri arasında ən müstəqil dövlətdir

Azərbaycan postsovet ölkələri arasında ən müstəqil dövlətdir

11.10.2011 [00:45]

Professor İlham Məmmədzadə: Bu gün tarixə nəzər salsaq görərik ki, biz bütün çətinliklərin və problemlərin öhdəsindən gələ bilmişik və Azərbaycan vətəndaşlarının qürur duya biləcəyi bir dövlət yaratmışıq
Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai və siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadədir:
- İlham müəllim, ilk olaraq, rubrikamızın ənənəvi sualını vermək istərdim. Müstəqillik Azərbaycan xalqı üçün nə deməkdir və hansı əhəmiyyəti daşıyır?
- Bu çox fəlsəfi sualdır. çünki “müstəqillik bizim üçün  nədir?” sualına cavab vermək o qədər də asan deyil. Hələ 20 il bundan əvvəl, keçmiş SSRİ-də bir çoxları hesab edirdilər ki, müstəqillik məqsəddir və ona nail olmaq lazımdır. Aydındır ki, o zamankı rəhbərlik nə Azərbaycanın, nə də imperiyanın problemlərini həll edə bilmirdi. Məhz bu səbəbdən də, müstəqilliyi əldə etmək məqsəd hesab olunurdu. Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra biz və qonşularımız, eyni zamanda, dünya üçün yeni imkanlar açıldı. Müstəqillik bir məqsəd kimi qalsa da, eyni zamanda vasitəyə də çevrildi. 20 il ərzində müstəqillik hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşması, elm, iqtisadiyyat və digər sahələrdə nailiyyətlərimizin artması, Azərbaycan xalqının firavan yaşaması, geniş mənada desək, keyfiyyətli həyatı təmin etmək üçün bir vasitə oldu.
Qeyd etmək lazımdır ki, bu gün dünyada 180-dən artıq dövlət var. Onların bir qismi maddi cəhətə, digərləri mənəvi-mədəni cəhətə üstünlük verirlər. Vacib və əsası odur ki, dövlətin inkişafı insanların hərtərəfli firavan yaşaması üçün zəmin yaratsın. Buradan da belə nəticə çıxır ki, müstəqillik bir tərəfdən siyasət, iqtisadiyyat və dövlətin inkişafı ilə, digər tərəfdən vətəndaşların mənəvi-mədəni məsuliyyəti ilə bağlıdır.
Bu gün Azərbaycanın sosial-iqtisadi sahəsindəki uğurları danılmazdır. Azərbaycanın maliyyə imkanları davamlı inkişaf tempi ilə artmaqdadır.  Düşmənlərimiz də bunu etiraf etməyə məcburdurlar. Builki iqtisadi inkişafın göstəriciləri də ürəkaçandır. Azərbaycana, o cümlədən, Bakıya, kəndlərə, regionlara nəzər salsaq, iqtisadiyyatdakı yüksəlişi görərik. Respublikamız dünyanın arzuolunan və etibarlı tərəfdaş imicini daim inkişaf etdirən ölkəyə çevrilir. İqtisadi inkişaf faktiki olaraq, həm də mənəvi və mədəni problemlərin həll edilməsinə zəmin yaradır.
Mənəvi-mədəni problemlərdən danışsaq, şübhəsiz ki, bu sahədə böyük uğurlar əldə etmişik, lakin problemlərimiz də hələ qalmaqdadır. Bəzi alimlərin fikrincə bu gün mədəni-humanitar problemlərin həlli heç də iqtisadi problemlərin həllindən asan deyil. Amma mən düşünürəm ki, iqtisadi inkişafın mədəniyyətə təsiri böyükdür. Qeyd etmək istərdim ki, İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən sosio-mədəni modernləşməni qarşımızda bir məqsəd kimi qoymuşdu. çünki iqtisadi inkişaf gec-tez mədəni problemlərlə üzləşməli olur. Bir alim kimi, yaxşı başa düşürəm ki, firavan həyat və xoş güzəran birbaşa insan şüuru ilə bağlıdır. Dövlətin inkişafı, mədəniyyətə, mənəviyyata göstərilən qayğı insanların mənəvi rahatlıq qazanmasına imkan yaradır.
