Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bolqarıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir

Bolqarıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir

21.12.2011 [01:35]

Peter Kinev: Bakı 6 il öncə etdiyim ilk səfərimdən bu yana müsbət mənada dəyişib. Hətta deyərdim ki, Parisin mərkəzi küçələrini xatırladan tikililər göz oxşayır
Məlum olduğu kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirdikdə mövzunun aktuallığı aydın şəkildə özünü büruzə verir. Bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən başlanan və hələ də davam etməkdə olan iqtisadi və maliyyə böhranı hər iki ölkənin hansı imkanlara malik olduğunu göstərib. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq, bu böhrandan uğurla çıxması, iqtisadi inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsi belə bir mövzuda beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsinin nə qədər önəmli olduğunu təsdiqləyir. YAP-ın təşəbbüsünün yüksək səviyyədə dəstəklənməsi tədbirə qatılacaq ölkələrin və nümayəndələrin sayından da görünür. Belə ki, tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən, çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə heyəti iştirak edəcək. Forumda, həmçinin, YAP-ın əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq konfransının rəhbərləri iştirak edəcək. Onlar arasında Bolqarıstan prezidentinin Qara dəniz məsələləri üzrə müşaviri Peter Kinev də var. Dünən səfər çərçivəsində “Yeni Azərbaycan” qəzetinin redaksiyasının qonağı olan P.Kinev əməkdaşlarımıza müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Azərbaycana xoş gəlmisiniz. Xahiş edirik, öncə Azərbaycana səfəriniz barədə oxucularımıza geniş məlumat verəsiniz...
- İlk dəfə deyildir ki, Azərbaycanda səfərdəyəm. Sonuncu dəfə 3 il öncə Bakıda olmuşam. Bu il isə elə gətirib ki, 3 ayda artıq 3-cü dəfədir ki, Bakıda səfərdəyəm. Əvvəlcə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında, daha sonra Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı nümayəndə heyətinin tərkibində burada olmuşam. Xatırladım ki, Prezident İlham Əliyev Bolqarıstanın ən yüksək dərəcəli ordeni ilə təltif olunub. Eləcə də, Bolqarıstan prezidenti Azərbaycanın ən yüksək hesab edilən “Heydər Əliyev” ordeni ilə təltif olunub. İndi isə dekabrın 21-də Bakıda keçiriləcək Forumda iştirak etmək üçün burdayam. Mövzunun özü mənə çox maraqlıdır. Azərbaycandakı inkişaf region və eləcə də, bizim üçün kifayət qədər önəmlidir. Burada baş verənlər bizi olduqca maraqlandırır.
- Siz Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmisiniz. ümumiyyətlə, təmsil etdiyiniz qurumla YAP arasında münasibətlər barədə nə deyə bilərsiniz?
- Bunu deyə bilərəm ki, bir partiya xalqın rifahı və ölkədəki stabilliyi qorumaq üçün çalışırsa, bu, yüksək dəyərləndirilməlidir. Bu gün Azərbaycan inkişaf edir. ölkənin iqtisadi inkişafına nail olmaq isə, mən hesab edirəm ki, hakim partiya üçün çox yaxşı göstəricidir.
- Yəqin ki, burada olduğunuz müddətdə paytaxt Bakı şəhəri ilə tanışlıq imkanı əldə etmisiniz. ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Bakı ilə bağlı təəssüratlarım inanılmazdır. Hətta 3 il sonra Bakıya gəldiyimdə şəhərin tamamilə yeniləşdiyinin şahidi oldum. Mənim fikrimcə, Bakı regionun digər paytaxtları ilə müqayisə edilə bilməz dərəcədə gözəldir. Bakı 6 il öncə etdiyim ilk səfərimdən bu yana müsbət mənada dəyişib. Hətta deyərdim ki, Parisin mərkəzi küçələrini xatırladan tikililər göz oxşayır. Tarixi yerlərə gəlincə isə, məsələn “İçərişəhər” memarlıq kompleksi 4 il öncə necə idisə, elə də qalıb. Mənim fikrimcə, bu, belə də olmalıdır. Əminəm ki, digər şəhərlərdə də maraqlı, görməli yerlər var. Söz verirəm ki, növbəti səfərimdə Bakıdan başqa, regionlara da gedəcəm.
- Bolqarıstan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin hazırki vəziyyəti barədə nə deyə bilərsiniz?
- Hər zaman, indi də, əvvəllər də hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. ölkələrimiz arasında dostluq münasibətləri var. Bu sirr deyil ki, bizim prezidentlərimiz arasında möhkəm dostluq əlaqələri mövcuddur. Demək olar ki, hər il, ya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda səfərdə olur, ya da bizim prezident Azərbaycana gəlir. Digər tərəfdən, iki ölkə arasında bizi birləşdirən enerji, nəqliyyat, ekoloji sahələr üzrə çox vacib layihələrimiz var. Prezident İlham Əliyevin ötən il Bolqarıstana səfəri zamanı hər iki ölkə rəhbəri arasında bir sıra məsələlər, o cümlədən, tələbə mübadiləsi, bolqar strukturlarının özəlləşdirilməsində Azərbaycan şirkətlərinin iştirakı, Bolqarıstanın təbii qaz təminatı, tikinti və sənaye sahəsi üzrə əməkdaşlıq məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Hələ Sovet İttifaqı dönəmində biz birlikdə idik və hazırda da Azərbaycanda çoxlu bolqar yaşayır və fəaliyyət göstərir. Bir neçə min azərbaycanlı hər il bizim ölkəyə istirahət etməyə gəlir. Bir sözlə, ölkələrimiz arasında qardaşlıq münasibəti var.
- Avropa İttifaqının (Aİ) üzvü kimi Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi necədir?
- Mənim bu məsələni müzakirə etmək üçün səlahiyyətim yoxdur. Lakin bu regionda bu tip münaqişələrin çox olmasını nəzərə alsaq, eləcə də, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Bolqarıstan Aİ-nin üzvü kimi ərazi bütövlüyünün qorunması prinsipi üzərində dayanır. Konstitusiyanın müddəalarına görə, bu, yolverilməzdir və belə məsələlərdən heç kəs sui-istifadə edə bilməz. üstəlik, təxminən bir il öncə Aİ Azərbaycan tərəfinin mövqeyini əks etdirən 20 ildən artıq bir müddətə davam edən münaqişənin nəhayət ki, həll edilməsini dəstəkləyən qətnamə qəbul edib. Mövcud vəziyyət kifayət qədər qəlizdir və bu məsələni tezliklə həll etmək lazımdır.
SEVİNC
üMİDƏ
Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30