Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir

Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir

24.04.2026 [11:52]

Latviya Bakının münaqişələrin həllinə yönəlik çağırışlarını və mövqeyini yüksək qiymətləndirir

XXI əsr qlobal münasibətlər sisteminə yeniliklər gətirməklə yanaşı, bəzi dövlətləri də yürütdükləri xarici siyasət kursunda korrektələr etmək məcburiyyətində qoydu. Kontingentlərarası münasibətlərdə “dəngələrin” qorunması, qütblərarası mübarizələrdə öz yerini müəyyənləşdirmək, hansısa bir konfrantasiyaya münasibətdə mütləq tərəf mövqeyi sərgiləmək kimi yanaşmalar həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı əlaqələrə öz təsirini göstərir.

Azərbaycan isə uzun illərdir ki, daha fərqli, qətiyyətli və hərtərəfli mövqeyi ilə seçilir - Bakının yürütdüyü xarici siyasət kursunda coğrafi yerləşim və ya kontingent fərqi, eləcə də yaxın-uzaq coğrafiyada baş verən konfrantasiyalara münasibətdə birtərəflilik müşahidə oluna bilməz. Azərbaycan bütün ölkə və təşkilatlarla, eləcə də qonşu dövlətlərlə əlaqələrini qarşılıqlı milli maraqlar, beynəlxalq hüquq və ədalət prinsipləri üzərində müəyyənləşdirir. Bunun nəticəsidir ki, ayrı - ayrı qitələrin təmsilçiləri, Qərb və ya Şərq ölkələri, Qlobal Cənub dövlətləri, bir sözlə, bütün dövlətlər Bakı ilə əlaqələrini yüksək dəyərləndirir, münasibətlərin dost müstəvisindəki inkişafını qiymətləndirirlər. Azərbaycan istər Avropa İttifaqı dövlətləri, istər İslam ölkələri, istər Türk dövlətləri, istərsə də digər regionların təmsilçiləri ilə mühüm əlaqələr qurmaqda maraqlı olduğunu irəli sürür.

Azərbaycan ilə Latviya arasındakı əlaqələr də bu mənada mühüm əhəmiyyət kəsb edir. Uzun illər hər iki ölkə vahid ittifaq çərçivəsində  - SSRİ-də birgə təmsil olunublar. Müstəqillik əldə etdikdən sonra da ikitərəfli münasibətlər qorunub, inkişaf etdirilir. Bu davamlılıq Latviya Prezidenti Edqars Rinkeviçsin Bakıya səfəri çərçivəsində səslənən bəyanatlarda da öz əksini tapır.

Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri ən yüksək səviyyəyə qaldırır

Vurğulandığı kimi, iki ölkə arasında mühüm ikitərəfli əlaqələr var və bu əlaqələr yüksələn xəttlə inkişaf edir. Xüsusilə, Prezident İlham Əliyevin 2017-ci ilin iyulunda Latviyaya səfəri çərçivəsində imzalanan hüquqi sənədlər bu əlaqələri dinamik səviyyəyə çatdırıb. Qeyd edək ki, həmin səfər çərçivəsində Bakı ilə Riqa arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Bundan başqa, imzalanan “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əlaqələrin daha yüksək müstəviyə qədəm qoymasına şərait yaradıb. Prezident İlham Əliyev aprelin 22-də mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə edildiyini bildirib: “Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”.

Dövlət başçımız ölkələrimiz arasında münasibətlərin çox möhkəm çərçivəyə əsaslandığını deyib: “Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm”.

Latviya Prezidenti Edqars Rinkeviçs də bəyanatında ikitərəfli əlaqələrin inkişafını yüksək dəyərləndirərək budəfəki səfərinin 2017-ci ildə imzalanmış strateji tərəfdaşlığımızın prinsiplərini bir daha təsdiq etdiyini dilə gətirib: “Düşünürəm ki, bu gün qəbul etdiyimiz Bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiyimizlə bağlı bəzi addımlar atmışıq”.

Müharibədə olan ölkələr üçün vacib nümunə...