Milli dövlətçiliyimizin möhkəmlənməsi üçün insanlarımızın vətənpərvərliyi də çox vacib amildir. Əminəm ki, bizim vətəndaşlar azərbaycanlı olmaları ilə fəxr edirlər. Bu barədə vaxtilə Ulu öndər Heydər Əliyev demişdi ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Bildiyimiz kimi, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır. Unutmamalıyıq ki, bizimlə dost olmayan bir çox dövlətlər hələ də var. Biz daima dövlətimizin güclənməsinə çalışmalıyıq. Bu işdə isə hərbi faktor ön plana çıxır. 20 il ərzində Azərbaycanın ordusu xeyli güclənib. Vətənpərvərlik və ordu bir-birilə sıx bağlıdır. “Güclü dövlət - güclü ordu” ideyasını rəhbər tutaraq ölkəmizdə 20 il ərzində böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilmişdir. Vətənpərvərlik ordunun nəyə qadir olduğunun göstəricisidir. Bəziləri hesab edir ki, orduda ən vacib məqam silahdır. Halbuki, güclü ordu insan amilinə bağlıdır. Bu gün gənclərimiz vətənpərvərdir, çalışqandır, ağıllıdır. Hesab edirəm ki,  bizim üçün bundan böyük sərvət ola bilməz.
Bir alim və filosof kimi, onu da qeyd etmək istərdim ki, bu 20 ildə Azərbaycanda faktiki olaraq vətəndaş cəmiyyəti formalaşıb. Bunun bəzi tərəfləri, cəhətləri bizi qane etməyə bilər. Amma ölkəmizdə vətəndaş cəmiyyətinin tam formalaşması istiqamətində hələ də hansısa proseslər davam edir. Bütövlükdə isə, sovet dövründən fərqli olaraq, indi deyə bilərik ki, Azərbaycanda vətəndaş cəmiyyəti, vətəndaş həmrəyliyi var. Hesab edirəm ki, 20 il ərzində  dövlətin formalaşması ilə yanaşı, vətəndaş cəmiyyəti də inkişaf edib. Hal-hazırda Azərbaycan vətəndaş cəmiyyətinə əsaslanan siyasət yürüdür. Bu gün Azərbaycanda milli demokratiya qurulur.
Danılmazdır ki, müstəqilliyimizin ilk illərində ölkədə mürəkkəb proseslər cərəyan edirdi və müstəqilliyimiz sual altında idi. Bu səbəbdən vəziyyəti sabitləşdirmək, ölkəni müasir və demokratik dövlətə çevirmək üçün böyük səylər lazım idi. Bu gün tarixə nəzər salsaq görərik ki, biz bütün çətinliklərin və problemlərin öhdəsindən gələ bilmişik və Azərbaycan vətəndaşlarının qürur duya biləcəyi bir dövlət yaratmışıq.
Bir sözlə, iqtisadiyyat, mənəviyyat, vətənpərvərlik, ordunun gücü, vətəndaş cəmiyyətinin formalaşması inkişafın olduqca vacib göstəriciləridir. ölkəmizin iqtisadi inkişafı cəmiyyətin digər sahələrinin inkişafına da təkan verdi, xüsusən, mədəniyyət, elm sahəsində böyük layihələr həyata keçirilməyə başladı. Elə son 2-3 ildə İnstitutda bir neçə beynəlxalq səviyyəli konfranslar, forumlar keçirildi. ABŞ, Rusiya və digər ölkələrdən gələn tanınmış alimlər ölkəmizin sürətlə inkişaf etdiyini deyirlər. Bu dəyişikliklər regionlarımızda da baş verir. Bütün bunlar əlbəttə ki, bizim uğurlarımızdır.
- Qeyd etdiyiniz kimi, keçmiş SSRİ dövründə insanlar müstəqilliyi son məqsəd kimi görürdülər. Müstəqilliyi qazandıqdan sonra başa düşdük ki, onu qoruyub saxlamaq daha çətindir. Ulu öndərin müstəqilliyin qorunub saxlanmasında rolunu necə qiymətləndirirsiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyev praqmatik düşüncəli, uzaqgörən, fenomenal keyfiyyətlərə malik şəxsiyyət idi. ümummilli lider Heydər Əliyev haqqında çox əsərlər yazılsa da,  hələ də Onun Azərbaycan üçün etdikləri tam dərinliyi ilə dərk edilməyib. İndi mən özüm Onun nə qədər uzaqgörən bir şəxsiyyət olduğunu başa düşürəm. Belə bir şəxsin Azərbaycana liderlik etməsi bizim xoşbəxtliyimiz idi. ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi üçün 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” tarixi hadisə idi. O zaman bu müqavilənin imzalanmasının qarşısını almaq məqsədilə daxili və xarici düşmənlərimiz çirkin üsullara və təxribatlara əl atırdılar. Məqsəd Azərbaycanın daxili sabitliyini nəyin bahasına olursa-olsun pozmaq, ölkəmizin xarici əlaqələrinə son qoymaq idi. çünki Azərbaycan artıq enerji ixracında monopoliya yaratmış hər bir dövlət üçün çox güclü bir rəqibə çevrilirdi. Azərbaycanı zəiflətmək, özlərindən asılı vəziyyətə salmaq istəyirdilər. Lakin ümummilli liderimiz H.Əliyevin qətiyyəti sayəsində bütün təxribatların qarşısı alındı. “Əsrin müqaviləsi” Azərbaycan üçün yeni imkanlar açdı. Bunun nəticəsində Azərbaycan dünyada tanınmağa başladı. çünki o zaman Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. Bu sazişin imzalanması ilə biz ölkəmizi dünyaya təqdim etməyə başladıq. Yeni neft strategiyası Azərbaycanda ictimai həyatın bütün sahələrində misilsiz nailiyyətlərin qazanılmasında dayanıqlı saziş rolunu oynadı.
Xatırladım ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycanın dövlət müstəqilliyinə gec qovuşması dünyaya çıxışınızın məhdud olması ilə bağlı idi. “Əsrin müqaviləsi” isə bu məhdudiyyəti aradan qaldırdı. Bu layihə Türkiyə ilə Azərbaycanı birləşdirdi, qardaş ölkə ərazisi vasitəsilə Avropaya, oradan isə ABŞ-a yol açıldı. İndi bilirik ki, qaz kəmərləri mövcuddur və yenilərinin yaradılması potensialı var. Bu gün Azərbaycan qazının Rusiyaya, Avropaya yolu var, gələcəkdə Asiyaya da olacaq. Bir sözlə, bəzi qonşularımızın ölkəmizə qarşı mövqeyini nəzərə alsaq, 1994-cü ildə bunun çox çətin iş olduğunu aydın görərik.
Bundan başqa, ümummilli lider Heydər Əliyev Cənubi Qafqaz kimi çətin geostrateji məkanda yerləşən Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini nizama saldı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın kimlərdənsə asılı olmadığını, müstəqil siyasət yeritdiyini göstərdi. Halbuki, Ukrayna kimi böyük bir dövlət hələ də Rusiyanın təsiri altındadır. Ona görə də, əminliklə demək olar ki, Azərbaycan postsovet ölkələri arasında ən müstəqil dövlətdir.
Ulu öndər Heydər Əliyev hələ o zaman tarazlaşdırılmış siyasətin nə olduğunu yaxşı bilirdi. O, aydın görürdü ki, bir tərəfdən Rusiya, digər tərəfdən Avropa və ABŞ amili var. Tarazlaşdırılmış xarici siyasətlə Ulu öndər regionda sabitlik məkanı formalaşdıraraq, çox mühüm qələbə əldə etdi. O zaman bir çoxları bunun mahiyyətini dərk etmirdi.
İkinci vacib məqam isə 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilmiş Konstitusiya ilə bağlıdır. Bu, suveren Azərbaycanın ilk Konstitusiyası oldu. Hesab edirəm ki, bu, çox dərin mənalı mükəmməl bir sənəddir. Aydındır ki, zaman keçdikcə hər bir sənəddə dəyişikliklərin, yeniliklərin edilməsinə ehtiyac yaranır. Amma bütövlükdə Konstitusiya hüquqi dövlətin əsasını təşkil edir. Ali Qanunun hazırlanmasında və qəbul edilməsində Ulu öndərin böyük rolu olub. Deyə bilərik ki, AR-nın Konstitusiyası Onun şah əsəridir. Hətta, bəzi hüquqşünaslar da Konstitusiyadakı bir sıra maddələrin əhəmiyyətini düzgün anlamırdılar. Amma Azərbaycanın həmin çətin dövründə vətəndaş cəmiyyəti ilə bağlı maddələrin Konstitusiyaya salınması çox böyük hadisə idi.