Müasir dövrdə qlobal dünyanı narahat edən ən əsas məsələ təhlükəsizlik amilidir. Nəzərə alınmalıdır ki, Yaxın Şərqdə və Şərqi Avropada cərəyan edən kon?rantasiyalar bu və ya digər şəkildə hər iki dövləti narahat edir. Bununla yanaşı isə, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar təhlükəsizilk arxitektukrasının köklü şəkildə dəyişməsini şərtləndirib - Azərbaycan Şərq-Qərb arasında olduqca vacib (həm siyasi, həm iqtisadi, həm də ticari) bir regionda sabitliyin bərqərar olmasını təmin edib. Növbəti addımda isə Ermənistan ilə bağlanacaq sülh regiona yeni bir gələcək, yeni bir perspektiv vəd edir. Azərbaycanın iradəsi sayəsində reallaşan sülh prosesi bütövlükdə dünya üçün gözəl bir presedentdir. Mətbuata bəyanatında dövlətimizin başçısı Latviya Prezidentinə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdığını qeyd edib: “Bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə başlanılması münasibətilə təbrik edib. “Biz bu məsələnin sürətli şəkildə irəliləməsinə ümid edirik. Biz bunu və Sizin bu məsələdəki mövqeyinizi çox dəstəkləyirik. Ümid edirik ki, təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan bu sazişin yekunlaşmasını görəcəyik”, -deyə Latviya Prezidenti qeyd edib.

Latviya dəstəyini ifadə edir...

Latviya həm də Avropa İttifaqının üzvüdür. Bu mənada, ikitərəfli əlaqələr həm də Aİ müstəvisində möhkəm təməllərə malikdir. Təşkilat ilə ölkəmiz arasında xüsusilə enerji dialoqu yüksək səviyyədədir - Bakı Avropa İttifaqının 10 dövlətinə qaz tədarük edir. Qaz təchizatı imkanları genişləndikcə, bu say da artacaq.

Latviya Azərbaycan ilə Aİ arasındakı münasibətlərin bütün sferalarda inkişafına dəstək göstərmək niyyətini açıqlayır. Prezident  Edqars Rinkeviçs Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sahəsindəki müsbət addımlara tam dəstək ifadə edib. “Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur”, -deyə Latviya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Aİ ilə  Azərbaycan arasında vizasız rejimin tətbiqi məsələsi uzun illərdir ki, müzakirə olunur. Hələ 2017-cı ildə vizasız rejimin tətbiqi imkanının istisna olmadığı bildirilirdi. Bunun üçün isə bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Çünki bu, təkcə bir ölkə ilə deyil, 27 üzv dövləti və vahid miqrasiya siyasətini əhatə edən sistemlə razılaşma deməkdir. Əsas mərhələlərdən biri Viza sadələşdirmə sazişidir ki, Bakı ilə Aİ arasında belə bir saziş artıq mövcuddur. Bundan başqa digər prosedurlar da həyata keçirilməlidir. Latviyanın bu məsələdə ölkəmizə dəstək ifadəsi olduqca mühüm bir amildir.

Azərbaycanın müharibələrə münasibətdə humanitar yanaşması...

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özününün praqmatik mövqeyi ilə fərqlənir. Ölkə qlobal və regional qarşıdurmalarda birbaşa tərəf olmur - əsas diqqəti beynəlxalq hüququn prinsiplərinə yönəldir. Bu yanaşma həm siyasi sabitliyin qorunmasına, həm də çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın mövqeyi münaqişənin hərbi deyil, diplomatik yollarla həllinin vacibliyini ortaya qoyur. Bakı eyni zamanda Ukraynaya humanitar yardım göstərir. Bu yardım mülki əhalinin ehtiyaclarının qarşılanmasına yönəlib və siyasi deyil, humanitar xarakter daşıyır. Digər tərəfdən, Azərbaycan regionda yerləşən İrana da humanitar yardımlar edir. Bu siyasətin əsasını beynəlxalq hüquqa hörmət təşkil edir. Azərbaycan bütün tərəfləri münaqişələrin dinc, danışıqlar yolu ilə həllinə çağırır. Bu mövqe, xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunmuş normalarla uzlaşır.

Latviya Prezidenti öz bəyanatında Bakının bu mövqeyini yüksək dəyərləndirib. Dövlət başçısı bildirib ki, “biz Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək dəyərləndiririk. Lakin biz, eyni zamanda, cənab Prezident və onun heyətinin İranda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək, bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm”. O, əlavə edib ki, biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır: “Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30