üçüncü məqam özəlləşdirmə siyasəti və kolxozların buraxılması ilə bağlıdır. O zaman çoxları kolxozların qalmasının tərəfdarı idi. Amma kolxozların ləğvi kəndlilərə sərbəstlik verərək, fermerlərin və fermer təsərrüfatlarının formalaşmasına şərait yaratdı. Bu istiqamətdə aparılan işlərin müsbət nəticəsini biz hələ gələcəkdə görəcəyik.
Fikrimcə, bu üç məsələ çox vacib uğurdur. Məlumat üçün bildirim ki, Fəlsəfə, Sosilogiya və Hüquq İnstitutunda neçə ildir ki, “Heydər Əliyev məktəbi” fəaliyyət göstərir. Bu məktəbin də əsas məramı Ulu öndərin zəngin irsi ilə yaxından tanış olmaq, ideyalarına yiyələnməkdir. Artıq ənənə şəklini almış “Heydər Əliyev qiraətləri” mütəmadi olaraq Moskva və Bakı şəhərində Beynəlxalq elmi-nəzəri konfrans səviyyəsində həyata keçirilir. Həmin tədbirlərdə iştirak edən rusiyalı alimlər, filosoflar Ulu öndər Heydər Əliyev haqqında qeyd edirlər ki, hələ o zaman, Rusiyada belə bir şəxsiyyət olsa idi, bu ölkənin əksər problemləri həll olunardı. Bunu mənə tanınmış, dünya şöhrətli alimlər, akademiklər, o cümlədən, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti Aleksandr çumakov, f.e.d.Konstantin Dolqov və başqaları deyib ki, “Heydər Əliyev Azərbaycanın dahi şəxsiyyətidir”.
- Ulu öndərin davamçısı kimi Prezident İlham Əliyevin fəaliyyətini necə qiymətləndirirsiniz? Bir qədər öncə cənab Prezident İlham Əliyevin rəhbərliyilə aparılan sosio-mədəni modernləşmədən söz açdınız. Bu proses özündə nəyi ifadə edir?
- Prezident İlham Əliyevin çox güclü iradəsi var və Azərbaycanı dünyada tanıtmaq üçün əlindən gələni əsirgəmir. Dövlət başçısı iqtisadi inkişafı bir tərəfdən informasiya texnologiyaları ilə, digər tərəfdən elmlə bağlayır. Düşünürəm ki, elmin həm dövlət, həm də Prezident qarşısında böyük məsuliyyəti var. Hazırda dövlət tərəfindən elmə çox böyük diqqət və qayğı göstərilir. Biz, alimlər də, bir qədər öncə yuxarıda xatırlatdığım sosio-mədəni modernləşmə prosesinin sürətlə, səmərəli və fəal keçməsi üçün çalışmalıyıq. Bu gün sosio-mədəni modernləşmə cəmiyyətimiz üçün çox vacibdir. çünki yeni dövrdə sosio-mədəni amillər çox böyük əhəmiyyət kəsb edir.
ümumiyyətlə, modernləşmə prosesləri vaxtilə Avropada başlayıb. Məsələn, Rusiyanı götürsək, orada 100 ildən çoxdur ki, bu proses davam edir. çar Rusiyası vaxtında, Sovet İttifaqında dövlət müəyyən problemlərlə necə üzləşirdisə, indiki dövrdə də üzləşir. Bu səbəbdən də modernləşməyə hələ də ehtiyac var. Ancaq Azərbaycanda 2003-cü ildən başlanan modernləşmə prosesi faktiki olaraq birinci mərhələsini yaşayır və əsas odur ki, bunu ölkəmizin özü həyata keçirir. Aydındır ki, Sovet İttifaqı, yaxud çarizm dövründə Rusiyadakı proseslər Azərbaycana da təsir edirdi, orada inkişaf olurdusa, bizə də o paydan düşürdü, tənəzzül olurdusa, bizdə də eyni proses gedirdi. Lakin, bu gün, Prezident İlham Əliyev iradəsini nümayiş etdirərək ölkəmizdə modernləşmə prosesinin aparılmasına özü rəhbərlik edir.
Bu prosesin əsasını isə nəsillərarası düşüncə və mədəniyyət fərqləri problemi təşkil edir. Cəmiyyətin əksəriyyətini gənclər təşkil edir, amma bütövlükdə aydındır ki, yaşlı və orta nəsil müəyyən liderlik mövqelərini saxlamaqdadırlar. Bunların arasında yeni uzlaşma nöqtələri tapmaq sosio-mədəni modernləşmənin həm imkanı, həm də istiqamətidir. Nəsillərarası problemlər təfəkkür fərqindən irəli gəlir. Müxtəlif təfəkkür daşıyıcılarının bir-birinə mane olmadan birgə fəaliyyət göstərməsi sosio-mədəni modernləşmənin əsas mahiyyətini təşkil edir. Məsələn, biri fəlsəfə, digəri neft sahəsi ilə məşğuldur. Bu gün dövlətimiz özü şərait yaradır ki, müxtəlif dünyagörüşünə, təfəkkürə malik insanlar arasında müəyyən birlik yaransın. Bu gün Azərbaycanda müxtəlif peşə sahibləri var. Hamının eyni sahəyə yönəlməsi vacib deyil. Məsələn, hamı biznesmen ola bilməz. Bəziləri hesab edir ki, hamının bərabər maliyyə imkanları təmin edilməlidir. Belə bir fikir də var ki, ağıllısansa, niyə pulun yoxdur? Amma reallıqda bu o qədər də dəqiq fikir deyil. çünki bir alim öz işlərini yalnız pulla ölçərsə, ondan böyük nailiyyət gözləmək olmaz.
Bir sözlə, deyərdim ki, sosio-mədəni modernləşmə mədəniyyəti, sosiallaşmanı və iqtisadiyyatı birgə görmək deməkdir. Bu münasibətlər həm məlumat, həm də elmi mübadilə şəklində qurulmalıdır. Vaxtilə hamı fikirləşirdi ki, yalnız fundamental elmlər vacibdir. Əlbəttə ki, bunu heç kim danmır. Lakin müasir sosio-mədəni şəraitdə ictimai elmlərin əhəmiyyəti çox böyükdür. Onlar olmadan müxtəlif şüur tiplərinin kooperasiyasını təmin etmək çətindir.
- Yeri gəlmişkən, ictimai və humanitar elmlərin rolu haqqında danışardınız. Qeyd etdiniz ki, sosio-mədəni şəraitdə ictimai elmlərin əhəmiyyəti çox böyükdür. Bunu necə izah edərdiniz? Bu işdə sizin rəhbərlik etdiyiniz institut hansı işləri görür?
- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev böyük filosof kimi çox dəyərli əsərlər yazıb və onların içərisində ictimai-humanitar elmlərin yerini çox düzgün müəyyənləşdirib. Sırf bu məsələ ilə bağlı akademikin yazdığı məqalədə həm tənqid var, həm də ictimai elmlərin əsasında fəlsəfənin dayandığı aydın göstərilib. Tənqid isə inkişaf üçün mütləq lazımdır. Bu elmlər öz funksiyalarını yerinə yetirməlidir. ölkədə bu sahədə görüləcək işlər hələ də çoxdur. Ədəbiyyat, iqtisadiyyat, incəsənət və digər elm sahələrinə metodologiya lazımdır. Elmin təkmilləşdirilməsi ilə yanaşı, onun təbliği də lazımdır, bunun üçün alimlər səylərini birləşdirməlidirlər.
Elmimizin zəif tərəflərindən biri elmi diskussiyaların yaxşı aparılmamasıdır. çalışırıq ki, bizim institutda diskussiya şəraitində keçirilən konfransların sayı çox olsun. Digər fənlərin alimləri ilə deməzdim ki, bu diskussiyalar lazımi səviyyədə  keçir. Biz fizika, riyaziyyat, informasiya sahəsində çalışan alimlərlə, mədəniyyətşünaslarla münasibəti genişləndirməyə çalışırıq.
İkinci məqam milli ideologiya, milli ideya ilə bağlıdır. Bunların inkişafı, formalaşması daha çox fəlsəfədən asılıdır. Siyasi elmlərin inkişafı da fəlsəfədən asılıdır. Bu ideyaların inkişafında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rolu böyükdür. Xatırladım ki, may ayında akademik Ramiz Mehdiyevin həmin mövzu ilə bağlı yazdığı elmi məqalə ətrafında institutumuzda çox böyük və ciddi müzakirələr aparıldı. Fikrimcə, bu işi davam etdirmək lazımdır. Hesab edirəm ki, vətənpərvərlik, mənəviyyat ideologiyanın inkişafı və təbliğatı ilə bağlı olmalıdır. Burada fəlsəfənin üzərinə böyük işlər düşür. Bu məsələlərin həlli yolu, mexanizmi tapılmalıdır. Mən arzu edirəm ki, filosoflarımız beynəlxalq konfranslarda fəal iştirak etsinlər. Eyni zamanda, çalışıram ki, institutumuzun alimlərinin tanınmış xarici jurnallarda məqalələri çap olunsun.
Onu da qeyd edim ki, bu işlərdə dövlət bizə böyük dəstək verir. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və Heydər Əliyev Fondu bizə çox böyük köməklik göstərir. Bir qədər öncə qeyd etdiyim, “Heydər Əliyev qiraətləri”nin reallaşmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük xidmətləri var. Xatırladım ki, ötən konfransda o, yüksək səviyyədə yaddaqalan bir çıxış etmişdi.
Bundan başqa, aprel ayında Bakıda Heydər Əliyev Fondunun köməyi ilə sırf fəlsəfə ilə bağlı Fransa, Avstriya, Rusiya və Türkiyənin tanınmış alimlərinin iştirak etdiyi “Müasir dünyada mədəniyyətin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda konfrans keçirilib. Bu cür tədbirlər xarici ölkə alimlərinin Azərbaycan filosoflarının gördüyü böyük işlərlə tanış olmasına imkan yaradır.
Bizim institutda nəşr edilən jurnallara gəldikdə deyə bilərik ki, onların sayı az və səviyyəsi qənaətbəxş deyildi. Alimlərimizin köməyi ilə həmin jurnalların redaksiya heyətinin tərkibinə yenidən baxdıq və bir jurnalı saxladıq. Oraya xarici ölkə alimlərini əlavə etdik.  Hazırda jurnallarımızda xarici müəlliflərin də məqalələrinə yer ayırırıq.
Xarici ölkə alimləri ilə münasibətlərimiz çoxsahəlidir. Keçən il İnstitutumuz Beynəlxalq Fəlsəfə İnstitutlarının Assosiasiyasının üzvü oldu və hər il Assosiasiyanın paytaxtı dəyişir. Hazırda bu funksiyanı Moskva şəhəri yerinə yetirir. Əminəm  ki, gələn il, yaxud daha bir il sonra Bakı Beynəlxalq Fəlsəfə İnstitutlarının Assosiasiyasının paytaxtı olacaq.
Biz bir çox MDB ölkələrinin fəlsəfə institutları ilə elmi əməkdaşlıq haqqında müqavilələr imzalamışıq. Vaxtilə azərbaycanlı alimlər ərəb filosofları ilə yaxından tanış olub. Bu əlaqələri indi də bərpa etməyə çalışırıq. Fransanın Lion Universiteti ilə çox sıx əlaqələrimiz var.
- İlham müəllim, son olaraq, sizdən 20 il ərzində Azərbaycan elmində hansı nailiyyətlərin əldə olunduğunu soruşmaq istəyirəm?
- Elmin nailiyyətləri dedikdə, çoxları alimin Nobel mükafatı, yaxud hər hansı bir mükafatın almasını nəzərdə tutur. Bu vacibdir, lakin yeganə nailiyyət deyil. Elmin inkişafı mütləq təhsilin də mükəmməlləşməsinə xidmət etməlidir. Möhtərəm Prezident İlham Əliyev vaxtilə bilik cəmiyyəti anlayışını işlədib. Bu o deməkdir ki, elm cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilməlidir. Əlbəttə, yaxşı olardı ki, alimlərimiz Nobel mükafatı alsın və ümid edirəm ki, nə vaxtsa bu mükafata layiq görüləcəklər. Bununla yanaşı çalışmalıyıq ki, təhsilimiz böyük uğurlar olsun, iqtisadiyyatımız inkişaf etməyə davam etsin.
1990-cı illərin əvvəllərində Elmlər Akademiyasının qalıb-qalmaması məsələsi var idi, çünki bəziləri hesab edirdi ki, Elmlər Akademiyası lazım deyil. O zamanlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması faktiki olaraq AMEA-nı xilas etdi. özüm də başa düşürəm ki, akademiya ləğv olunsaydı biz nələri itirmiş olardıq. Məsələn, elə dövlətlər var ki, orada “akademiya” bir ad kimi yoxdur. Amma mahiyyətcə eyni olan elmi mərkəzlər var ki, onlar da akademiyalar kimi fəaliyyət göstərir. Bu gün bizim Elmlər Akademiyasında müəyyən beyin mərkəzləri də var, görkəmli alimlərimizin bir çoxu akademiyada çalışır.
Digər tərəfdən, hesab edirik ki, elmə müəyyən sərmayə qoyulmalıdır. Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ilin yazında elm adamlarının əməkhaqlarını 20 faiz artırıb. Bu o demək deyil ki, sərmayələrin yolu yalnız budur. Hamımız elmdə yeni formaların axtarışındayıq. Bütün dünyada hamı yaxşı başa düşür ki, alimlər yeni maliyyə mənbəyi axtarmalı və tapmalıdır. 2009-cu ildə möhtərəm Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı təsdiqləyib. Bu sənəddə elmdə mövcud olan müəyyən zəif tərəflər də göstərilib. Məsələn, elmdə qocalma amilinin olması, gənclərin elmə marağının azaldığı qeyd olunub. Bütövlükdə elmin inkişafı üçün yeni formalar axtarılmalıdır. Bu problem dövlətin daima diqqət mərkəzində olub. Respublikamızda yaradılmış “Elmin inkişaf Fondu”da məhz bu məqsədə qulluq edir. O, həm fundamental, həm ictimai elmlərin inkişafına yardım göstərir. Bu il institutumuzun alimləri tərəfindən təqdim olunan 3 layihə qəbul edilib və onların reallaşdırılması üçün qrant ayrılıb.
Hazırda məqsədimiz xarici ölkələrdə tanınmaqdadır. ümumiyyətlə, xaricdə Azərbaycan elmini təmsil edən alimlər, eyni zamanda Azərbaycanı təbliğ etmiş olurlar.
Digər tərəfdən, elə mövzular var ki, onlar mövcud olan münaqişələrin  həllinə də təsir edir, Azərbaycanın mövqeyini, dəyərlərini tanıtdırır. Bu işlərdə alimlərimizin, yəni tarixçilərimizin, filosoflarımızın, hüquqşünaslarımızın və s. fəaliyyəti birləşməlidir. Bizdə alimlər əsasən AMEA-da cəmləşib. Onlar çox böyük işlər görə bilər.
Filosoflar çox vaxt yaşlılar olur. Bu gün bu dəyişməlidir. Əlbəttə, yaşlının öz yeri, gəncin öz yeri var. Müasir texnologiyalarla işləmək cavanlar üçün daha asandır. Layiqli cavan nəsil yetişdirməklə biz elmdə qocalma prosesini saxlaya bilərik. Bu il bizdə doktoranturaya qəbul üçün müraciət edənlərdən görürəm ki, savadlı gənclərimiz çoxdur. Son dövrlər yalnız elmi ad dalınca qaçanların sayı xeyli azalıb. Hazırda elmə 3-4 xarici dil bilən gənclər gəlir. Bəzən yaşlılar hesab edir ki, gənclər ancaq pul dalınca qaçır. Lakin çox çalışqan, savadlı gənclərimiz də az deyil.
Bir sözlə, ötən iyirmi il ərzində elmi sahədə böyük nailiyyətlərimiz olub. Amma bundan sonra daha çox çalışıb bu sahədəki inkişafı daha da sürətləndirməli və çatışmazlıqları aradan qaldırmalıyıq.
- İlham müəllim, müsahibəyə görə təşəkkür edirik.
- Mən də sizə öz təşəkkürümü bildirirəm və hər kəsi müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edirəm.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1115 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30